AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Təpəgöz və Cırtdan” XXI əsrdə

“Təpəgöz və Cırtdan” XXI əsrdə

Mədəniyyət
15 Noyabr 2012, 15:30 3382
Noyabrın 15-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 3D formatında çəkilən “Cırtdan və Təpəgöz” cizgi filminin jurnalistlər üçün təqdimatı keçirilib.

“Azərbaycanfilm” kinostudiyasına rəhbəri Müşviq Hətəmov çəkilən filmlərin alqışa layiq olduğunu vurğulayaraq, müasir texnologiya olarsa, daha yaxşı animasiyalı filmlərin çəkilişinin mümkün olacağını bildirdi:
“Gənclərdən belə bir təklif gəldikdə, Əbülfəs Qarayevə müraciət etdik, onun razılığı ilə animasiyalı film çəkildi. Biz bilirik ki, bu gün kinematoqrafiyanın hansı texniki bazası var. Həmin texnika ilə gənclərimiz belə bir film ərsəyə gətiriblərsə, bu, böyük nailiyyətdir”.

M.Hətəmov “Cırtdan və Təpəgöz” filmində gənclərin incə məqsədlərə toxunaraq, milliliyi qorumaq şərti ilə müasir bir film nümayiş etdirməyə çalışdıqlarını bildirib: “Milli atributlar: milli papağımız, nağıl qəhrəmanımız bu filmdə öz əksini tapıb. Azərbaycanda animasiya kadrlarının yetişməsi üçün illər lazımdır. İnşallah, Kinostudiyanın təmiri zamanı yaxşı texnologiyaları Azərbaycana gətirə biləcəyik. Bizim 3D-də kadr problemlərimiz var ki, onları hazırlaya biləcək gənclərə bu gün ehtiyac duyulur”.

Xalq artisti Oqtay Mirqasımov filmlə bağlı ümumi nəticənin maraqlı olmasından danışıb: ”Bu filmdə gənclər yeni söz deməyə çalışdılar. Məqsədləri alqışa layiqdir. Bilirsiniz ki, bizim kinoda kadr çatışmazlığı faktdır, animasiya film sayəsində bu özünü açıq büruzə verir. Belə filmlərin hazırlanması peşəkarlıq, istedad, mədəniyyət səviyyəsi, yüksək qabiliyyət tələb edir. Bunu özüm üçün konsepsiya şəklində qəbul etmişəm. Gənclərin hazırladığı filmin hadisələri ilə forması bir məqsəd təşkil edirdi. Sözügedən filmdə müəllifin təcrübəsində formalaşmış bir audiovizual sistem və təfəkkür var. Düzdür, kiçicik qüsurlar tapmaq olar, amma bu vəziyyətdə bunları vurğulamaq günah olardı”.

İfaçı Çingiz Mustafayev isə animasiyalı filmlərlə bağlı yenə də təklif gələrsə, sevə-sevə səsləndirəcəyini bildirib: “Cizgi filminin səs rejissoru mənim yaxın dostumdur, təklifdən sonra 5 dəqiqə ərzində musiqinin sözlərini yazdım və oxudum. Bu musiqi mənim sadəcə 10 dəqiqəmi aldı. Filmdə səslənən mahnını keçən il ifa etmişdim. Filmlə qarışıq musiqini dinlədikdə çox yaxşı görüntü alınır”.

Filmin ikinci rejissoru Rəşad Əfəndiyev: “Biz əvvəllər reklam işi ilə məşğul idik. Sonra Müşviq Hətəmovla müraciət etdik. Bu bizim özümüzü tanıtmaq üçün haradasa reklam xarakteri daşıyırdı. Bu film bizim qabiliyyətimizin sınağıdır. Filmin serial şəkildə davamını nəzərdə tuturuq.”

Filmin rejissoru Yusif Qabilov yaxşı ekran işinin ərsəyə gəlməsi üçün daha çox zamana ehtiyac olduğunu qeyd edib: ”Filmi hazırlamağa başlayarkən öncə düşündük ki, onu 8 aya bitirə bilərik, ancaq hazırladıqca gördük ki, filmin daha yaxşı, effektli alınması üçün daha çox vaxt lazımdır. Filmin hazırlanması il yarıma başa gəldi. Mədəniyyət və Turizm Nazirliyi ilə kontrakt bağlayanda 6 dəqiqəlik olması nəzərdə tutulmuşdu. Ancaq filmin süjetini tam açmaq üçün 6 dəqiqə kifayət etmirdi, əslində filmi yarım saatlıq da çəkmək olardı. Bu bizim üçün bir sınaq idi. Düşünürəm ki, bu sınağı uğurla keçdik”.

Qeyd edək ki, “3Dost” şirkətində gənc animatorlar Rəşad Əfəndiyev və Yusif Qabilov tərəfindən hazırlanan 10 dəqiqəlik filmin rəssamı Ramil Əliyevdir, ssenarisi Yusif Şeyxova, musiqisi isə Çingiz Mustafayevə məxsusdur.

Xəyalə Rəis