• çərşənbə axşamı, 23 aprel, 10:14
  • Baku Bakı 20°C

“Tənbəl və işdən qorxan deyiləm” – Şou-biznes

05.08.14 08:38 8167
“Tənbəl və işdən qorxan deyiləm” – Şou-biznes
“Gənclik qəzeti”nin bu həftəki qonağı son zamanlar gənclərin sevimlisinə çevrilən “Dostlar” qrupunun solisti Əhməd Mustafayevdir. Qrup üzvlərinin Elnarə Xəlilova, Faiq Ağayev və digər məşhur ifaçılarla duet hazırlayaraq gündəmi zəbt edib, şou aləminə yeni ifa və üslub gətirərək gənclərin sevgisini qazanmağı bacardı.
Müsahibimiz Əhməd Mustafayev 1990 ildə iyulun 28-də Türkmənistanda anadan olub. 3 yaşınadək Türkmənistanda olan Əhməd 5 saylı orta məktəbi bitirib. 5 illiyi tar sinfini bitirdikdən sonra uzun müddət sazla məşğul olub. 2007-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Tətbiqi incəsənət” fakültəsinə daxil olub. Universitetə qəbul olmaq üçün yüksək bal topladığını deyən Əhməd bu sənəti böyük məhəbbətlə sevdiyini deyir: “Universitetə imtahan verərkən planımda heç də İncəsənət Universiteti yox idi. Yüksək bal toplamışdım və hər kəs mənim başqa ixtisas seçəcəyimi düşünürdü. Babam aşıq olduğu üçün onun yolunu davam etdirmək istədim. Qrup yoldaşımın təkidi ilə sonuncu kursda “Yeni ulduz” yarışmasında iştirak etdim. Müsabiqəyə ümidsiz qatılsam da ikinci yerə layiq görüldüm. Həmin müsabiqədə bəziləri kimi ata, ana dəstəyi ilə yox, öz gücümə həmin yerə layiq görülmüşəm”.
Bizimlə söhbətində gələcək layihələrindən söhbət açan Əhməd yaxın gələcəkdə konsert verməyi düşündüyünü dilə gətirdi.
- İlk olaraq istərdik bizə “Dostlar” qrupunun yaranma tarixindən danışasınız. Qrupdakı uşaqları çox istədiyinizdənmi bu adı düşünmüsünüz, yoxsa ortada başqa səbəblər var?

- “Dostlar” qrupu 1 ildən artıqdır ki, yaranıb. Qrupun əsas üzvləri Samir Orucla mənəm. Qrupun direktoru isə Tural Nəbiyevdir. Qrup yaransa da ancaq ona ad qoymamışdıq. Birinci efirimizdə bizdən qrupun adını soruşarkən böyük bir çaşqınlıq içərisində qaldıq. Samirlə bir-birimizə baxdıq və ikimiz də təsadüfən “Dostlar” qrupu dedik. Beləcə həmin gündən bu adla yolumuza davam etdik. Yəni öncədən oturub düşünməmişik ki, qrupumuzun adını nə qoysaq daha da maraqlı səslənər.
- Əvvəllər qrupda 3 nəfər idiniz. Deyəsən gün keçdikcə sayınız azalır.
- Əvvəllər qrupda 3 nəfər idik. Skripkaçı Çingiz üzrlü səbəblərə görə, bizimlə işini davam etdirə bilmədi və o qrupu tərk etdi. Hazırda Samirlə yeni mahnılar üzərində çalışırıq. Bilirsiniz ki, Samir kajon çalmaqdan əlavə mahnıların sözlərini yazır. Mahnıların musiqilərini isə mən hazırlayıram. Ancaq bir neçə mahnı var ki, onların sözləri və musiqi mənə aiddir. Son dəmdə yazılan mahnıların sözlərini Samirə məxsusdur. Biz komanda şəklində çalışırıq. Hər hansı birimizin yeni ideyası olursa onu müzakirə edirik və nəticədə bir qərar veririk. Bizim aramızda sənin, mənim söhbəti olmur.
- Çingiz qrupdan ayrılarkən qrupda problem yaşanmadı ki?
- Qruplar arasında belə halların olması normaldır. Elə bir ideal qrup yoxdur ki, aralarında problem yaşanmasın. İndinin özündə qrup daxili bəzi mübahisələr olur. Mübahisə varsa demək ki, orada iş gedir. Eləcə də Çingizin bir az ailədaxili problemləri oldu. Ona görə o, bizimlə iş birliyinə son qoydu.
- “Dostlar” qrupu çox qısa zamanda məşhurlaşdı. Bunun ayrıca bir səbəbi varmı?

- Əslində biz bu vəziyyətə gəlmək üçün çox əziyyət çəkməli olmuşuq. Kənardan elə görünür ki, biz birdən-birə məşhur olmuşuq. Əslində hər şey bu qədər asan deyil. Fərqlənmək üçün əlimizdən gələni edirdik. Azərbaycan şou-biznesində tam fərqli bir qrup olmaq istəyirik. Heç kimə oxşamaq istəmirik. Çalışırıq ki, özümüzün musiqisi, geyim tərzi, musiqi tərzimiz olsun və tamaşaçılar bizi o üslubda sevib, qəbul etsinlər. Bunun üçün əlimizdən gələni edirik. Rəqibə gəlincə isə hesab edirəm ki, bizim rəqibimiz yoxdur. Azərbaycanda tanınan, sözünü demiş qruplar var, ancaq bizim hər baxımdan tərzimiz onlardan başqadır. Onlarla bizi eyniləşdirmək, bir cərgəyə qoşmaq heç də düzgün olmaz. Çünki onlar başqa formatda fəaliyyət göstərirlər biz isə başqa. Bizdə Solist mənəm instrumental da Samir ifa edir. Özümüz yazıb, özümüz də ifa edirik.
- Sizin çəkdirdiyiniz yeni “Nə” klipi plagiat olduğunu söylənilir. Belə ki, Elçin Cəfərovun “Mənə onu çağırın gəlsin”, Yalının “Ah be kardeşim” klipləri ilə eynilik təşkil etdiyini dedilər. Sizin bu fikirlərə münasibətiniz necədir?

- Rejissorluq aləmində kimsə küçə ilə gələ-gələ klip çəkdirirsə bu plagiat hesab olunmur. Hazırda dünyada, hətta Avropada çalışan ifaçıların 90 faizi küçədə, bazarda, məhəllədə kliplər çəkirlər. Bu üsul daha təbii alınır. Bizdə o formatdan istifadə etdik, amma bizim ideyamız tamamilə başqadır. O tip kliplərdə sonda qız sevən oğlanla barışır. Ancaq bizim klipin sonluğu heç də xoşbəxt sonluqla bitmir. Ola bilər ki, tamaşaçı klipə baxır və onda elə bir təəssürat yaranır ki, bu klipdə də o biri kliplər kimi küçədə çəkilir və qızın könlünü almaq üçün oğlan dostlarını ətrafına cəm edir.
- Demək olar ki, əksər qruplarda solist ayrılıb, ayrı solo ifaya can atır. Bəs sizdə belə bir istək olubmu?
- Əslində mənim barəmdə belə söz söhbətlər çox gəzir. İnanıram ki, bizim qrupda bu kimi hala siz rast gəlməyəcəksiniz. Biz komanda olaraq işimizə nə qədər məsuliyyətli yanaşsaq o qədər də möhkəm olacağıq. Tamaşaçıya zövqlü musiqi bəxş etməyə çalışırıq. Əsas odur ki, tənbəl və işdən qorxan deyiləm. Bu da mənə atamdan keçib. O da çox zəhmətkeş insandır. Onlar mənə əllərindən gələni edirlər.
- Adətən şou aləminə yeni ifaçı gələndə hə kəsi bir şey maraqlandırır- həmin insanın özəl həyatında biri varmı? Bizə də maraqlıdır Əhmədin sevdiyi qız varmı?
- Şəxsi həyatımda heç kim yoxdur. Ancaq orta məktəbdə oxuyarkən istədiyim qız olub. Onu da uşaqlıq sevgisi hesab edirəm. Bundan sonra kimin qəlbimi oğurlayıb, oğurlamayacağını deyə bilmərəm. Həyatım boyu sevə biləcəyim biri ilə hələ ki, tanış deyiləm.
- Bəzən uşaqlıq sevgisi insanın ən ali sevgisi olur. Ola bilməzmi ki, elə uşaqlı sevginizə yenidən qovuşasınız?
- O, xanım artıq nişanlıdır. Nişanlı olduğunu biləndən sonra üzərimə düşəni etdim- ona xoşbəxtçilik arzuladım. Onu xoşbəxt görmək mənim üçün sevincdir. Sevgini ürəkdən söküb ata bilməsən də başqa şey də düşünə bilmirsən. Hər şey qismətdən asılıdır. Hərənin öz yolu var. Allahdan arzu edirəm ki, ömrünün sonuna qədər xoşbəxt olsun. Sevməsəydim başqa dəliliklər edərdim. Mənə elə gəlir ki, zamanında sevən insan sevgisinə qovuşmadıqda ona xoşbəxtlik arzulamalıdır. Çünki onun xoşbəxtçiliyi sevən tərəfdən böyük xoşbəxtlilikdir.
- Bəs Əhmədin sevdiyin xanım necə biri olmalıdır?
- Deyirlər ki, sevginin gözü kordur. Bu doğurdan da elədir. Ona görə də indidən sizə deyə bilmərəm ki, gələcəkdə bu kriteriyalara uyğun xanım seçəcəyəm. Qəlb sevdikdən sonra o xanımın qüsuru insanın gözündə görünmür. Həyatda ideal insan yoxdur. Mən özüm də ideal insan deyiləm. Ona görə də qarşı tərəfdən ideallığı tələb edə bilmərəm. Əgər qarşı tərəf məni sevirsə ondan tələb edəcəyim bəzi şeylər var. Əgər onu etsə ona qarşı olan hörmətim istəyim artar.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər