• cümə axşamı, 28 mart, 22:57
  • Baku Bakı 13°C

“Tezliklə bu qara buludlar çəkiləcək”

19.07.16 10:40 1786
“Tezliklə bu qara buludlar çəkiləcək”
Son günlər Türkiyədə baş verən hadisələr qardaş ölkədə yaşayan soydaşlarımızın da narahatlığına səbəb olub. Biz də Türkiyədə yaşayan azərbaycanlı məşhurlara müraciət edərək onların bu ölkədə baş verən hadisələrə dair mövqeyini öyrəndik.
"Türkiyəni özümə vətən bilirəm”
Xalq artisti Azərin bildirdi ki, hazırda Bakıda olsa da, bir neçə gündən sonra yenidən Türkiyəyə qayıdacaq. Azərinin sözlərinə görə, Türkiyəni sevir və bu ölkəni özünə vətən bilir: "İnşallah, tezliklə bu qara buludlar çəkiləcək. Bu hadisələrdə türk milləti bir daha öz gücünü göstərdi və millətin öz dövlətinin yanında olduğunu bir daha sübut etdi”.
"Heç kim çevriliş edənləri dəstəkləmir”
Türkiyədə seriala çəkilən azərbaycanlı aktrisa və ifaçı Vüsalə Bəşirova hadisələri belə xatırlayır: "İyulun 15-də gecə ilk olaraq nələrin baş verdiyini anlamadım. Çox az hündürlükdən təyyarələr, helikopterlər uçurdu. Toyda olduğum üçün hadisələrdən gec xəbər tutdum. Sonra eşitdim ki, Baş Qərargah rəisini əsir alıblar. Bir qrup əsgər dövlət çevrilişi edib və hakimiyyəti ələ almağa çalışıb. Dövlət kanalı olan TRT-də yayım kəsilib, TBMM-nin binası partladılıb. Gecə saatlarında Rəcəb Tayyib Ərdogan efirə çıxaraq bildirdi ki, heç bir qorxu yoxdur, hadisələrin qarşısı alınıb. Bütün gecə boyu atışma, partlayış səsləri dayanmadı. Səhərə yaxın ara sakitləşdi”.
Aktrisa deyir ki, Ankarada mərkəz hissə çox pis haldadır, yollar bağlıdır, hər tərəf dağılıb. "Bundan sonra Türkiyədə yaradıcılığınıza davam edəcəksinizmi?”-sualımıza isə belə cavab aldıq: "Hər şey qismətdən asılıdır. Əgər qismətimə fəlakətdən, terrordan ölmək yazılıbsa, bu, hər yerdə ola bilər. Burada heç kim çevriliş edənləri dəstəkləmir. İnsanlar inanır ki, bu, bir qrup hərbçinin işidir”.
"Burada bəzi vətəndaşlar bayram edir”
Hazırda Adapazarı tərəfdə qalan ifaçı Lamiyə Novruzova deyir ki, orada vəziyyət bir qədər sabitdir: "Mən şəhərdən, hadisələrin baş verdiyi məkandan uzaqda yaşayıram. Baş verən hadisələr mənə çox pis təsir etdi. Biz bir millət, iki dövlətik, dinimiz, dilimiz birdir. Nə olursa-olsun, hər bir halda tökülən bir damla qana belə qarşıyam. Allah hər kəsin köməyi olsun. Burada bəzi vətəndaşlar bayram edir. Hesab edirlər ki, qələbə əldə edilib. Məncə, bu, qorxudan yaranan təəssüratdır”.
Müğənni növbəti dəfə də Türkiyədə çalışacağını və səfərlər edəcəyini bildirir: "Siz heç stəkan qırıldı deyə su içməkdən vaz keçdinizmi? Biz türkük, bir millətik, daim bir-birimizə dəstək olmalıyıq. Türkiyəni çox sevirəm. Buranı ikinci vətənim hesab edirəm”.
"Hər dəqiqə hər şey ola bilər”
Türk vətəndaşı ilə ailə həyatı quran aktrisa Nigar Bahadırqızı baş verən hadisələri belə xatırladı: "Hadisə baş verən gün yoldaşımla təmiz hava qəbul etməyə çıxmışdım. Marketin önündən keçərkən insanların televiziya qarşısında diqqətlə xəbərləri izlədiyini gördüm. Əvvəl heç nə anlamadım. Düşündüm ki, yenə də hava limanında növbəti partlayış olub. Hər kəs qorxu içində idi. Yoldaşım heç bir kəlmə söyləmədən əlimdən tutub məni evə gətirdi. Çox həyəcanlı idi. Mənim heç bir sualımı cavablandırmırdı. Evə gələndə bircə kəlmə dedi: "Dediklərimdən qorxma, bu gün günahsız insanlar öləcək”. Televiziyada izlədiklərimdən sonra içimə qorxu doldu. Yollardakı tıxaclar, tərs yönə gedən maşınlar, insanların qaçhaqaçı, bayraqlar, evimizin üstündən uçan hərbi təyyarələr, helikopterlər, şəhərə yeridilən hərbi texnika, bir saat içində baş verən hadisələr insanları qorxuya saldı. Şəhər avtobusları güllələnmiş vəziyyətdə idi. Ekran başına yığışan insanlar, çağırışlar, vahiməli səslərlə meydanlara axın edən insanlar...Sanki müharibənin ortasında idik. Bir gecə içində nə qədər əsgər, polis, vətəndaş öldürüldü. Geriyə qalan gözüyaşlı ailələr, əzilmiş maşınlar, avtobuslar, dağılmış yerlər, pozulmuş psixologiya... İndi vəziyyət bir qədər sakitləşib. Lakin vəziyyət nə qədər sakit olsa da, hər zaman içimdə bir qorxu var. Hər dəqiqə hər şey ola bilər”.
N.Bahadırqızı vətənə geri dönməyi düşünmür. Deyir ki, ailə qurub və bu möhkəm ailənin təməlində birlik, bərabərlik durur. Nə olursa-olsun, həyat yoldaşının yanında olacaq.
"Gözümün önünə 20 Yanvar faciəsi gəldi”
Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova da çevrilişə cəhd haqda fikirlərini bölüşüb. İfaçı yerli mətbuata açıqlamasında Türkiyədə qorxu içində yaşadıqlarını bildirib. Deyib ki, baş verən hadisələrdən şoka düşüb. Hələ də özünə gələ bilmir: "Burada qardaş qanı töküldü. Dəhşətdir. Çox şükür ki, qiyamın qarşısı alındı, çox insanın tələf olmasına imkan verilmədi. Bu durumda ən çox övladlarımı düşünürəm. Biz sülh istəyirik. Sülh şəraitində rahat yaşamaq istəyirik”.
Qiyam zamanı evdə olduğunu deyən müğənni 20 Yanvar hadisələrini xatırlayıb: "Qiyam zamanı evdəydik. Alış-verişdən qayıdırdıq. Birdən hər yerdə qarışıqlıq oldu. Axşam saat 11 idi, zəng vurdular ki, təcili uşaqları götürüb evə gedin. Biz də evə gəldik. Bir neçə dəqiqədən sonra məlum hadisələr baş verməyə başladı. Bir andaca gözümün önünə 20 Yanvar faciəsi gəldi. Oxşar hadisələr təkrar olunurdu. Saat 4-ə kimi yatmamışıq. Xəbərləri izləyirdik. Çox qorxurdum, həyəcanlı idim. Yaxşı ki, qiyamın qarşısı alındı. Şükürlər olsun deməyə utanıram. Təəssüf ki, türk türkün qatilinə çevrildi. Hələ də hadisənin şokundan çıxmamışıq. Evdən çıxa bilmirik. Qorxuruq ki, başımıza nə isə gələcək. Burada hamı evdən çıxanda ailə üzvləri ilə halallaşır. Küçədə insanlar qorxur ki, birdən yanında dayanan insan canlı bomba olar”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər