• cümə axşamı, 18 aprel, 04:08
  • Baku Bakı 15°C

Temperaturu ən dəqiq müəyyənləşdirən üsul

03.07.20 09:00 2502
Temperaturu ən dəqiq müəyyənləşdirən üsul
Həkimlər deyirlər ki, temperatur 37-ni keçirsə, mütləq yoxlanmaq lazımdır
Pandemiya ilə əlaqəli artıq bədən temperaturunun göstəricisi hər kəs üçün aktual olub. Cüzi artımda belə, artıq narahat olmağa başlayırıq. Bu, normaldır, söz yox. Kiçik rəqəmlərin fərq yaratdığı bir ərəfədə, artıq hər kəs termometrin dəqiq ölçüb-ölçmədiyi haqda da şübhəyə düşür Bəzi həkimlər deyirlər ki, bədənin temperaturunu ağız boşluğundan daha dəqiq yoxlamaq mümkündür. Biz bu üsulu indiyə qədər daha çox filmlərdə görmüşük. Düzdür, bizdə də termometri dilin altına qoyub ölçənlər var, ancaq dədə-babadan, bizdə aktual olanı qoltuq altından ölçməkdir. Bunu görmüşük, buna inanmışıq.
İndi iri müəssisələrə daxil olduğumuzda, alından aparat vasitəsilə ölçürlər. Bir neçə saniyəyə ölçən bu cihazların nə dərədəcə düzgün ölçüb-ölçmədiyi ilə bağlı da, bəzən fikirlər səsləndirilir. Maraqlıdır, temperaturun dəqiq ölçülməsində bu üsullardan hansı daha effektlidir? Hansı üsulla yoxlamağın fərqi varmı? Ümumiyyətlə, temperaturun 37,2-37,3 olması artıq korovirus əlaməti sayılırmı? Çünki insanların temperaturu ölçüldüyü zaman, belə olduğu halda müəssisələrə buraxılmırlar.
Tibbi ekspert Adil Qeybulla deyir ki, temperaturu ölçməkdə daha dəqiq olan bir variant var, o da ictimai yerlər üçün praktik deyil: "Ən dəqiq ölçü üsulu düz bağırsaqdan ölçən termometrdir. Ancaq bu, heç də hər vəziyyət üçün praktik sayılmır. Ona görə, ağız boşluğundan, qol altı nahiyədən ölçmə üsulları daha çox istifadə edilir. Bunların nəticəsinin səhv olduğunu demirəm, sadəcə olaraq, ən dəqiq üsul düz bağırsaqdan ölçülməsidir. Ancaq ağız boşluğundan, qol altı nahiyədən ölçmə üsulları belə ictimai yerlərdə insanların temperaturunu ölçmək üçün praktik deyil. Çünki bədənlə təmasda olur. Bir nəfərin temperaturu ölçüldükdən sonra termometr sterilizasiya olunmalı, növbəti şəxsdə istifadə edilməlidir. İctimai yerlər üçün ən uyğunu, məsafədən ölçən aparatlardır. Qalanları hamısı stasionar ölçülmədir, onları adi halda işlətmək mümkün deyil”.
A.Qeybulla deyir ki, əgər pandemiya dövründən söhbət getməsəydi, az səviyyədə temperatur artımı problem olmazdı: "Deyərdik ki, qızdırma iltihabi reaksiyanın əlamətidir. Amma pandemiya dövrü olduğuna görə, qızdırması olan insan mütləq koronavorusa görə yoxlanmalıdır. Həm insanın öz sağlamlığı, həm də başqalarını yoluxdurmaması üçün virusun vaxtında aşkarlanması vacibdir”.
Terapevt Məlahət Abbasova bildirdi ki, hansısa termometrin düzgün ölçmədiyini demək olmaz: "Həm ağız boşluğundan, həm qoltuq altından, həm də məsafədən ölçmənin nəticəsi doğru olur. Uzağı 0,1 dərəcə fərq edə bilər, o da problem deyil. Bizdə daha çox qoltuq altından ölçülür, Türkiyədə ağız boşluğundan ölçmə daha geniş yayılıb. Türklər də Avropadan götürüblər. Çünki Avropa ölkələrində daha çox ağız boşluğundan ölçmə ilə yoxlanılır. Ancaq ciddi fərqləri yoxdur”.
Bəzən şəhərdə bir müddət piyada getdikdən sonra hansısa müəssisəyə daxil olanda, aparatla istilik ölçüləndə, temperatur 37,2-37,3 göstərir. Bu zaman onları müəssisəyə buraxmırlar, ancaq yoxlanılan tərəf deyir ki, şəhərdə piyada gəzdiyim üçündür, bir azdan keçib gedəcək. M.Abbasova deyir ki, idman, piyada gəzmək bədən temperaturunu yalnız 0,1 dərəcə artıra bilər: "37 temperatur normal sayılır. Ancaq 37,2-dirsə, normal sayılmır. Təbii ki, indi qızdırması olan hər kəsə koronavirus deyə bilmərik. Sadəcə olaraq, qızdırma varsa, yoxlanmaq, ehtiyatlı davranmaq lazımdır. Bəzən insanlar deyirlər ki hərəkət etmişəm, istidir, ona görə 37-ni bir az keçməyi problem deyil və s. Ancaq bilsinlər ki, yol getmək, idman etməklə temperatur norması 0,1 dərəcə arta bilir. Bütün hallarda, temperatur 37-ni keçirsə, yoxlanmaq lazımdır”.
Aygün
banner

Oxşar Xəbərlər