AZE | RUS | ENG |


Təslimçilik hissindən məhrum olan çempion - Portret

Təslimçilik hissindən məhrum olan çempion - Portret
O, “bütün sümüklərim sınsa da, döyüşəcəyəm” qərarını verib

İslam Həmrəyliyi Oyunları Azərbaycan idmançılarının gücünü bir daha bütün dünyaya sübut etdi. Bakıda təşkil edilən yarışda taekvondoçularımızın uğurlu çıxışı xüsusilə diqqət çəkdi. Belə ki, 16 çəki dərəcəsindən 12-də təmsil olunan taekvondo yığmamız ümumilikdə, 6 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq, yarışı komanda hesabında 1-ci sırada başa vurdu. Taekvondo millimizin uğuruna "qızıl”la töhfə verən idmançılarımızdan biri də Ramin Əzizov oldu. 29 yaşlı idmançı uzunmüddətli zədədən sonra qatıldığı ilk mötəbər yarışda 1-ci olaraq, gələcək yarışlar üçün ümid verdi. 
 
5 yaşlı uşağın seçimi
 
Ramin Əzizov 1988-ci il fevralın 8-də Lənkəranda dünyaya gəlib. Orta təhsilini məhz cənub şəhərində alıb. O, cəmi 5 yaşında taekvondonun sirlərinə yiyələnməyə başlayıb. Evləri stadionun, idman məktəbinin yaxınlığında olduğundan, Raminin uşaqlığı məhz burda keçib. O, hələ idmana yazılmamışdan əvvəl də atası ilə birgə idman klubuna gedir, onunla birgə məşq edirdi. Beləliklə, balaca Ramində də idmana həvəs yaranır.

Qarabağ müharibəsinin könüllü iştirakçısı olmuş atası müxtəlif əlbəyaxa döyüş idman növləri ilə məşğul olduğundan, oğlunun da idmançı olmasını istəyirdi. Lakin onu hansı idman növünə yazdıracağı ilə bağlı qərar verməmişdi. O, oğlunu Lənkərandakı yerli idman məktəbinə aparır və ona istədiyi idman növünü seçməklə bağlı azadlıq verir. 5 yaşlı gələcək çempionun seçimi isə taekvondo olur. İlk məşqçisi Vüqar Sultanov olan Ramin, hələ də onunla çalışır. Sultanov hazırda onun şəxsi məşqçisidir. Ramin məşqçisi əsgərlikdə olan zaman - 7-8 yaşlarında kunq-fu, karate kimi başqa idman növlərilə də məşğul olub. O, bu idman növlərində nəticə qazanmağa nail olsa da, məşqçisi hərbi xidmətdən qayıtdıqdan sonra yenidən doğma taekvondoya qayıdır. 
 
İlk uğurlar
 
Qarabağ müharibəsində yaralanan ata Əzizov, oğlunu əsl vətənpərvər ruhda böyüdüb. O, hətta oğlunun hərbçi olmasını da istəyirdi. Ramin Naxçıvanski adına hərbi məktəbə təhsil də alıb. Bir neçə il burda təhsil alan Əzizov, sonradan idmançı karyerasını davam etdirmək üçün təhsildən ayrılmalı olur.

Hələ kiçik yaşlarından qatıldığı yarışların əsas favoritlərindən olan Ramin, 2004-cü ildə gənclər arasında respublika çempionatında üçüncü olur. Növbəti ildə isə medalın əyarı "bürünc”dən "qızıl”a çevrilir. 2005-ci il həm də Ramin üçün beynəlxalq arenada ilk ciddi uğurla əlamətdar olur. O, Bakıda təşkil edilən gənclər arasında Avropa çempionatını "bürünc”lə başa vurur. 

Bu, Raminin gənclərin turnirində son çıxışı olur. Növbəti ildən isə o, kişilərin yarışlarında çıxış etməyə başlayır. 2006-cı ildə kişilərin yarışında qüvvəsini sınayan gənc taekvondoçu, debüt ilində üçüncü olur. Lakin o, sonrakı illərdə bu "bürünc”ü "qızıl”a dəyişməyi bacarır. Özü də, bir yox, bir neçə dəfə. 
 
Beynəlxalq uğurlar
 
Raminin uğurları təkcə ölkə sərhədləri ilə məhdudlaşmır. Onun beynəlxalq arenada da yetərincə uğurları var. O, kişilər arasında ilk ciddi uğurunu 2011-ci ildə qazanıb. London olimpiadasına təsnifat turnirini çempion kimi başa vuran Əzizov, elə həmin ildə Cənubi Koreyanın Qyeonqju şəhərində keçirilən dünya çempionatında üçüncü olur. Bu, taekvondoçularımızın Uzaq Şərqdəki dünya çempionatında yeganə medalı olur. 

2012-ci ildə London olimpiadasının iştirakçısı olan Əzizov, burda 1/4 finala qədər irəliləsə də, italiyalı rəqibinə uduzaraq, medalsız qalır. Ramin 2012-ci ildə İngiltərənin Mançester şəhərində keçirilən Avropa çempionatını 2-ci, 2 il sonra paytaxtımızda keçirilən analoji yarışı isə fəxri kürsünün 3-cü pilləsində başa vurur.
 
"Bütün sümüklərim sınsa da, döyüşəcəyəm”
 
Beynəlxalq miqyasda uğurlarını davam etdirən Əzizova Bakıda keçiriləcək ilk Avropa Oyunlarında ümid çox idi. Lakin Ramin 2015-ci ilin əvvəllərində yarışa hazırlıq zamanı hər bir idmançının kabusu olan zədə ilə üzləşir. Yanvarda məşq zamanı ayağı qırılan Əzizov, tatamidən çox kənarda qalmır. O, Avropa Oyunlarını buraxmalı olsa da, tezliklə məşqlərə başlayır. Lakin zədə onu yenə haqlayır. Belə ki, Ramin elə həmin ilin avqustunda məşq zamanı yenidən ağır zədə alır. Onun yenicə sağalan sağ ayağı yenə eyni yerdən qırılır. Bu dəfə isə o, uzun müddət tatamidən kənarda qalır. 

Əzizov indi də zədəsi barədə danışarkən "həmin günləri xatırlamaq belə istəmirəm” deyir. Bir çox idmançı bu cür zədədən sonra karyerasını başa vurardı. Lakin əzmkar Ramin bu sınaqdan üzüağ çıxmağı bacarır. O, karyerasını davam etdirmək qərarına gəlir. Baxmayaraq ki, dost-tanışın çoxu "daha bəsdir” deyirdi. Ramin isə tam başqa fikirdə idi. O, həmin günləri xatırlayarkən, "təklikdə qalıb düşünəndə, belə qərara gəldim ki, bütün sümüklərim sınsa da, döyüşəcəyəm qərarını verdim” deyir. Bu zədə Ramini 2 ilə yaxın tatamidən kənarda qoysa da, ona böyük əzmkarlıq dərsi də aşılayır. 
 
İslam Oyunlarının qalibi
 
2016-cı ilin ortalarından məşqlərə başlayan Ramin, Rio olimpiadasını buraxmalı olur. Əzizov zədədən sonra ilk sınağına bu ilin əvvəllərində Türkiyədə çıxır. O, qardaş ölkədə baş tutan iki beynəlxalq turnirdən bir "bürünc” və bir "gümüş”lə ayrılır. Daha sonra isə Hollandiyada keçirilən beynəlxalq turniri çempion kimi başa vurur. Məhz bu turnirdən sonra onda, artıq tam hazır olduğuna dair şübhə qalmır. Qarşıda isə zədədən sonra ilk ciddi sınaq - İslam Həmrəyliyi Oyunları var idi: "İslam Oyunlarından öncə içimdə bütün qarşılaşmalardan böyük hesablı qələbə ilə ayrılacağım barədə bir hiss var idi. Bəlkə də bu, hazırlığımla bağlı idi”.    

Yarış elə Raminin gözlədiyi kimi də keçir. O, rəqiblərini bir-bir sıradan çıxararaq, qızıl medal qazanır.
 
Dənizi, balıq ovunu, mütaliəni sevən çempion
 
Gərgin yarışlar, sıx məşq qrafiki, uğur qazanmaq və formada qalmaq üçün fərdi məşqlər... İdmançı həyatı çox gərgin olur. Bu cür gərgin qrafikdə çalışan idmançılar çox nadir hallarda kitab oxumağa vaxt tapırlar. Lakin gərgin məşqlərə, sıx qrafikə rəğmən, Ramin mütaliədən imtina etmir. Özünün sözlərinə görə, hətta orta məktəbdə oxuduğu dövrdə də məşqlər onun dərslərinə mane olmayıb. O, ən çox fəlsəfi janrda və tarixi şəxsiyyətlərin bioqrafiya kitablarını oxumağı sevir. Ronda Bern, Deyl Karnegi və s. kimi yazıçıların kitablarını oxuyub. 

Sahillərini Xəzər dənizinin yuduğu Lənkəranda doğulan Ramin, "dənizi sevirəm” deyir. Bundan əlavə, o, balıq ovunu da xoşlayır. Ən çox isə sualtı balıq ovunu sevir. 

Digər idman növlərindən isə daha çox qaydasız döyüş izləməyi xoşlayır. 

Lənkərandan söz düşmüşkən, yerli əhali Raminə həmişə dəstək olub. Onun hər uğuruna sevinib, uğursuzluğuna isə kədərləniblər. Son İslam Həmrəyliyi Oyunlarından sonra isə Ramin doğma şəhərində əsl qəhrəman kimi qarşılanıb. 
 
Təhsil

Ramin orta məktəbə idmanla məşğul olmağa başlayandan 2 il sonra gedib. Lakin gərgin məşqlər onun təhsilinə mane olmayıb. Deyir ki,  məktəbdə müəllimi həmişə "güclü idmançı olmaq üçün, ilk növbədə yaxşı oxumalısan” fikrini ona aşılayıb.  Məşqçisi Vüqar Sultanov da onun dərslərinə diqqət ayırmasına daim nəzarət edib. Hətta o, məşqlərdən əvvəl yetirməsinin gündəliyini də yoxlayırmış. 

Həm müəlliminin, həm valideynlərinin, həm də məşqçisinin güclü nəzarəti Ramini sinfin ən yaxşı oxuyan şagirdlərindən edib. Hansısa dərsdən "axsayanda” isə onun dadına anası çatırdı. Ramin anası barədə danışarkən, "o mənim evdəki müəllimim idi” deyir. Ailəsi onun dərslərində geri qalmamağına ciddi önəm verirdilər. Dərslərdə geriləmə müşahidə olunan kimi isə ənənəvi - "həyətə düşməmə” cəzası qüvvəyə minirdi.      
 
Gərgin nəzarət öz bəhrəsini verir. Belə ki, Ramin heç bir əlavə hazırlıq olmadan Azərbaycan Dövlət Pedaqoji Universitetinə  qəbul olur. 
 
Hədəf - çempionluq!  
 
Ramin gələcək barədə çox düşünməyi, uzunmüddətli planlar qurmağı sevmir. Hazırda isə o, əsas diqqətini bir neçə gün sonra Cənubi  Koreyada baş tutacaq dünya çempionatına yönəldib. Hədəf isə "qızıl”dı. "Hazırda karyeram ərzində ən yüksək formadayam” - Raminin bu sözləri isə onun iddiasından xəbər verir.    
   
Portreti

Səmimi, söhbətcil, yüksək intellektə malik Raminin əsas xüsusiyyəti əzmkarlığı, heç vaxt təslim olmamağıdır. O, özü barədə danışarkən, "ömür boyu məndə təslim olmaq hissi olmayıb” deyir. Əzizov bunu ardıcıl iki ağır zədədən xilas olaraq, tatami üzərinə qayıtması və çempion olması ilə sübut etdi. Qarşıda isə onu daha böyük uğurlar gözləyir. "Zədədən öncəkindən də yaxşı formadayam” deyən Ramin, bu əzmkarlığını, inamını davam etdirəcəyi təqdirdə, hələ uzun müddət beynəlxalq yarışlardakı medal ümidimiz olacaq.
 
Elnur     
      
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7078
GBP 1 İngilis funt sterlinqi 2.1893
TRY 1 Türk lirəsi 0.4808
KWD 1 Küveyt dinarı 5.6309
SEK 1 İsveç kronu 0.2106
EUR 1 Avro 1.9972
CHF 1 İsveçrə frankı 1.7483
USD 1 ABŞ dolları 1.7008