• cümə axşamı, 28 mart, 20:27
  • Baku Bakı 13°C

Ötən ilin teatr təəssüratı...

23.02.15 04:05 1709
Ötən ilin teatr təəssüratı...
2014-cü il artıq tarixə çevrildi. Ötən il əvvəlki illərdən seçilmədi, yəni maraqlı siyasi-iqtisadi və ictimai-mədəni hadisələrlə zəngin oldu.
Ölkəmizin beynəlxalq nüfuzunun, iqtisadi qüdrətinin artması, cəmiyyət həyatının sosial səviyyəsinin, əxlaqi-mənəvi ovqatının müsbət tendensiyalarla özünü şərtləndirdi.
Ötən il ölkə rəhbərliyi tərəfindən çoxsaylı müqavilələr imzalandı, ölkəmiz onlarla beynəlxalq tədbirlərə ev sahibliyini yüksək təşkilati səviyyədə həyata keçirdi. Milli Məclis tərəfindən neçə-neçə taleyüklü məsələləri əhatə edən qanunlar qəbul edildi. Ayrı-ayrı sahələr üzrə Dövlət Proqramlarının yerinə yetirilməsi işi uğurla davam etdirildi.
Bu qəbildən olan “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı milli teatr sənətinin inkişaf perspektivlərinin təminatçısı və müəyyənedicisi kimi xüsusi əhəmiyyətə malikdir. Belə ki, həmin Dövlət Proqramının fəaliyyətə başlaması və sonrakı illərdə icrasına Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəzarət, istər qət edilmiş yolun, istərsə də qarşıda duran mərhələnin perspektivi ilə bağlı ən nikbin mülahizələrə imkan verir.
Yola sadığımız 2014-cü ildəki mədəniyyət hadisələrini, təkcə sadalamaq onlarla səhifə tutar. Amma niyyətimiz bu deyil, yalnız ilin teatr mənzərəsini, daha dəqiq götürsək, ana teatrımız olan Akademik Mili Dram Teatrının həmin ildəki fəaliyyətini nəzərdən keçirməkdir.
Bəli, ötən ilə nəzər salmaq, həmin zaman içərisində ümidlərin və nailiyyətlərin (təbii ki, həyata keçməyənlərin də) xatırlanması faydasız olmaz deyə, hər şeydən öncə, sözügedən teatrın səhnəsində hazırlanan tamaşalara diqqət yetirək. Beləliklə, “İlahi oyun”, “Əmir Teymur”, “Generalın son əmri”, “Nadir şah”, “Nazirin xanımı”, “Kölgə”, “Silindr”, həmçinin “Kreppin son lent yazısı”, “Məqam” və “Mən biz” monotamaşalarını xatırlayaq. Bunu da qeyd edək ki, əgər “Əmir Teymur”, “Generalın son əmri” və “Nadir şah” Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmışdırsa, “Nazirin xanımı”, “Kölgə”, “Silindr” və qeyd etdiyim üç monotamaşa teatrın daxili maliyyə imkanları hesabına ərsəyə gəlmişdir.
Bir qədər əvvələ qayıdıb, qeyd etməliyik ki, teatr, istər mövzu, istər coğrafi miqyas, istərsə də ədəbi-bədii mündəricə etibarilə maraqlı repertuara malikdir. Yəni repertur tərtibi, həm truppanın yaradıcı ifaçılıq potensialını büruzə verməyə, həm də teatrın perspektiv estetik hədəflərini təzahür etdirməyə tamamilə müvafiqdir. Bu baxımdan “repertuar teatrın simasıdır” kimi teatr aforizmi özünü doğrultmaqla yanaşı, ölkənin ana teatrının əvvəlki fəaliyyət illərindən fərqli pozitiv bədii istiqamət götürdüyünü, daha ciddi professional və vətəndaşlıq mövqeyinə əsaslandığını açıq sübut edir. Burada milli klassika – M.F.Axundzadə (“Sərgüzəşti-vəziri-xani-Lənkəran”), C.Məmmədquluzadə (“Anamın kitabı”), H.Cavid (“Əmir Teymur”), İ.Əfəndiyev (“Boy çiçəyi”, “Qarabağnamə”), A.Şaiq (“Danışan gəlincik”) kimi müəlliflərlə dünya dramaturgiyası – V.Hüqo (“Qadın məhəbbəti”), F.Brukner (“Napaleon”), A.Saqareli (“Xanuma”), F.Dürrenmatt (“Yaşlı xanımın gəlişi”), M.Friş (“Don Juan”), B.Brext (“Kuraj və uşaqları”), E. de Filippo (“Silindr”), B.Nuşiç (“Nazirin xanımı”), C.Patrik (“Qocanı öldürməliyik”) və başqa müəlliflərlə təmsil olunur.
Teatr son illərdə ictimai fikrin diqqətini çəkən yaradıcılıq prinsipinə sadiq qalaraq, yeni müəllif, yeni rejissor siması, tərtibatçı rəssam, ən başlıcası isə aktyor fərdiyyəti axtarışında qərarlı mövqe nümayiş etdirir. Bu isə, olduqca əhəmiyyətlidir. Burada məsələyə bir teatrın yaradıcılıq ahəngdarlığının yeni bədii impulslarla təmin edilməsindən daha çox, dövlətimizin gənclər siyasəti, mədəniyyət siyasi xəttinin uğuruna verilən töhfə kimi baxılmalıdır.
2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq Sərəncamı ilə Akademik Milli Dram Teatrının nəzdində studiya təşkil edilib. Teatrdan verilən məlumata görə, tərkibi, əsasən, tələbə gənclərdən ibarət olan studiyada diksiya (səhnə nitqi), ritmo plastika (səhnə hərəkəti ifadəliliyi), aktyor sənəti üzrə nəzəri və praktik məşğələlər keçirilir. Məlumatda o da bildirilir ki, studiya üzvlərinin bir qismi repertuardakı bəzi tamaşaların kütləvi səhnələrində sınaq olaraq iştirak edirlər. Belə çıxır ki, onlara, necə deyərlər, mətbəxin təkcə qoxusunu yox, dadını da almaq imkanı verilir.
Akademik Milli Dram Teatrı Elçin, Əli Əmirli, Afaq Məsud, Kamal Abdulla, Hüseynbala Mirələmov kimi müəlliflərlə əməkdaşlığını ötən il də davam etdirdi. Amma 2014-cü ilin müəllifləri siyahısında “Yayda qartopu oyunu” tamaşasından sonra uzun müddət afişalarda adına rast gəlmədiyimiz Vaqif Səmədoğlu göründü və onun “Generalın son əmri” pyesinin təcəssüm müəllifi, “Brüsseldən məktublar” tamaşasından sonra yenidən tamaşaçıları heyrətləndirən Ramiz Həsənoğlu ilə yaradıcılıq tandemi, bəstəkar Cavanşir Quliyevin musiqisi ilə bir qədər də mənalandı.
Teatrın 2014-cü ildəki son premyerasının afişasında yeni müəllif adının görünməsi də əlamətdar idi. Belə ki, tanınmış nasir Yunis Oğuzun dramaturq keyfiyyətində təqdim olunması, yetərincə mürəkkəb tarixi hadisələri əhatə edən “Nadir şah” pyesinin tamaşası ilin uğurlu estetik akkordu kimi yaddaqalan oldu. Teatrın repertuarına diqqət yetirsək, burada son illərdə tarixi mövzulara başlıca yer verilməsi faktı müşahidə edilir. Və bu faktın təsadüfi deyil, düşünülmüş ideya-bdii addımlar olduğu inamımız tarixi mövzuların təcəssüm prinsiplərini dəyərləndirməyə sövq edir. Daha doğrusu, tarixi mövzuların ictimai, ədəbi, estetik keyfiyyətlərinin aktyor ifaçılığı və tamaşaçı qavrayışı meyarlarının ahəngdarlığını nəzərdən keçirməyi şərtləndirir. Odur ki, bu məsələ ilə əlaqədar bəzi mülahizələrimizi bildirməyi vacib hesab edirik.
Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, tarixi faktlara bir o qədər əhəmiyyət verməyən rejissorlar, bəzən ədəbi mətnin dil prinsiplərinə də məhəl qoymur, konkret dövrün ictimai-mənəvi xüsusiyyətləri, həmçinin az əhəmiyyətli olmayan saray etiketləri, ən əsası, hökmdar və təbəələri arasındakı əsrlər boyu formalaşmış ierarxik münasibətləri unudurlar. Aktyor oyunu vasitəsilə təcəssüm etdirilən və tamaşaçıya ünvanlanan həmin natamam təqdimat üsulu eyni ilə natamam təəssürat doğurur, tamaşaçı qavrayışına xələl gətirir. Nəticədə, teatrın ümid etdiyi mənəvi-estetik effekt itirilir. Qeyd etdiklərimiz, teatrın tarixi mövzuda hazırladığı bütün tamaşalarında müşahidə edilən qüsurdur. Belə ki, teatrın cari repertuarında yer tutan “Qarabağnamə”, “Şah və Şair”, “Gəncə qapıları”, “Şah Qacar”, “Əmir Teymur”, “Nadir şah” tamaşalarında saray etiketlərinin tarixi səriştə ilə bədii işlənməsi qənaətbəxş deyil.
Yuxarıda qeyd etdiyimiz nöqsanları birbaşa quruluşçu rejissorların ayağına yazmaq doğru olardı. Amma o da doğrudur ki, uzun illik səhnə yaradıcılığı təcrübəsi olan aktyorların ifa etdikləri obrazların ən sadə məsələlərdə naşı görünmələri, müxtəlif tarixi dövrləri, ölkələri, xanədanları təmsil edərkən, sadəcə, təzim qaydalarını belə öyrənməmələri, yerinə yetirə bilməmələri təəssüf doğurur. Bizcə, bu kimi keyfiyyətlər hər bir aktyorun öz üzərində və ona həvalə edilən səhnə obrazı üzərində fərdi yaradıcılıq fəaliyyətinə aiddir. Məsələn, Bəsti Cəfərovanın Kuraj ana (“Kuraj və uşaqları”), Xanuma (“Xanuma”), Jivka (“Nazirin xanımı”), Səidə Quliyevanın Ana (“Anamın kitabı”), Zemfira Nərimanovanın Jozefina (“Napoleon”), Şükufə Yusupovanın Qrafinya (“Sənətkarın taleyi”), Sənubər İsgəndərlinin Klara Veşer (“Yaşlı xanımın gəlişi”), Rafael Dadaşovun Agah (“Qanlı Nigar”), Nurəddin Mehdixanlının Xan (“Lənkəran xanının vəziri”), Əmir Teymur (“Əmir Teymur”), İgidov (“Oliqarx”), Ramiz Novruzun Knyaz Pantiaşvili (“Xanuma”), Rafiq Əzimovun Peppino (“Qoca kloun tələb olunur”), Cəfər Namiq Kamalın Vəzir (“Lənkəran xanının vəziri”), Məleykə Əsədovanın Mariya Tüdor (“Qadın məhəbbəti”), Münəvvər Əliyevanın Müəllimə (“Qatil”), Vəfa Zeynalovanın Qloriya (“Qocanı öldürməliyik”), Elşən Rüstəmovun Taleyran (“Napoleon”), Kazım Abdullayevin Mehmanxana müdiri (“Zorən şorgöz”), Elşən Cəbrayılovun Narçın (“Qanlı Nigar”), Pərviz Məmmədrzayevin Ozan-oğul (“İlahi oyun”), Mətanət Atakişiyevanın Sara Bernar (“Şekspir”) kimi səhnə obrazları üzərindəki uğurlu yaradıcılıq işləri dediklərimizə konkret sübutlardır.
Tarixi mövzuda hazırlanmış tamaşaların rejissor işlərində Azər Paşa Nemətov, Mehriban Ələkbərzadə, Mərahim Fərzəlibəyov, Bəhram Osmanov, Oruc Qurbanov, Rövşən Almuradlı kimi kifayət qədər yetkin peşəkarlarla bərabər, nisbətən cavan nəslə mənsub olan Gümrah Ömər, Namiq Ağayev, Nicat Kazımov, Firudin Məhərrəmli və Mikayıl Mikayılovun da dəsti-xətti görünür. Amma burada üslublar və yanaşmalar, ən əsası, istedad və səriştə, necə deyərlər, öz sözünü deyir. Belə ki, istər tarixi mövzuda işlənən “Şah və şair”, “Gəncə qapıları”, istərsə də “Nadir şah” tamaşaların olmasına rəğmən, Bəhram Osmanovun, Mikayıl Mikayılovun və Gümrah Ömərin səhnə yozumu prinsiplərinin xətaları konseptual-estetik təcəssüm xətaları təəssüf doğurur.
Ötən ilin repertuarı teatrın mövzu-problematika, janr, forma və üslub axtarışlarını da ehtiva edir. Maraqlıdır ki, repertuarında tarixi mövzulu tamaşalar olsa da, teatr yenə də “Əmir Teymur” və “Nadir şah” əsərləri ilə, sanki tarixi mövzuya qayıdışı vacib hesab etdiyini bildirir. Əvvəlki teatr mövsümündə hazırlanan “Şah Qacar” (Ə.Əmirli), “Şah və şair” (K.Abdulla), “Gəncə qapıları” (H.Mirələmov) tamaşaları kollektivin, elə bil ki, mövzunun fikir dairəsini genişləndirmək, məna tutumunun miqyasını artırmaq niyyətini labüdləşdirib. Bu da maraqlıdır ki, H.Caviddən başqa, digər üç müəllif çağdaş dövrümüzün qələm sahibləridir və tarixi mövzu onların dramaturji ustalığının nümayişi üçün, az qala, sınaq meydanı kimi görünür. Bir qədər irəli gedib qeyd etməliyik ki, nəticə hər bir müəllifin istedadını və bədii niyyətini dürüst ifadə edir. Afişadakı adlarını sadaladığımız tamaşaların quruluşçu rejissorları, istər Azər Paşa Nemət (“Şah Qacar”), istər M.Ələkbərzadə (“Əmir Teymur”), istərsə də, B.Osmanov (“Gəncə qapıları”), böyük təcrübə sahibləri olduqları halda, M.Mikayılovun (“Şah və Şair”), N.Kazımovun (“Kölgə”) və G.Ömərin (“Nadir şah”) milli teatrın səhnəsi üçün təcrübələri yetərli olmasa da, nəzərdən keçirdiyimiz tamaşaların rejissor yozumunda, yaxud ayrı-ayrı obrazların səhnə həlli və təcəssüm işində buraxılan nöqsanlar təxminən eynidir.
Nəzərdən keçirdiyimiz bu yaradıcılıq nümunələrini geniş təhlil etməyə lüzum görməsək də, bəzi məqamların üzərindən keçmək olmaz. Məsələ budur ki, yuxarıda qeyd etdiyimiz əsərlərin dramaturgiyamızı və milli teatrımızı yeni mövzu nümunələri ilə zənginləşdirdiyini deyə bildiyimiz halda, rejissor və aktyor sənətinin nə qazandığını söyləməyə çətinlik çəkirik. Təbiidir ki, burada istisnalar da mövcuddur. Kiməsə qəribə görünə bilər, amma tamaşalardan aldığımız təəssüratlar bəzi mülahizələrə gətirir. Məsələn, yaradıcılıq dühası etibarilə müqayisə edilməyəcək ucalıqda dayanan H.Cavidin və
Ə.Əmirlinin səhnə qəhrəmanlarını müqayisə edək. Şah Qacarın səhnə şəxsiyyəti Əmir Teymurun səhnə şəxsiyyətindən daha mənalı, daha təsirli və sevimlidir. Halbuki, ayrı-ayrı səhnələrdə Qacar rolunun ifaçısında ötən əsrin aktyorlarına xas olan, bugünkü tamaşaçıda isə təbəssüm doğuran pafos yersiz görünür. Yuxarıdakı müqayisədən göründüyü kimi, hətta mizanlarda, Qacar nə qədər çevik və tutumludursa, Əmir Teymur bir o qədər ətalətli və bəsitdir.
Qəribədir ki, nə müəllifin bu obraza əta etdiyi zəngin və müəmmalı ədəbi məzmun, nə də quruluşçu rejissorun səhnə yozumunun bədii qidası Əmir Teymur obrazının ifaçısının fərdi oyun üslubuna heç bir fayda verməyib. Yeri gəlmmişkən, onu da qeyd edək ki, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” (Xan) və “Yaşlı xanımın gəlişi” (Burqomistr) tamaşalarındakı ifalarını istisna etsək, N.Mehdixanlının digər səhnə işləri aktyorun üslub etibarilə təkrarçılığa meyl etdiyi qənaətinə gəlməyimizə əsas verir. Eyni qənaəti Cəfər Namiq Kamal barədə də söyləmək olar. Kifayət qədər koloritli və xəsis ifadə boyaları ilə süslənən obrazlarının birinin digərini təkrarlaması bu istedadlı aktyorun üzərində düşünməli olduğu məsələdir.
Teatrın 2014-cü ildə təqdim etdiyi tamaşalarda, mübaliğəsiz demək olar ki, böyük aktyor uğurları var və onların sırasında R.Novruzu, L.Mustafayevanı, M.Atakişiyevanı, S.Məmmədovu, E.Rüstəmovu, A.Heybətovu, K.Abdullayevi, R.Kərimduxtu, H.Rəhimovu, M.Əliyevanı, R.Bəxtiyartovu, İ.Həsənovanı, Ş.İsmaylovanı, M.Abdullayevi, E.Qarayevi xüsusi qeyd etmək vacibdir. Bu səhnə xadimlərinin, xüsusilə tarixi mövzulu tamaşadan tamaşaya səhnə inkişafı təqdir edilə bilər.
Ötən ilin repertuarında yer tutan “Generalın son əmri” tamaşası da aktyor ifası baxımından diqqət çəkir. Belə ki, burada bayaq adlarını qeyd etdiyimiz Cəfər Namiq Kamalla, F.Hüseynovla, S.Məmmədovla, R.Kərimduxtla bərabər, M.Xanlarovanın, A.Məmmədovun, R.Şıxəliyevin oyunu da özünəməxsus ifa çalarları ilə çox dəyərlidir. Ötən illərdən başlayaraq, teatrın ifaçılıq sahəsində aktyorların bədii səviyyə və peşəkarlıq artımı fərəhli faktdır. Belə ki, E.Cəbrayılovun və V.Zeynalovanın “Qürbətdən gələn məktublar” və “Qocanı öldürməliyik” tamaşalarındakı tərəf-müqabil oyunları, S.Məmmədovun “Şah Qacar”dakı və “Generalın son əmri”ndə, R.Kərimduxtun “Don Juan və həndəsə”dəki və “Əmir Teymur”dakı, yaxud “Generalın son əmri”ndəki rolları, M.Xanlarovanın “Zorən Şorgöz”də və “Generalın son əmri”ndə, L.Mustafayevanın “Qürbətdən gələn məktublar”da, həmçinin “Şah Qacar”da yaratdığı səhnə obrazlarını, sadəcə, müqayisə etməli olsaq, bu ifaçı aktyorların ildən ilə artan yaradıcılıq inkişafını təsdiq etməli olarıq.
Ümumiyyətlə, Akademik Milli Dram Teatrında B.Cəfərovanın, S.Quliyevanın, Ş.Yusupovanın Z.Nərimanovanın, F.Mütəllimovanın, M.Əsədovanın, İ.Əsgərovun, H.İsmayılovun, R.Dadaşovun, R.Əzimovun, R.Məlikin, S.İsgəndərlinin, H.Nəsirovanın, Ş.Quliyevanın, P.Bağırovun, Ə.Nurzadənin, E.Quliyevin, İ.Hüseynovun, F.Xudaverdiyevin, M.Cəlilovun son tamaşalardakı uğurlu ifa tərzi bu səhnə xadimlərinin, həm ənənəyə varislik sədaqətini, həm də teatrın çağdaş dövrdəki ifaçılıq məharətinin səviyyəsini bariz göstərir. Təkcə onu demək kifayətdir ki, faciə və dramatik obrazlar ustası kimi tanıdığımız B.Cəfərova “Xanuma”dan başlayaraq, “Kuraj və uşaqları”, sonra isə “Nazirin xanımı” tamaşasındakı obrazları ilə tamaşaçıları çaşdırdı və istedadının yeni qatı ilə heyrətləndirdi. Eyni sözləri teatrın neçə-neçə digər aktyorları barədə də söyləmək olar. Burada mühüm olan səhnə xadimlərinin bir-bir adını qeyd etmək yox, bir küll halında Akademik Milli Dram Teatrının repertuarının zəngin bədii mündəricəsini, həmçinin həmin repertuarı böyük istedad və ləyaqətlə təcəssüm etdirməyi bacaran kollektivə malik olması, əsasən, ən doğru ideya-estetik istiqamət götürməsidir. Burada ölkə rəhbərliyinin, eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin teatr kollektivinə bəslədiyi etimadın doğrulduğu da böyük əhəmiyyət kəsb edən məsələdir.
Teatrın 2014-cü ildə də özünü büruzə verən yaradıcılıq problemləri az deyil və bu, özünü ara-sıra göstərməkdədir. Doğrudur, sarılığından utanmayan bəzi mətbuat mənsubları peşə etikasına sığmayan qabalıqla biz teatrşünasların meydanına girib, bu və ya digər teatrlar, tamaşalar barəsində səviyyəsiz rəy bildirirlər. Belələri unudur ki, teatr incəsənətdir. Səhnə işini zərgər sənətinə bənzədənlər səhv etmirlər. Dəvənin zərgər dükanında nə oyun çıxara biləcəyi atalar məsəlində deyilib. Bizcə, incəsənət sahəsində çalışanların əməyinə, ərsəyə gətirdikləri əsərə münasibət yalnız həssas və peşəkar olarsa, o zaman müəyyən səmərə verə bilər. Apardığımız müşahidələrə əsaslanıb deyə bilərik ki, Akademik Milli Dram teatrının müşahidə etdiyimiz problemlərinin, diqqət çəkən nöqsanlarının obyektiv səbəbləri subyektiv səbəblərindən çoxdur.
Məsələn, teatrın yeni forma və tətbiqi ifadə vasitələri axtarışı təqdir ediləsi fakt olsa da, bu zaman səhnə sənətinin bədii perspektivləri baxımdan səhnəqrafiyanın mühüm rolu yada düşür. Məhz bu sahədə diqqət çəkən problemlər narahatlıq doğurur. Düzdür, Akademik Milli Dram Teatrında səhnə tərtibatının estetik səviyyəsi digər teatrlardan xeyli yüksəkdir. Amma bununla bərabər, unutmaq olmaz ki, teatrın baş rəssamı Nazim Bəykişiyevin ardınca gələn nəsil peşəkarlıq sarıdan hələ çox geri qalır. Doğrudur, son illərin tamaşalarında Musrafa Mustafayevin, Samirə Həsənovanın, Anar Əliyevin və başqalarının səhnə işləri teatrın yeni teatr rəssamı kadrları ilə işinin, əsasən, müsbət istiqamət götürdüyünü düşünməyə əsas verir. Çünki məhz həmin cavan rəssamların tamaşalarında teatrın yeni forma axtarışları özünü təzahür etdirir. Və bu, həm klassik və müasir Avropa dramaturgiyası əsasında hazırlanan tamaşalarda, həm də milli səhnə əsərlərinin təcəssümündə əks olunur. Belə ki, teatrın repertuarında yer tutan “Qadın məhəbbəti” (V.Hüqo), “Nazirin xanımı” (B.Nuşiç), “Napoleon” (F.Brukner), “Yaşlı xanımın gəlişi” (F.Dürrünmatt), “Qocanı öldürməliyik” (C.Patrik), “Şekspir” (Elçin), “Qatarın altına atılan qadın” (A.Məsud), “Generalın son əmri” (V.Səmədoğlu), “Oliqarx” (Əfqan), “Silindr” (E. de Filippo) və b. tamaşalar rejissor və aktyor uğurları ilə yanaşı, səhnə tərtibatı baxımından da tamaşaçıları razı salan səhnə işləridir.
Bu əsərlər əsasında hazırlanan tamaşalar, istər forma, istər üslub axtarışı, həmçinin yeni rejissor baxışı cəhətdən maraq doğurur. Quruluşçu rejissorlar M.Fərzəlibəyov, O.Qurbanov, N.Kazımov, L.Kərimov, N.Ağayev, R.Novruz, bəlli olduğu kimi, müxtəlif ədəbi-bədii məzmunlu əsərlərin səhnə təcəssümündə daha çox ifaçı aktyorlara güvənmişlər. Bəri başdan deyək ki, onların inamı doğrulmuşdur.
Qeyd etmək yerinə düşər ki, N.Mehdixanlının, B.Cəfərovanın, H.İsmayılovun, S.İsgəndərlinin, Ə.Həmidovun, A.Şirinin, M.Əliyevanın, A.Amanovanın, Ş.Quliyevanın, Ə.Babayevanın, İ.Hüseynovun, H.Rəhimovun səhnə uğuru, rejissor gözləntilərinin əsassız olmadığı kimi, teatrın da repertuar seçiminin uğurlu olduğunu təsdiq edir.
Maraqlı fakt olaraq onu da qeyd etmək lazımdır ki, son illər Bakı teatrları arasında müşahidə edilən sıx yaradıcılıq əməkdaşlığı ötən il də uğurla davam etdirildi. Yəni əvvəlki illərdə, yəni B.Osmanovun quruluşunda Musiqili teatrın səhnəsində hazırlanan “Evlənmə” tamaşasına Gənc Tamaşaçılar Teatrından Q.İsmayılov, Akademik Milli Dram Teatrından Ş.Yusupova, M.Əsədova dəvət edilmişdirsə, sonrakı teatr mövsümündə, Akademik Milli Dram Teatrının M,Ələkbərzadənin quruluşunda hazırladığı “Qatarın altına atılan qadın” tamaşasına Gənc Ramaşaçılar Teatrından K.Hüseynova, İ.Tağızadənin rejissorluğu ilə səhnəyə qoyulan “Sənətkarın taleyi” pyesinin səhnə təccümündə Rus Dram Teatrından F.Atakişiyev, İ.İmranova, N.Hacıyeva dəvət olunmuşdur. Daha sonra, yenə B.Osmanovun Gənc Tamaşaçılar Teatrında hazırladığı “Hasarın o üzü” tamaşasında H.Ömərova və Akademik Milli Dram Teatrının aktyoru N.Mehdixanlı iştirak etmişdir. Nəhayət, Akademik Milli Dram Teatrının da son tamaşalarında Sumqayıt Dövlət Teatrından və Yuğ Dövlət Teatrından ayrı-ayrı aktyorlar hazırlanan tamaşalarda çıxış etmişlər. Müşahidə edilən teatrlararası əməkdaşlığın bəhrəsi kimi ərsəyə gələn səhnə işləri, bəzi yersiz qınağa tuş gəlsə də, fikrimizcə, milli səhnə sənətimizin inkişaf xətti baxımından olduqca perspektivlidir və gərəklidir.
Bu gün Akademik Milli Dram Teatrında istedad səviyyəsi ilə diqqət çəkən gənclərə, onların yaradıcılığına xüsusi qayğı göstərilir. Bu, şübhəsiz ki, müsbət faktdır. Teatrın, istər mühəndis-texniki hissəsində, istər truppasında çalışan gənclər burada tədricən aparıcı mövqelərə yiyələnirlər. Bu, özlüyündə təqdir edilə bilər. Bildiyiniz qədər, teatrın quruluş hissəsinin bir qrup əməkdaşı Moskva Akademik Böyük Teatrında və Vaxtanqov adına Akademik Teatrda təcrübə mübadiləsi keçmişdir, amma gənclərin digər ölkələrin teatrlarında təcrübə keçməsi işini sistemli şəkildə həyata keçirmək daha böyük səmərə verə bilər. Yaxud, gənclərin cəlb edilməsini nəzərdə tutan beynəlxalq yaradıcılıq layihələrinin həyata keçirilməsi də, fikrimizcə, əhəmiyyətli ola bilər. Burada onu da xüsusi qeyd etmək lazımdır ki, ölkəmizdə aparılan gənclər siyasətinin ən uğurlu göstəriciləri məhz Mədəniyyət və Turizm Nazirliyinin payına düşür.
2014-cü il yaşandı. İndi geriyə yox, irəli baxmaq lazımdır. Odur ki, teatrlarımız qarşıda – 2015-ci ilə nəzərdə tutduqları layihələrini bir də nəzərdən keçirməli, iddiaları və imkanları üzərində ciddi düşünməlidirlər.
Tofiq Fərəcli
banner

Oxşar Xəbərlər