• cümə, 29 Mart, 15:04
  • Baku Bakı 14°C

“Tələbənin haqqını tapdalayan burada qalmayacaq” - Reportaj

18.01.17 18:41 1853
“Tələbənin haqqını tapdalayan burada qalmayacaq” - Reportaj
Yanvarın 18-də Azərbaycan Dillər Universitetində (ADU) 2016-2017-ci tədris ilinin payız sessiyasının gedişini müşahidə etmək məqsədilə təhsil ekspertləri, KİV-nin nümayəndələri, QHT təmsilçiləri və ADU-nun İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə mediatur təşkil olundu.
Mediatur çərçivəsində universitetin rektor əvəzi Əfqan Abdullayev ilk olaraq qonaqlar qarşısında çıxış etdi, yeniliklər haqda danışdı. Bildirdi ki, universitetin qapılarının ictimaiyyət üçün açıq olması ölkə rəhbərliyi və təhsil nazirinin təhsil ictimaiyyəti qarşısında qoyduğu məsələlərin həlli istiqamətində atılan addımlardan biridir: "Bütün ölkələrdə təhsili cəmiyyət saxlayır. Amma biz təəssüf ki, cəmiyyəti təhsildən küsdürmüşük. Bəlkə də bu bizim öz günahımızdır. Biz istəyirik ki, ikisi də üz-üzə dursun, nə problemlər varsa, bir yerdə həll etsinlər. Şübhəsiz, inqilab etmək mümkün deyil. Çünki təhsil inqilab sevən sahə deyil. Təkamül yolu ilə hər bir şey zamanla öz yerini tutacaq. KİV və QHT-lərdən xahişimiz budur ki, universitetlərə, təhsilə, o cümlədən bizim universitetə bu işdə yaxından kömək göstərsinlər. Hansı formatda universitetlə bağlı nə layihə etmək istəsəniz, biz buna hazırıq. Universitetimizdə hər bir şərait də var”.
"740 müəllimdən 11-i şifahi imtahan götürməyi seçdi”
Ə.Abdullayev bu cür görüşlərin mütəmadi olaraq keçilməsinin tərəfdarı olduğunu dilə gətirdi. O eyni zamanda bildirdi ki, universitetlərdə imtahanlar yazılı olaraq aparılır: "Tələbə yazmalıdır. Kompyuterlə imtahan götürülməsinin tam əleyhinəyəm. Yazı yaradıcılıqdır, tələbə yazarkən özünü ortaya qoyur”.
Bundan əlavə, tələbələrə şifahi üsulla da imtahan vermək şəraiti yaradılır. Ə.Abdullayev bildirdi ki, bu üsulu seçənlər hələ ki çox azdır: "Bu il isə belə qərar verdik ki, hansı tələbə özünə, xarakterinə arxayındırsa, şifahi üsulla da imtahan vermələrinə şərait yaradaq. 740 müəllimdən 11-i şifahi imtahan götürməyi seçdi. Kafedra müdirinin iştirakı ilə imtahanlar aparılır. Bir də informatika fənnindən imtahanın şifahi olmasını istəyən tələbələr varıydı. Əslində, bu fənnin imtahanı bizdə əvvəl şifahi idi, amma orada sanki bir bazar ab-havası yaranmışdı, nəzarət etmək olmurdu, ona görə yazılı etdik. Amma müraciət edən tələbələrin istəyini nəzərə alaraq təxminən 18 qrupda informatikadan şifahi imtahan olmasına razılıq verilib. Şifahi imtahan götürəcək müəllim bunu əvvəlcədən bilmir. İmtahan günü bilinir. Qalan bütün imtahanlar yazılıdır”.
Ə.Abdullayev onu da bildirdi ki, universitetdə bir tələbənin haqqı tapdalana bilməz: "Kim tapdalayırsa, burda qalmayacaq”.
"Mütəmadi olaraq proses izlənilir”
Universitetin İctimai Nəzarət Şurasının sədri Əliməmməd Nuriyev bildirdi ki, şura prosesə davamlı nəzarət həyata keçirir: "Sessiya başlayandan biz prosesdə iştirak edirik. Burada daimi olan növbətçilik də yaradılıb. Şuranın 13 nəfər üzvü var, mütəmadi olaraq proses izlənilir”.
Ə.Nuriyev bildirdi ki, ADU-da 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah fəaliyyət gostərir. Tələbələrin imtahanla bağlı təklif və şikayətlərini bildirmələri üçün universitetin bütün korpuslarına möhürlənmiş şəffaf qutular yerləşdirilib: "Bir dəfə qutu açılıb, çeşidlənmə aparılıb, yazılanlar nəzərdən keçirilib, tədbirlər görülüb. Maraqlı fikirlər bildirilmişdi. Hər həftə qutunu açıb yazılanlarla tanış olacağıq. İctimaiyyətlə təhsilin arası nə qədər açıq olarsa, bu, təhsilin keyfiyyətinə öz təsirini göstərəcək”.
"İctimai Şuraya inam olması vacibdir”
"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirdi ki, universitetin İctimai Nəzarət Şurasına inam çox olsa, tələbələr rahatlıqla istənilən problemlə bağlı müraciət edəcəklər: "İctimai şuraların fəlsəfəsi, mahiyyəti haqda danışılır. Düşünürəm ki, yeni metodu ilk növbədə tələbələrə izah etmək, təhsil və savaddan başqa irəli getmək üçün yol olmadığını tələbələrə aşılamaq lazımdır. Buna inanaraq zəhmət çəkib uğur qazana bilərlər. Bu, universitetdə formalaşsa, cəmiyyətin bütün sahələrinə sirayət edəcək. Belə olduğu halda, cəmiyyətdə də hansısa maraqlar naminə, kimlərinsə vasitəsi ilə deyil, savadla, əziyyətlə uğur qazanmağın mümkün olduğu düşüncəsi formalaşmış olar. İctimai Şuraya inam olması vacibdir. İnam olsa, tələbələr şuranın üzvlərinə problemlərini etibar edib, çəkinmədən açıb deyə biləcəklər”.
"İmtahan biletlərinə nömrə qoyulmur”
Daha sonra qonaqlarla birgə imtahan nəticələrinin yoxlandığı otağa baş çəkdik. Sakitliyi qorumaq üçün qısa bir müddətdə proseslə tanış olub otağı tərk etdik. Lakin proseslə tanışlıq zamanı bildirildi ki, 2016-2017-ci tədris ilinin payız semestrinin mühüm yeniliklərindən biri də imtahanların Biliyin Qiymətləndirilməsi və Monitorinq Mərkəzi tərəfindən həyata keçirilməsidir. İmtahan prosesində tətbiq edilən yeniliklər yazı işlərinin yoxlanmasını da əhatə edir. Belə ki, yazı işləri yoxlanıldıqdan sonra təkrar yoxlanılaraq təsdiqlənir və anonimliyi qorunur.
Daha sonra imtahan keçirilən otaqlara daxil olduq. Burada da səs salmaq olmazdı, axı imtahan gedir. Amma qısa söhbət əsnasında bu istiqamətdə də yeni bir mexanizm tətbiq olunduğunu öyrəndik. Ə.Abdullayev dedi ki, universitetdə imtahan biletlərinə nömrə qoyulmur, həmçinin müvafiq otaqlar əvvəlcədən möhürlənir və tələbələr yalnız imtahana 10 dəqiqə qalmış auditoriyaya buraxılır.
"Çətin də olur, asan da”
İmtahan nəzarətçilərindən biri İngilis dili kafedrasının baş müəllimi İntizar Kamilova idi. O bizimlə söhbətində bildirdi ki, bu, sessiyada artıq nəzarət etdiyi 6-cı imtahandır. Hələ ki heç bir tələbə narazılığı olmayıb, o da heç tələbələrdən narazı olacağı hal ilə qarşılaşmayıb: "Bütün tələbələr bir-birinə mane olmadan, sakitliyə riayət edərək sualları cavablandırırlar. İmtahana nə isə keçirməyə cəhd göstərəni də görməmişəm. Əvvəldən qaydaları deyirəm və qaydaları pozanları görməmişəm”.
İki tələbə ilə həmsöhbət olmaq imkanı da əldə etdik. Onlar hələ ki imtahanlarıyla bağlı mübahisəli problem olmadığını bildirdilər. Pedaqoji (ingilis-alman dili) fakültənin 4-cü kurs tələbəsi Xəlilova Gülnar deyir ki, imtahanların yazılı olması onun üçün çətin deyil: "Hələ ki 3 imtahan vermişəm. Hər şey qaydasında olub, hər hansı şikayətim və ya problemim olmayıb. İmtahanlara ciddi nəzarət var. Mən həmişə imtahanları yazılı vermişəm və düşünürəm ki, yazılı daha rahatdır. Çünki biz universitetə qəbul olarkən də test üsulu ilə imtahan veririk. O da istər-istəməz biliklərimizi, söz bazamızı məhdudlaşdırır. Amma universitetdə imtahan yazılı olanda, bizi dərsləri daha dəqiq oxumağa məcbur etmiş kimi olur”.
Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Amerikaşünaslıq ixtisasının 3-cü kurs tələbəsi Azər Fərzəliyev də hələ ki imtahanlarla bağlı problemi olmadığını dedi: "Sessiyada 3-cü imtahanımızdır. Çətin də olur, asan da. Çalışırıq ki, dəqiq yazıb keçə bilək. İmtahanlarla bağlı nə isə problem olmur, olanda da müraciət edirik və köməklik edilir. Əvvəlki illərdə imtahanların nəticəsi ilə qane olmadığım məqam da olub, apellyasiyaya vermişəm. Şikayətim təmin edilib və layiq olduğum qiyməti yazıblar”.

Aygün Asimqızı








banner

Oxşar Xəbərlər