• cümə axşamı, 28 mart, 17:05
  • Baku Bakı 16°C

Tələbələrə kredit verilməsi dəstəklənir

12.10.16 13:50 2563
Tələbələrə kredit verilməsi dəstəklənir
Azərbaycanda "Maarifçi" Tələbə Kredit Fondu tərəfindən təhsil haqqı kreditlərindən əlavə tələbələrə yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar və araşdırma və s. kimi ehtiyac və təyinata görə də kreditlərin təqdim olunması planlaşdırılır. Bu barədə Trend-ə "Maarifçi" Tələbə Kredit Fondundan məlumat verilib. Fonddan qeyd edilib ki, bu kreditlərin şərtləri hələlik məlum deyil. Hazırda təhsil kreditləri ödənişli əsaslarla təhsil alan tələbələrə təhsil haqqına olan borclarının ödənilməsi üçün verilir.
"Maarifçi" Tələbə Kredit Fondunun yeni fəaliyyətə başladığını nəzərə alaraq, 2016-cı il ərzində yalnız bakalavr pilləsində təhsil alan tələbələrə təhsil haqqı kreditləri təqdim olunacaq. Növbəti illərdə bu kreditlər digər təhsil pillələri üzrə təhsil alan tələbələrə də şamil oluna bilər. Eyni zamanda, növbəti illərdə digər kredit növləri üzrə də fəaliyyətə start veriləcək. Qeyd edək ki, tələbələrə kreditlər standart paket olaraq 8%-lə, güzəştli paket olaraq isə 6%-lə təklif olunur. Güzəştli paket üçün kreditin qaytarılma müddəti 120 ay, standart paket üçün 60 aydır. Fond tələbədən təhsil müddəti və güzəşt müddəti ərzində faiz borcunun ödənilməsini tələb etməyəcək. Bu müddət ərzində yığılan faiz borcu əsas məbləğə əlavə olunacaq. Tələbələr kreditləri təhsili başa vurduqdan - işlə təmin olunduqdan sonra ödəməyə başlayacaqlar. Kredit almaq üçün fonda Azərbaycan vətəndaşı, yaşı 25-dək olan tələbə müraciət edə bilər. Tələbə ali məktəbi bitirdikdən – artıq işlə təmin olunduqdan sonra təhsil haqqını ödəmək imkanı əldə edir. Güzəştli kredit ala biləcək tələbələr ailə başçısını itirmiş ailələrin övladları, sağlamlıq imkanları məhdud olan şəxslərdir.
Xatırladaq ki, Fondda kreditin verilməsi ilə bağlı 55 elektron müraciətə baxılıb, meyarlara cavab verən 22 tələbə ilə kredit müqaviləsi imzalanıb. Mənfi cavab alan tələbələr akademik göstəricisi 71-dən aşağı olan və sənədləşmə uyğunsuzluğu olanlar olub. Fond oktyabrın 31-dək 2016-2017-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcunun ödənilməsi üçün yeni müraciətlərin qəbulunu aparacaq.
Biz də ekspertlərdən sözügedən layihə haqqında soruşduq. Onlar bu barədə müxtəlif fikirlər səsləndirdilər.
İqtisadçı-ekspert Arzu Qafarlı layihənin müsbət tərəflərindən söz açdı: "Hal-hazırda tələbələr banklardan (fərqli banklardan) minimum 26, maksimum 29 faizlə kredit alırlar. Burada tələbədən həm komissiya haqqı tutulur, həm də kreditlər qısa müddətə verilir. Layihədə isə qeyd edilib ki, güzəştsiz 8 faiz, güzəştli isə 6 faizlə kredit ödəniləcək. Bundan əlavə, başqa bir üstünlük də budur ki, tələbə bu pulu işlədikdən uzun müddət sonra qaytaracaq. Dünya təcrübəsində də bu sistem var. Bir çox ölkələrdə belə kreditlər verilir. Burada pulun geri qaytarılmasında risk məsələsi də var. Lakin bu barədə danışmaq hələ ki tezdir. Çünki bəzi şərtlər tam qeyd edilməyib. Çox güman ki, bu riski nəzərə alaraq, kredit alan tələbədən zamin və əlavə sənədlər tələb ediləcək”.
ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfaqət Kazımova bildirdi ki, 10 universitetin təsisçisi olduğu pilot layihədə yer alan ali təhsil müəssisələrindən biri də Azərbaycan Dillər Universitetidir: "Bildiyimiz kimi, Azərbaycan Bolonya prosesinə 2005-ci ildə qoşulub ki, ölkə universitetləri arasında bu proses ilk dəfə Azərbaycan Dillər Universitetində tətbiq olunub. Bolonya prosesinin əsas şərtlərindən biri tələbələrə təhsil kreditlərinin verilməsidir. Təhsil Nazirliyinin təşəbbüsü ilə "Maarifçi” tələbə kreditləri və qrantları Fondu yaradılıb. Fondun yaradılmasının əsas məqsədi kredit və qrantların verilməsi vasitəsilə Azərbaycan Respublikasının gənc vətəndaşlarına ali təhsil almaqda bərabər imkanların təmin olunması, tələbələrin diqqətinin təhsil proqramlarına yönləndirilməsi, ali təhsil müəssisələrinin maliyyə təminatının bilavasitə möhkəmləndirilməsi və ümumiyyətlə, ölkəmizdə təhsil sahəsində xeyriyyəçilik ənənələrinin dirçəldilməsi hesabına regional, demoqrafik, sosial və gender tələbə müxtəlifliyinin təmin edilməsidir. Tələbələr aldığı kreditləri bir neçə il sonra, işlədikləri müddət ərzində öz maaşlarından müxtəlif faizlərlə ödəyə bilər. Fonda Azərbaycan vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyacı olan tələbələr müraciət edə bilər. Fond bu ali təhsil müəssisələri tərəfindən təsis edilməklə yanaşı, həmin universitetlərin sərmayəsi ilə maliyyələşir. Bu tədris ili üçün Fonda müraciət edən ADU tələbələrindən dörd nəfəri qəbul olunaraq kreditlə təmin olunub”.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, elə tələbələr var ki, onların öz təhsil ehtiyaclarını ödəməyə imkanı çatmır. Bu baxımdan da bu, çox mütərəqqi bir haldır: "Dünyanın bir çox ölkələrində və o cümlədən Azərbaycanda da ali təhsil almaq istəyən bütün şəxslərə dövlət tərəfindən maliyyə dəstəyi göstərilir. Lakin nəzərə alınmalıdır ki, bu gün Azərbaycanda ümumilikdə bakalavr dərəcəsi üzrə təhsil alanların sayı 130 min nəfərdir və onların 70 faizindən çoxu ödənişli əsaslarla təhsil alır. Müharibə veteranlarının övladları, məcburi köçkünlər, ailə başçısının birini itirmiş, digəri əlil olan tələbələr prezidentin fərmanına əsasən təhsil haqqından azad edilib. Lakin bu kateqoriyaya aid olmayan şəxslər var ki, onların maddi vəziyyəti təhsil ehtiyaclarının ödənilməsinə imkan vermir. Bu zaman maddi vəziyyəti aşağı olan tələbələrin təhsil ehtiyaclarının kredit yolu ilə ödənilməsi məsələsi ortaya çıxır. Məhz bu səbəbdən də "Maarifçi” Kredit Fondu Təhsil Nazirliyi ilə birgə Azərbaycanda ilkə imza atdı”.
Ekspert layihənin bəzi çatışmazlıqlarından da söz açdı: "İlk növbədə əsas problem bu layihənin sadəcə bakalavr pilləsi üzrə təhsil alanlara şamil edilməsidir. Yaxşı olardı ki, magistratura, doktorantura, rezidentura pilləsində təhsil alan şəxslər də belə bir kreditdən faydalana bilərdi. Digər bir tərədən isə yalnız akademik göstəricisi 71-dən yüksək olanlara aid edilir. Hesab edirəm ki, bu məhdudiyyətlər aradan qaldırılsa, layihə daha effektli olar. Həmçinin sənədləşdirmə prosesi sadələşdirilməlidir deyə düşünürəm. Dünya təcrübəsində bütün tələbələrin ehtiyaclarının ödənilməsi üçün xüsusi fondlar var. Məsələn, Türkiyədə bunun üçün xüsusi vəqflər, ianə təşkilatları müxtəlif proqramlar həyata keçirir. Ona görə də Azərbaycanda da belə bir fond yaradılmalıdır və gələcəkdə belə bir layihənin həyata keçirilməsi tələbdir. Elə tələbələr var ki, hətta qələm, dəftər almağa belə imkanları yoxdur. Tələbə təqaüdlərinin həcmi elə olmalıdır ki, tələbənin bütün ehtiyaclarını ödəyə bilsin. Amma bu gün reallığı nəzərə alsaq, Azərbaycanda maksimum təqaüdün miqdarı 100 manat, minimum isə 40 manatdır. 100 manatla tələbə aylıq hansı yataqxana, dəftər-kitab ləvazimatının ehtiyacını ödəyə bilər? Orta məktəblərdə vəsaitlər pulsuz verilsə də, texnikum, kollec və ali məktəblərdə dərsliklərin hər birini tələbə özü almalıdır. Ona görə də bu ehtiyacların ödənilməsi üçün belə proqramlar həyata keçirilməlidir. Bu gün Azərbaycan tələbəsi kitab almır, bu reallıqdır. Bir şeyi də qeyd etməliyəm ki, tələbələrə verilən bu kreditlər üçün əlavə faizlər nəzərdə tutulmamalıdır. Lakin təəssüflər olsun ki, fond tərəfindən verilən bütün kreditlər faizlədir. Tələbədən faiz ummaq olmaz. Alınan kreditlər yalnız onlar işlədikdən sonra geri qaytarılmalıdır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər