“Televiziyadan sosial şəbəkəyə keçməklə, itirmədim, qazandım” - Fenomen
Onu uzun müddət televiziyada keyfiyyətli musiqi verilişlərinin, eyni
zamanda özünəməxsus radio aparıcısı kimi tanısaq da, daha sonra ifaçı kimi
mahnıları ilə qəlbimizə yol tapdı. "Oppalara”, "Yalnız səni gözlədim”, "Qızım”,
"Həyat yoldaşımsan”, "Mənə sən lazımsan” və digər mahnıları ilə yerli və xarici
izləyicilərinin sevimlisinə çevrildi. 2 illik fasilədən sonra fərqli ampluada və
fərqli formatda yenidən qarşımıza çıxdı. Bəli, "Fenomen” rubrikamızın qonağı
aparıcı kimi tanıdığımız, ifaçı kimi sevdiyimiz, bəstəkar kimi mahnılarının vurğunu
olduğumuz Murad Arifdir. O, "Youtube”da nümayiş etdirdiyi "Popumuz var”
verilişi ilə yenidən tamaşaçılarını təəccübləndirməyi bacardı.
Müsahibimizlə bu gün sosial şəbəkələrin bizə yaratdığı imkanlardan və
Murad Arifin bu imkanlardan necə yararlanmağından danışdıq.
- İlk dəfə sosial şəbəkə
ilə tanışlığınız nə zamandan yarandı?
- 2004-cü ildə keçirilən bir forum vasitəsi ilə tanış oldum. O
zamanlar sosial şəbəkə deyilən bir anlayış yox idi. Forumda biz müəyyən
insanlarla tanışlıq yaradır, ünsiyyət qurur, mövzuları müzakirə edirdik. Sosial
şəbəkələrin ilkin forması məhz elə forumlar idi. Daha sonra bunlar sosial şəbəkə
səviyyəsinə çatdı.
- Bu gün sosial şəbəkələrin
yaratdığı imkanlar sizi qane edirmi?
- Sosial şəbəkələrin yaratdığı imkanlar məni tamamilə qane edir.
Mühafizəkar ölkə və cəmiyyətlərdə sosial şəbəkələr ifadə azadlığına şərait
yaradır. Bundan başqa, bu şəbəkələr bizə geniş imkanlar təqdim edir ki, onların
sayəsində biz hansısa kanal rəhbərinin minnətini, xahişini götürmək məcburiyyətində
qalmırıq. Misal üçün, mən klipimi çəkdirirəm, tam müstəqil şəkildə sosial şəbəkədə
yerləşdirirəm və birbaşa olaraq oradan tamaşaçıya təqdim edirəm. Heç kimdən də
asılı deyiləm. Sosial şəbəkələr mənim və mənim kimi ifaçıların yaradıcılığını
nümayiş etdirmək üçün geniş imkanlar yaradır. Bu baxımdan, sosial şəbəkələrin
mövcudluğunu yüksək qiymətləndirirəm.
- Sizin "Youtube”da yerləşdirilən
kliplərinizin izlənmə sayı rekord həddə çatır. Ancaq bəzən görürük ki, keyfiyyətsiz
mahnılar belə çox izlənilir. Belə olduğu halda, keyfiyyətli mahnının izlənmə
sayı ilə keyfiyyətsizin izlənmə sayı bərabərlik təşkil edir. Bu mövzuya münasibətiniz
necədir?
- "Youtube”da yerləşdirilən mahnıların izlənmə sayını keyfiyyətin
göstəricisi hesab etmək düzgün deyil. Mahnının izlənmə sayı ilə keyfiyyətin heç
bir əlaqəsi yoxdur. Misal, üçün mənim "Oppallara” mahnımın 21 milyon baxış sayı
var. Bu, Azərbaycan əhalisi üçün böyük göstəricidir. Belə olduğu halda, ortaya
bir sual çıxır: Bu mənim ən keyfiyyətli mahnımdırmı? Əlbəttə ki, yox.
- Bəs sizin keyfiyyətli
hesab etdiyiniz mahnılarınız hansılardır?
- "Sevgililər”, "Saçların”, Dilarə Kazımova ilə birlikdə səsləndirdiyim
"Yanız səni gözlədim” mahnılarımı daha keyfiyyətli hesab edirəm. Ancaq kütlənin
öz zövqü var. Kim hansı mahnını dinləyirsə, halal xoşları olsun.
- Murad bəy, istərdik, sosial
şəbəkədə fenomenə çevrilən "Popumuz var” verilişindən danışaq. Bu veriliş hansı
zərurətdən yarandı?
- "Popumuz var” içimdəki
jurnalist qurdunu öldürmək üçün yaratdığım layihə idi. Televiziyadan ərizəmi
yazıb çıxdım. İki ildən çoxdur ki, televiziya verilişi aparmıram, aparıcılıq
etmək istəmirəm. Aparıcılıq qabiliyyətimi hardasa tətbiq etməli idim. Bunun
üçün "Youtube”da belə bir layihəyə başladım.
- Verilişə qonaqları dəvət
edərkən nəyə daha çox diqqət edirsiniz?
- Danışmaq istədiyim insanları verilişimə dəvət edib, onlarla mənə
maraqlı olan mövzulardan danışırıq. Misal üçün, filan insanı tanımaq istəyirəm,
onu dəvət edirəm, onunla maraq dairəmdə olan mövzular əhatəsində danışıram.
- "Filankəsi verilişimə dəvət
etsəm, daha çox izlənilərəm” – düşüncəsi ilə dəvət etdiyiniz qonaqlar olubmu?
- Əsla. Mən gündəmdə olan insanları dəvət etmirəm. İnsanları dəvət
edirəm ki, gündəm olsunlar (gülürük). Gördüyünüz qədəri ilə, hər yeni veriliş
yayımlandıqdan sonra saytlarda orda müzakirə olunan mövzularla bağlı bir çox məqalələr
hazırlanır. Daha sonra insanlar verilişlə bağlı fikirlərini qeyd edirlər, orada
tənqid də olur, tərif də. Bunun özü bir reaksiyadır. Mən orada bütün
jurnalistik imkanlarımı ortaya qoyuram. Hesab edirəm ki, əgər bir insan nəyisə
ürəkdən edirsə, mütləq onun yaxşı nəticəsini
görür.
- "Popumuz var”
verilişini fərqli edən nədir?
- "Popumuz var” verilişində azadlıq var. İnsanlar alışmadığı sərbəstliyi
bu verilişdə görə bilirlər. Bu veriliş
teleməkanın sıxılmış məhsulu deyil. Mən şəxsi baxışlarımı nəzərə alaraq, ora
kimi istədim dəvət edirəm, nə istəyirəm geyinirəm, yeri gələndə kəskin ola
bilirəm. Burada müdirim, departament rəhbərim yoxdur. İşə səhər saat 8-də gəlib
qol çəkmək kimi bir məsuliyyətim də yoxdur. Kefim istəyəndə verilişimi çəkirəm,
istəməyəndə deyirəm ki, veriliş olmayacaq. Misal üçün, bu yaxınlarda böyük
masştablı "Səs Azərbaycan” layihəsinə dəvət almışam. Bu, lisenziyalı bir layihədir.
Format etibarilə məni bura uyğun bildilər. Mart ayının 29-na kimi "Səs Azərbaycan”
yarışmasında münsif kimi iştirak edəcəyəm. Bu səbəbdən "Popumuz var” verilişini
çəkməyə imkan yoxdur. Əlimdə iki veriliş var, onların da montajı bitdikdən
sonra təqdim edəcəm. Bir də yeni verilişi 2020-ci ildə zamanım olanda çəkəcəyəm.
"Popumuz var” verilişində böyük bir fasilə olacaq. Elə sizin vasitənizlə
bildirim ki, qarşıdan gələn aylarda "Popumuz var” verilişi olmayacaq.
- Verilişdə nümayiş
olunan Top 10-luğu necə təyin edirsiniz? Burada yer tutan reperləri və gənc
ifaçıların mahnılarını, demək ola ki, biz nə televiziyada, nə də sosial şəbəkələrdə
görürük.
- 15 il radioda musiqi redaktoru, musiqili veriliş aparıcısı olmuşam.
Telekanallarımızdan fərqli olaraq ölkəmizin istedadlı gənclərini üzə çıxarmağa
çalışıram. İstedadlı gəncləri axtarıb tapır, onları araşdırır, "Youtube”
kanallarına baxıram. Bəzən olur ki, şəxsi əlaqələrim vasitəsi ilə o mahnıları əldə
edirəm. Hər şey istəkdən asılıdır. Bu gün davamlı olaraq televiziyada və
radiolarda eyni simalar və eyni səsləri görürük. Ölkəmizdə o qədər istedadlı gənclər
var ki, sadəcə olaraq bizim mətbuatımız onları araşdırmağa tənbəllik edir.
Efirlərimiz yeni simalara, yeni adlara, xüsusən də gənclərə qarşı mühafizəkardır.
Aparıb radiolara mahnı təqdim etdikdə, mahnının nədən bəhs etdiyinə, keyfiyyətinə
belə baxmırlar. Soruşurlar ki, sən kimsən, nəçisən? Əgər heç bir titulun yoxdursa,
o mahnı ya gündə bir dəfə radioda veriləcək, ya da heç verilməyəcək. Allah
sosial şəbəkələri çıxaranların canını sağ eləsin, onlar olmasaydı, istedadlı gənclərimiz
nə edərdi?
- Sosial şəbəkələrin rəqabətdə
televiziyanı üstələdiyi deyilir. Sizin bu mövzuda fikirləriniz maraqlıdır.
- Təkcə bizdə deyil, bütün dünyada eyni proses gedir. İnsanlar bu gün
evə gedib televiziyanı açıb, filan verilişə baxmaq istəmirlər. Gözləyirlər ki, maraq dairələrində olan
veriliş "Youtube”a yerləşdirsin, rahat ortamda, rahat məkanda açıb internet
vasitəsi ilə baxsınlar. Bu günün tamaşaçısı hər hansı bir verilişi izləmək istəyirsə,
bunun zaman və məkan anlayışı qalmır. Bu, zamanın texnoloji diktəsidir, bizim
kefimizlə olan bir şey deyil.
- İnsanlar sizin
verilişinizi izlədiyi halda, siz kimləri izləyirsiniz?
- Yurdumun o qədər dəyərli, istedadlı insanları var ki.
- Hər bir yeni işin ilki
çətin ərsəyə gəlir. Çıxdığınız, cığırı olmayan bu yeni yolda hansı çətinliklərlə
üzləşdiniz?
- Yeni başlayanda, hər verilişimdə öz formatımı axtarırdım. Diqqət
etsəniz görərsiniz ki, mənim birinci verilişimlə onuncunun arasında ideoloji,
ağırlıq fərqləri var. Getdikcə mövzularım da, qonaqlarım da ciddiləşməyə
başladı. Hiss etdim ki, verilişdə müzakirə olunan mövzular cəmiyyətdə öz əks-sədasını
doğurur. Və müzakirə olunan məsələlər öz həllini tapmağa başladı. Gördüm ki, bu
veriliş əyləncədən kənara çıxır. Bu verilişdə artıq ciddi addımlar
atılmağa başladı. Əslində mən bunu hədəf
seçməmişdim.
- Yola çıxarkən qarşınıza
nəyi hədəf qoymuşdunuz?
- Maraqlı insanlarla maraqlı söhbət etmək istəyi ilə yola çıxmışdım.
Az əvvəl qeyd etdiyim kimi, jurnalist qurdunu öldürmək üçün başladım. Böyük məqsədlərim
yox idi. Bir də gördüm ki, "Popumuz var” verilişi hər kəsin dilindədir və Murad
Arif bu gün həmin verilişə müəyyən müddətlik "stop” deyir. Bir az güc yığdıqdan
sonra təzədən gələcəyəm.
- Verilişin əvvəlində
qeyd olunur ki, "Popumuz var” televiziyalar üçün deyil. Birdən,
televiziyalardan belə bir təklif gəlsə, onda necə?
- 3 telekanal "Popumuz var” verilişi üçün israrlı şəkildə mənə cəlbedici
təkliflər edib. Heç birini qəbul etmədim. Çünki "Popumuz var” verilişi yalnız
"Youtube”da yayımlansa, yaxşıdır. Onun duzu elə "Youtube”dadır. Nə vaxtsa gələcəkdə
bəlkə televiziyada lisenziyalı bir layihə etdim. Əgər hökmən bir veriliş
aparmaq istəyirəmsə, elə "Popumuz var”ın aparıcısı olmağa üstünlük verirəm.
- Yəni deyirsiniz ki, sizi bir
daha aparıcı kimi efirdə görməyəcəyik?
- Təəssüf ki, məni bir daha efirdə aparıcı qismində görə bilməyəcəksiniz.
Bu gün məni heç müğənni qismində də efirlərdə çox görmürsünüz. AzTV, İTV və çox
az hallarda ATV telekanallarına çıxıram. Mən verilişlərə gedib, orada
fonoqramla da mahnı oxumuram. Bu şeylərə artıq 2 ilə yaxındır ki, "yox” demişəm.
- Nə üçün
televiziyalardan incik düşmüsünüz?
- Bu incimək məsələsi deyil.
İnsan inkişaf etməlidir, bir yerdə qalmaqla inkişaf etmək mümkün deyil. Bəlli səviyyəyə
çatdıqdan sonra nələrdənsə imtina etməlisən ki, daha çoxunu əldə edəsən. Mən
televiziyada verilişlərin çoxuna çıxmaqdan imtina edərək daha böyük nailiyyət əldə
etdim. Gözlənilən, arzu olunan, tamaşaçıların darıxdığı bir simaya çevrilməkdəyəm.
Bu mənim üçün çox qiymətlidir. Yeni mahnımı səhər, günorta, axşam verilişlərində
çıxıb ifa etməkdənsə, onu çox maraqlı və keyfiyyətli bir kliplə "Youtube”a yerləşdirirəm
və İnstaqramda, Facebookda ajiotaj yaradır. Daha sonra mətbuat nümayəndələri bu
haqda saytlarda xəbərlər dərc edir. Bunun effekti daha böyükdür, nəinki
televiziyada kimsə sənin yanında soğan qovursun, sən də çıxıb oxuyasan ki, "Mənə
sən lazımsan”. Hər şeyi keyfiyyətli şəkildə təqdim etmək lazımdır. Mən
televiziyadan uzaqlaşmaqla daha çox qazandım, nəinki itirdim.
Xəyalə Rəis