Tələbələrə kredit verilməsi dəstəklənir
Azərbaycanda
"Maarifçi" Tələbə Kredit Fondu tərəfindən təhsil haqqı kreditlərindən
əlavə tələbələrə yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar və araşdırma
və s. kimi ehtiyac və təyinata görə də kreditlərin təqdim olunması
planlaşdırılır. Bu barədə Trend-ə "Maarifçi" Tələbə Kredit Fondundan
məlumat verilib. Fonddan qeyd edilib ki, bu kreditlərin şərtləri hələlik məlum
deyil. Hazırda təhsil kreditləri ödənişli əsaslarla təhsil alan tələbələrə təhsil
haqqına olan borclarının ödənilməsi üçün verilir.
"Maarifçi" Tələbə
Kredit Fondunun yeni fəaliyyətə başladığını nəzərə alaraq, 2016-cı il ərzində
yalnız bakalavr pilləsində təhsil alan tələbələrə təhsil haqqı kreditləri təqdim
olunacaq. Növbəti illərdə bu kreditlər digər təhsil pillələri üzrə təhsil alan
tələbələrə də şamil oluna bilər. Eyni zamanda, növbəti illərdə digər kredit növləri
üzrə də fəaliyyətə start veriləcək. Qeyd
edək ki, tələbələrə kreditlər standart paket olaraq 8%-lə, güzəştli paket
olaraq isə 6%-lə təklif olunur. Güzəştli paket üçün kreditin qaytarılma müddəti
120 ay, standart paket üçün 60 aydır. Fond tələbədən təhsil müddəti və güzəşt
müddəti ərzində faiz borcunun ödənilməsini tələb etməyəcək. Bu müddət ərzində
yığılan faiz borcu əsas məbləğə əlavə olunacaq. Tələbələr kreditləri təhsili
başa vurduqdan - işlə təmin olunduqdan sonra ödəməyə başlayacaqlar. Kredit almaq üçün fonda Azərbaycan vətəndaşı,
yaşı 25-dək olan tələbə müraciət edə bilər. Tələbə ali məktəbi bitirdikdən –
artıq işlə təmin olunduqdan sonra təhsil haqqını ödəmək imkanı əldə edir. Güzəştli
kredit ala biləcək tələbələr ailə başçısını itirmiş ailələrin övladları,
sağlamlıq imkanları məhdud olan şəxslərdir.
Xatırladaq ki, Fondda kreditin verilməsi ilə bağlı 55 elektron müraciətə
baxılıb, meyarlara cavab verən 22 tələbə ilə kredit müqaviləsi imzalanıb. Mənfi
cavab alan tələbələr akademik göstəricisi 71-dən aşağı olan və sənədləşmə
uyğunsuzluğu olanlar olub. Fond
oktyabrın 31-dək 2016-2017-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən
olan tələbələrin təhsil haqqı borcunun ödənilməsi üçün yeni müraciətlərin qəbulunu
aparacaq.
Biz
də ekspertlərdən sözügedən layihə
haqqında soruşduq. Onlar bu barədə müxtəlif fikirlər səsləndirdilər.
İqtisadçı-ekspert Arzu Qafarlı layihənin müsbət tərəflərindən söz açdı: "Hal-hazırda tələbələr
banklardan (fərqli banklardan) minimum 26, maksimum 29 faizlə kredit alırlar.
Burada tələbədən həm komissiya haqqı tutulur, həm də kreditlər qısa müddətə
verilir. Layihədə isə qeyd edilib ki, güzəştsiz 8 faiz, güzəştli isə 6 faizlə
kredit ödəniləcək. Bundan əlavə, başqa bir
üstünlük də budur ki, tələbə bu pulu işlədikdən uzun müddət sonra
qaytaracaq. Dünya təcrübəsində də bu sistem var. Bir çox ölkələrdə belə kreditlər
verilir. Burada pulun geri qaytarılmasında risk məsələsi də var. Lakin bu barədə
danışmaq hələ ki tezdir. Çünki bəzi şərtlər tam qeyd edilməyib. Çox güman ki,
bu riski nəzərə alaraq, kredit alan tələbədən zamin və əlavə sənədlər tələb
ediləcək”.
ADU-nun
İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfaqət Kazımova bildirdi ki, 10 universitetin təsisçisi olduğu
pilot layihədə yer alan ali təhsil müəssisələrindən biri də Azərbaycan Dillər
Universitetidir: "Bildiyimiz kimi, Azərbaycan Bolonya prosesinə 2005-ci ildə qoşulub
ki, ölkə universitetləri arasında bu proses ilk dəfə Azərbaycan Dillər
Universitetində tətbiq olunub. Bolonya prosesinin əsas şərtlərindən biri tələbələrə
təhsil kreditlərinin verilməsidir. Təhsil Nazirliyinin təşəbbüsü ilə "Maarifçi”
tələbə kreditləri və qrantları Fondu yaradılıb. Fondun yaradılmasının əsas məqsədi
kredit və qrantların verilməsi vasitəsilə Azərbaycan Respublikasının gənc vətəndaşlarına
ali təhsil almaqda bərabər imkanların təmin olunması, tələbələrin diqqətinin təhsil
proqramlarına yönləndirilməsi, ali təhsil müəssisələrinin maliyyə təminatının
bilavasitə möhkəmləndirilməsi və ümumiyyətlə, ölkəmizdə təhsil sahəsində
xeyriyyəçilik ənənələrinin dirçəldilməsi hesabına regional, demoqrafik, sosial
və gender tələbə müxtəlifliyinin təmin edilməsidir. Tələbələr aldığı kreditləri
bir neçə il sonra, işlədikləri müddət ərzində öz maaşlarından müxtəlif faizlərlə
ödəyə bilər. Fonda Azərbaycan vətəndaşı olan, müvafiq təsisçi universitetlərin
birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyacı
olan tələbələr müraciət edə bilər. Fond bu ali təhsil müəssisələri tərəfindən təsis
edilməklə yanaşı, həmin universitetlərin sərmayəsi ilə maliyyələşir. Bu tədris
ili üçün Fonda müraciət edən ADU tələbələrindən dörd nəfəri qəbul olunaraq
kreditlə təmin olunub”.
Təhsil
eksperti Kamran Əsədovun sözlərinə
görə, elə tələbələr var ki, onların öz təhsil ehtiyaclarını ödəməyə imkanı
çatmır. Bu baxımdan da bu, çox mütərəqqi bir haldır: "Dünyanın bir çox ölkələrində
və o cümlədən Azərbaycanda da ali təhsil almaq istəyən bütün şəxslərə dövlət tərəfindən
maliyyə dəstəyi göstərilir. Lakin nəzərə alınmalıdır ki, bu gün Azərbaycanda ümumilikdə bakalavr dərəcəsi
üzrə təhsil alanların sayı 130 min nəfərdir və onların 70 faizindən çoxu ödənişli
əsaslarla təhsil alır. Müharibə veteranlarının övladları, məcburi köçkünlər,
ailə başçısının birini itirmiş, digəri əlil olan tələbələr prezidentin fərmanına
əsasən təhsil haqqından azad edilib.
Lakin bu kateqoriyaya aid olmayan şəxslər var ki, onların maddi vəziyyəti təhsil
ehtiyaclarının ödənilməsinə imkan
vermir. Bu zaman maddi vəziyyəti aşağı olan tələbələrin təhsil
ehtiyaclarının kredit yolu ilə ödənilməsi
məsələsi ortaya çıxır. Məhz bu səbəbdən
də "Maarifçi” Kredit Fondu Təhsil
Nazirliyi ilə birgə Azərbaycanda ilkə imza atdı”.
Ekspert layihənin bəzi çatışmazlıqlarından da söz
açdı: "İlk növbədə əsas problem bu layihənin sadəcə bakalavr pilləsi üzrə təhsil
alanlara şamil edilməsidir. Yaxşı olardı ki, magistratura, doktorantura,
rezidentura pilləsində təhsil alan şəxslər də belə bir kreditdən faydalana bilərdi.
Digər bir tərədən isə yalnız akademik göstəricisi 71-dən yüksək olanlara aid
edilir. Hesab edirəm ki, bu məhdudiyyətlər aradan qaldırılsa, layihə daha
effektli olar. Həmçinin sənədləşdirmə
prosesi sadələşdirilməlidir deyə düşünürəm. Dünya təcrübəsində bütün tələbələrin
ehtiyaclarının ödənilməsi üçün xüsusi fondlar var. Məsələn, Türkiyədə bunun üçün
xüsusi vəqflər, ianə təşkilatları müxtəlif proqramlar həyata keçirir. Ona görə
də Azərbaycanda da belə bir fond yaradılmalıdır və gələcəkdə belə bir layihənin
həyata keçirilməsi tələbdir. Elə tələbələr var ki, hətta qələm, dəftər almağa
belə imkanları yoxdur. Tələbə təqaüdlərinin həcmi elə olmalıdır ki, tələbənin
bütün ehtiyaclarını ödəyə bilsin. Amma bu gün reallığı nəzərə alsaq, Azərbaycanda
maksimum təqaüdün miqdarı 100 manat, minimum isə 40 manatdır. 100 manatla tələbə
aylıq hansı yataqxana, dəftər-kitab ləvazimatının ehtiyacını ödəyə bilər? Orta
məktəblərdə vəsaitlər pulsuz verilsə də, texnikum, kollec və ali məktəblərdə dərsliklərin
hər birini tələbə özü almalıdır. Ona görə də bu ehtiyacların ödənilməsi üçün
belə proqramlar həyata keçirilməlidir. Bu gün Azərbaycan tələbəsi kitab almır,
bu reallıqdır. Bir şeyi də qeyd etməliyəm ki, tələbələrə verilən bu kreditlər üçün
əlavə faizlər nəzərdə tutulmamalıdır. Lakin təəssüflər olsun ki, fond tərəfindən
verilən bütün kreditlər faizlədir. Tələbədən faiz ummaq olmaz. Alınan kreditlər
yalnız onlar işlədikdən sonra geri qaytarılmalıdır”.
Şəbnəm
Mehdizadə