• şənbə, 20 Aprel, 17:47
  • Baku Bakı 23°C

“Tənbəl media”nı daha da tənbəlləşdirən karantin

21.05.20 09:00 848
“Tənbəl media”nı daha da tənbəlləşdirən karantin
"Jurnalistin təkcə düşünən beyni yox, eyni zamanda qaçan ayağı da olmalıdır”

Karantin günləri, əslində, tarixi bir hadisədir. Elə bir hadisə ki, bizdən sonrakı nəslə "siz bilməzsiniz, bizim dövrümüzdə belə hadisələr yaşanırdı” kimi deməyə mövzumuz var. Karantin günləri bizə bir çox mətləbləri daha yaxından tanıtdı. Yerli mətbuatın da evdə qalaraq onlayn şəkildə işləmək vərdişini genişləndirdi. Tədbirlərə gedərək materiallar hazırlayan qələm əhli evdə kompüter qarşısında oturaraq onlayn şəkildə materiallar hazırlamağa və müsahibələr almağa başladı. Bu da media nümayəndələrində bir öyrəncəklik, alışqanlıq yaradır. Etiraf edək ki, onlayn şəkildə müsahibə almaq həm müsahib, həm də jurnalist üçün ən rahat və asan üsullardan biridir. Di gəl ki, onlayn şəkildə hazırlanan bu materiallardan o ruhu, emosiyanı, hissi, duyğunu almaq mümkün olmur.Biz də mediada müxtəlif vəzifələrdə çalışan qələm əhli ilə söhbət etdik, onların, onlayn jurnalistikanın sonrakı iş prinsipimizə necə təsir edə biləcəyi ilə bağlı fikirlərini öyrəndik.


APA TV-nin baş redaktoru Cavid İsmayıl bildirdi ki, karantin günlərindən çox-çox əvvəl Azərbaycan jurnalistikası onlayn rejimə keçib: "Uzun müddətdir ki, qəzet və saytlarda çalışan jurnalistlərimiz müsahibələri telefon vasitəsilə alaraq yeni bir formata keçid ediblər. Xüsusən də, jurnalistlər oturaq iş rejiminə meyl ediblər. Bu da Azərbaycan mediasında tənbəl jurnalist nəslinin, yaxud telefon jurnalistikasının yetişməsinə zəmin yaradıb, reportyorluq, faktiki olaraq tənəzzülə uğrayıb. Karantin günlərinin mənfi tərəfi odur ki, tənbəllər daha çox tənbəlləşdi. Müsbət tərəfi isə bundan ibarətdir ki, insanlar evdə oturmaqdan yoruldular, eyni zamanda yeni ideyalar və layihələr üzərində düşünməyə vaxtları çox oldu. Bu baxımdan hesab edirəm ki, pandemiya bəşəriyyətin inkişafına təkan verəcəksə, intibah edəcək sahələrdən biri də, şübhəsiz ki, media olacaq. Əgər biz karantin dövründə həm Azərbaycan tarixinin ən baxımlı AzTV-sini görə bildiksə (Azərbaycan Televiziyasının karantin dövründəki fəaliyyətini birmənalı olaraq yüksək qiymətləndirirəm), demək ki, gələcəklə bağlı yalnız müsbət düşüncələrdə ola bilərik”.
Musavat.com saytının baş redaktoru Xalid Kazımlıonlayn şəkildə çalışmağın jurnalistlərin işinə mane olduğunu bildirir: "Onlayn müsahibələr canlı müsahibənin yerini vermir. Amma onlayn müsahibədə də üzbəüz söhbət etmək mümkündür. Məcbur deyil ki, insanlar üz-üzə oturub çay içsinlər. Bir-birilərinin jestlərini, mimikalarını görə, rahat şəkildə fikir mübadilələri edə bilirlər. Onlayn müsahibə və belə material hazırlamaq jurnalistə müsahibə almaq üçün bu o qədər də çətinlik törətmir. Pandemiyanın bu cür davam etməsi ondan xəbər verir ki, biz gələcəkdə də bu cür işləməli olacağıq. Ola bilər ki, illərlə yaxın təmaslardan qaçası olacağıq. Azərbaycan jurnalistləri də karantin günlərində həkim və polislər qədər fədakarlıq etdilər”.
"Yeni Sabah” saytının redaktoru Seymur Verdizadəcanlı müsahibələrin, tədbirlərin, hazırlanan materialların özəlliyinin bir başqa olduğunu vurğulayır: "Məcburiyyət qarşısında qalıb onlayn iş rejiminə keçmişdik. Karantin qaydaları yumşaldıqdan sonra redaksiyalarda əvvəlki ab-hava bərpa olunub. Onlayn çalışmağı bir o qədər də qənaətbəxş hesab etmirəm. Onlayn işləmək biz jurnalistlərdə bir qədər tənbəllik yaradıb. Əməkdaşlarımız və digər jurnalist həmkarlarımız onlayn rejimdə işləməkdə maraqlıdırlar. Mən mətbuata ötən əsrin 90-cı illərində gəlmişəm. O vaxt bir xəbər üçün paytaxtın bu başından o başına gedirdik. Ancaq indi 10 min işarəlik müsahibələri də jurnalistlər telefonla almağa çalışırlar. Nəinki telefonla müsahibə alır, sualları yazılı şəkildə göndərirlər. Hansı ki, canlı müsahibədə yeni nüanslar ortaya çıxara bilər və maraqlı fikir mübadiləsi aparmaq olur. Canlı müsahiblər zamanı daha fərqli detallara varmaq mümkün olur. Onlayn şəkildə material hazırladıqda isə bu da tədricən arxada qalır. Bu da ondan irəli gəlir ki, operativlik peşəkarlığı üstələyir. Çalışırlar ki, ilk xəbər və müsahibələri daha tez çatdırsınlar, bir neçə dəqiqə də olsa həmkarlarını qabaqlasınlar. Bu məsələləri göz önünə gətirdikdə isə peşəkarlıq arxa plana keçir. Onlayn şəkildə işləməyin mətbuatımıza faydalı olacağını düşünmürəm. Hesab edirəm ki, onlayn rejimdə işləmək jurnalistlərimizi bir qədər tənbəlləşdirir. Onları mövzulardan canlı iş rejimindən uzaq salır. Jurnalistin təkcə düşünən beyni yox, eyni zamanda qaçan ayağı da olmalıdır. Biz ancaq düşüncə hesabına fəaliyyətimizi davam etdiririk və belə olduğu halda, ayaqlarımızın funksiyası tədricən itir. Bu, mətbuatımıza heç də yaxşı perspektiv vəd etmir. Təəssüflər olsun ki, koronavirus dövründə bizim tənbəlləşən xislətimiz bir qədər də tənbəlləşdi”.

"Mədəniyyət” qəzetinin müxbiri Gülcahan Mirməmməd özünü müsahibələrə meylli müxbir hesab etmir və karantin günlərini səmərəli istifadə edənlərdəndir: "Daha çox araşdırma, tarixi mövzuda yazılar yazmağa meyl göstərirəm. Bu iki ay yarım ərzində deməzdim ki, evdə qalıb darıxdım. Düzdür, tədbirlər olmadı, tamaşalara getmədik, canlı görüşlər keçirilmədi, ancaq yaxşı tərəfləri də çox oldu. Biz mədəniyyət müxbirləri davamlı olaraq tədbirlərdə iştirak etməyə və materialları operativ şəkildə hazırlamağa öyrəşmişik. Bu baxımdan karantin günlərində bir az sıxıntımız oldu. Ancaq evdə qaldığımız günlərdə araşdırma yazılar hazırladım. Hansı ki, bu yazıları uzun müddət idi ki, tamamlamağa çalışırdım. Kitabxanaya gedib araşdırma edərək yazdığım yazılarda daha maraqlı məqamlara toxuna bilərdim. Ancaq kitabxanalarda Azərbaycan dilli internet resurslarımız tam əhatə olunmayıb. Təsəvvür edin ki, Azərbaycan teatrına dair məşhur albomlar var və onlar milli kitabxananın resurslarında yoxdur. Bu, bizim işimizi axsatsa da, yenə də araşdırma yazdıq. Pandemiya ilə bağlı bir neçə yazı işlədim. Bir az əziyyətli, adama xoş gəlməyən olaylar da olsa, zaman-zaman kinoda, bəşəriyyət tarixində pandemiyalar öz bədii əksini tapıb. Bunlar haqqında materialları zərrə-zərrə topladım. Ağır da olsa, maraqlı bir iş idi. Evdə oturmazdan əvvəl başladığım bir neçə silsilə yazım var idi ki, onları hələ də hazırlamağa davam edirəm. Filmlərə çəkilən müğənnilər, opera artistləri, müğənnilərlə bağlı araşdırmalar edirəm. Bir neçə tərcümələrim var ki, onların üzərində rahat şəkildə çalışıram. İki pyes üzərində çalışır, redaktəsini başa çatdırmağa səy göstərirəm”.

"Yeni Çağ" Media Qrupunda müxbir Gülşən Şərif texnologiya inkişaf etdikcə, işçi qruplarının əlaqə imkanlarının daha da artdığını bildirir: "Deməzdim ki, karantindən öncə bütün müsahibələr məhz canlı şəkildə alınırdı. Ən azından öz təcrübəmdən deyə bilərəm ki, karantindən öncə də bəzi müsahibələri və açıqlamaları telefon bağlantısı vasitəsilə alırdım. Müsahibin vaxt məhdudiyyəti olanda bu cür hallar yaşanır. Karantin rejiminin yaratdığı şərait isə onlayn əlaqəni daha da inkişaf etdirdi. Karantin dövründə bütün müsahiblərdən telefon, "facebook”, "whatsapp”, "zoom” vasitəsilə açıqlamalar və müsahibələr almağa başladıq. Hətta onlayn seminarlar da keçirildi. Pandemiya dövrü bitəndən sonra da onlayn jurnalistikanın indiki - yeni xətt üzrə davam edəcəyini düşünürəm. Müsbət tərəfi vaxt itkisinin az olmasıdır. Çünki istənilən müsahibə, tədbir və ya seminar üçün gedən jurnalist, istər-istəməz, yolda vaxt itirir. Onlayn şəkildə məhsuldarlıq daha çox olur. Digər tərəfdən, mətbuat sahəsində də texnoloji yeniliklərə açıq olmaq vacibdir. Bu, ölkə mətbuatının inkişafı və beynəlxalq aləmdə müəyyən yer tuta bilməsinə səbəb ola bilər. Artıq insanlar informasiya əldə etmək üçün daha rahat metodlara üstünlük verirlər. Bizdə də yeniliyə açıq olmaq müsbət haldır. Mənfi tərəfi isə canlı ünsiyyət və əyani tanışlığın olmamasıdır. Elə müsahib və jurnalistlər var ki, qiyabi şəkildə bir-birilərini tanıyırlar, ancaq real həyatda üz-üzə gələndə tanımırlar. Onlayn iş rejiminin mətbuat işçilərinin fəaliyyətinə mənfi təsir göstərəcəyini düşünmürəm. Çünki işini sevən hər kəs şəraitdən asılı olmayaraq, iş prinsiplərinə sadiq olur”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər