• cümə axşamı, 18 aprel, 13:05
  • Baku Bakı 22°C

Təmirini gözləyən teatrlarımız

24.01.17 09:30 1758
Təmirini gözləyən teatrlarımız
Teatr böyük bir toplumu ardınca aparmaq gücünə malik olan mədəniyyət, canlı sənət növüdür. Bu gün Azərbaycan teatrı inkişaf yolu ilə gedir. Sevindirici haldır ki, Azərbaycan teatrlarının səsi dünyanın müxtəlif ölkələrindən eşidilməkdədir. İllər ötdükcə teatrlarımızın binalarının təmir olunduğu və ən son avadanlıqlarla təchiz edildiyinin də şahidinə çevrilirik. Məsələn, ötən mövsüm Sumqayıt Dövlət Dram Teatrının təmir prosesindən sonrakı halı ilə tanış olduq. Təbii ki, teatrın binasının müasir standartlara cavab verməsi hazırlanan tamaşaların keyfiyyətinə də öz təsirini göstərir.
Bununla yanaşı, bir sıra teatrlarımız da var ki, uzun müddətdir təmir olunacağını gözləyir. Bunların arasında öz doğma yurdundan ayrı düşmüş "qaçqın teatrlar”ımız da var. Uzun müddətdir ki, təmiri gözlənilən və hələ ki reallaşmayan teatrlarımızla əlaqə saxlayıb, vəziyyətlərini xəbər aldıq.
"Binamızın bir çox otağından su damır”
İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisiİftixar Piriyev bizimlə söhbətində təmiri gözləməkdən gözlərinin kökünün saraldığını qeyd etdi. Bildirdi ki, 2008-ci ildən Rəsulzadə qəsəbəsi, Həsrət Ağamalıyev küçəsi 5 ünvanında yerləşən Mədəniyyət Sarayında fəaliyyət göstərirlər: "Elə həmin vaxtdan çox keçməmişdi ki, yağış yağanda salonumuz və digər otaqlar suyun altında qalmağa başladı. Davamlı yağışlardan sonra binamızın divarları nəm çəkdi və kif atdı. O gündən bu günə heç nə dəyişməyib. Hazırda binanın təmir olunacağı günü gözləyirik. Bunun üçün dəfələrlə lazımi orqanlara müraciət etmişik, ancaq hələ ki gözləyirik. İrəvan Teatrının təmiri haqqında cənab Prezidentin sərəncamı da var”.
Bildirildi ki, çox zaman tamaşalar binanın foyesində və rəhbərliyin kiçik otağında hazırlanır. Foyedə hazırlanan tamaşanın səviyyəsinə gəlincə isə, İ.Piriyev dedi ki, belə olan halda yaradıcı kollektivdən keyfiyyət tələb etmək haqsızlıq olar: "Tamaşaları binanın foyesində, kiçik bir məşq salonunda hazırlayırıq. Tamaşa hazır olandan sonra isə peşəkar səhnədə heç bir məşq etmədən işıqları, dekorları hazırlayıb premyerayla çıxış edirik. Teatrımız yarandığı gündən burada hər şey var, sadəcə, təmirə ciddi ehtiyac yaranıb. Heç kimin foyedə hazırlanan tamaşadan bədii keyfiyyət tələb etmək ixtiyarı yoxdur. Tamaşalar işıq effektləri, musiqi ilə hazırlanmalıdır, bunsuz premyera qanunda yoxdur. Ancaq buna baxmayaraq, biz yüksək səviyyədə premyeralar təqdim edirik. Düşdüyümüz vəziyyətə dərhal adaptasiya olmaq məcburiyyətindəyik. Əgər tamaşa təhvil verirsənsə, yüksək keyfiyyətə malik olmalıdır. İrəvan Teatrının üstün cəhətləri ondan ibarətdir ki, heç bir şəraiti olmadan yüksək bədii keyfiyyətli tamaşalar ortaya qoya bilir. İndi görün onun şəraiti olsa, nələr edə bilər... Təbii ki, bizim üçün çox çətindir, zalımız işləmir, su altında qalıb, ora girmək mümkün deyil. Binamızın çox otağından su damır”.
Teatrın direktoru dedi ki, hazırda teatrda Şuşanın müdafiəsi uğrunda həlak olmuş qəhrəmanlarımıza aid, Rafael Dadaşovun da 70 illik yubileyi münasibəti ilə hazırlanan "Qanlı qızıl toy” tamaşasının məşqləri gedir: "Məşq prosesi mənim otağımda keçirilir. Hazırda teatrın yaradıcı heyəti nasaz şəkildə məşqə gəlir və bu şəkildə çalışır. Burada ayrı cür mümkün deyil. Bütün günü soyuq otaqda işləmək çətindir, ancaq dözürük, nə edək, ayrı çarəmiz yoxdur. Təki, binamız təmir olunsun, nəzərimdə elə layihələrim var ki, onları həyata keçirə bilmirik. Tamaşaçıları bura özlərinin istəyi ilə gətirmək imkanımız olacaq. Təki, binamız şəraitli olsun”.
"Artıq tükənirəm”
Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan da uzun müddətdir ki, teatrın binasının olmamağından və belə halda işləməyin çətinliklərindən şikayətlənir. Bir neçə il bundan əvvəl teatrın yaradıcı heyətini Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Qurban Abbasov adına Mədəniyyət Evində yerləşdirsələr də, həmin binada tamaşa hazırlamaq, onu nümayiş etdirmək üçün heç bir şərait yaradılmayıb. Teatrın rəhbəri bizimlə söhbətində artıq tükəndiyini və 15 ildir eyni sözləri deməkdən usandığını gizlətmədi: "Hazırda biz Qaraçuxur Mədəniyyət Evində fəaliyyət göstəririk. Buna fəaliyyət göstərmək demək olarsa... Buradakı mənzərə çox acınacaqlıdır. Belə ki, 60 nəfər işçi bir otağa yerləşdirilmişik. Şəhərin mərkəzindən 20-25 kilometr kənarda. Elə aktyorumuz var ki, məşqə çatmaq üçün 50 km yol gəlir. Bəzən tamaşaya başladığımız vaxt işıqlar sönür. Mədəniyyət Evinin hansısa tədbiri olanda biz işləyə bilmirik. İşçilərə yaxşı şərait yarada bilmədiyimə görə, onlardan nəticə tələb edə bilmirəm. Gördüyümüz işlər, uğurlarımız da ki, göz qabağındadır”.
İşgüzar kollektivinin olduğunu vurğulayan rejissor yanvar ayında 10-dan çox tamaşa nümayiş etdirdiklərini və ilə məhsuldar başladıqlarını dedi: "Bu tamaşanın 6-sı cəzaçəkmə məntəqələrində reallaşıb, digərləri isə xeyriyyə tamaşaları olub. Təsəvvür edin ki, dekabr ayında 40-a yaxın tamaşa oynamışıq. Noyabr ayında festivalda uğurlu nəticələrimiz oldu. Teatrın 4 divar arasında qapanıb qalmasının tərəfdarı deyiləm. Bütün tamaşaları yerimizə uyğunlaşdırdırsaq, yalnız 3-4 tamaşaçının gözünü oxşamış olacağıq. Paytaxt teatrına gəlmək imkanı olmayan tamaşaçının hüququ paytaxtda yaşayan tamaşaçıların hüququndan heç də geri qalmır. Teatrın təkərlər üzərində olmasını qənaətbəxş etmək olar. Ancaq bizim də oturaq bir məkanımız olmalıdır. Aktyor hiss etməlidir ki, o, işıqla işləyir, tamaşaçı qarşısında oynayır. Biz son iki ayda 15 min tamaşaçıya xidmət etmişik. Bildiyiniz kimi, yayda istirahət etmədik, durmadan çalışdıq. Bakı Uşaq Teatrının yerini nəinki mədəniyyət nümayəndələri, heç jurnalistlərimiz də bilmir. Əslində, bizim rəsmi ünvanımız hələ də Dənizkənarı Milli parkdır. Ancaq faktiki ünvanımız Qaraçuxurdur. Tez-tez mətbuat nümayəndələri bizim vəziyyətimiz haqda xəbərlər hazırlayırlar. Mən də vəziyyəti olduğu kimi danışıram”.
Bakı Şəhər Mədəniyyət və turizm idarəsində ilin yekun iclasında teatrın fəaliyyətinin qənaətbəxş hesab olunduğunu deyən müsahibimiz orada yer məsələsinin həll edilmək üzrə olduğunun deyildiyini də bildirdi: "Tam səmimi deyirəm ki, vallah, artıq işləməyə taqətim qalmayıb. Çox tez-tez deyirlər ki, İntiqam narazılıq edir. Çünki iş şəraitim yoxdur. 15 ildir ki, mənim sakit oturub işələməyə vaxtım olmayıb. Mənə yer və altı ay da vaxt versinlər. Yeddinci ayın birinci günü sübut edim ki, ən güclü uşaq teatrı Azərbaycandadır”.
İ.Soltan illər ötdükcə, verilən vədlərə ümidini itirdiyini deyir: "Mən yaradıcı insanam, içimdəki ruh qırılır, sınır. Nə qədər oturduğumuz Mədəniyyət Evinin rəhbərliyindən xahiş edim ki, heç olmasa, tamaşa vaxtı xanımların əyinlərini dəyişməsi üçün bizə bir otaq versinlər. Onlar da desinlər ki, biz işçilərimizi otağından çıxarmalıyıq?.. Teatrımız çox aktivdir, yerində saymır. Hansı daşı qaldırırsan, altından Bakı Uşaq Teatrının adı çıxır. Hazırda 5 tamaşa üzərində məşqlər gedir – yapon xalq nağılı, türk xalq nağılı, teatrın yaranması ilə bağlı "Teatr əfsanəsi”, Arzu Soltanın "Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı əsasında yazılmış "Cinayət işi”, bir də mənim ifamda mono-tamaşa. Bunun özü bir göstəricidir. Bundan başqa, indiyə kimi bir çox təşkilatlarla, nazirliklərlə işbirliyimiz olub. Amma belə şəraitdə işləmək çox çətindir. Halbuki, uşaqların maariflənməsi üçün görüləcək çox işlər var”.
Restoranda fəaliyyət göstərən teatr
Şuşa Dövlət Dram Teatrının direktor müavini Azad Məmmədov mövzu ilə bağlı əvvəlcə danışmaq istəməsə də, sonra qısa olaraq bildirdi ki, hazırda teatrın binasında təmir işləri gedir: "Bura teatrın daimi məskəni olacaq. Təmirin nə vaxt yekunlaşacağı haqda bizim də məlumatımız yoxdur. Yaxşısı budur, siz gəlin bizim buradakı vəziyyətimizi görün, sonra yazın”.
Teatrın təmir prosesindən xəbərsiz olduğumuzu deyərək, hazırda harada fəaliyyət göstərdiklərini xəbər aldıq: "Ulduz” metro stansiyasının yanında, "Dostluq” restoranında fəaliyyət göstəririk. Tamaşalarımızın məşqlərini müvəqqəti olaraq burada aparırıq”.
Yurdlarından ayrı düşmüş teatrların binasının təmiri ilə bağlı Mədəniyyət və Turizm Nazirliyininİnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiriVüqar Şıxməmmədovdan da xəbər aldıq. Nazirliyin rəsmisi bildirdi ki, Şuşa Teatrında təmir işlərinin bu il bitməsi nəzərdə tutulur. İrəvan Teatrının təmiri məsələsinə isə yaxın illərdə baxılacaq.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər