• çərşənbə axşamı, 19 mart, 14:07
  • Baku Bakı 8°C

Ticarət, təbabət, yoxsa 2030-2050-ci illərin peşələri?

03.07.20 17:20 3001
Ticarət, təbabət, yoxsa 2030-2050-ci illərin peşələri?
Ekspertlər deyir ki, gələcəkdə peşədən çox, bacarıqlar vacib olacaq

Qədimdə atalar oğullarına öyüd verəndə, deyirmişlər ki, oğul, kişiyə yaraşan 3 sənət var: biri ticarət, biri təbabət, biri hərb. Bunlardan birini seçsən, həmişə hörmətli və pullu olacaqsan. Təbii ki bu, qədimdə olub, ancaq bütün dövrlərdə valideynlər övladlarına ixtisas seçimi ilə bağlı öz məsləhətlərini veriblər. Bu məsləhətlər çox zaman onların özlərinin prestijli, gəlirli bildiyi sahələr olur. Ancaq sürət əsrindəyik və bu günü düşünüb seçim etmək heç də bizi irəli aparmaz. Artıq "gələcəyin peşələri” deyə bir yanaşmanı nəzərə alaraq seçim etməyin vacibliyi vurğulanır.
Maraqlıdır, bu günün abituriyenti seçimi necə etməlidir ki, gələcəkdə lazımlı kadr olsun? "Gələcəyin peşələri” deyiləndə nələr nəzərdə tutulur?
"İxtisas.az” layihəsinin rəhbəri Toğrul Ələkbər ilk olaraq ixtisas seçimində önəmli olan məqamlardan danışdı: "Burda vacib olan bir neçə məqam var. Birincisi, abituriyent özünü yaxşı tanımalı, daxilindəki rıçaqları bilməlidir. Bu rıçaqlar qərar verməyimizə təsir edən qüvvədir. Ailə, din, ədalət, dostluq, azadlıq, maddi stabillik və s. Adamın dəyərləri, qarşısına hansı istiqamətlərdə məqsədlər qoyacağını müəyyənləşdirməkdə kömək edir və önəmlidir. 15-16 yaşlı biri bunu necə bilir? Bununla bağlı testlər, konsultasiyalar, çalışmalar var. İkinci önəmli rıçaq, adamın bacarıqlarıdır. Səndə rəqəmlərlə işləmək yaxşı alınır, nə isə əllə düzəltmək, yoxsa insanlarla işləmək? Üçüncüsü, abituriyentin maraqlarıdır. Maraqlarımızı bilsək, ona uyğun qərar versək, daha uyğun seçim etmək olar. Və əmək bazarının gözləntiləri və tələblərini bilməliyik. Seçim zamanı bunların hamısını kompleks şəkildə nəzərdə saxlamalıyıq. Yəni həm dəyərə, həm uşağın maraqlarına, həm bacarıqlarına, həm də şəxsi keyfiyyətlərinə baxmalıyıq. Risk sevəndir, yoxsa yox? İntrovertdir, yoxsa ekstravert?”
T.Ələkbərin sözlərinə görə, seçim zamanı 2030-2050-ci illərin əmək bazarı ilə bağlı araşdırmalara nəzər yetirmək lazımdır: "Bizdə valideynlər seçimi, ya ümumiyyətlə, uşağa buraxırlar, ya keçmiş əmək bazarına əsasən özləri qərar verirlər, ya da hamını İT-yə yönəldirlər. Humanitar, yaradıcılıq qabiliyyəti güclü birinin istedadı İT-də öləcək. 5-10 il sonranı görməyə çalışaraq qərar vermək lazımdır. Universiteti bitirib işə başlayana qədər 5-6 il vaxt keçir. Əsgərliyi, xaricdə təhsil almaq istəyənləri nəzərə alsaq, bir müddət vaxt keçir. Azərbaycanda belə bir araşdırma aparılmır, amma Amerika, Avstraliya, Böyük Britaniyanın 2030-2050-ci illərin əmək bazarı ilə bağlı araşdırmaları var, onlara nəzər yetirmək lazımdır”.
T.Ələkbər qeyd etdi ki, "gələcəyin peşəsi” ümumi anlamdır, 10 il sonra nə olacağını heç kim bilmir: "Çünki hər şey çox sürətlə inkişaf edir, gələcəkdə çox vacib bacarıqlar tələb olunacaq. Peşəsindən asılı olmayaraq, bir çox şəxslərdə bu üstünlüyə baxılacaq. Böyük rəqəmlərlə işləmək, gözəl ünsiyyət qabiliyyəti vacib amil olacaq. Layihə idarəçiliyi üzrə yaxşı mütəxəssislərə tələb artacaq. Tənqidi təfəkkür uşaqda inkişaf etməlidir. Rəqəmsal bacarıqlar da önəmlidir. Proqramlaşdırma, sosial media ilə bağlı bacarıqlar da önə çəkiləcək. Gələcəkdə peşədən çox, bacarıqlar vacib olacaq. Peşə tez dəyişə bilər, birindən digərinə keçərsən. Amma hansı peşəyə getsən, qeyd edilən bacarıqlar sənə lazım olacaq”.
İnsan Resursları üzrə ekspert Tural İslamov deyir ki, "pis ixtisas” anlayışı yoxdur, ixtisasını yaxşı bilməyən mütəxəssis və səhv ixtisas seçimi var: "Təəssüf ki, əksəriyyət, universiteti bitirdikdən sonra hansı sahədə iş tapa bilirsə, o istiqamətdə ixtisaslaşır. Bu da təbii ki, gələcəkdə həmin sahə üzrə güclü mütəxəssis və ya ekspert olmağımıza mane olur. Çünki məcburiyyətdən etdiyimiz seçimdir. Ona görə, məsləhət görərdim ki, orta məktəbin son illərində seçimlərə başlasınlar. Özlərini, xarakterlərini öyrənsinlər və buna uyğun ixtisas və peşə seçimi etsinlər. Hər şey sevgidən başlayır. Əgər ixtisasını sevmirsənsə, orda uğur qazana bilməyəcəksən. İxtisası seçib təhsil alırlarsa, universitetin ilk illərində hansı istiqamət üzrə ixtisaslaşmaq istədiklərini müəyyənləşdirməli və ilk vaxtlarda o ixtisas üzərində özlərini təkmilləşdirməlidirlər. Bunu etsələr, karyeralarında uğurlu ola biləcəklər”.
T.İslamovun sözlərinə görə, bəzi peşələrin təbiət və mahiyyəti zamanla dəyişir və bir çox peşədə belə dəyişikliyin getməsi mümkündür: "Qloballaşan dünyada informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı, tələb və təklifin dəyişməsi bəzi ənənəvi sahələrin öz aktuallığını itirməsinə, əksər ixtisas və peşələrin ənənəvi təbiətini və mahiyyətini tamamilə dəyişməsinə gətirib çıxarır. Məsələn, mühasiblər, arxeoloqlar. Təsəvvür edin ki, əvvəl iş sahəsində mühasiblər çox idi, bir çox işlər kağız üzərində həll edilirdi, rəqəmsal kontentdən istifadə zəif idi. Zaman keçdikcə hesablama makinaları, kompüterlər, mühasibat proqramlar, ERP sistemlər və s. ortaya çıxdı. Nəticədə insan faktoru azaldı, peşənin mahiyyəti və təbiəti tamamilə dəyişdi. Ona görə, mütləqdir ki, hazırda ənənəvi biliklərlə yanaşı, həmin peşənin icrasında lazım olan rəqəmsal vasitələrdən istifadə etməyi bacarasınız”.
T.İslamov gələcəyin peşələrindən də danışdı: "10-15 il geriyə qayıtmış olsaq, kompüterdən istifadəni və ingilis dilini bilirdinizsə, müəyyən üstünlüyə sahib idiniz. Artıq qloballaşan dünyada bu tələblər dəyişir. Dördüncü Sənaye İnqilabı dövründəyik. Rəqəmsallaşma qaçılmazdır. Təbii ki, bəzi peşələrdə ənənəvi biliklərlə yanaşı, rəqəmsal vasitələrdən istifadə mütləqdir. Bunu nəzərə alaraq deyə bilərik ki, gələcəkdə data ilə daha çox işləyənlərə, analitiklərə böyük ehtiyac yaranacaq. Data-konsultanlar, data-mühəndislər, data-dizaynerlərin aktuallığı gələcəkdə artmış olacaq”.
İR eksperti qeyd etdi ki, sürət əsrində peşəndə rəqabətliliyi qoruyub saxlamaq üçün sahəndə tətbiq olunan rəqəmsal elementləri sürətlə mənimsəməlisən: "Ümumiyyətlə, indi elə dövrdür ki, ixtisasınla bağlı rəqəmsal elementləri öyrənmək, yeniliklərə çevik adaptasiya olmaq lazımdır. Əgər öz ixtisasımızı öyrənməklə yanaşı, burda olan rəqəmsallaşmanı da daim izləsək, tətbiq etsək, rəqabətliliyimizi də qoruyub saxlayacağıq və ixtisasımızda, karyeramızda uğurlu ola biləcəyik”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər