• cümə, 29 Mart, 10:51
  • Baku Bakı 5°C

Təmkini “Xudafərin”dən keçirərək, milliyə aparan yol - Portret

18.11.17 09:40 4174
Təmkini “Xudafərin”dən keçirərək, milliyə aparan yol - Portret
Azərbaycan futbol ölkəsi deyil. Çox təəssüf ki, ölkəmizdə son illərdə futbola yatırılan investisiyalar, yaradılmış şərait bu gerçəyi dəyişmir. "Qarabağ” son vaxtlar öz uğurları ilə yerli futbolsevərləri sevincə qərq etsə də, eyni sözləri ölkənin əsas komandasına aid etmək olmur. Millimiz DÇ-2018-in seçmə mərhələsinə inamlı başlasa da, sonradan əldə etdiyi ardıcıl məğlubiyyətlərlə ənənəvi 5-ci pilləyə kimi gerilədi. Lakin son seçmə mərhələdə millinin əsas heyət üzvünə çevrilən bir neçə gənc oyunçu azarkeşlərin qəlbində ümid çırağı yandırdı.

Futbol komanda idman növüdür. Burda fərqlənmək, diqqət mərkəzinə düşmək fərdi idman növlərindən qat-qat çətindir. Fərqlənmək üçün həm ümumi ansambla uyğunlaşmalı, həm də, meydandakı üstünlüyünü komandanın xeyrinə istifadə etməyi bacarmalısan. Son vaxtlar çox az oyunçu yerli çempionatdakı çıxışı ilə diqqət çəkərək, milli komandaya yüksəlməyi bacarıb. Ancaq bir futbolçu son mövsümdə sərgilədiyi oyunla millimizin artıq sabiq baş məşqçisi olan Robert Prosineçkinin diqqət mərkəzinə düşməyi bacardı. Söhbət "Zirə”nin müdafiəçisi Təmkin Xəlilzadədən gedir. Bu yazıda sizə 24 yaşlı sol cinah müdafiəçisinin milliyə gedən yolundan bəhs edəcəyik.

Məhəllədə başlayan karyera
Təmkin Xəlilzadə 1993-cü il avqustun 6-da Bakıda dünyaya gəlib. Hələ çox kiçik yaşlarından top oyununa meyl salan Təmkin, məhəllədə axşama kimi top ardınca qaçırdı. Hər bir uşaq kimi onun da xəyalında nə vaxtsa böyük futbolçu olmaq var idi. Lakin çox az uşağın bu saf xəyalları gerçəkliyə çevrilir. Çox az uşaq bu xəyallarının reallaşması üçün var qüvvəsi ilə mübarizə aparır. Bir çoxlarında futbola olan həvəs məhəllədən evlərə daşınır, bir vaxtların "ulduzlar”ı televiziya qarşısındakı azarkeşlərə çevrilirlər. Ancaq Təmkində belə olmur. Bu oyuna olan həvəsi, top qovmaq istəyi ildən-ilə nəinki azalan, hətta artan kiçik Təmkinin atası, oğlunun futbola yazılmaq istəyini yerini yetirir. Ata Xəlilzadə oğlunu dostu, futbol məşqçisi olan Elbrus bəyə həvalə edir. Beləliklə, Təmkin 10 yaşından "Xudafərin” klubunda top oyununun sirlərinə yiyələnməyə başlayır. O taylı, bu taylı Azərbaycanı birləşdirən körpünün adını daşıyan komanda Təmkin üçün ölkənin böyük komandalarına keçiddə körpü rolunu oynamalı idi. Ancaq o, bu arzusunu reallaşdırmaq üçün uzun müddət gözləməli olur.
24 oyunçu arasından seçilən...
Bu fürsət onun əlinə nə az, nə çox, düz 6 il sonra düşür. Ölkənin ən güclü klublarından olan "Qarabağ”ın U-17 komandasına seleksiya xarakterli seçimlər olur. "Xudafərin”in məşqçisi 24 yetirməsi ilə bu seçimlərə qatılır. "Qarabağ”ın məşqçiləri komandanın heyətində yalnız bir futbolçunu bəyənirlər ki, bu da, Təmkin Xəlilzadə olur. Beləliklə, Təmkinin "Qarabağ” macərası başlayır. Ağdam təmsilçisinin U-17 komandasında top qovmağa başlayan yeniyetmə istedad, əvəzedici heyətə kimi yüksəlməyi bacarır. Qısa müddətdə burda da ümidləri doğruldan Təmkin, 2011/12 mövsümündən etibarən "Qarabağ”ın əsas komandasına dəvət almağa başlayır. O, ilk dəfə "Rəvan”la oyunda əsas komandanın heyətinə daxil edilir. Ancaq gənc futbolçuya Ağdam təmsilçisində şans qazanmaq heç də asan deyildi. İki mövsüm ərzində "köhlən atlar”ın bir neçə oyununu ehtiyat oyunçular skamyasından izləyən Xəlilzadə, nəhayət, 2014/15 mövsümündə debüt etməyə nail olur. Komandanın baş məşqçisi Qurban Qurbanov 4 oyunda Təmkinə şans verir. Lakin Xəlilzadənin "Qarabağ”ın əsas heyətində möhkəmlənməsi çox çətin idi. Onu burda Albaniya millisinin üzvü Ansi Aqolli kimi təcrübəli futbolçu ilə rəqabət gözləyirdi.

..."Zirə”də parlayan istedad
Bu cür rəqabətin Təmkin üçün çox çətin olduğu qənaətinə gələn Qurban Qurbanov, növbəti mövsümdə onu icarəyə - AZAL-a göndərir. Burda daim şans qazanan Təmkin, 8-i əsas heyətdə olmaqla, cəmi 23 oyunda meydana çıxır. Lakin gənc futbolçu AZAL-dan ayrıldıqdan sonra "Qarabağ”a qayıtmır.
Xəlilzadə 2015/16 mövsümündə Premyer Liqanın debütantı "Zirə”yə transfer olur. "Qartallar” ilk mövsümdə heç kimin gözləmədiyi halda, çempionatı 2-ci pillədə başa vurur. Bunda Təmkinin də rolu az olmur. Belə ki, qəsəbə təmsilçisinin o vaxtkı baş məşqçisi Adil Şükürovun güvəndiyi oyunçulardan olan futbolçu, 15-i əsas heyətdə olmaqla, cəmi 29 qarşılaşmada şans qazanır. Növbəti mövsüm də bu cəhətdən fərqlənmir. Hətta mövsümün gedişində "Zirə”də baş vermiş məşqçi dəyişikliyi də onun komandadakı mövqeyinə təsir etmir. Şükürov kimi, ötən mövsümün gedişində "Zirə”nin "sükanı arxasına” keçən Ayxan Abbasov da Təmkinə əsas heyətin üzvü kimi baxır. Xəlilzadə komandasının Premyer Liqada keçirdiyi 28 oyunun 27-də şans qazanır. Özü də, hamısında start heyətində. Ötən mövsüm Təmkin üçün daha bir hadisə ilə əlamətdar oldu. Belə ki, o, "Neftçi” ilə ev oyununda (3:0) Premyer Liqada ilk qoluna imza atdı. "Zirə”nin mövsümün sonunda 4-cü olaraq Avropa Liqasına vəsiqə qazanmasında Xəlilzadə də əsas rol oynayır. O, Avroliqada bir mərhələ keçən "qartallar”ın bütün oyunlarında - 4 matçda da meydanda olur.
Milliyə açılan qapı
Cari mövsüm isə Təmkinin karyerasında ən uğurlu mövsümdür desək, yəqin ki, yanılmarıq. O, "Zirə”nin bu mövsümdə keçirdiyi bütün oyunlarda start heyətində meydana çıxıb. Bu oyunlarda 4 qol vuran Xəlilzadə, çempionatın bombardirlərindən cəmi 1 top geri qalır. Onun "qartallar”ın heyətindəki çıxışı millimizin son tsikldə baş məşqçisi olmuş Robert Prosineçkinin də diqqətindən yayınmadı. Xorvat mütəxəssis DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə səfər, San Marino ilə ev oyununda Təmkinə dəvət göndərdi.

Maraqlıdır ki, müdafiəçi bunadək aşağı yaş qruplarından ibarət millilərin heyətində heç bir rəsmi oyuna çıxmamışdı. Təmkin aşağı yaş qrupları üzrə millilərin məşqçilərinin diqqətini cəlb etməsə də, onun üzünə birbaşa əsas yığmanın qapıları açıldı.

Xəlilzadə Norveçlə səfər oyununda (0:2) kənarda qalsa da, San Marino ilə ev oyununda start heyətində yer aldı və sonadək meydanda oldu. Müdafiəçi millimizin 5:1 hesablı qələbəsinə töhfə də verir. Belə ki, ikinci hissədə məhz onun sol cinahdan reydindən sonra qapı önünə ötürdüyü topu rəqib müdafiəçi öz qapısına göndərdi. Təmkin növbəti dəfə Almaniya ilə çətin səfər oyununda (1:5) şans qazandı. Xəlilzadənin bu iki matçdakı çıxışı yaxşı mənada fərqləndi. Uzun müddət müdafiənin sol cinahında problem yaşayan yığmamız, məhz Xəlilzadənin timsalında bu problemi geridə qoya bilər.

Hücumdan müdafiəyə, müdafiədən hücuma
Mövqedən söz düşmüşkən, Təmkin futbola hücumçu kimi başlayıb. Lakin vaxt keçdikcə məşqçilər onun yarımmüdafiədə daha yararlı olduqları qənaətinə gəliblər. "Qarabağ”da çıxış etdiyi zaman yarımmüdafiədə oynayan Təmkin, "Zirə”də daha çox müdafiəçi kimi çıxış edir. Ancaq qəsəbə təmsilçisində hərdən orta xətdə də görünür.
Bu gün dünya futbolunda sırf müdafiəçi anlayışı demək olar, aradan qalxıb. Müdafiənin cinahlarında çıxış edən arxa xətt oyunçuları tez-tez irəli də çıxır, hücumların qurulmasında yaxından iştirak edirlər. Müasir dövrün müdafiəçiləri oyunlar zamanı vinger vəzifəsini də yerinə yetirirlər.

Təmkin müdafiədə olduğu zaman da tez-tez hücumda peyda olur. Təsadüfi deyil ki, o, bu mövsüm 4 qol vurmağı bacarıb.

Ölkə çempionatının cari mövsümündə, "Kəpəz”lə ev oyununda hamı onun əzmkarlığının da şahidi oldu. Təmkin qolsuz bərabərliklə davam edən matçın ilk hissəsinin son dəqiqələrində zədələnərək, fasiləyə axsayaraq yollansa da, ikinci hissədə ardıcıl iki qol vuraraq, komandasına qələbə qazandırdı. Onun əsas məqsədlərindən biri də, Azərbaycanı ölkə xaricində təmsil etmək, yəni legioner karyerası yaşamaqdı.
Kumiri hücumçu olan müdafiəçi
Hər bir uşaq kimi Təmkinin də kiçik yaşlarında kumiri olub. Uşaq vaxtı Ronaldinyonun pərəstişkarı olan Xəlilzadə, karyerasının ilk illərində braziliyalı kimi hücum xəttində çıxış etsə də, sonradan arxa xətdə şans qazanmağa başlayıb. Onun kumirinə olan sevgisi meydandakı oyununa da təsir edir. Bəlkə də, Təmkinin tez-tez hücumda görünməsinin səbəblərindən biri də uşaq vaxtından formalaşmış Ronaldinyo sevgisidi. Onun ən sevdiyi çempionat isə İngiltərə Premyer Liqasıdı.

Detektiv janrının həvəskarı
Təmkin asudə vaxtını sevdikləri ilə keçirməyə daha çox üstünlük verir. Onun mütaliə ilə də arası yaxşıdır. Xəlilzadə bir çox idmançıdan fərqli olaraq, kitab oxumağa da imkan tapır. Ən sevdiyi janr isə detektivdir. Əsasən, Aqata Kristinin əsərlərinə üstünlük verir. Yerlilərdən isə Çingiz Abdullayevin kitablarını mütaliə edir.
Portret
Təmkin "insan hədəflərini düzgün təyin etməli, bundan sonra isə inadla həmin hədəfə doğru irəliləməlidir” deyir. Onun əsas xüsusiyyətlərini sadalayarkən, ilk növbədə əzmkarlıq ön plana çıxır. Müdafiəçi "Qarabağ”da əsas heyətə düşməsə də, öz üzərində çalışaraq, hətta milliyə qədər yüksəlməyi bacardı. Deməli, öz hədəfini düzgün təyin edib və ona doğru inamla irəliləməkdədir.

Əzmkar, çalışqan, ambisiyalı, öz məqsədinə doğru inamla irəliləyən - Təmkinin portretini yaradarkən, bu xüsusiyyətlərini qabartmaq mümkündür. O, məhz bu xüsusiyyətləri sayəsində ölkə çempionatının liderlərindən olan komandalardan birinin əsas heyət üzvünə çevrilib. İndi onun qarşısında daha bir məqsəd - millinin əsas üzvlərindən birinə çevrilmək dayanır. Bunun üçün isə vaxtilə "Qarabağ”da bacara bilmədiyini etməli, Qurban Qurbanovun etimadını qazanmalıdır.
Elnur

banner

Oxşar Xəbərlər