AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tənhalaşma faciəsi...

Tənhalaşma faciəsi...

24 Noyabr 2014, 11:44 704
Kamran Nəzirli müasir Azərbaycan ədəbiyyatında bir çox povest və hekayələrin müəllifi, habelə dünya ədəbiyyatı klassiklərinin nümunələrini orijinaldan dilimizə çevirən peşəkar tərcüməçi kimi tanınır. Yazıçının bir çox hekayələri xarici ölkələrdə nəşr olunan almanax və jurnallarda dərc edilib.

Müəllif həm də pyesləri, radiotamaşaları ilə tamaşaçı, dinləyici rəğbəti qazanıb. Bir müddət bundan əvvəl Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnəsində yazıçı-dramaturqun “Narkoman” pyesi əsasında hazırlanmış tamaşanın premyerası keçirilib.

Xatırladım ki, böyük maraqla qarşılanan tamaşanın quruluşçu rejissoru respublikanın Xalq artisti Kamran Quliyev bununla ikinci dəfədir ki, müəllifin yaradıcılığına müraciət edib. O, hələ 2011-ci ilin sentyabr ayında N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində Kamran Nəzirlinin “Şeytan işığı” pyesini səhnələşdirib.

Teatrın direktoru İslam Həsənovun sözlərinə görə, bu gün bəşəriyyətin ən qorxulu bəlasına, maddi-mənəvi sərhədləri aşaraq günümüzün ağrılı problemlərindən birinə çevrilən narkotik vasitələr insanda həm psixoloji, həm də fiziki asılılıq yaradır. Buna görə də “ağ ölüm” adlandırılan dəhşətli bəlaya qarşı mübarizə daha ciddi şəkildə aparılmalıdır. İlk növbədə cəmiyyətdə narkomaniyanın yayılmasına təsir göstərən səbəblər araşdırılmalı və bunun aradan qaldırılması daim diqqət mərkəzində saxlanılmalıdır. Kamran Nəzirlinin “Narkoman” pyesi də məhz belə bir mövzuya həsr olunub... Əsər dünyəvi bəla-narkomaniyanın ailələrə gətirdiyi faciələri nümayiş etdirir, “ağ ölüm”ə qətiyyətlə “yox!” deyir. Tamaşanın tərbiyəvi və psixoloji gücü də bax, bundadır.

İslam Həsənovun fikrincə, bu əsərdə dramatik situasiya gözlənilməzliyilə diqqət çəkir. Hadisələr tamaşaçının şüurunu elə ilk səhnələrdən səfərbər edir. Bir-birini əvəzləyən qəfil dönüşlərlə, gərgin psixoloji məqamlarla müşayiət olunan hadisələr, vərdiş etdiyimiz həyat normalarını pozan epataj vəziyyətlər istedadlı quruluşçu rejissorun yozumunda sırf teatral həyat modeli kimi təqdim edilir.

Direktorun bildirdiyinə görə, tamaşanı müşayiət edən sürəkli alqışlar səhnələşdirmənin uğurlu alınmasının bariz göstəricisidir. Bu alqışlar həm də teatr kollektivi üçün dəyərlidir, çox yüksək qiymətdir... Tamaşada teatrın istedadlı aktyorları gözəl oyun göstərə bildilər. Fürsətdən istifadə edib onların hamısının adını çəkmək istərdim: Yeganə Məmmədəliyeva, Cəlal Məmmədov, Şəhla Məmmədova, İradə Zeynalova, Sevda Hüseynova, İlqar İbrahimov, Rövşən Əsgərov...

Tamaşanın uğurlu həllində, şübhəsiz ki, mühüm rol oynayan quruluşçu rəssam Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Əbülfəz Axundovun, musiqi tərtibatçısı, Əməkdar mədəniyyət işçisi İmanqulu Əhmədovun da adlarını çəkməliyəm.

Kamran Quliyev özü isə tamaşa barədə belə deyir:-Sumqayıt Dövlət Dram Teatrında yazıçı Kamran Nəzirlinin “Narkoman” əsərini tamaşaya qoymaq üçün dəvətlə tərəddüdsüz razılaşdım. Çünki bundan əvvəl dramaturqun “Şeytan işığı” əsərini Lənkəran Dövlət Dram Teatrında hazırlayarkən onun yaradıcılıq dəst-xəttinə dərindən bələd olmuşdum. Əmin idim ki, bu dəfə də əsərin səhnələşdirilməsi uğurlu alınacaq... Sumqayıt Dövlət Musiqili Dram Teatrının truppası çox zəhmətkeş truppadı. Bir gündə dörd tamaşanın məşqini edirlər. Burada istedadlı gənclər çoxdu. Bu tamaşada da gənclərlə işləməyə üstünlük verdim... Zəhmətimiz hədər getmədi. Tamaşanın inanılmaz anşlaqla keçməsi məndə bu qənaəti yaradıb. Onu da deyim ki, əsər çox aktual bir mövzuya həsr olunub. Söhbət bu gün bəşəriyyətin bəlasına çevrilən narkomaniyanın yaratdığı ağrılardan gedir...

“Narkoman” tamaşası, həqiqətən, ciddi yaradıcı axtarışın məhsuludur. Lakin burada bir məqamı xüsusilə qeyd etmək istərdim. Söhbət aktyor ansamblından gedir. Belə ki, rejissor aktyorlarla çox diqqətlə işləmiş, eyni zamanda, mizan səhnələrinin hər birini daxildən gələn emosional situasiya ilə qovuşdurmuşdur. Səhnədə heç bir hərəkət süni görünmür. Hər bir jest, hər bir addım daxili emosional şəraiti təcəssüm etdirir, mövcud mənzərəni tamaşaçı üçün açıqlayır.

Tamaşada aktyorların plastikası situasiyanın kəskinliyini göstərə bilir. Bu isə real görünüşlə təsəvvürümüzdə, xəyalımızda olan cizgiləri aydınlaşdırır, bədbəxtliklə üzləşən, faciə girdabında çabalayan bir ailəni gözümüz önündə canlandırır. Bir sözlə, quruluşçu rejissor aktyorların davranışı və plastikasından istədiyi, əsərin özünün bədii məziyyətlərindən irəli gələn ab-havanı uğurla təqdim edir.

Rejissorun cəmiyyətin ictimai-sosial, mənəvi-əxlaqi problemlərini əks etdirən pyesə verdiyi quruluş səhnədə idrakın gücünün emosiyaya, psixoloji çalarlardan zəmin tapan lirizmə qovuşmasına imkan yaradır, tamaşaçını düşüncələr aləminə aparır. Əsərdə dramatik situasiyalar tamaşaçını daim gərgin vəziyyətdə saxlayır, rejissor yozumundakı qanadlı fikirlər, epizodlardakı mizan düzümü, obrazların xarakterini açan ifadə vasitələrinin rəngarəngliyi diqqət çəkir.

Tamaşada bir ailənin timsalında üzləşilən problem, mənəvi gərginlik göstərilməklə, “ağ ölüm”ün yaratdığı dəhşətli vəziyyət canlandırılmaqla həm də cəmiyyətdə bu bəlanın kökü, səbəbi açıqlanır.

...Ramin (Cəlal Məmmədov) əsasən, laqeydlik, biganəlik üzündən narkomaniyaya qurşanır. Ali təhsili, biliyi, qabiliyyəti, əxlaqı ilə ətrafındakıların diqqətini çəkən Raminin müstəqil həyatda atdığı ilk addımlar uğursuz olur. İxtisasına uyğun çalışmaq istədiyi müəssisədə işə düzəlmək istəyi baş tutmur. Raminin təəssüf ki, xaraktercə zəifliyi onun sınmasına, “dərdini dağıtmaq” üçün tədricən eyş-işrət məclislərinə ayaq açmasına, nəhayət, narkotik vasitələrdən asılılığına gətirib çıxarır.

Bəli, işsiz qalan, taleyin hökmü ilə urvatsız adamlarla (vəzifəli şəxslərlə) qarşılaşan bu gənc ruhdan düşür və narkotikanın əsirinə çevrilir. Narkotik maddələrə olan tələbatı isə onu əzablı, alçaldıcı yollara sövq edir. Ramin artıq ev əşyalarını və ailənin ziynətlərini satmağa başlayır. Anası da onu bu yoldan çəkindirə bilmir. Həyat yoldaşı belə ağrılı hala dözməyərək uşağı da götürüb evi tərk edir. Raminin anası bu dəhşətə tab gətirməyərək dünyasını dəyişir. İdarə və müəssisə rəhbərlərindən, ətrafdakı insanlardan güclü zərbələr alan Ramin, nəhayət, özündə güc taparaq bu bəladan can qurtara, “Bu dünyada ya yaşamaq lazımdır, ya da həyatdan üz çevirmək” sualına narkotikanın verdiyi əzabın, ondan gələn acının nə olduğunu dərk edərək müsbət cavab tapa bilir.

Finalda Raminin ailəsi də yanına qayıdır. O, anasının ruhu qarşısında bir də bu yola düşməyəcəyinə and içir…

Beləcə, qorxulu bir gücün (“ağ ölümün”) daşıyıcısı olan Raminin sonda normal həyata qayıtması, laqeydlikdən aldığı mənəvi zədələrin sağalması tamaşaçıda, nəhayət, onun cəmiyyətdə mövqe tutmasına dərin inam hissi yaradır.

Cəlal Məmmədov Ramin obrazını emosional, real qətiyyətlə səhnədə oynayır. Bu oyunla da rejissorun gənc aktyorun istedadına inanaraq həvalə etdiyi rol tamaşaçıya yeni bir simanı tanıtdırmış olur.

Yeri gəlmişkən, burada haşiyə çıxıb bir məqama da toxunmaq istərdim. Fikrimcə, əsərin böyük uğurla səhnələşdirilməsində pyesin ideya və məzmun cəhətdən yüksək sənətkarlıqla qələmə alınması mühüm rol oynayıb. Pyesin süjet xəttində, hadisələrin gedişində əllaməçilik nəzərə çarpmır. Tamaşaçı tamaşa davam edən dəqiqələrdə darıxmır, işıqların nə vaxt yanacağına, pərdənin haçan çəkiləcəyinə tələsmir. Özünü hadisə iştirakçılarının arasında təsəvvür edir... Tamaşaya baxanda , eləcə də bu qeydləri qələmə alanda neçə ay bundan əvvəl K. Nəzirlinin qəhrəmanının (Raminin) rastlaşdığı laqeydliklə mən də qarşılaşmışam: Doğmalarımdan birinin işə qəbulla bağlı keçirilən müsahibədə göz görəsi əngəllənməsindən, qarşısına “kötük diyirlədilməsindən” dəhşətə gəlmişəm. Fikirləşmişəm ki, sənə etimad göstərilə, yüksək vəzifə verilə, əvəzində isə hansısa mənafe müqabilində qarşındakının halal haqqını tapdalayasan... Halal haqqı tapdalananların nə qədərinin nəticədə narkomanın (Raminin) taleyini yaşaması da heç kəsə sirr deyil. Bunların bir qismi namərdlərin saldığı həyat burulğanından can qurtara bilsə də, böyük hissəsi tənəzzülün qurbanına çevrilir. Sonra da deyirlər ki, “ağ ölüm” gör nə qədər gənci bədbəxt etdi. Amma bu bəlanın, bədbəxtliyin haradan qaynaqlandığının, rişələndiyinin fərqinə isə varmırıq... Belə olan halda neçə-neçə sabaha boylanan inam-ümid ölür, göyərmək, pöhrələmək, çiçəkləmək ərəfəsində olan yaşıl ağac vicdan əzabı çəkilmədən baltalanır. Yüz illərin yaşıdı olan dəyərlərimiz (istedadlı, savadlı imkansıza arxa olmaq, bu cür arxasıza dayaq durmaq...) məhv edilməkdən çəkinilmir. O da gizli deyil ki, insanlar belə ab-havada bir-birilə yadlaşır, bir-birinə şübhəylə yanaşır, anlamaq, dərk etmək gücünü itirirlər. Beləcə tənhalıq, tənhalaşma başlayır. Bundan qorxulu, bundan dəhşətli heç nə təsəvvür etmirəm. Çünki insanların tənhalığa büründüyü cəmiyyətdə hər an fırtına, fəlakət ola bilər. Bu “ağ ölüm”dən də ağrılı bir bəladır. Allah bizi belə bəladan qorusun...

***

“Narkoman” tamaşası insan ağlı və düşüncəsinin şərə qalib gəlmək gücünü göstərir, ümidsizliyin, inamsızlığın sonda faciə ilə nəticələndiyi qənaəti yaradır.

“Narkoman” “ağ ölüm”ə təslim olan, onun qurbanına çevrilən insanla yaşadığı gerçək şərait, vəziyyət arasındakı səddi uçurur, şüur, düşüncə üzərinə çökən fəlakət pərdəsini yırtır, hissləri, duyğuları məhv olmaqdan xilas edir.

“Narkoman” insanın öz mahiyyətindən uzaqlaşdığı zaman məsafəsində onun üçün vaxt, zaman anlayışının da ”öldüyünü” diqqətə çatdırır və dərin, dibsiz bir boşluqda neçə arzu-istəyin necə çarmıxa çevrildiyini bütün dəhşətilə tamaşaçıya çatdırır. O boşluqda haqq-ədalətlə ədalətsizin necə qəddarcasına davranması, ədalətsizin bataqlıq və çirkabda özünü necə rahat hiss etməsi açıq-aydın nəzərə çarpır.

“Narkoman” məhəbbət və nifrət, yaratmaq və dağıtmaq kimi əksqütblük üzərində qurulan bu təzadlı dünyada tale, bəxt anlayışlarının əslində qarşıya çıxan insanın yaxşı-yamanlığıyla bağlılığını bir daha təsdiqləyir...

Vaqif BAYRAMOV