• cümə axşamı, 25 aprel, 01:39
  • Baku Bakı 19°C

Tətil günlərində məktəblilərə təklif olunan tur-paketlər

16.11.17 12:45 2527
Tətil günlərində məktəblilərə təklif olunan tur-paketlər
Bu gündən məktəblilərin payız tətili başlayır. Səhərlər yuxularına "haram qatan” məktəblilər bu tətili səbirsizliklə gözləyirdilər. Dərs proqramlarının ağırlığı və materialların çoxluğu təbii olaraq uşaqların vaxtından tez yorulmasına gətirib çıxarır. Amma gərək tətili də elə keçirəsən ki, məktəbə qayıdanda inşa dəftərinə yazmağa nə isə olsun. Bütün günü telefon və kompüter arxasında keçən tətil uşağın həm fiziki, həm də zehni inkişafına mane olur. Bəs görəsən məktəblilər payız tətilini necə və harada keçirə bilərlər? Bunun üçün hansısa turlar, yaxud proqramlar təşkil olunurmu?
"Luna Travel” turizm agentliyinin direktoruRəhman Quliyev deyir ki, məktəblilər üçün müxtəlif tur-paketlər təqdim edilir: "Qrup rəhbəri, yaxud müəllimlərin müşayiəti altında şəhərətrafı turlara daha çox üstünlük verilir. Çünki şəhərətrafı turlar həm ucuz başa gəlir, həm də şagirdlərə nəzarət etmək daha asan olur. Lakin yuxarı sinif şagirdləri isə bir qədər fərqli şeylər görmək istəyir. Onlar adətən Qəbələ, Quba, Göy-Göl kimi rayonlara üstünlük verirlər. Onların da istəklərinə uyğun turlar təşkil edilir. Bu zaman tur xərcləri də təbii olaraq nisbətən artır. Bu turlar çərçivəsində, əsas rol oynayan amil nəqliyyat vasitəsidir. Turizm şirkətlərinin özlərinin nəqliyyat vasitələri yoxdur. Bunun üçün nəqliyyat şirkətləri fəaliyyət göstərir. Biz həmin şirkətlərlə müqavilə bağlayaraq əməkdaşlıq edirik. Ona görə də məktəblilər üçün nəzərdə tutulan tur-paketin qiyməti də əsasən nəqliyyat xərclərindən asılı olaraq dəyişir. Çünki bu, turizm şirkətindən asıl olan bir məsələ deyil. Tur daxilində fotoqraf, bələdçi kimi xidmətlərimiz var. Bütün bunlar həmin xərcin tərkibinə daxil olur. Bütün hallarda çalışırıq ki, qiymətlər məktəblilərin büdcəsinə uyğun olsun. Məsələn, səhər tezdən hansısa rayona gedib axşam dönüş etməklə, bir tur-paketin qiyməti təxmini 15-20 manat arasında dəyişir. Bu qiymətə gediş-dönüş bileti, çay süfrəsi, fotoqraf, bələdçi, müxtəlif əyləncəli proqramlar və hədiyyələr daxil olur. Çalışırıq ki, əyləncəli proqramlarla məktəblilərin tətili daha rəngarəng olsun. Payız tətilinin xoş təəssüratlarla xatırlaması üçün əlimizdən gələni edirik. Böyüklərə qiymətləri izah etmək, nəyin necə olduğunu başa salmaq olur. Amma uşaqlara bəzi şeyləri izah edə bilmirsən. Uşaq üçün qiymətin nə qədər olduğu önəmli deyil. Əsas odur ki, o, öz tətilindən zövq ala bilsin”.
Ekspert deyir ki, turlar zamanı uşaqların təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilir: "Bundan başqa, hər bir məktəbli özlüyündə böyük bir auditoriyaya malikdir. Onun təklif olunan turdan xoş təəssüratla qayıtması, turizm şirkətinə həmin auditoriyanı qazandıra bilir. Qeyd edim ki, xidmətlər daxilində bir neçə gün davam edən tur-paketlər də olur. Amma çalışırıq ki, azyaşlı uşaqlar bir günlük paketlərdən istifadə etsinlər. Çünki bir neçə günlük tur-paketlər müstəqil şəkildə səyahət etməyi bacaran insanlar üçündür. Azyaşlı uşaqların valideynləri yanlarında olmadığı təqdirdə, gecə qalmamağa üstünlük verilir. Yuxarı sinif şagirdlərində isə belə problemlər olmur. Valideyn müşayiəti olarsa, uşaqların bir neçə gün qalmasında problem olmur. Bu zaman qiymətlər məsafənin uzaqlığından və qalınan yerdən asılı olur. Qrup şəklində bəzən uşaqlara müəyyən endirimlər də təklif edilir. Amma yenə də qeyd edim ki, qiymətlər otelin keyfiyyətindən asılı olaraq dəyişir. Payız tətillərində belə səyahətlər adətən hava şəraitindən asılı olur. Hava şəraiti normal olduğu zaman maraq daha çox olur. Çalışırıq ki, yağışlı və qarlı havada azyaşlı uşaqlar üçün turlar təşkil etməyək. Çünki bu, bəzən müəyyən çətinliklər yarada bilir”.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, tətil üçün məktəblərlə turizm şirkətləri əvvəlcədən razılığa gəlməlidirlər: "Payız tətilinin səmərəli keçirilməsi üçün məktəb rəhbərliyi, məktəblərə ərazi üzrə nəzarət edən qurumlar və turizm şirkətləri ilə əvvəlcədən proqram hazırlanır. Belə proqramların hazırlanması üçün rəhbərlik özü turizm şirkətləri ilə əlaqə saxlamalıdır. Məktəblilərin payız tətilinin təşkili üçün şirkətlər bir və bir neçə günlük tur-paketi təqdim edirlər. Şagirdlər üçün müxtəlif kütləvi-mədəni tədbirlər, həm şəhər daxili, həm də bölgələrə ekskursiyalar təşkil olunur. Amma yenə də qeyd edim ki, bunun üçün valideynlər və rəhbərlik əvvəlcədən müraciət etməlidirlər. Çünki bu işin maliyyə məsələləri əvvəlcədən həll olunmalıdır. Həmçinin, burada təhlükəsizlik məsələlərinə də diqqət yetirilməlidir. Ona görə də əvvəlcədən hazırlıq işləri görülməlidir. Proqramlar və marşrutlar turizm şirkətləri tərəfindən işlənərək hazırlanır. Əslində bu məsələyə başqa rakursdan yanaşmaq lazımdır. Məktəblilər üçün belə ekskursiyalar təkcə gəzmək və əyləncə xarakteri daşımamalıdır. Bu, şagirdlərin Azərbaycanın tarixi, coğrafiyası, mədəni abidələri haqqında məlumatlandırılması baxımından da çox vacibdir. Bu zaman uşaqlar dərsdə öyrəndiyi nəzəri bilikləri daha da zənginləşdirmək imkanı qazanırlar. Hazırda bu işlə məşğul olan xeyli sayda turizm şirkəti var”.
Park Bulvar” ticarət mərkəzinin PR meneceri Günay Malikqızı deyir ki, hər il olduğu kimi bu il də məktəblilərin payız tətilini maraqlı keçirmələri üçün müxtəlif proqramlar hazırlayıblar: "Bu proqramlar təkcə əyləncə xarakteri daşımır. Burada şagirdlər əylənərək yeni nələrsə öyrənəcəklər. Tətil müddətində şagirdlər üçün hər gün müxtəlif əyləncələr nəzərdə tutulur. Daha çox maarifləndirici proqramlara üstünlük verməyə çalışırıq. Çünki bu, onlar üçün çox vacibdir. Proqramda həmçinin uşaqların rəsm və yaradıcılıqla bağlı bacarıqlarının inkişaf etdirilməsi də nəzərdə tutulub”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər