• cümə, 19 Aprel, 07:16
  • Baku Bakı 13°C

“Terrorizm artıq beynəlxalq xarakter alıb”

10.01.17 12:00 2520
“Terrorizm artıq beynəlxalq xarakter alıb”
Türkiyədə ötən ay Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hər iki ölkə bu hadisəni terror aktı kimi dəyərləndirib. Bu hadisədən sonra bir sıra xarici ölkələrdə də terror aktlarının törədilməsi xəbəri yayılıb. Yeni il gecəsi İstanbul şəhərində törədilən terror aktında isə onlarla dinc insan həyatını itirib və yaralanıb. Yanvarın 5-də İzmirdə Məhkəmə binası önündə daha bir terror aktı törədilib ki, bu dəfə də 1 məhkəmə işçisi, 1 polis həyatını itirib, 10 nəfər yaralanıb. Qardaş ölkədə davamlı terror aktlarının törədilməsinin ardınca yeni bir terror xəbəri İsraildən gəlib. Yanvarın 8-də Qüdsdə naməlum şəxs yük maşınını İsrail hərbçilərinin üzərinə sürüb. Hadisə turistlər arasında məşhur olan Armon xa-Natsiv meydanı yaxınlığında baş verib. Nəticədə 4 nəfər ölüb, 15 nəfər yaralanıb. İsrail hakimiyyəti baş verən olayı terror aktı kimi dəyərləndirib. İsrailin baş naziri Binyamin Netenyahu hadisə barədə mətbuata açıqlamasında bildirib ki, bütün məlumatlar Qüdsdə hərbiçilərin üzərinə yük maşını sürən sürücünün İŞİD terror təşkilatının tərəfdarı olduğunu göstərir. Sadalanan faktlardan da göründüyü kimi, artıq terror dünyanın, demək olar ki, əksər ölkələrin əsl bəlasına çevrilib. Bu bəlanın yaranma səbəbi, ondan qurtulmağın yolu və sair məsələlərlə bağlı "Kaspi”nin suallarını Türkiyədə yaşayan politoloq Toğrul İsmayılcavablandırır.
- Toğrul bəy, çox təəssüf ki, Türkiyədə, eləcə də digər ölkələrdə silsilə terror atlarının törədilməsi barədə hər gün xəbərlər eşitməkdəyik. Müasir dünyada terrorun bu cür yayılmasına səbəb nədir?
- Terror hadisələri XX əsrin ikinci yarısından etibarən yavaş-yavaş özünü göstərməyə başlayıb. Bu, əsas etibarilə bəzi qrupların dövlətin müvafiq qurumlarına, həmçinin digər bəzi orqanlara hücum edərək qorxu yaratmaq, təhdid etmək, hadisələri öz xeyirlərinə dəyişdirmək niyyəti güdürdü. Yaxud, beynəlxalq aləmin hər hansı məsələyə diqqətini çəkmək istəyirdilər. Lakin zaman keçdikcə, xüsusən də XX əsrin sonlarına doğru terrorun mahiyyəti dəyişməyə başlayıb. Daha çox insan ölümünə, dinc insanların qətliamına səbəb olan terror hadisələri, olimpiadalarda idmançılara edilən terror hücumlarının qarşısı zamanında alınmadığından, müasir dövrdə dünyanın əsas probleminə çevrilib. Böyük dövlətlərin güc mübarizəsi bəlli qrupların silahlanmasına meydan açıb. Bu isə dolayısı ilə sözügedən güc mübarizəsinə adekvat olmayan mübarizəyə çevrilib. Terror təşkilatları kimi tanıdığımız həmin qruplaşmaların hazırda bir çox ölkələrin xüsusi xidmət orqanları ilə əlaqələri var. Hətta elə terror təşkilatları var ki, hansısa dövlətin hüquq-mühafizə orqanı tərəfindən yönəldilir. Böyük dövlətlər də hansısa ölkəyə qarşı güc nümayiş etdirmək üçün belə terror təşkilatlarının xidmətlərindən yararlanırlar. Buna ən bariz misal kimi Türkiyədə var olan və dövlətin mübarizə apardığı PKK terror təşkilatını misal gətirə bilərik. Yaxud erməni terror təşkilatı kimi tanınan ASALA-nın adını çəkə bilərik. Bu iki təşkilat bir-biri ilə əlaqəlidir. PKK-nın fəaliyyəti SSRİ-Qərb qarşıdurması, "soyuq müharibə” illərində Qərbin müttəfiqi Türkiyənin daxilində narahatlıq, bölücülük, qeyri-sabitlik yaratmaq üçün sol kommunist – kürd təşkilatının yaradılması ilə başlayıb. Sovet imperiyasının dağılmasından sonra bu sol kommunist təşkilatı öz mahiyyətini itirdi. Lakin bu dəfə Qərbdəki bəzi qüvvələr həmin sol kommunist təşkilatının fəaliyyətini milli azadlıq mücadiləsi kimi qiymətləndirib ona dəstək verməyə başladılar. Bu gün də Rusiya PKK-nın terror təşkilatı kimi tanımır. Ona görə də PKK-nın Rusiyada fəaliyyəti sərbəstdir, hətta onlara dəstək də verilir. Məlum təyyarə insidentindən sonra Rusiya mediasında, bəzi dövlət qurumlarında nümayişkaranə şəkildə PKK-ya dəstək verilməsi gündəmə gətirilmişdi. Avropa isə PKK-nı terror təşkilatı kimi tanısa da, öz qapılarını bu təşkilata açır. Yaxud, PKK-nın Suriyadakı törəməsi, davamçısı sayılan PYD və digər ünsürləri ABŞ dəstəkləyir, bu təşkilatdan Bəşər Əsəd rejiminə qarşı istifadə edir. Eynilə Amerika PKK-nın digər qanadı PJAK-dan İrana qarşı istifadə edir. Amma bununla bərabər, ABŞ İŞİD-i terror təşkilatı kimi tanıyır, ona qarşı mübarizə aparır. İran da PKK-dan Qərbin bu regiondakı müttəfiqi Türkiyə və başqa ölkələrə qarşı istifadə edir. Yəni, terrorizm bu cür qarmaqarışıq bir mübarizə üsuluna gəlib çatıb. Halbuki, PKK, PYD, İŞİD və sair terror təşkilatları qeyri-qanuni, silahlı qruplaşmalardır, onların hamısına qarşı mübarizə aparılmalıdır. Bununla bərabər, biz bu hadisələr çərçivəsində silah bazarı məsələsini də diqqətdən kənarda saxlaya bilmərik. Çünki, sadaladığımız terror təşkilatlarının varlığı yeni münaqişə mərkəzlərinin yaranmasına, yeni müharibələrin ortaya çıxmasına səbəb olur. Bu da silah ticarətinin artmasına gətirib çıxarır, silahlanma yarışı ilə nəticələnir. Fikir versək, Yaxın Şərqdəki mübarizə, müharibə meydanları enerji və sair məsələlərlə yanaşı, həm də silah ticarətinin artdığı yerlərdir. O səbəbdən terrorizm artıq beynəlxalq xarakter alıb.
- Hansısa məqsədlər üçün terror təşkilatlarının xidmətlərindən yararlanan dövlətlər özləri terrordan sığrtalanıblarmı? Ümumiyyətlə, dünyada terrordan sığrtalanan dövlət varmı?
- Sağlam məntiqlə heç bir dövlət terrordan sığortalanmayıb. Ola bilsin kimsə İslandiyanın adını çəkər. Amma unutmayaq ki, əvvəla bura heç kimə lazım deyil, ikincisi də İslandiya ada dövlətdir və girən-çıxan bəllidir. Bəlkə də bu dövlət çox güclü nəzarət altında terrordan özünü sığortalaya bilər. Yaxud, Antraktidanın adını kimsə çəkə bilər ki, bura terrordan sığortalanıb. Adını çəkdiyim bu iki yerdən başqa, dünyada heç bir dövlət deyə bilməz ki, mən terrordan sığortalanmışam. Bəzən mediada İsrailin adını bu mövzuda tez-tez çəkir, terrora qarşı yüksək təhlükəsizlik tədbirləri gördüyünü qeyd edirlər. Belə mülahizələri heç bir halda əsaslı saymıram. İsrail özü müharibə içərisindədir, Fələstinlə münaqişə vəziyyətindədir. Unutmaq olmaz ki, İsrail öz prezidentini terror zamanı itirmiş bir ölkədir. Terrorun hardan gəldiyini yəqinləşdirmək çətindir. İsrail terror hadisəsini ən çox ərəblərdən gözlədiyi halda, bir İsrail vətəndaşı ölkədə terror törətdi. Eləcə də yanvarın 8-də Qüdsdə baş verən terror hadisəsini misal gətirə bilərik. Yaxud, dünyanın superdövləti kimi təqdim edilən ABŞ-da terrora qarşı yüksək təhlükəsizlik tədbirləri görülməsinə rəğmən, istənilən vətəndaş silahı əlinə alıb hansısa məkanda sivil insanları öldürə, terror aktı törədə bilər. Bu günə qədər Amerikada belə hadisələr çox olub. Amma ABŞ bu hadisələri terror aktı kimi deyil, qətl, adi cinayət kimi qiymətləndirir. Ancaq 2001-ci ilin 11 sentyabrında "Əl-Qaidə” təşkilatının üzvü olan terrorçular qaçırdıqları sərnişin təyyarələrini Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin iki binasına çırpdılar, insan tələfatı ilə nəticələnən partlayışlar törətdilər. Həmin vaxt terrorçular daha bir təyyarəni ABŞ Müdafiə Nazirliyinin – Pentaqonun binasına çırpmışdılar. Ağ Evə istiqamət alan daha bir intihar təyyarəsi isə hava hücumundan müdafiə qüvvələri tərəfindən səmada məhv edilmişdi. Bu hadisəni Amerika terror hadisəsi kimi qiymətləndirdi. SSRİ kimi qapalı bir imperiyada 1977-сi il yanvarın 8-də ermənilər Moskva metropoliteninin "İzmaylovskaya” və "Pervomayskaya” metro stansiyaları arasında vaqonda terror törədiblər. Eyni vaxtda ermənilər SSRİ KQB-sinin yerləşdiyi binanın yaxınlığındakı 15 saylı ərzaq mağazasında və "25 Oktyabr” küçəsində yerləşən 5 saylı mağazada da terror aktları həyata keçiriblər. Yəni, terrordan maksimum səviyyədə qorunmaq imkansızdır. Əgər bir terror təşkilatının hədəf aldığı hansısa dövlət içərisində onların dəstəkçiləri, yandaşları varsa, həmçinin bəzi xarici ölkələr də terrorçularla əlaqədədirsə, bu işdə maraqlıdırsa, o zaman həmin dövlət hətta ən yüksək təhlükəsizlik tədbirləri görsə belə, terrordan sığortalana bilməz. Türkiyənin bu gün başında olan bəlalardan birinin səbəbi də məhz budur. Yaxın Şərqdə ciddi mübarizə gedir. Dünya dövlətləri bu regionda öz oyunlarını oynayırlar. Türkiyə də mövcud olduğu bu regionda həmin işlərə açıq şəkildə müdaxilə edib, oradakı bütün terror təşkilatları ilə savaş içindədir. Həmin terror təşkilatları Türkiyə ilə açıq savaşa bilmədiklərindən ölkənin içərisində terror aktları törədirlər.
- Həssas coğrafi məkanda yerləşən Azərbaycanın da terror təşkilatlarının hədəfinə çevrilməsi riski varmı?
- Azərbaycan Şərqlə Qərbin arasında körpü rolunu oynayan, strateji əhəmiyyətə malik tranzit ölkədir. Zaman-zaman Azərbaycanda terror aktları törədilib, çoxsaylı sivil insan həyatını itirib. Sovetlər ittifaqı dağılandan sonra erməni xüsusi-xidmət orqanlarının yönləndirməsi ilə metroda, sərnişin avtobusunda bir neçə terror aktı törədilib. Müstəqillik qazandıqdan sonra da Azərbaycanda terror aktları törədilib, dövlət və hökumət adamları qətlə yetirilib. Müasir dövrdə 2009-cu ilin 30 aprelində Azərbaycan Dövlət Neft Akademiyasında 12 nəfərin qətlə yetirilməsi ilə müşayiət olunan terror aktını da misal gətirə bilərik. Bu baxımdan, Azərbaycan da terrordan sığortalanmış, yaxud ən yüksək səviyyədə qorunan ölkə deyil. Təəssüflə qeyd olunmalıdır ki, İŞİD terror təşkilatına qoşulanlar arasında azərbaycanlılar da var. Düzdür, belələri ölkəyə qayıdan kimi dərhal hüquq-mühafizə orqanları tərəfindən saxlanılır, həbs olunur. Amma bütün görülən bu tədbirlər terrordan tam sığortalanmaq anlamına gəlməz. Heç şübhəsiz, regionda marağı olan ölkələrin, o cümlədən qonşu dövlətlərin kəşfiyyatları Azərbaycanda da mövcuddur. Azərbaycan müstəqillik qazandıqdan indiyə qədər dövlət başçısı da daxil olmaqla bir çox hədəflər daim təhdid altında olub. Bütün bunlar Azərbaycanın nə dərəcədə həssas bir ölkə olduğunu göstərir. Lakin bu gün Azərbaycanda bir konsensus var, böyük güclər tərəfindən ciddi basqı, təzyiqlə üzləşmirik. Amma sabah nə olacağını kimsə bilməz. Qərbdə, Şərqdə, Cənubda və ya Şimalda olan güc mərkəzləri Azərbaycanda öz maraqlarını təmin etmək istəyərsə, yaxud öz maraqlarını daha da artırmaq istəyərsə, vəziyyət mürəkkəbləşə bilər.
- Sizcə, dünya terror adlı bu bəladan necə xilas olmalıdır?
- BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına əsas məsuliyyət daşıyan Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ dünyanın ən böyük silah satıcılarıdır. Əgər dünyada terrorun kökünü kəsmək istəyiriksə, ilk növbədə qanunsuz silah ticarətinin qarşısı alınmalıdır. Bu silah ticarəti davam etdikcə, dünyada terror hadisələri də bitməyəcəkdir. Bununla yanaşı, hadisələrə yanaşmada ikili standartlara da son qoymaq lazımdır. Dünya ciddi şəkildə terrorla mücadilə aparmalıdır. Əks təqdirdə terrorla mübarizə ciddi effekt verməyəcəkdir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər