Tənqid ədəbiyyatın barometridir
Həmidulla Baltabayev: "Poeziya könül aynası, qəlb aynası, proza isə həyat aynasıdır”
Müsahibim Özbəkistan Milli Universitetinin klassik
ədəbiyyat kafedrasının müdiri, professor, Özbəkistan Yazıçılar Birliyinin ədəbi
tənqid şöbəsinin sədri Həmidulla Baltabayevdir. O, həm də bugünlərdə işıq üzü
görən Cəlil Məmmədquluzadənin "Poçt qutusu" adlı hekayələr kitabının
redaktoru və sonsöz müəllifidir.
– Həmidulla müəllim, başlayaq elə "Poçt qutusu”ndan...
– Bu kitab həm özbək xalqı, həm Azərbaycan xalqı
üçün son dərəcə əhəmiyyətli bir kitabdır. Kitabda dahi Azərbaycan yazıçısı,
dramaturqu Cəlil Məmmədquluzadənin hekayə və qissələri toplanıb. Qeyd edim ki,
hekayələri dilimizə məşhur tərcüməçi Usmon Qoçqor çevirib. Ön söz müəllifi
akademik İsa Həbibbəyli, rəyçisi Qulu Kəngərlidir. Kitab Daşkənd şəhəri,
"Mumtoz soz" nəşriyyatında işıq üzü görüb. Hesab edirəm ki, Cəlil
Məmədqulzadənin "Poçt qutusu” kitabı özbək dilinə tərcümə olunaraq çap olunması
özbək xalqı üçün böyük bir töhfədir. Çünki biz böyük bir türk ağacının
yarpaqları, meyvələriyik. Bu ağacın kökü birdir, o bir kökdən qidalanır. Müasir
insanlar öz kökünü, tarixini bilmək istəyir. Bu tarix istər azərbaycanlı olsun,
istər özbək olsun, istər türk, qazax – hansı türk olur olsun hamısı üçün bir
tarixdir... Gələcəyə yaxınlaşmaq üçün mütləq keçmişi bilmək, keçmişə bağlı
olmaq lazımdır. Bu baxımdan "Poçt qutusu” olduqca əhəmiyyətlidir. Həm də iki
xalqın bir-birinə daha da yaxınlaşmağında müstəsna rolu olacaq. Mən "Molla Nəsrəddin” jurnalı haqqında da danışmaq
istəyirəm. O jurnal bütün türk elində ilk satirik jurnal olaraq tarixə düşüb.
Bizdə də ona oxşar "Muştum” ("Yumruq”) adlı satirik jurnalı vardı, o bu gün də
nəşr olunur. Və biz onu "Molla
Nəsrəddin”in qardaşı hesab edirik. Sizin "Molla Nəsrəddin” jurnalınız sayəsində
Cəlil Məmmədquluzadə Özbəkistanda yaxşı tanınır və çox sevilir. Ona görə də bu
kitabın da çox seviləcəyinə əminəm.
– Həmidulla
müəllim, sonra Azərbaycan və Özbəkistan ədəbiyyatı barədə nə deyərdiniz?
– Azərbaycan ədəbiyyatı da, özbək ədəbiyyatı da çox
qədim ədəbiyyatlardır. Abdulla Avlani, Heyrati, Munis Xarəzmi, Abdulla Kaxxar,
Batu, Bəyani və başqaları klassik özbək ədəbiyyatının parlaq nümayəndələridir.
Mən Əlişir Nəvainin adını ayırca əkmək
istəyirəm. O, təkcə bizim deyil, ümumtürk ədəbiyyatına məxsusdur. Sizin klassik
ədəbiyyatdan Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzulini qeyd etmək
istərdim. Amma bizdə Füzulini daha çox sevirlər. Və hətta onu öz şairimiz kimi
qəbul edirlər. Bizim təntənəli tədbirlərimizdə, hətta toylarımızda belə onun
qəzəllərini həm muğam kimi, həm də elə şeir kimi oxuyurlar. Müasir özbək ədəbiyyatı isə XX əsrdən
başlayır. Bu dövrə "cədid ədibləri”
deyirik. Mənası yeni ədiblərdir. Onlardan Əbdurrauf Fitrət, Abdulla Avloni,
Abdulla Qədiri, Abdulhəmid Çolpanı misal
çəkə bilərəm. Bunlar yeni özbək
ədəbiyyatının baniləridirlər. Qafur Qulamiylə Azərbaycanın görkəmli şairləri
Səməd Vurğun, Süleyman Rüstəmin çox gözəl yaradıcılıq əlaqələri olub. Eyni
zamanda əslən azərbaycanlı ədiblərin Özbəkistanda, özbək ədiblərinin
Azərbaycanda yaşaması, fəaliyyət göstərməsini də qeyd edə bilərəm. Bu cür
əlaqələr hazırda da davam edir. Müasir dövr Azərbaycan yazıçılarından Anar,
Elçin, Ramiz Rövşən, Bəxtiyar Vahabzadənin əsərləri özbək dilinə tərcümə olunub
və Özbəkistanda çox məşhurdurlar. Ölkə
boyu bütün kitabxanalarda bu kitablar var və oxucular arasında çox maraqla qarşılanır.
Bu cür kitablar Azərbaycan ədəbiyyatının ölkəmizdə tanınmasında böyük rol
oynayır.
O ki qaldı gənclərə yeni dövr şair və yazıçıların
əsərləri hələ ki indi-indi dilimizə çevrilir, kitablar çap olunur və onları da tanımağa başlayırıq. Bu da çox sevindirici
haldır. – Özbəkistan Yazıçılar Birliyinin ədəbi tənqid şöbəsinin sədrisiniz.
Bəlkə, bir az ədəbi tənqiddən danışaq. Özbəkistanda ədəbi tənqidin indiki
vəziyyəti necədir?
– Tənqid ədəbiyyatın barometridir, keyfiyyət
göstəricisidir. Düzgün tənqid çox gözəl bir şeydir. Ədəbi tənqid üçün ilk
növbədə əsərin təbiətini bilmək, başa düşmək lazımdır. Onu dərk etmədən heç bir
əsəri tənqid etmək olmaz. Yazıçı isə əsəriylə özünü, xalqını təmsil edir. – İndi bütün dünyada belə bir tendensiya var ki, poeziya prozaya
uduzur. Sizcə də, belədir?
– Özbəkistanda poeziya prozadan həmişə bir mərtəbə
yüksəkdə olub. Bu, həmişə belə olub, indi də belədir. Hətta Nəvaini bir
misrasında deyilir ki, qəzəlin mərtəbəsi olduqca yüksəkdir. Bizdə poeziya çox sevilir, oxunur. Düzdür,
prozanın imkanları poeziyadan daha çoxdur. Yəni fikri, ideyanı tam ifadə
etməkdən ötrü prozada üfüqlər daha genişdir. Poeziya könül aynası, qəlb aynası,
proza isə həyat aynasıdır. Həyatda baş verən bütün hadisələri prozada daha
rahat, daha geniş əks etdirmək mümkündür. İstər məişət mövzusu olsun, istər
sevgi mövzusu olsun, istər də daha qlobal məsələlər olsun. Yəni insanlar
prozada daha çox öz yaşantılarını görə bilirlər. Elə ona görə də prozaya daha
çox üstünlük verir, nəsr əsərləri oxumağa çalışırlar. Bunu elə kitabxanalardan
da görmək mümkündür... Poeziyada isə imkanlar bir qədər məhdud olsa da, könüldən gəlir. Deyirlər ki, poeziya
bir anın hayqırtısıdır. Bir anın duyğusu, hissidir. Prozada isə bayaq qeyd
etdiyim kimi, imkan daha genişdir. – İndi bestsellerlər daha çox dəbdədir. Onlara münasibətiniz necədir?
– Bütün dünyada bestsellər yazırlar. Onlar bizim oxuduğumuz, sevdiyimiz ədəbiyyatdan çox fərqlidirlər. Mən deyərdim ki, bestsellərlər bazar dəbinin məhsuludur. Bazarda əlbəttə ki, şou olmalıdır. Şouyla, bir zərbəylə, bir hərəkətlə kitabın bütün tirajını bir andaca satmaq mümkündür. Bu dövrü xarakterdə olan bir şeydir. Bestsellər daimi ola bilməz, yəni uzunmüddətli sevilə bilməz. Bu gün bestellər olan kitab, ən çox satılan, ən çox sevilən kitab iki ildən sonra heç kimə nə maraqlı olar, nə alınar, nə də yada düşər. Mənim nəzərimdə klassika hər zaman bestsellər olaraq qalacaq. Çünki onlar hər zaman sevilir, həm zaman dəbdədir və hər zaman da gərəklidir.
– Bu günün ədəbiyyatında nə çatışmır?
– Hazırkı ədəbiyyatda yeni vasitələr çatmır. Yeni
ifadə vasitələri çatmır. Yeni sözlər, yeni terminlər həyatımıza gəldiyi
kimi, ədəbiyyatda da uyğun şəkildə öz
yerinə oturmalıdır. Bundan başqa, mən demək istəyirəm ki, ədəbiyyatda
elektronlaşma gecikir. Bu çox vacib bir məsələdir. İndi internet dövrüdür. Bunu
danmaq olmaz. Necə ki mətbuat elektronlaşdı, qəzetləri, jurnalları müəyyən
qədər saytlar əvəz etdi, elə o cür formada da, elə o cür sürətlə də ədəbiyyat
elektronlaşmalıydı. İndiki nəsl insanlar kağız formatında olan kitabları
sevmir. Ümumiyyətlə, ona bütün informasiya internet vasitəsilə gəlir. Yəni
gənclər bu cür qəbul edir bunu. Ona görə də kitablar da mətbuat kimi mütləq
şəkildə elektronlaşmalıdır. Eybi yox, qoy gənclər həmin əsərləri belə oxusun.
Telefonlarına, planşetlərinə yükləyib oxusunlar. Amma təki mütaliə etsinlər. – Özbəkistanda mütaliə səviyyəsi necədir indi?
– Sovet ittifaqı dağılandan sonra bizdə də xeyli
aşağı mütaliə səviyyəsi düşmüşdü. Daha o dövrlərdəki kimi yüz minlərlə tirajla
kitab çap olunmurdu, oxunmurdu. Kitab, ədəbiyyat çox ağır bir dönəmini
yaşayırdı. Bizim ölkədə indi ədəbiyyata, kitaba, mütaliəyə qayıdış dövrünü
yaşanır. İnanıram ki, tezliklə mütaliə səviyyəsi də yenidən yüksələcək. Çünki
biz bu istiqamətdə müəyyən işlər aparır, buna can yandırırıq.– Yazıçı olmaq, ümumiyyətlə, əsər yazmaqdan ötrü ilk növbədə nə
lazımdır?
– Nəvainin misrası var: "Mən özümü tapmasam, xalq
məni necə taparY”. Hər bir müəllif ilk növbədə özünü tapmalı, özünü dərk
etməli, anlamlıdır. Ondan sonra yazmalıdır. Belə olduğu halda oxucular da onu
anlayar. Bu yerdə Anarın "Anlamaq dərdi” adlı essesini yadıma düşdü. Bu əsərdə çox dərin mətləblərə toxunulur. Mən
tələbələrə də o əsəri oxumağı tövsiyə edirəm. – AMEA-dakı konfransda "İlin alim” adına layiq görüldünüz.
– Mən heç vaxt heç nə gözləmirəm. Bu mənim üçün
böyük bir sürpriz oldu. AMEA məni buna layiq görüb. Mənə verdikləri bu yüksək
dəyərə görə hər kəsə, xüsusilə də, akademik İsa Həbibbəyliyə təşəkkürümü
bildirirəm. Və sonda demək istəyirəm ki, ədəbiyyat hər bir xalqın güzgüsü,
aynası olaraq hər zaman ədəbiyyat yaşayacaq. Söhbətləşdi: Xanım Aydın