• cümə, 29 Mart, 19:53
  • Baku Bakı 14°C

Tərlan Rəsulov “Bundan sonra da biz onların yanında olacağıq”

23.01.17 11:30 4887
Tərlan Rəsulov “Bundan sonra da biz onların yanında olacağıq”
İnsanlar səs, görkəm, fikir və düşüncələrinə görə bir-birindən seçilirlər.Kimisi həyatın bütün gözəlliklərindən zövq alaraq sağlam bir həyat sürür, kimisi isə əksinə ya anadangəlmə, ya da hansısa bir səbəbdən fiziki qüsurlu olur. Belə insanlar da bizdəndir. Onların da bizim kimi yaşamaq, əylənmək, yeri gələndə çalışmaq hüququ var. Bir sıra inkişaf etmiş ölkələrdə belə fiziki qüsurlu insanların özlərinə məxsus teatrları, toplaşaraq tamaşa, səhnəcik hazırlamaq üçün məkanları var. İndi isə deyə bilərik ki, ölkəmizdə də fiziki qüsurlu insanların özlərini realizə etmələri üçün "İcma Teatrı” yaradılıb.
Belə ki, ötən həftə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Əlil Qadınlar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən "İcma Teatrı”nın təqdimatı oldu. Əslində belə bir layihənin başlayacağını eşidəndə çox sevinmişdik. Çünki həmin insanlar da səhnəyə çıxıb, bir neçə saat olsa belə dərdlərini unudub, özləri ilə fəxr etmək imkanı əldə etmiş oldular.
Layihənin təşkilatçısı isə teatr camesindən yaxşı tanıdığımız Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov idi. Sözügedən teatr "Məndən də yaxşı et” layihəsi çərçivəsində yaradılıb. Layihənin məqsədi əlilliyi olan insanlara peşəkar teatr vərdişlərini aşılamaqdan ibarətdir. Bu işdə onlara peşəkar aktyorlar, rejissorlar və psixoloqlar yardımçı olub.
Biz də imkan tapıb Tərlan müəllimlə həmsöhbət olduq. Onunla "İcma Teatrı” haqqında danışdıq.
- Tərlan müəllim, bu layihə necə ərsəyə gəldi? Layihənin meydana gəlməsi hansı zərurətdən yarandı?
- Layihənin məqsədi əlilliyi olan insanlara bizim cəmiyyətə dəstək olmaq, onları cəmiyyətin bərabər hüquqlu üzvləri kimi təqdim etmək, onlarda buna inam və güvən yaratmaqdan ibarət idi.
Layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının dəstəyi ilə "Culture and Menegement Lab” təşkilatı tərəfindən həyata keçirilib. Həmin təşkilatın "Cənubi Qafqazda regional mədəniyyət və incəsənət” layihəsi çərçivəsində reallaşıb. Layihəni onlara təqdim etmişdim,və onlar bu layihəni təsdiq etmişdilər. Yeni yaradılan teatr yaşından asılı olmayaraq əlilliyi olan və bu sahədə istedadlı insanlar üçün nəzərdə tutulub. Təqdim etdiyimiz ilk səhnə əsəri ailə-məişət mövzusunda idi. Əlilliyi olan uşaqlar tərəfindən nümayiş olunan tamaşa səhnəcikləri üç ay sürən treninq və məşqlər zamanı ərsəyə gəlmişdi.Uşaqlardakı həvəsi gördükdə biz özümüz də həvəsləndik. Bu tamaşanı biz iki həftəlik mütəmadi məşqlərlə ərsəyə gətirdik. Belə qısa zaman ərzində gözəl tamaşa alınmasına özümüz də təəccüb etdik. Bu "İcma Teatrı”nın ilk çıxışı idi. Ümid edirəm ki, bundan sonra teatr davamlı fəaliyyət göstərəcək.
- Hazırlanan tamaşa gözlədiyiniz nəticəni verdimi?
- Mən bunu uğurlu hesab edirəm. Faktiki olaraq biz həmin uşaqlarla tamaşa hazırlamağı nəzərdə tutmamışdıq. Burada heç bir tamaşa iddiası da yox idi. Biz sadəcə olaraq "İcma Teatrı”nı insanlara təqdim etdik. Çalışdıq ki, fiziki qüsurlu insanları bir araya toplayıb, onların əldə etdikləri bacarıqları, qabiliyyətləri cəmiyyətə göstərə bilək. Tamaşada gördüyünüz hər şeyi həmin uşaqlar özləri ediblər. Belə ki, ssenarisini özləri yazıb, quruluşu özləri veriblər. Musiqisindən tutmuş işığına qədər həmin uşaqların özləri təşkil etmişdilər. Nəticəsi isə heç də pis olmadı. Biz sadəcə olaraq onlara istiqamət vermişik. Tamaşa zamanı da uşaqlar ssenaridən çox kənara çıxıb, improvizələr etdilər. Bu teatrın yaranması onlar üçün böyük stimul oldu.
- Bəs, fiziki qüsurlu insanlarla peşəkar tamaşa necə hazırlamaq istəyiniz varmı?
- Bizim heç bir peşəkarlıq iddiamız yoxdur. Biz sadəcə onların cəmiyyət üçün nə dərəcə önəmli insan olduqlarını göstərmək istəyirik. Cəmiyyətlə teatr vasitəsilə ünsiyyət qurmalarına şərait yaratmağa çalışırıq. Bu cür həyat eşqi hər kəsə nəsib olmur. Onlardakı bu həyat eşqi bizi heyrətləndirdi, həvəsləndirdi. Bunu onlar öz çıxışlarında da ifadə etdilər. İlk vaxtlarda özləri də belə uğurlu bir tamaşa alınacağına inanmırdılar. Proses bizə göstərdi ki, sadəcə zaman lazımdır. Bu zaman ərzində onlarda aktyorluğa, poeziyaya, sənətə böyük həvəs yarandı.
- Bu layihədə iştirak etmək üçün yaş məhdudiyyəti neçə yaşa qədər idi?
- Layihədə iştirak etmək üçün heç bir yaş məhdudiyyət qoyulmamışdı. Nəinki yaş, hətta irq, din, dil, cins məhdudiyyəti belə yox idi. Əsas məqsəd layihədə iştirak etmək istəyi idi. Müxtəlif insanlar müraciət etdilər, bundan əlavə biz əlillər cəmiyyətinə müraciət etdik. Onların köməkliyi ilə iştirakçılarla əlaqə saxladıq. Nəticədə gözəl bir layihə gerçəkləşdi.
- Hazırda bu layihə davam edirmi?
- Layihənin özü davam etmir. Layihənin əsas məqsədi belə bir teatrın yaradılması idi. 3 ay ərzində iştirakçılarımıza teatrda işləmək, tamaşalar hazırlamaq bacarıqlarını aşılamağa çalışdıq. Əsas məqsəd "İcma teatrı”nın yaradılması və daha sonra onun müstəqil fəaliyyət göstərməsi idi. Təqdimat tamaşası onların ilk müstəqil işləri oldu. Heç bir müdaxilə olunmadan hər şeyi özləri yaratdılar, hazırladılar və özləri də oynadılar.
- Bir rejissor kimi onlarla işləyərkən çətinliklərlə üzləşdinizmi?
- İstənilən insanla işləyəndə çətinliklərlə üzləşirsən. Əgər kiminsə teatr haqqında anlayışı yoxdursa, o insanla işləmək hər zaman çətinlik törədir. Normal olan insanın belə öz psixoloji problemi olur. Deməzdim ki, böyük çətinliklə üzləşdim, xeyr. Onlarda başqa şəxslərdə olmayan həvəsi müşahidə etdik və bu da bizə böyük stimul verdi. Bu onlarda həm mənəvi, həm də intellektual baxımdan həvəs yaratdı ki, biz də uğurla layihəni başa çatdırdıq. Biz indi də onlarla əlaqə saxlayırıq. Onlar yenidən toplaşmaq və layihədən kənar tamaşa hazırlamaq istəyirlər. Bundan sonra da biz onların yanında olacağıq.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər