• cümə, 26 Aprel, 02:39
  • Baku Bakı 16°C

“Təmiz Binəqədi” layihəsinə start verilib

07.07.14 16:30 1241
“Təmiz Binəqədi” layihəsinə start verilib
“Bakı 2015” ilk Avropa Oyunlarının keçirilməsi ərəfəsində Binəqədi rayonunda “Təmiz Binəqədi” adlı sosial layihəyə start verilib. Layihənin keçirilməsində əsas məqsədlərdən biri qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirməkdir. Belə parkların salınması, yeni-yeni ağacların, bitkilərin əkilməsi ilə yaşıllıq zolaqlarının yaradılması, rayonun abadlaşması ilə yanaşı, həm də vətəndaş məmnunluğunu qazanmağa xidmət edir.
İyulun 5-də Binəqədi rayonu, 9-cu mikrorayon Adil Məmmədov küçəsində yeni istirahət parkının açılışı olub. Bu münasibətlə Binəqədi Rayon İcra Hakimiyyətinin Binəqədi bələdiyyəsi ilə birgə təşkil etdiyi tədbirdə İH-nin rəhbərliyi, əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər. Tədbir kiçikyaşlı uşaqların parkın açılışını bildirən lenti kəsməsilə başlayıb. Açılış mərasimi sülh və əminamanlıq rəmzi sayılan göyərçinlərin havaya buraxılması ilə müşayiət olunub. Sonra Binəqədi İH başçısının birinci müavini İlqar Süleymanov tədbir iştirakçılarını RİH başçısı Xaləddin İsgəndərovun adından bu əlamətdar hadisə - parkın açılışı münasibətilə təbrik edib. İ.Süleymanov paytaxtın şimal qapısında start götürən “Təmiz Binəqədi” sosial layihəsinin mahiyyəti barədə sakinlərə ətraflı məlumat verib. Natiq “Bakı 2015” ilk Avropa Oyunlarının keçirilməsi ərəfəsində reallaşan bu tədbirin ciddi əhəmiyyət daşıdığını və hər bir rayon sakininin bu ictimai faydalı işə öz töhfəsini verməsinin zəruriliyini qeyd edib.
Tədbir tanınmış incəsənət ustalarının ifasında zövqoxşayan musiqi parçalarının ifası ilə davam edib. Sakinlərin böyük coşqu ilə qarşıladığı konsert proqramında səslənən mahnıların sədaları altında rayonun azyaşlı sakinləri – körpə fidanlar bir-birindən gözəl rəqslər nümayiş etdirib, öz ifaları ilə tədbirə əlavə rəng qatıblar. Konsert proqramı əməkdar artist Ədalət Şükürovun ifası ilə yekunlaşıb, sonda atəşfəşanlıq olub. Ramazan ayının gəlişini və iftar vaxtını nəzərə alan tədbir təşkilatçıları oruclarını açmaq üçün sakinlərə şirniyyat, xurma və su paylayıblar.
Sakinlər Binəqədi RİH tərəfindən başladılan “Təmiz Binəqədi” layihəsinin əhəmiyyətindən danışıb və parkın açılışından razılıqlarını bildiriblər.
Avropa Oyunlarının keçiriləcəyi tarix yaxınlaşdıqca ölkədə həyəcan və coşqu artmaqdadır. “Təmiz Binəqədi” sosial layihəsinin keçirilməsində əsas məqsəd ilk Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdən ibarətdir.
Binəqədi İH başçısının bu günlərdə imzaladığı müvafiq sərəncam və bundan irəli gələn tədbirlər planı Azərbaycanı dünyada tanıdacaq və təbliğ edəcək böyük tədbirdə Binəqədi rayonunun və onun icra strukturları, habelə ictimai-siyasi təşkilatları və sakinlərinin üzərinə düşən öhdəliklərin geniş mənzərəsini yaradır. Sərəncamda bildirilir ki, I Avropa Oyunlarına hazırlıqla əlaqədar 1 iyul 2014-cü ildən etibarən davamlı olaraq mərhələli şəkildə Binəqədi rayonu ərazisində “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlansın. Sərəncamdan irəli gələn vəzifələrin operativ həlli üçün icra başçısının birinci müavini İlqar Süleymanovun sədrliyi ilə komissiya yaradılıb. Artıq komissiya öz işinə başlayıb. Görüləcək işlərin əhatə dairəsi indiyədək görünməmiş dərəcədə genişdir. Maraqlı burasıdır ki, iş planında ənənəvi stereotip və ətalətli tədbirlərdən maksimum imtina edilib, tamamilə novatorluğu və özünəməxsusluğu ilə diqqəti cəlb edən və müasir dünyada qəbul olunan metod və yığıncaqlara üstünlük verilib.
Görülən işlər barədə əhalini və təsərrüfat subyektlərini məlumatlandırmaqla yanaşı, maraqlı aksiyaların da təşkili gündəmdədir. Təbii ki, belə aksiyalar maarifləndirmə ilə birgə, layihənin populyarlaşmasına xidmət edəcək. Layihə çərçivəsində elan olunacaq müsabiqələr və keçiriləcək aksiyalar tədbirin kütləviləşməsində əsaslı rol oynayacaq.
Ümumiyyətlə, layihənin mahiyyəti ilə tanışlıq sübut edir ki, “Təmiz Binəqədi” layihəsi, sadəcə müəyyən müddət üçün deyil, daimi olaraq bu işin davam etdirilməsi məqsədilə keçirilir.

banner

Oxşar Xəbərlər