• cümə axşamı, 28 mart, 18:10
  • Baku Bakı 13°C

Texnologiyanı yaradan insanın, texnologiyanın əsirinə çevrilməsi... - Kitab rəfi

23.11.19 12:00 1042
Texnologiyanı yaradan insanın, texnologiyanın əsirinə çevrilməsi... - Kitab rəfi
Nərmin Seyidova: "Özünüzü kəşf etməyin vaxtı gəlib çatıbsa, bu kitabla yol xəritənizi cızmağa başlaya bilərsiniz”
"Kitaba etibar et, o, ən yaxşı dostdur” deyirlər. Çünki kitablar axtardığımız sualların cavablarını tapmaqla yanaşı, təfəkkürümüzü qidalandırır, intellektual istirahətimizə kömək edir və dünyagörüşümüzü artırır. Asudə vaxtlarımızı səmərəli keçirməyin ən yaxşı yolu mütaliədir. Mütaliə insanın fikirlərinin inkişafında, dünyagörüşünün genişlənməsində böyük rol oynayır. Amma nəzərə alsaq ki, vaxtımız dəyərlidir və ona görə də, həmin zamanı bizə məsləhət olunan kitabı oxuyaraq keçirsək, daha faydalı olar. "Kitab rəfi” adlı rubrikamızın qonağı "Rabitəbank”ın PR meneceri Nərmin Seyidovadır. Müsahibimiz məktəb vaxtlarından mütaliə edir. Deyir ki, ona klassiklərdən daha çox, yeni dövrün yazıçıları, mistik janr maraqlı gəlir.
Həmsöhbətimizin gənclərə məsləhət gördüyü ilk kitab Dan Braunun "Başlanğıc” əsəridir. Kitab həmsöhbətimizin sevdiyi kimi mistik-triller janrındadır: "Yəqin hər kəs "Kod Da Vinçi”ni oxumasa belə, adını bilir. Mütləq ki, həmin əsəri sevənlər, bu əsəri də ən azı onun qədər sevəcəklər. Romanda dünyaca məşhur alimin – Edmond Kirşın, canlı yayımda Tanrının olmadığını sübut edəcək tutarlı faktları danışmasına hazırlıq zamanı, onun ani qətli üzərindən başlayan bir macəra əks olunur. Alimin dostu və müəllimi, əsərin baş qəhrəmanı Lenqdonun onun isbatının axtarışı macərası üzərindən oxucuya çox güclü ismarıclar verilir. Rəqəmsal dövrün, texnoloji inkişafın ən pik zamanında insanların idarə olunmasının necə asan olduğu göstərilir. Romanın sonunda Lenqdonun axtarışında olduğu isbatın, tam əks gözlənti olduğu üzə çıxır. Texnologiyanı yaradan insanın, bu gün texnologiyanın əsirinə çevrilməsi və əslində tanrının var olması ilə bağlı bir nəticəyə varılır. Kitab necə dəyərlər, birnəfəsə oxunacaq qədər güclü yazılıb! Səhifəsi çoxdur, amma oxumağa, vaxt xərcləməyə dəyər!”
Müsahibimizin ikinci ən çox sevdiyi kitab məşhur ingilis yazıçısı Oskar Uayldın "Dorian Qreyin portreti” əsəridir. Gənc PR mütəxəssisi deyir ki, bu da elə rahat anlaşılan kitablardan deyil və bir balaca fərqli istiqamətlərə yozularaq, dərc olunduğu dövrdə böyük rezonanslar yaradıb: "Lakin bu gün bu əsər bir daha böyük maraq və rəğbətin mərkəzində olan əsərlərdəndir. Bu roman ingiliscə yazılan ən güclü 100 roman siyahısına daxildir. Həmişə gözəl qalmaq üçün öz ruhunu iblisə satan bir gəncin faciəvi taleyindən bəhs edir. Məşhur rəssam Bezil, Dorianın portretini çəkir. Gənc və yaraşıqlı Dorian öz gözəlliyinə vurulur və heç bir zaman portretdəki məsumluğunun itməyəcəyini düşünür. Yaraşıqvə məsumluluğuna arxalanaraq, daxilindəki iblislə və xeyirxahlığın mübarizəsində iblisə məğlub olur. Hər məğlubiyyət portretdə onun simasının dəyişilməsinə yol açır. Əsər çox güclü və fəlsəfi aforizmlərlə məşhurdur. Fəlsəfəni sevənlər mütləq bu əsəri oxumalıdırlar”.
Müsahibimizin tövsiyə etdiyi son kitabı isə özünü kəşf etmək istəyənlərə kömək olacaq. Həmsöhbətimiz deyir ki, məhz bu kitabla yol xəritənizi cıza bilərsiniz: "Bir də əlavə olaraq, bu gün biznes mühitinin var olduğu dövrdə, elmi kitablar da çox dəbdədir və önəmlidir. Mütləq ki, bu gün artıq şirkətin brend olmasından öncə, fərdlərin brend olması daha mütləq və daha önəmlidir. Məşhur olmaq, adını brend etmək istəyən və yaxud buna sadəcə marağı olan oxuculara birmənalı olaraq amerikalı marketinq mütəxəssisi Cynthia Johnsonun "Platform” kitabını məsləhət görürəm. Özünüzü kəşf etməyin vaxtı gəlib çatıbsa, bu kitabla yol xəritənizi cızmağa başlaya bilərsiniz”.
Aygün Əziz
banner

Oxşar Xəbərlər