• çərşənbə axşamı, 16 aprel, 17:01
  • Baku Bakı 19°C

Teledərs - avantaj, yoxsa...

17.03.20 09:30 1131
Teledərs - avantaj, yoxsa...
Kənarlaşdırılmış təhsil böyük məsuliyyət və özünənəzarət tələb edir
Onlayn təhsil dünyada sürətlə inkişaf edir. Onlayn, vizual öyrənmə praktikası və yanaşmaları, distant təhsil illər ərzində sınaqdan keçirilmiş yanaşmalardan fərqlidir. Bu metodologiyanın aktuallığı təhsilalanların tətbiq edə biləcəkləri biliklər əldə etməsidir. ABŞ-ın dünya reytinqinə düşən əksər universitetlərinin müəllimləri hesab edirlər ki, onlayn-təhsil ənənəvi təhsilə alternativdir. Hətta bir sıra universitetlərdə onlayn dərəcə almaq mümkündür. Belə ki, kursun effektivliyi daha çox dinləyicidən asılıdır: kənarlaşdırılmış təhsil böyük məsuliyyət və özünənəzarət tələb edir.
Ekspertlərin fikrincə, onlayn təhsil hərtərəfli olmalıdır. Tələbə yalnız vebinara baxmamalı, həm də praktikada bacarıqlarını möhkəmləndirməli, özünü real bir layihədə sınamalıdır. Platformanın məqsədi belə bir layihənin axtarışında kömək etməkdir.
Mütəxəssislərin fikrincə, yaxın bir neçə il ərzində, xüsusən də davamlı peşə təhsili sahəsindəki onlayn kurslar bazarı artmaqda davam edəcək. Bu baxımdan, onlayn təhsili müasir təhsildə böyük inqilab adlandıranlar da var.
Hərçənd bəzən "onlayn dərslər - boş vaxt itkisidir, effektsizdir” kimi fikirlər də səslənir. Bununla belə, ekspertlərin "distant təhsilə maraq böyüyür, bum hələ irəlidədir”- fikirləri də eşidilməkdədir.
Bütün hallarda, öyrənmə dərəcəsi kursun təşkilindən deyil, həm də öyrənənin məsuliyyətindən və motivasiyasından asılıdır. Məsələn, "YouTube”da məşhur bir universitetin ictimai mühazirələrini izlədikdən sonra heç kim sizə materialı necə öyrəndiyinizə dair bir test təqdim etməyəcək. Ən yaxşı halda, müstəqil olaraq imtahan tapşırığı ilə PDF sənədini tapa bilərsiniz. Digər kurslar mövzudan mövzuya keçərkən interaktiv testlər təklif edir. Və bəzilərinin sonunda imtahan verməlisiniz, bundan sonra müvəffəqiyyətli bir təlimi təsdiqləyən sertifikat əldə etmək mümkündür.
Artıq bizim ölkəmizdə də bəzi təhsil mərkəzləri tələbələrin materialı müəllimlə müzakirə edə biləcəyi onlayn seminar, məşğələ və təlimlər təşkil edirlər. Hələ populyarlaşmasa belə, ənənəvi təhsil daha üstün sayılsa da, dünya təcrübəsinə uyğun ilkin addımların atılması müsbət haldır. Təbii ki, nəticə əldə olunandan sonra müzakirə edilir.
Uşaqda məsuliyyət hissi yaranıb
Təhsil Nazirliyinin teledərslərə start verməsi dünya ölkələrinin artıq distant, onlayn təhsil mərhələlərini uğurla tətbiqetmə praktikasına uyğunlaşmaq addımından qaynaqlanmasa da, yaşanan son proseslərə adekvat olaraq müsbət dəyərləndirilməlidir. Həftənin 5 günü "Mədəniyyət” və "ARB Günəş” kanallarında keçilən dərslər şagirdlərin dərslərdən uzaq düşməməsinə, motivasiyalarını itirməmələrinə, keçilən dərsləri yadırğamamalarına, nəhayət, məktəbin vizual da olsa nəbzini qoruyub saxlamağa yönəlib. Koronavirusun yayılması təhlükəsi üzündən qapadılan məktəbin şagirdləri çox təqdir etməsələr də, valideynlər teledərsləri təqdir edir. Məsələn, valideyn Sevinc Hətəmova deyir ki, 6-cı sinifdə oxuyan övladının təhsildən yayınmaması üçün bu, gözəl fürsətdir: "Dərslər başlayanda ekran qarşısına keçir və ardıcıllıqla izləyirik. Yoxsa uşaq meylini daha çox mobil telefona və ya planşetə salmağa başlamışdı. Məktəbdə keçilən dərslər qədər olmasa da, uşaqda bir məsuliyyət hissi yaranıb”.
Təhsil ekspertləri də teledərslərə müsbət yanaşırlar və bu metodun daha da inkişaf etdirilməsinin tərəfdarıdırlar.
Bəlkə də elə bir zaman gələcək ki...
Təhsil eksperti Qoşqar Məhərrəmov hesab edir ki, ümumiyyətlə, dünyada distant təhsilin özünəməxsus yeri var. Belə ki, yetkin insanların təhsilində daha geniş yayılmış təhsil üsuludur: "Keçmişdə, kütləvi təhsil olmadığı dövrdə məktubla alimlərdən təhsil alır, sualları məktubla soruşur, cavablarını da eyni qayda ilə alırdılar. Eyni zamanda, böyük məsafələr qət edərək alimlərin yanına öyrənməyə gedirdilər. Bu o dövr etibarı ilə əslində distant təhsilin bir növü idi. Bu da öyrənənin daxili motivasiyasına söykənir. Bu, kütləvi şəkildə olmur. Bəlkə də elə bir zaman gələcək ki, təkamüllər, təlatümlər dövrü daxili motivasiyanı əsas götürəcək. Yəni insan özünümotivasiya qabiliyyətinə malikdirsə, uğur qazana biləcək, dövrün tələbinə uyğun iş tapacaq, həyatda özünə yer edəcək. Zorla oxuyan və məktəbə göndərilən insanlar isə bu çarxda ələnəcək, çıxdaş olacaqlar”. Təhsil eksperti təhsilalanların daxili motivasiyasına söykənsə belə, dövlətin təhsil verən bir orqanı kimi distant təhsil verməsinin tərəfdarı olduğunu deyir: "Bu mənada dövlətimizin bu addımlarını yüksək qiymətləndirirəm. Bu daha sistemli bir şəkildə işlənmiş platformada, bəlkə də televiziyada bir kanal olmaqla, günün hər bir saatında geniş bir şəkildə dərslərin izah olunduğu bir portal halına gətirilməli və şagirdlərin hər an istifadə edə biləcəyi video-materiallar şəklində internet resurslarına da yüklənməlidir. Hal-hazırda bu istiqamətdə addımlar atılır. Ancaq bizim bütün dərs mövzularımız video formatında olmadığından, hazırda hər gün video dərslər, teledərslər çəkilir. Bu metod daha geniş yayılmalıdır. Bu, evdə təhsil alan – fiziki qüsurlu insanlar üçün də çox faydalıdır. Bu baxımdan düşünürəm ki, bu üsul daha geniş tətbiq olunmalıdır”. Ekspert hesab edir ki, biz buna hazırlıqlı olmalı, övladlarımızın təhsili üçün şərait yaratmalıyıq: "Dövlət bu öhdəliyi üzərinə götürüb və inanırıq ki, layiqincə həyata keçirəcək. Düşünmürəm ki, distant təhsil daxili motivasiyası yüksək olan digər təhsildən daha aşağı səviyyəlidir. Ancaq biz bunu sinxronlaşdıracaq bir səviyyəyə gətirə bilməliyik. Yəni müəllim televiziyada dərs danışan vaxtda canlı şəkildə başqa bir şagird ona sual verə bilməli, müəllim də həmin sualları cavablandırmalıdır. Yəni interaktivliyin artması üçün təhsilin asinxron yolu deyil, sinxron yolundan da istifadə etməliyik. E-öyrənmə materialının nə olduğu bir daha izah olunmalı və e-öyrənmə materialı hazırlanmalıdır. Bizim indi etdiyimiz, sadəcə video dərsdir. Ancaq e-öyrənmə materialı gələcəkdə şagirdlər üçün hazırlanacaq. Yəni distant təhsil müəyyən yönləri ilə avantajsız görünsə də, müəyyən yönləri ilə də üstündür. Hesab edirəm ki, bu avantajları fürsətə çevirməli və geniş tətbiq etməliyik”.
Yaranmış şəraitdə müvafiq addım
ÜST-ün koronavirusu pandemiya elan etməsindən sonra hökumətin müvafiq olaraq atdığı addımları dəstəklədiyini bildirən tarix müəllimi Pərviz Ağalarovun fikrincə, təhsil ocaqlarının bağlanması, kütləvi tədbirlərin dayandırılması mümkün epidemiya hallarının qarşısının alınmasından ötrü vacib addımlardır: "Digər tərəfdən də suallar yaranır: məktəblər bağlandı, buraxılış imtahanları, 11-ci siniflərin qəbul imtahanları necə olacaq? Bunlarla bağlı əhalidə ciddi narahatlıqlar var. Bu, eyni zamanda, müəllimləri də narahat edir. Amma "ellə gələn dərd bayramdır” deyirlər. Bu baxımdan biz atılan addımlara öz reaksiyamızı verməliyik. Bu fonda əhalinin sağlamlığı, övladlarımızın gələcəyi bizim üçün vacib şərtdir. Onlayn dərslər, distant təhsil məsələsi də bu dövrlər yenidən aktuallaşmağa başladı. Təbii ki, "Onlayn dərslər məktəblərdə keçirilən dərslərə bərabər effekti verə bilərmi?” sualı da adamları düşündürür. Hazırda Təhsil Nazirliyi "Mədəniyyət” və "ARB Günəş” kanallarında teledərslər keçirilir. Bu, Təhsil Nazirliyinin yaranmış şəraitdə müvafiq addımıdır və bunu alqışlamaq lazımdır. Eyni zamanda, onlayın dərslər də tətbiq olunmağa başlayıb. Dərs dediyim akademik Zərifə Əliyeva adına liseydə ayrıca onlayn kanal yaradılıb”. P.Ağalarovun fikrincə, istənilən halda onlayn dərslər canlı dərslərin yerini verə bilməz: "Canlı dərsdə şagirdlər müəllimlərlə birbaşa bağlantıda olur, eyni zamanda, müəllimin verdiyi tapşırıqların anında yoxlanması, şagirdin bu tapşırığı necə yerinə yetirdiyini canlı dərslərdə izləmək mümkün olur. Biz, tutaq ki, onlayn dərs üçün tapşırıqlar veririk. Həmin tapşırıqları şagird necə yerinə yetirir - bunu təyin etmək çətindir. Hazırkı vəziyyətdə başqa çıxış yolumuz da qalmır. Ona görə də "Mədəniyyət” kanalı vasitəsilə keçirilən teledərsləri dəstəkləyir, yaranmış mövcud şəraitlə bağlı atılan zəruri addım kimi dəyərləndirirəm”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər