• cümə axşamı, 18 aprel, 16:44
  • Baku Bakı 22°C

Təhsildə kəmiyyət azalır, keyfiyyət artır

05.08.17 11:30 3815
Təhsildə kəmiyyət azalır, keyfiyyət artır
Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliyinə təqdim etdiyi ilkin məlumata əsasən, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri məlum olub. Təhsil NazirliyindənAPA-ya verilən xəbərə görə, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 70.797 nəfər iştirak edib. İmtahanlarda iştirak edən abituriyentlərin qruplar üzrə sayı I ixtisas qrupu üzrə 28.007,II ixtisas qrupu üzrə 19.858, III ixtisas qrupu üzrə 18.099, IV ixtisas qrupu üzrə 4.833 nəfər olub. Ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2017-2018-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir. Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı cari ildə 35.790 nəfər ( 50.6) faiz təşkil edib ki, bu da ötən illə müqayisədə 6.7 faiz, 2015-ci ildəki göstəricidən 10.6 faiz, 2014-cü ildəki göstəricidən 11.3 faiz artıqdır. 2016-cı ildə 200-dən yuxarı bal toplayanların sayı 34.475 nəfər, 2015-ci ildə 33.198 nəfər, 2014-cü ildə isə 32.159 nəfər təşkil edib. Bu il qəbul imtahanlarında 2464 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Son tədris ilində ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə keyfiyyət göstəriciləri də xeyli artıb. Belə ki, qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyənlərin sayı I ixtisas qrupu üzrə 6.6 faiz, II ixtisas qrupu üzrə 4.6 faiz, III ixtisas qrupu üzrə 7.8 faiz, IV ixtisas qrupu üzrə 10.9 faiz artıb. Statistik rəqəmlər müəyyən irəliləyişdən xəbər verir. Bəs görəsən, bu keyfiyyət artımının səbəbləri nə ilə bağlıdır?
Təhsil eksperti Əjdər Ağayev deyir ki, müxtəlif faktorların rolu var: "Əslində abituriyentlərin nəticələrinin keyfiyyət artımına müxtəlif amillər səbəb ola bilər. Əsas səbəblərdən biri kimi isə müəllimlərin diaqnostik imtahanla işə qəbul olması və onun verdiyi müsbət nəticə ola bilər. Çünki indiyə qədər müəllimlər dərsləri köhnə biliklərlə və ənənəvi qaydada keçirdilər. Diaqnostik imtahanların tətbiqi, bir tərəfdən müəllimlərin əmək haqqının artımına və məktəblərə rahat yerləşməsinə kömək edirsə, digər tərəfdən onların öz üzərində işləməsini təmin edir. Yəni bu imtahan müəllimlər üçün bir növ motivasiya olur. Nəticədə, müəllimlər öz dünyagörüşünü və biliklərini daha da artıraq, təlim prosesini yüksək səviyyədə aparır. Hər il hamımız ümumtəhsil məktəblərinin nəticələrinin zəif olmasından narazılıq edirik. Artıq bu istiqamətdə getdikcə müsbətə doğru irəliləyişlər hiss olunmaqdadır. Baxmayaraq ki, bu il 9-cu siniflərin buraxılış imtahanlarının nəticəsi olduqca zəif olsa da, ümumtəhsil orta məktəblərinin nəticələrində diqqət çəkən irəliləyişlər var. Düzdür, bu, tamamilə keyfiyyət dəyişimi demək deyil. Amma yenə də müəyyən qədər irəliləyiş hiss olunur və bu da keyfiyyət artımına təsir edən amillərdən hesab oluna bilər. Bununla yanaşı, sevindirici haldır ki, abituriyentlər artıq özləri öz üzərində sərbəst işləmək vərdişləri qazanıblar. Əvvəlki illərdən fərqli olaraq, abituriyentlər artıq getdikcə proqrama daha yaxından bələd olurlar. Həmçinin ayrı-ayrı repetitor hazırlığına gedən abituriyentlər də var. Abituriyent artıq müstəqil olaraq öz üzərində işləməyi bacarır. Məqsədi və niyyəti əla nəticə göstərmək olan şagird, öz qarşısına qoyduğu məqsədə özü çatır. Belə bir müsbət artım əlbəttə, sevindirici haldır. Düşünürəm ki, bu inkişaf artıq gələcəkdə özünü başqa sahələrdə də göstərəcək”.
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, imtahanların iki dəfə keçirilməsi keyfiyyət artımının əsas səbəblərindən biridir: "2017-2018-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanı artıq geridə qaldı. Lakin bu il əvvəlki illərdən fərqli olaraq, ilk dəfə ali məktəblərə qəbul imtahanı iki dəfə keçirildi. Bildiyiniz kimi, buna qədər abituriyentlər seçdikləri ixtisas üzrə yalnız bir dəfə imtahanda iştirak edirdilər. Keçmiş təcrübə göstərir ki, abituriyentlər bir imtahanda iştirak etdikdə, onların psixoloji və fiziki vəziyyəti, həmçinin hazırlıq səviyyəsi tam şəkildə olmadığına görə, bilik və bacarıqlarını tam ortaya qoya bilmirlər. Bu ildən etibarən ali məktəblərə qəbul imtahanının iki dəfə keçirilməsi nəticələrdə müsbət artımlara səbəb olan əsas səbəbdir. Əgər yazda və yayda keçirilən imtahan nəticələrini müqayisə etsək, görərik ki, 70 faizdən çox abituriyentin nəticəsi ikinci imtahanda daha yüksəkdir. Həmçinin, keçid balını toplayaraq ixtisas seçiminə buraxılan abituriyentlərin sayında da 10 faizə qədər artım var. Ümumilikdə, bu il qəbul imtahanında 70 mindən çox abituriyentin iştirak etdiyini nəzərə alsaq, 35 min abituriyent müsabiqə şərtlərini ödəyə bilib. Müsbət məqamlardan biri də keçid balını toplaya bilməyən abituriyentlərdə də azalmanın müşahidə olunmasıdr. Builki qəbul imtahanı son 25 illə müqayisədə rekord nəticələrlə yadda qaldı. İlk dəfə olaraq bu il 15 nəfər maksimum nəticə, yəni 700 bal toplayıb. Bundan başqa, 600-dən çox bal toplayanların sayında da əvvəlki illərə nisbətən xeyli artım var. Hesab edirəm ki, imtahanların iki dəfə keçirilməsi şagirdlərin öz bacarıqlarını tam şəkildə ifadə etməsi baxımından faydalıdır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər