Təxribata uymaq olmaz
İyulun 14-də günorta saatlarında Dövlət Sərhəd Xidmətinin
(DSX) Sərhəd Qoşunlarının "Şəmkir” sərhəd dəstəsinin "Keşikçi qala” sərhəd
zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan
sərhəd naryadına qarşı insident törədilib. Bu hadisə ilə əlaqədar təxirəsalınmaz
tədbirlər görülməklə insident qısa müddət ərzində aradan qaldırılıb və DSX-nın
şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.
Bununla yanaşı, Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş
keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu kimi hallara
yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib. Hadisə ilə əlaqədar
Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub, ondan
məsələ ilə bağlı müvafiq izahat istənilib. Gürcüstan Xarici İşlər Nazirliyi də
hadisəni pisləyən açıqlama ilə çıxış edib və bu istiqamətdə ciddi araşdırmalar
apararaq günahkarların məsuliyyətə cəlb ediləcəyinə söz verib. Gürcüstanın Baş
naziri Mamuka Baxtadze isə mediaya açıqlama verərək, bunun təəssüfedici insident olduğunu söyləyib.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov da açıqlama yayaraq, qeyd olunan hadisəni pisləyib.
O bildirib ki, Azərbaycan sərhədçilərinə qarşı törədilən son təxribat dövlətlər
arasındakı münasibətlərə birbaşa zərbə vurmaq məqsədi daşıyır. Administrasiya rəsmisi
qeyd edib ki, hər iki ölkənin müvafiq qurumları ciddi araşdırmalar aparmalı, bu
təxribatı törədən qüvvələri müəyyən edərək onlara qarşı ciddi ölçü götürülməliydilər.
Prezidentin köməkçisi deyib ki, iki qonşu dövlət arasında formalaşmış dostluq,
strateji tərəfdaşlıq münasibətləri kimlərisə ciddi narahat edir və bu ölkələri,
onların xalqlarını qarşı-qarşıya qoymağa çalışan qüvvələr var.
Azərbaycan
Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovsözügedən insidentin Gürcüstan hökuməti ilə əlaqəsinin olmadığını güman
edib. Bununla yanaşı, o bildirib ki, Gürcüstan sərhədçiləri öz hərəkətsizliyi
ilə bu təxribatçıların və cinayət ünsürlərinin Azərbaycan ərazisinə
buraxılmasına görə məsuliyyət daşıyırlar. X.Xələfovun fikrincə, bu kimi təxribatlar
və insidentlər iki ölkə arasında təşəkkül tapmış dostluq, mehriban qonşuluq və
strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurur. Ona görə də bu cinayəti törədən
şəxslər məsuliyyətə cəlb edilməli və qanunların tələbinə uyğun cəzalanmalıdırlar.
Qeyd edilən insidentlə əlaqədar "Kaspi” qəzetinə
açıqlama verən Gürcüstan parlamentinin
azərbaycanlı millət vəkili Mahir Dərziyev bildirib ki, Gürcüstanda milliyətindən
asılı olmayaraq hər bir vətəndaş David Qareçi – Keşikçidağ məbədində yaşanan
insidentə Gürcüstan-Azərbaycan dostluğu, qardaşlığı, strateji tərəfdaşlığı
prizmasından yanaşmalı və bu kontekstdə münasibət sərgiləməlidir. O, əsrlərdir
ki, Azərbaycan və gürcü xalqlarının dostluq-qardaşlıq şəraitində yaşadığını
diqqətə çatdıraraq, hazırda müstəqil və müasir ölkələrimizin strateji tərəfdaş
olduğunu vurğulayıb. M.Dərziyev deyib ki, beynəlxalq hüququn tələbinə uyğun
olaraq, hər iki ölkə bir-birinin sərhədini, ərazi bütövlüyünü, suverenliyini
tanıyır, beynəlxalq müstəvidə bir-birinin haqq işini müdafiə edir: "Son dövrlərdə
ölkələrimiz arasında mədəni, humanitar, siyasi, iqtisadi əlaqələr yüksələn xətt
üzrə inkişaf edir, hər iki tərəfin iştirakı ilə mühüm beynəlxalq əhəmiyyətli nəhəng
layihələr uğurla həyata keçirilir. Gürcüstan-Azərbaycan əməkdaşlığı həm region,
həm də beynəlxalq aləm üçün bir örnəkdir, faydalıdır. Azərbaycan və Gürcüstanın
iştirakı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq layihələr,
Şərqlə-Qərbi birləşdirən nəqliyyat dəhlizləri, hər iki ölkədə inşa edilmiş beynəlxalq
limanlar buna əyani misaldır. Gürcüstandakı dostlarımız bu reallıqları nəzərə
alaraq obrazlı şəkildə qeyd edirlər ki, Gürcüstanın geniş ixrac potensialı
yoxdur, amma yeri gələndə Azərbaycan-Gürcüstan dostluğunu, əməkdaşlığını nümunəvi
model kimi bütün dünyaya ixrac edə bilərik. Təbii ki, bütün bunlar bizdə qürur
hissi doğurur”.
M.Dərziyev bildirib ki, ümumilikdə Gürcüstan cəmiyyəti,
o cümlədən azərbaycanlılar bu dostluğun, əməkdaşlığın daha da möhkəmlənməsində
maraqlıdırlar. Onun sözlərinə görə, Gürcüstan cəmiyyətinin mütləq əksəriyyəti dərk
edir ki, sözügedən dostluğun, qardaşlığın alternativi yoxdur: "Bu danılmaz
faktı, reallığı hər iki dövlətin düşmənləri də gözəl bilirlər. Onlar bu əlaqələrə
xələl gətirmək üçün müxtəlif məkrli planlar qurur, bunu həyata keçirməyə
çalışırlar. David Qareçi - Keşikçidağ məbədi ətrafında süni ajiotajın
yaradılmasına edilən cəhdlər də bu qəbildəndir. Birmənalı olaraq qeyd edə bilərik
ki, bu təxribatlar ölkələrimizin uğurlarını, günü-gündən möhkəmlənən əlaqələrini
istəməyən qüvvələrin, düşmənlərin ssenarisində yer alan məsələlərdir.
Gürcüstanın Baş naziri Mamuka Baxtadze də 3 gün əvvəl Keşikçidağ kompleksi ərazisində
baş verən hadisəyə münasibət bildirərək bunun təəssüfedici insident olduğunu bəyan
edib. Həmçinin qeyd edib ki, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası və
demarkasiyası üzrə komissiya fəaliyyətini yaxın bir neçə həftə ərzində bərpa edəcək.
O, bunun hər birimiz üçün çox həssas məsələ olduğunu diqqətə çatdıraraq,
komissiyanın və müvafiq qurumların normal rejimdə fəaliyyətlərini davam etdirməsinə
imkan verməyi hamıdan xahiş edib”.
Deputat Gürcüstanın Cənubi Qafqazın ən dindar ölkəsi
olduğunu, David Qareçi - Keşikçidağ məbədinin isə gürcülər üçün müqəddəs yer
sayıldığını xatırladıb. Bununla belə o, məsələnin hüquq çərçivəsində həllini
tapmasının vacibliyini vurğulayıb: "Gürcüstanda kilsənin çox böyük nüfuzu var.
Əhalinin böyük əksəriyyəti xristian-pravoslav dininə etiqad edir. Bu, onların
haqqı və hüququdur. Lakin bununla yanaşı, bir vacib məqamı da unutmaq olmaz ki,
həm Azərbaycanın, həm də Gürcüstanın ərazisinin 20 faizi işğal olunub. Azərbaycanın
Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu, Gürcüstanın Abxaziya və Cənubi
Osetiya ərazisi işğal edilib. Belə bir situasiyada öz Vətənini sevən, ölkəsinin
taleyini düşünən hər bir vətənpərvər insan, o cümlədən Gürcüstan vətəndaşı
anlamalıdır ki, David Qareçi - Keşikçidağ məbədi ətrafında baş verənlər, süni
ajiotajın yaradılması bizlərin diqqətini əsas problemlərimizdən, yəni işğal
olunmuş ərazilərimizin azad edilməsi istiqamətində aparılan işdən yayındırmaq məqsədi
daşıyır. Bununla həm ölkələr arasında, həm də cəmiyyətlər daxilində qarşıdurma
yaratmaq niyyəti güdülür. Qaşınmayan yerdən qan çıxarılmasına imkan vermək
olmaz. Ona görə də ayıq-sayıq olmalı, təxribatlara uymamalı, Baş nazir Mamuka
Baxtadzenin vurğuladığı kimi, səbir və təmkinlə rəsmi dairələrin fəaliyyətinə
imkan yaratmalıyıq. Hesab edirəm ki, bu məsələ yalnız beynəlxalq hüquq çərçivəsində,
danışıqlar masası ətrafında həllini tapmalıdır”.
Milli Məclisin
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə öz "Facebook” səhifəsində hadisəyə münasibət
bildirib. O, yaşanan insidentin böyük narahatlıq doğurduğunu xatırladaraq,
Gürcüstan rəhbərliyinin məsələni çox ciddi araşdıracağına, günahkarların qanun
qarşısında cavab verəcəyinə əminliyini ifadə edib. Deputatın sözlərinə görə, elə
tədbir görülməlidir ki, gələcəkdə bu sayaq xoşagəlməz hallar yaşanmasın. Millət
vəkili qeyd edib ki, millətindən, vətəndaşlığından asılı olmayaraq Gürcüstanla
Azərbaycan arasında nifaq salmağa cəhd edən hər bir kəs qanun qarşısında məsuliyyət
daşımalıdır. İşçi qrupun rəhbəri həssas çoğrafi mövqedə yerləşən Azərbaycan və
Gürcüstanın strateji tərafdaş ölkələr olduğunu, xalqlarımızı qədim tarixə malik
möhkəm dostluq və mehriban qonşuluq ənənələrinin birləşdirdiyini diqqətə
çatdırıb: "Regionumuz nəhəng beynəlxalq layihələrin reallaşdığı məkandır. Bu məkanda
başlıca söz sahibi Azərbaycan və Gürcüstandır. Hər iki ölkə regionun mühüm
sabitlik təminatçıları olaraq çıxış edirlər. Bu mövqeyimizi gözü götürməyənlər
də az deyil. Bəzi gürcü din nümayəndələri, gürcü olmayan, sonradan gürcüləşmiş
şəxslər, reytinqləri kifayət qədər aşağı olan partiyalar Keşikçidağ məsələsini
şişirdərək onu sanki Gürcüstan hakimiyyətinin görməli olduğu ən mühüm vəzifə
kimi dəyərləndirirlər, mövcud xüsusda ittihamlar yağdırırlar. Məqsədləri Azərbaycan
və Gürcüstan cəmiyyətində gərginlik yaratmaqdır. Mən məsələnin kökünü dərində
görürəm. Şərqi Qərb ilə birləşdirən, konkret olaraq Çinlə Avropanın yeni, əslində
isə qədim olan ticarət yolunun Azərbaycan və Gürcüstan üzərindən keçməsi, habelə
regionumuzun Avropanın enerji təminatında ciddi rol oynaması müəyyən güc mərkəzlərinin
mənafelərinə uyğun deyil. Gərginliyin yaranmasında məhz onlar maraqlıdırlar.
Burada erməni faktorunu da unutmaq olmaz. Ermənilərə Azərbaycan-Gürcüstan
dostluğu, nəinki Azərbaycanın, eləcə də Gürcüstanın güclü olması sərf etmir.
Ermənilər bu gün də Gürcüstana qarşı torpaq iddiasındadırlar. Yada salım ki,
2008-ci ildə baş vermiş müharibədə abxazların və osetinlərin tərəfindən Gürcüstana
qarşı çoxlu sayda erməni də döyüşüb. Bu, danılmaz faktdır”.
Ə.Amaşov əminliklə qeyd edib ki, Azərbaycan və
gürcü xalqları həmişə olduğu kimi, yenə də müdriklik nümayiş etdirəcək,
qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinin sarsılmasına yönələn təxribata
imkan verməyəcəklər: "Hər iki ölkənin media nümayəndələrinə hadisələrə soyuq
başla yanaşmağı, xalqlarımızı birləşdirən məsələlərinin işıqlandırılmasına daha
çox üstünlük vermələrini tövsiyə edərdim”.
Rufik
İSMAYILOV