AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Təhsilin “qızıl məzunu” - Fotolar

Təhsilin “qızıl məzunu” - Fotolar

CəmiyyətGənclik qəzeti
03 Oktyabr 2020, 14:40 1604
Toğrul Qasımov: "Yeganə düşüncəmiz və əyləncəmiz təhsilimiz, dərslərə hazırlıqlı olmağımız idi”

Nazirlər Kabinetinin 2010-cu il 14 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq olunmuş "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən Azərbaycanda ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və ya gümüş nişanla təltif olunurlar. Təhsil naziri Emin Əmrullayev həm bu qaydanı, həm də 2019/2020-ci dərs ilində tam orta təhsil səviyyəsi üzrə aparılmış yekun attestasiyanın nəticələrini nəzərə alaraq, ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında sentyabrın 18-də əmr imzalayıb. Əmrə əsasən, ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl, 76 nəfər gümüş nişanla təltif olunub. Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın 8 məzunu da təltif olunanlar sırasındadır. Onlardan 7 nəfər – Kamal Yusifov, Toğrul Qasımov, Leyla Qəniyeva, Samirə Qəribova, Nəsibə Məmmədli, Murad Mustafazadə, Firəngiz Süleymanova qızıl, Aytac Əliyeva gümüş nişanla təltif olunub. Adları çəkilən gənclər bir sinifdə təhsil alıblar.
 


Təhsildə əldə edilən uğurlar

Hamımızın fəxri olan həmin gənclərdən birinin – Toğrul Nahid oğlu Qasımovun ailəsinin qonağı olub onun və doğmalarının sevincini bölüşdük, bu uğura qədər keçdiyi yol, çəkilən əziyyət, qarşıya qoyulan hədəflər barədə geniş söhbət etdik. Qeyd edək ki, T.Qasımov 2003-cü ildə anadan olub. 2009-cu ildən başlayaraq 39 saylı tam orta məktəbdə ibtidai təhsil alıb. 2013-cü ildən Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyada təhsilini davam etdirib. 2020-ci ildə gimnaziyanı əla qiymətlərlə bitirib, Dövlət İmtahan Mərkəzinin qəbul imtahanında iştirak edərək Azərbaycan Tibb Universitetinin stomatologiya ixtisasına qəbul olub. Buna qədər isə o, təhsildə bir çox uğurlara imza atıb. Belə ki, hələ 8-ci sinifdə oxuyarkən Sumqayıt Dövlət Universitetində kimya fənni üzrə keçirilən şəhər olimpiadasının qalibi olub. O, 9 və 10-cu siniflərdə oxuyarkən də bu uğurunu təkrarlayıb. Birinci yerin qalibi olaraq diplom və mükafatlarla təltif olunub. 9-cu sinifdə təhsil alarkən təmsil olunduğu məktəb komandası "Xəmsə” intellektual oyununda iştirak edib, ikinci yeri tutub. 10-cu sinif şagirdi olarkən kimya fənni üzrə Respublika Fənn Olimpiadasında üçüncü yeri tutub.
 


Olimpiadalar qalibi

T.Qasımov elə həmin il ölkə üzrə 15 minə yaxın şagirdin iştirak etdiyi müsabiqədə yüksək göstəricisi olan 30 şagird arasında 16-cı olub. Nəticə etibarilə Bakıdakı fizika-riyaziyyat-informatika təmayüllü liseyin kimya-biologiya-fizika fənləri üzrə hazırlıq qrupuna daxil olub. Bu hazırlıq qrupuna daxil olan şagirdlər Afrikada keçiriləcək Dünya Fənn Olimpiadasında ölkəmizi təmsil etmək hüququ qazanıblar. Lakin Toğrul bu hazırlıq qrupuna özünü sınamaq, biliyini daha da artırmaq üçün daxil olduğundan, Afrikaya getməkdən imtina edib. Həmsöhbətimiz cari ildə ölkəmizdə 10-11-ci siniflər arasında keçirilən kimya fənni üzrə Respublika Fənn Olimpiadasında finala qədər yüksəlib, sertifikata layiq görülüb. Orta təhsil aldığı müddətdə hər il davamlı şəkildə sinif əlaçısı olub. O, gimnaziyada ümumi orta təhsilini fərqlənmə (qırmızı), tam orta təhsilini isə xüsusi nümunəli (qızıl) attestatla bitirib. 
 

  
Hədər getməyən əziyyət 
 
Toğrul bizimlə söhbətində qeyd etdi ki, orta təhsil aldığı müddətdə diqqətini yalnız dərslərinə, həmçinin dərsdən əlavə bilgilər toplamağa, dünyagörüşünü və mütaliəsini davamlı olaraq genişləndirməyə yönəldib. O, orta təhsilini bitirənə qədər mobil telefona, o cümlədən smartfona maraq göstərmədiyini də dilə gətirdi: "Atam və anam ali təhsillidirlər. Onların övladı olaraq mən də ali təhsil almağı, gələcəkdə həyatda öz yerimi tapmağı, bilik və bacarığımla öz ayaqlarım üstündə durmağı, ölkəmə, Vətənimə faydalı insan olmağı qarşıma məqsəd qoymuşam. Ona görə də, orta məktəbdə, gimnaziyada oxuduğum illərdən məsuliyyətimi dərk edir, dərslərimə məsuliyyətlə yanaşır, daim çalışırdım. Baxmayaraq ki, gün ərzində dərs yükümüz çox olurdu, 6-7 saat dərs keçirdik, öz vaxtımı düzgün bölür, yorulmadan çalışır, dərslərimi hazırlayırdım. Şükür ki, çəkilən əziyyət hədər getmədi”.
 

 
"Şadam ki, onlar arasında mən də varam" 
 
Toğrul, valideynlərinin, doğmalarının onun üzərində olan haqqını qeyd etməklə yanaşı, müəllimlərinin zəhmətini də xüsusi vurğuladı. Bildirdi ki, əldə etdiyi biliklərə, nailiyyətlərə görə, gimnaziyanın direktoru Nizami Əhmədov, sinif rəhbəri Dilarə Şəfiyeva başda olmaqla, təhsil müəssisəsində ona dərs deyən bütün müəllimlərə borcludur: "Valideynlərim, doğmalarım, xüsusən də anam əziyyətimi çox çəkib. İlk övlad olduğum üçün hiss-həyəcanımı, demək olar ki, mənimlə birlikdə yaşayıb. Sevinirəm ki, onların ümidlərini doğrultmağı bacardım. Bundan başqa, müəllimlərimin də əməyini danmaq olmaz. Məhz onların tələbkarlığı sayəsində məsuliyyətimiz daha da artır, dərslərimizi yaxşı oxuyurduq. Dərsə daim hazırlıqlı olmağımızın mühüm bir səbəbi isə gimnaziyada ciddi nizam-intizamın olması, həmçinin bizim sinfimizdə sağlam rəqabət mühitinin mövcudluğu idi. Qabaqcıl sinif yoldaşlarımıza, yaxud bizdən əvvəlki məzunların uğurlarına sevinməklə bərabər, yaxşı mənada onlara qibtə edir, göstəricilərini üstələmək üçün sanki yarışa girirdik. Belə bir mühitdə oxumamaq, sinif yoldaşlarından geri qalmaq mümkün deyildi. Yeganə düşüncəmiz və əyləncəmiz təhsilimiz, dərslərimizə hazırlıqlı olmağımız idi. Ona görə də təhsil aldığım gimnaziyanın builki məzunları arasında 600-dən çox bal toplayanlar çoxdur. Gimnaziyanın bütün məzunları qəbul imtahanlarında yüksək bal toplayaraq müxtəlif ali təhsil ocaqlarının tələbəsi adını qazanıblar. Şadam ki, onlar arasında mən də varam”.
 


Ailənin sevinci

Bu yazını hazırlamaq üçün Toğrulun ailəsində qonaq olarkən anası Ülviyyə, babası Famil, nənəsi Fəridə də söhbətə tez-tez müdaxilələr edərək övladlarının, nəvələrinin uğurlarından fərəhlə danışırdılar. Nəvənin, övladın uğuru onun doğmalarına böyük sevinc bəxş etməklə yanaşı, böyükləri daha da qürurlandırmışdı. Ana yuxusuz gecələrinin, dualarının hədər getmədiyindən, övladı ilə bərabər yaşadığı mənəvi və psixoloji gərginliyin xoşbəxt sonluqla bitdiyindən çox məmnun idi. Babanın, nənənin sevinc və fərəh hissini sözlə tam ifadə etmək qeyri-mümkündür. Biz də ailənin sevincinə şərik olur, Toğrula və onun simasında tələbə adını qazanan bütün gənclərə yeni-yeni uğurlar, nailiyyətlər arzulayırıq.

Rufik İSMAYILOV