• cümə, 19 Aprel, 10:06
  • Baku Bakı 13°C

Televiziyanın real həyata müdaxiləsi

06.09.17 09:15 2148
Televiziyanın real həyata müdaxiləsi
Ötən həftə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli mətbuata açıqlamasında Azərbaycanda çəkilən milli teleserialların keyfiyyətinin istənilən səviyyədə olmadığını deyib.

O, bildirib ki, xarici ölkələrdə seriallar bir növ maarifləndirici xarakter daşıyır: "Mən bir neçə dəfə demişəm, xarici seriallarda avtomobilə minəndə ilk növbədə təhlükəsizlik kəmərini bağlayırlar, siqaret çəkmirlər, sükan arxasında açıq şəkildə telefonla danışmırlar. Ancaq bizim seriallarda sanki bunun əksini edirlər, yəni təhlükəsizlik kəmərini bağlamaqdan söhbət getmir, qırmızı işıqda keçirlər və yaxud da sükan arxasında telefonla danışırlar. Bunlar olmamalıdır. Seriallar gündəlik həyat tərzini maarifçilik baxımından təbliğ etməlidirlər, xüsusən də lazımlı, yaxşı vərdişləri təbliğ etməlidirlər. Amma təəssüf ki, bizim seriallarda əks tərəfə meyil edirlər. Sanki daha çox kriminal sahələri təbliğ edirlər”.
MTRŞ-nin bu sahəyə müdaxilə etmək səlahiyyətinin olub-olmaması məsələsinə toxunan N.Məhərrəmli bildirib ki, qurum ümumiyyətlə senzuranın tərəfdarı deyil: "Yaradıcılıq işlərinə də biz qarışa bilmirik. Lakin bu o demək deyil ki, bizim səlahiyyətimiz yoxdur. "Televiziya və Radio Yayımı haqqında” qanun var. Bu qanunun maddələri pozulanda təbii ki, biz işə qarışacağıq”.

Biz də mövzu ilə bağlı serial aləminə daxil olan mütəxəssislərlə söhbət etdik. Onların iş prosesində N.Məhərrəmlinin səsləndirdiyi fikirlərin nə dərəcədə rol oynadığını və bu kimi pis vərdişlərin təbliğinə yol verib-vermədiklərini xəbər aldıq. Kimisi il ötdükcə seriallarımızda bu kimi halların azaldığını, kimisi də MTRŞ-nin tövsiyəsi ilə belə hallara yol vermədiklərini bildirdilər.
"Tapşırılanlara əməl etməyə çalışırıq”
Uzun müddətdir ki, Xəzər televiziyasında bir-birinin ardınca maraqlı seriallar çəkən və hazırda yeni mövsüm üçün "Ata ocağı” serialının məşqlərinə başlayan Rüfət Şahbazov yaradıcılıq prosesində belə halların baş verdiyini söylədi: "Nuşirəvan müəllimin fikirlərinə sona qədər haqq verirəm. Rejissoru olduğum seriallarda maşın sürə-sürə dialoqların olduğu və aktyorun sükan arxasında telefonla danışdığı məqamlar olduğunu gizlətmirəm. Bu kimi hallar irad olaraq bildirildikdən sonra çəkiliş prosesi zamanı müasir avadanlıqlardan "blutuz” və qulaqcıqdan istifadə etdik. Düzdür, hərdən ssenaridən və mövzudan asılı olaraq bəzi məqamlarda sürücü kəmərini taxmır. Misal üçün, ssenariyə uyğun olaraq bir xanım intihar etmək istəyir. Əsəbi halda maşına oturur və təhlükəsizlik kəmərindən istifadə etmir. O, bu hərəkətini bilərəkdən edir, çünki ölmək istəyir. İntihara cəhd etmək istəyən insan maşına oturan kimi təhlükəsizlik kəmərini taxmaz axı. Yalnız belə ekstremal hallarda biz aktyorun təhlükəsizlik kəmərini taxmasının vacib olduğunu vurğulamırıq. Düzdür, onun ətrafında bunun yanlış olduğunu deyən epizodlar da olur. Ancaq ssenaridə bu yoxdusa...”

R.Şahbazov deyir ki, onlar heç bir halda maşın sürərək telefonla danışan, qırmızı işıqda keçən, spirtli içkilərdən istifadə edən obraz təqdim etmirlər: "Bu, çox təhlükəlidir. Biz təbii ki, bütün bunların insan sağlamlığına zərərli olduğunu bilirik. Bunun üçün də tamaşaçılarımıza belə halların zərərli olduğunu göstərməyə çalışırıq. Əgər belə edərlərsə, hansı nəticə ilə üzləşəcəklərini onlara açıq şəkildə göstəririk. Biz seriallarımızda piyadaların yolu keçərkən diqqətsizliyinə də toxunmuşuq. Belə ki, sürücü yol gedərkən piyada telefonla danışa-danışa yolu keçir. Biz gücümüz çatan qədər tapşırılanlara əməl etməyə çalışırıq. Hətta tapşırılmayan o qədər mövzular var ki, biz onlara da riayət edirik”.
Rejissordan belə örnəklərin hər hansı faydası olub-olmadığını da soruşduq: "Özüm də təhlükəsizlik kəmərini taxıram ki, yol polisi məni cərimələməsin. Biz bunu göstərdik-göstərmədik, tamaşaçı cərimənin qorxusundan kəməri taxacaq. Yol hərəkəti qaydalarının pozuntusuna görə elə ağır cərimələr var ki, istər-istəməz sükan arxasındakı sürücü bunları nəzərə almağa məcburdur”.
"Kiminsə bizə nəsə bildirməsi lazım deyil”
"Vicdan haqqı” serialının rejissoru Rövşən İsaxsöhbət zamanı bildirdi ki, onun rejissoru olduğu seriallarda bütün qayda-qanunlara əməl olunur: "Bizim seriallarda telefona zəng gələndə ya səsucaldıcı ilə danışılır, ya da obraz maşını kənara çəkib danışıb. Heç bir obraz içkili halda sükan arxasında oturmayıb. Biz maksimum dərəcədə bütün qanunlara riayət edirik. Çəkdiyimiz seriallarda belə halları nəzərdə saxlamaq üçün məxsusi olaraq kiminsə bizə nəsə bildirməsi lazım deyil. Biz buna hər zaman əməl etmişik”.
"Nə edək ki, bizim rejissorlar siqareti həddən ziyadə çox sevirlər”
Teletənqidçi, Beynəlxalq Televiziya və Radio Akademiyasının üzvüElçin Əlibəyli isə mövzu ilə bağlı dedi ki, seriallar insanların gündəlik davranışlarına və məişətdəki yaşantılarına təsir edir: "Serial insanın həyatına təsirsiz ötüşmür. Misal üçün, gündəlik həyatda insanlar özlərinə maşın, geyim və digər əşyaları seçərkən serialda gördüyü məhsulu istəyir, orada gördüyü şəkildə uyğunlaşdırmağa çalışır. Bəzən orada gördüklərini real həyatda tətbiq etməyə səy göstərirlər. Hərdən insanlar serial aləmində sevdikləri qəhrəmanlar kimi hərəkətlərinə nizam verməyə həvəslənirlər. Bunun üçün də seriallarımız mümkün qədər nümunəvi olmalıdır ki, baxan tamaşaçı da ondan faydalı və nümunəvi olaraq nələrsə götürə bilsin. Tutaq ki, siqaretin çəkilməsi nəinki seriallarda, filmlərdə də qadağan olunmalıdır. Onun üzərinə tor qoyulmalıdır ki, tamaşaçı bunu görünməsin. Serialı izləyən tamaşaçı istər-istəməz onu gördükdə, çəkmək istəyəcək. Bunlar olmasın deyə, bir neçə il bundan qabaq beynəlxalq konqresdə siqaretin çəkilməsi ilə bağlı cərimələr tətbiq olundu. Bu baxımdan Azərbaycan serial teleməkanında bütün bu prosesləri nəzər almaq vacibdir. Ancaq nə edək ki, bizim rejissorlar siqareti həddən ziyadə çox sevirlər. Demək olar ki, çəkdikləri bütün səhnələrdə bu kimi zərərli vərdişlərdən istifadə edirlər. Təbii olaraq Nuşirəvan müəllim bu məsələdə çox haqlıdır və mən də onu dəstəkləyirəm. Hesab edirəm ki, çox lazımlı bir qanun olar. Pis vərdişlərin təbliğatına şərait yaratmaq düzgün deyil”.
"Bu bizim üçün milyon reytinqdən də üstündür”
Xəzər televiziyasında uzun müddətdir ki, bir çox serialların ssenaristi olan Valeh Əhmədov da deyir ki, zərərli vərdişlərin serial aləmində nümayiş olunması yolverilməzdir: "Nuşirəvan Məhərrəmli çox haqlı bir mövzuya toxunub. Biz Xəzər ailəsi olaraq hər zaman çəkdiyimiz seriallarda örnək ola biləcək mövzulara toxunmağa çalışmışıq. Çəkdiyimiz seriallarda daha çox ailə-məişət problemlərinə və onların gətirib çıxardığı acı nəticələrə daha çox üstünlük veririk. Başqalarını deyə bilmərəm, biz özümüzə cavabdehik. Bizdə elə seriallar olub ki, maşında təhlükəsizlik kəməri taxmaqla bağlı hər hansı bir tələskənlik olanda, digər qəhrəman deyib ki, hadisə yerinə çatmaq üçün kimisə öldürə bilmərik, ikinci bir hadisə yarana bilər. Belə hallar dəfələrlə olub”.

Növbəti mövsümdə iki maraqlı serialla tamaşaçıların görüşünə gələcəklərini deyən ssenarist bu dəfə də gündəmin əsas problemlərinə toxunacaqlarını bildirdi: "Yeni mövsüm üçün hazırladığımız seriallardan biri məhz gənclərdən və onların əsas problemlərindən bəhs edən "İmtahan” serialıdır. Bu serialın ilk bölümlərində qeyd olunur ki, eqo insanlara hansı şəkildə güc gəlir. İnsanlar özlərini kiməsə göstərmək üçün maşını daha sürətlə sürürlər, yaxud da dənizdə daha uzağa getmək istəyirlər. Nəticə isə bədbəxtliklə sonlanır. İkinci bir serialımız isə "Ata ocağı” adlanır. Bu serial vasitəsi ilə biz bir ailənin dramından bəhs edəcəyik. Yəni deməyim odur ki, bizim layihələrimizdə hər zaman qınaq da olub, örnək də. Biz sizin qeyd etdiyiniz həmin məqamlara diqqət etməyə çalışırıq. Demirəm ki, indiyə qədər xətasız olmuşuq, xeyr. Sadəcə olaraq, bundan sonra da belə şeylərə daha çox önəm verməyə çalışacağıq. Bu seriallara bizim ailəmiz, yaxınlarımız baxır. İstəmərik ki, onlar seriala baxıb pis örnək götürsünlər. Bacardığımız qədər serial vasitəsilə insanlara yaxşı örnəklər vermişik”.
V.Əhmədov qanunlara riayət etməyi özlərinə borc hesab etdiklərini bildirdi: "Bizdən etməkdir. Zərərli vərdişləri nə üçün təqdim edək ki? Biz bundan əvvəl də çəkdiyimiz seriallarda gündəlik qayğı və problemlərdən əlavə belə nüansları da unutmamışıq. Hər zaman yazdığımız ssenarilərdə bu xırda məsələləri qeyd etmişik. O qədər olub ki, serialı izlədikdən sonra insanlar bizə sosial şəbəkə vasitəsi ilə yazıb zərərli vərdişlərdən xilas olduqlarını deyiblər. Sizə bir misal gətirim, bir dəfə qız övladını abort etdirmək istəyən ailə bizim seriala baxdıqdan sonra öz fikrindən daşınmışdı. Onlar qız övladını abort etdirməkdən imtina etmişdilər. Belə nümunələr yüzlərlədir. Bu da serialın təsir gücünün göstəricisidir. Bu bizim üçün milyon reytinqdən qat-qat üstündür”.

Ekspertlərin də dediyi kimi, pis vərdişlərin serial aləminə yol tapması qəbuledilməzdir. Danılmaz faktdır ki, bu gün seriallar cəmiyyətin formlaşmasında rol oynayır, cəmiyyətdə baş verən hadisələri istiqamətləndirir. Nəinki siqaret, təhlükəsizlik kəmərindən istifadə etməmək kimi pis vərdişlər, eləcə də ayrılıqlar, boşanmalar, xəyanətlər, uşaqların küçələrə atılması, uşaqlardan imtina, evli qadın və ya kişilərin yeni eşq macəraları axtarması kimi halların kökündəharadasa həm də seriallar durur. Ona görə də bu məsələdə serial çəkən şirkətlərin üzərinə böyük məsuliyyət düşür. Serial çəkmək kino kimi həm vacibdir, həm də ki, qəliz...
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər