• cümə, 29 Mart, 11:51
  • Baku Bakı 5°C

Ötən il 90 milyon dollar. Bəs növbəti illərdə?

08.11.16 10:43 2666
Ötən il 90 milyon dollar. Bəs növbəti illərdə?
Neftin qiymətinin düşməsi fonunda inkişaf etdirilməsi vacib olan kənd təsərrüfatı sahələrindən biri də fındıqçılıqdır. Ötən il bu məhsulun ixracı ölkəyə 90 milyon dollar gəlir gətirib.
Pezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə danışarkən bildirmişdi ki, fındır çox valyuta gətirən məhsullardan biridir: "Ancaq qeyd etməliyəm ki, dövlət fındıqçılığın inkişafına o qədər də böyük dəstək verməyib. Keçən il fındığın ixracından Azərbaycana 90 milyon dollar vəsait gəlib. Fındıqdan sonra ən çox valyuta gətirən məhsul xurmadır. Yəni, bütün bunları biz bilməliyik və bu sahələrə çox ciddi dövlət dəstəyi verilməlidir. Ona görə, mən Prezident Administrasiyasına, Kənd Təsərrüfatı Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, digər aidiyyəti qurumlara göstəriş verirəm ki, bu sahələrdə çox ciddi dövlət dəstəyi olmalıdır və beləliklə, biz yığılan məhsulun həcmini artırmalıyıq. Fındıq istehsalında Azərbaycan dünya miqyasında 3-cü, 4-cü yerdədir. Bizim məhsulumuza çox böyük tələbat var. Təkcə şimal-qərb zonasında deyil, bir çox rayonlarda fındıq istehsalı mümkündür. Ona görə, bütün rayonlar üzrə araşdırmalar aparılmalıdır, harada münbit iqlim şəraiti var, dövlət burada çox ciddi dəstəyini göstərməlidir ki, fındıqçılıq sürətlə inkişaf etsin və insanlar daha çox pul qazansınlar”.
"Nazirliyin iştirakı aqrotexniki məsləhət xidmətindən ibarətdir”
Kənd Təsərrüfatı Nazırliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov mətbuata açıqlamasında bildirib ki, 200 hektardan çox sahədə yeni fındıq bağı salınıb. Yaxın bir neçə ildə Azərbaycanda 40 min hektar yeni fındıq bağının salınması planlaşdırılır: "Nazirlik imkanları araşdırmaq məqsədilə yerlərdə sorğu keçirdi, mütəxəssislər rayonlarda ehtiyatları təhlil etdilər. Şəki-Zaqatala, Quba-Xaçmaz bölgələrində, Yevlax və İsmayıllıda, yəni 12 rayonda həm özəl, həm də bələdiyyə və ehtiyat fondu torpaqlarında fındıq əkmək potensialı müəyyən olundu. Hazırda bu rayonlarda əkinə kömək qərargahları işləyir”.
Nazirlik nümayəndəsi deyib ki, bu işdə nazirliyin iştirakı aqrotexniki məsləhət xidmətindən ibarətdir. Hesablamalara görə, yeni fındıq bağlarının salınması üçün 11 milyondan çox ting və pöhrə gərəkdir. Nazirlik bunu Elmi-Tədqiqat Çayçılıq və Subtropik Bitkilər İnstitutunda - tinglik təsərrüfatlarında yetişdirməyi planlaşdırır. Fındıq barvermə yaşına gec çatır deyə, nazirlik yeni fındıq bağları salan fermerlərə dövlət yardımıyla bağlı təkliflərini hökumətə verib.
"20 hektar ərazidə findıq tingləri yetişdiriləcək”
Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov qəzetimizə açıqlamasında bildirdi ki, fındıqçılıq perspektivli sahədir və bu istiqamətdə inkişafa nail olunması üçün işlər görülür: "40 min hektar ərazidə yeni fındıq bağı salınması planlaşdırılır. Əsasən Şəki, Zaqatala, Xaçmaz və s. dağlıq ərazilərdə əkilməsi məqsədəuyğundur. Ümumiyyətlə, fındıq yüksək aqrotexniki şərait tələb etməyən bitkidir. Amma ölkəyə valyuta gətirən məhsuldur”.
İ.Qurbanovun sözlərinə görə, fındıq indiyə qədər tingliklərdə yetişdirilmirdi. Amma bundan sonra institutun nəzdində tinglik təsərrüfatları yaradılacaq: "20 hektar ərazidə findıq tingləri yetişdiriləcək. Əsasən yerli sortlar olacaq. Amma Türkiyədən yeni sortların gətirilməsinə də çalışacağıq. Yaxınlarda Giresun Fındıq Araşdırmaları İnstitutunda olduq, müəyyən danışıqlar apardıq. Onların daha yaxşı sortları var. Biz onların da ökəmizə gətirilməsinə çalışacağıq”.
İnstitut direktoru deyir ki, fındıqçılığın inkişafı planlaşdırılır, amma əhali fındıq əkməyə məcbur edilmir: "Elə insanlar var ki, instituta müraciət edib deyirlər, 5 hektar yerim var, fındıq bağı salmaq istəyirəm. Amma bu dəqiqə fındıq əkilən topaqların əksəriyyəti bələdiyyə torpaqlarıdır. Tam münbit torpaqlar deyil. Böyük əraziləri olanlar bu istiqamətdə işlər görməyə çalışırlar, 1-2 hektar ərazisi olanlar fndıqçılığa çox az hallarda gedirlər. Bu prosesdə məcburiyyət yoxdur. Perspektivli sahədir, inkişafı üçün işlər görülür, amma kəndli fındıq əkməyə məcbur edilmir. Bu, könüllü bir işdir”.
"Fındıqçılıqda normal becərmə üsulları tətbiq etmirik”
İ.Qurbanovun sözlərinə görə, bu il fındıq məhsulu əvvəlki illərə nisbətən az olsa da, yüksək qiymətə alındığı üçün insanlar bundan daha çox gəlir götürə biliblər: "Həm də fındıq elə bir kənd təsərrüfatı məhsuludur ki, onun bazarlama müddəti çox böyükdür. Məsələn, gilas yetişdikdə, uzağı bir həftə saxlaya bilərsən. Onu tez satmalısan ki, qalıb xarab olmasın. Amma fındığı bu il sata bilməsən, gələn il də bazara çıxara bilərsən”.
İ.Qurbanov bildirdi ki, bundan sonra badamın, qozun da əkininin genişləndirilməsi ilə bağlı işlər görülsə, yaxşı olar. O deyir ki, bizdə dağlarda, meşələrdə boş ərazilər var. Həmin yerlərdə dövlət tərəfindən əkin işləri aparılıb, insanlara icarəyə verilsə, daha yaxşı olar: "Bu, Türkiyədə tətbiq olunan bir sistemdir. Belə bir iş görülsə, həm dövlətə, həm də insanlara xeyri olur”.
İnstitut direktoru onu da vurğuladı ki, fındıqçılıqda məhsuldarlığın çox olması üçün də müəyyən işlər görülməlidir: "Fındıqçılıqda normal becərmə üsulları tətbiq etmirik. Nə olsa, olar. Alma, armud, gilas meyvələrinə olunan qulluq fındıq ağaclarına edilmir. Ağac əkilir, suvarılır və nə bar versə, verir. Normal qulluq edilsə, fındıqçılıqda məhsuldarlıq daha çox olar. Hazırda qarşıya qoyulan əsas məqsəd mövcud bağları cavanlaşdıraraq, aqrotexniki tədbirləri gücləndirərək daha çox məhsul almaqdır. Bu proqramın özündə iştirak edirik. Hazırda insitutumuz tərəfindən müxtəlif əyani vəsaitlər hazırlanır. Bu yaxınlarda hazır olacaq”.
"Kəndli gərək bu işdə maraqlı olsun”
İqtisadçı ekspert Oqtay Haqverdiyev deyir ki, fındıq ölkəmizdə hər zaman müəyyən qədər yetişdirilib. Amma məhsulun daha çox yetişdirilməsi ixrac potensialını gücləndirər ki, bu da ölkəyə əlavə valyuta gəlməsi deməkdir: "Türkiyənin bu sahədə yaxşı təcrübəsi var. Bu təcrübədən biz də yararlana bilərik. Proqram var, onun maliyyləşməsi aparılmalı, yeni fındıq bağları salınmalıdır. İndiyə qədər fındıqçılıq pərakəndə bir əkin olub, daha çox fərdi təsərrüfatlarda əkilib. Amma bu sahəni inkişaf etdirib, daha böyük həcmdə məhsul istehsal etmək olar”.
O.Haqverdiyevin sözlərinə görə, fındıq əkildikdən bir il sonra məhsul vermir. Əkilən ağaclardan məhsul əldə edilməsi 3-4 il vaxt aparacaq. Bu sahənin inkişafı üçün də investisiya lazımdır: "Düzdür, dövlət diqqət ayırıb, bu sahədə işlər görüləcək. Amma yaxşı olar ki, özəl sektor bu istiqamətdə işlər görməyə maraqlı olsun. Türkiyədə bu təcrübə var. Onlar bu istiqamətdə sənaye səviyyəsinə qədər işlər görüblər. Bizdə də bu sistemi qurmaq olar. Bunun üçün maliyyə ilə yanaşı, müəyyən vaxta da ehtiyac var. Birillik bitkilərlə yanaşı, çoxillik bitkilər var. Məsələn, pambığı əkirsən, bir il məhsul əldə etdin, gələn il yenə əkməlisən. Amma üzümçülükdə tinglər əkildikdən sonra bar verməsi üçün 5 il gözləmək lazımdır. Fındıq da elə. Kəndlinin qazanc əldə etməsi cəhətdən çox yaxşıdır. Həm şərait yaradılmalıdır, həm də inkişafı üçün işlər görülməlidir”.
İqtisadçı onu da bildirdi ki, fındıqçılığın ölkəmizdə inkişaf etdirilməsi üçün lazım olan hər bir şey var. Amma əsas məqamlardan biri kəndlinin bu məhsulu yetişdirməyə maraqlı olmasıdır. O deyir ki, bu istiqamətdə də müxtəlif addımların atılması vacibdir: "Kəndli gərək bu sahədə maraqlı olsun. O marağı yaratmaq üçün məsələn, müəyyən vergi güzəşti tətbiq etmək olar. Əhalini fındıq əkininə cəlb etmək üçün stimullaşdırıcı işlər görülməlidir. Bu sahənin inkişafı üçün vacib amillərdən biri də əhalinin fındıq yetişdirməyə maraqlı olmasıdır. Bu istiqamətdə işlər görülməsi üçün böyük sahələri fermerlərə, özəl sektora ayırmaq olar. Məsələn, şəhərdən maliyyəsi olan biri kənddə təsərrüfat yaradıb, kəndliləri işə cəlb edib, bu istiqamətdə iş görə bilər. Türkiyə kimi bir çox ölkələrdə fındıqçılığın inkişafı ilə bağlı təcrübələr var. Bizimkilər o təcrübələri öyrəniblər, yəqin ki, tətbiq edəcəklər”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər