• cümə, 19 Aprel, 08:34
  • Baku Bakı 13°C

“Təhsil siyasətimizdə müsbət mənada istifadə edilmək istəyirəm” – Xaricdə təhsil

16.09.14 11:38 3241
“Təhsil siyasətimizdə müsbət mənada istifadə edilmək istəyirəm” – Xaricdə təhsil
“İngiltərə ilə Azərbaycan arasında istər sosial həyat, istərsə də təhsil sistemindəki fərqlər yerlə-göy qədərdir. Orada yaşayarkən fərqinə vardım ki, biz öz akademik həyatımızla sosial həyatımızı ayıra bilmirik. Çünki bütün günü otaqda oturur, boş-boş işlərlə məşğul oluruq. İmtahan vaxtı gələndə isə gecə səhərə kimi yatmır, dərs oxuyuruq. Bu zaman nə sosial həyatımız olur, nə də akademik. Çünki işimiz bitdikdən sonra da günümüzü yatmaqla keçiririk. Amma ingilislər bizdən fərqli olaraq dostları ilə təşkil etdikləri ziyafətlərə də gedirdilər, dərslərini də oxuyurdular, yuxu rejimlərinə də diqqət edirdilər”.
Bu sözləri bizimlə söhbətində xarici universitetlərin təcrübəsindən istifadə edib bunu Azərbaycan təhsilində tətbiq etməyi qarşısına məqsəd qoyan həmyerlimiz Günay Fərzəliyeva dedi.
“Boş vaxtım olmurdu”
Müsahibimiz Azərbaycan Dillər Universitetinin tərcümə-ingilis dili fakültəsində bakalavr təhsili alıb. O, oxuduğu müddətdə ictimai fəal tələbə olub, müxtəlif təşkilatlarda, tədbirlərdə iştirak edib. Daha sonra könüllü şəkildə Bakı Təhsil Məlumat mərkəzində çalışıb. Bütün tələbələrə könüllü işləməyi məsləhət görən müsahibimiz deyir ki, universiteti bitirəndən burada işləyir: “2012-ci ildə universiteti bitirdikdə, artıq burada könüllü yox, rəsmi işçi kimi çalışdım. Mənim boş vaxtım demək olar ki, olmurdu. Hər dəqiqəmi dəyərləndirməyə, öyrənməyə sərf edirdim. Bundan əlavə “Yuva Humanitar Mərkəzi” ndə xarici təşkilatlarla əlaqələrin qurulması, sənədlərin göndərilməsi, layihələrin hazırlanmasını həyata keçirirdik. Bu işlərdə özüm iştirak etmək üçün daha çox təşəbbüs göstərirdim. Amerikada mübadilə proqramlarına qoşulur, kurslarda iştirak edirdim. Düşünürəm ki, insan tələbəlik illərinin dəyərini bilməli, daim öyrənməyə can atmalıdır”.
Günay bakalavr təhsilini başa vurduqdan sonra, uşaqlıqdan xəyalını qurduğu xaricdə magistr təhsili almağı qarşısına məqsəd qoyub və 2013-cü ildə xaricdə təhsil almaq üçün dövlət proqramına müraciət edib: “Təhsilimi tərcüməçilik ixtisası üzrə davam etdirmək istəmirdim. Bu sahəni xüsusi ixtisas kimi görmürəm. Çünki bu gün dil biliyi olan iqtisadçı belə tərcüməçi kimi çalışa bilir. Artıq bunun universitetini oxumağa ehtiyac yoxdur. Lakin dövlət proqramında belə bir qayda var ki, seçdiyin ixtisas ya bakalavrda oxuduğun sahəyə aid olmalı, ya da həmin ixtisas üzrə iş təcrübən olmalıdır. Çalışdığım yer Amerika təhsilini təbliğ edirdi. Təhsil haqqında kifayət qədər məlumatım olduğu üçün nazirliyə təhsil ixtisası üzrə müraciət etmək qərarına gəldim. Təhsil almaq üçün İngiltərənin Birmingham şəhərində yerləşən Birmingham Universitetini seçdim”.
“Ailəmə sürpriz etdim”
Günay düşünür ki, insan həqiqətən ürəkdən istədikdə və ona nail olmaq üçün çalışdıqda bunu əldə etməyə qadirdir. Onun sözlərinə görə, hər şey xəyal etdiyi kimi oldu: “2013-cü ildən başlayaraq həyatımda dönüş yarandı və bu dönüş hələ də həyatımı dəyişdirməyə davam edir. Uşaq vaxtı hər şey insana asan gəlir. O vaxtdan təkcə Oxfordun adını eşitmişdim deyə, həmişə deyirdim ki, Oxfordda təhsil alacam. Artıq universitetə daxil olduqda bunun mümkünsüz olduğuna inanrdım və həvəsim ölmüşdü. Çünki istər təhsil haqqı, istərsə də orada yaşayış bizim ölkə ilə müqayisədə qat-qat fərqlidir. Təqaüdü qazanacağıma əmin deyildim. Ona görə birinci il müraciət etmədim. Təhsil ixtisasının qəbul proqramına əlavə olunmasını şans kimi görürdüm. İşimin də buna çox böyük təsiri oldu. Təsəvvür edin ki, işdə hər şey təhsillə bağlıdır. Ətrafımdakı hər kəs təhsildən danışır. Bundan sonra məndə stimul yarandı. Dövlət proqramına müraciət etdim və təqaüdü qazandım”.
Günay deyir ki, İngiltərə universitetinə valideynlərindən xəbərsiz sənəd verib: “Universitetə qəbul olunmağımı ailəmə sürpriz etdim. Sürpriz etməyimdə məqsəd o idi ki, mən iş nəticələnəndən sonra deməyi xoşlayıram. Çünki istər-istəməz valideyn narahat olur, nəticələri öyrənmək üçün hər dəfə sual verir. Bu da məni həyəcanlandırır. Çox sual verəndə özüm də stressə düşürəm. Hər şeyi özüm həll etdim. Nəticə məlum olanda dedim ki, proqramdan keçmişəm, istəyirsinizsə, gedim təhsil alım. Ailəm çox normal qarşıladı. İkinci kursdan təşkilatlara, xaricdəki təlimlərə getdiyim üçün bu mənə daha rahat oldu. Məndəki həvəsi gördükdə heç bir problem yaratmadılar. Onlar mənə çox inanır. Əgər nəyi isə ürəkdən etmək istəyirəmsə, dəstək olurlar. Düşünürlər ki, mən xaricdə oxumaqla geri deyil, əksinə irəli addımlayacam”.
“İnsan özündən utanır”
Müsahibimiz deyir ki, avropalılar çox fərqlidir. Onlar sağlamlıqlarının qədrini bilir, özlərini əziyyətə salmırlar: “İngilislər bütün həyatlarını planlı şəkildə yaşayırlar. Təhsillərinə də, əyləncələrinə də, yuxu rejimlərinə də riayət edirlər. Kitabxanada ən gec saat 11- ə qədər otururdular. Bizim tələbələr isə bütün günü yatır, səhərə qədər də kitabxanada otururlar. Konkret olaraq 5-6-cı günlər avropalı tələbələrin “parti” günüdür. O vaxt heç kim yataqxanada olmur, kitabxanada isə ancaq Azərbaycandan və Asiya ölkələrindən olan tələbələr qalır”.
Xaricdə təhsil alan həmyerlimizi İngiltərədə ən çox təəccübləndirən nüans onların həyat tərzi olub. O deyir ki, bu ölkədə demək olar, bütün insanlar idmanla məşğul olur: “İdman onların olmazsa olmazlarındandır. Çölə çıxırsan, hamı qaçır, insan özü-özündən utanır. Mən bu həyat rejiminə o qədər öyrəşmişdim ki, universitetə 40 dəqiqəlik yolu piyada gedirdim. Onlar avtomobillərdən demək olar ki, istifadə etmirlər. Hamının velosipedi var. Bir gün İngiltərənin tələbə qəbulunun müdiri bizim universitetə gəlmişdi. Rəsmi geyimdə olan bir xanım başına kaskasını taxıb velosipedinə oturub evinə getdi. Bu mənə çox maraqlı gəldi. Şəhərin hər tərəfində velosipedləri park etmək üçün yerlər var. Hər dəfə məəttəl qalırdım ki, bunları oğurlayan yoxdur?”.
“Tələbənin yeməyi makarondur”
Yemək məsələsində gəldikdə isə, müsahibimiz deyir ki, bir semestr demək olar, ancaq makaron yeyib: “Bakıda ailəmlə yaşadığım üçün tələbə həyatına o qədər də bələd deyildim. Orada yaşayarkən fərqinə vardım ki, tələbənin yeməyi həqiqətən makarondur. Orada oxuduğum müddətdə ingilis yeməyi görməmişəm. Bilmirəm ingilis yeməyi necə olur. Çünki onların özləri belə öz yeməklərini yemirlər. Orada Çin, Meksika, Tailand yeməklərini xoşlayırlar. Mən də çalışırdım ki, milli mətbəximizə uyğun nə isə bişirim. Onu da deyim ki, Bakıda ailəmlə qaldığımdan heç vaxt yemək bişirməmişdim”.
“Amerika kəşf etdim”
İngiltərədə təhsil alan həmsöhbətimiz orada başına gələn bir maraqlı hadisəni də bizimlə bölüşdü. Belə ki, Günayı özünü “çoxbilmiş” kimi göstərməyi onu gülüş hədəfinə çevirib: “1-ci semestrdə bizə tapşırıq verilmişdi ki, öz ölkəmizin kontekstində təqdimat hazırlayaq. Mövzum geyim tərzi ilə bağlı idi. Mən də təqdimatımda qeyd etmək istəyirdim ki, bizim ölkədə bəzi özəl məktəblərdə qızlar da, oğlanlar da şalvar geyinir. İngilis dilində şalvarı ifadə edən iki söz var: “trousers” və “pants”. Birincini amerikanlar, ikincini isə ingilislər işlədir. Mən də öz aləmimdə el deyimi ilə desək, “Amerika kəşf etdim” və təqdimatımda bildirdim ki, bizdə oğlanlar və qızlar “pants” geyinir. Professor mənə dedi ki, bəs geyinməli deyillər ki? Mən onun nə demək istədiyini anlamadım və təqdimatıma davam etdim. Sonradan gördüm ki, hamı gülür. Mənə izah etdilər ki, pants amerikanlarda şalvar olduğu halda, ingilislər onu alt paltarı kimi də işlədirlər. Çox utanmışdım. O hadisə yadımdan çıxmır”.
“Istəmirəm oxuduğum hədər getsin”

Günay sonda gələcək planlarından da danışdı. Onun əsas hədəfi xaricdə öyrəndiklərimi ölkəmizdə tətbiq etməkdir: “Ölkəmdəki təhsil siyasətində iştirak etmək istəyirəm. Özümü tərcüməçi olaraq görmürəm. İstəmirəm təhsil sahəsində aldığım biliklər hədər getsin. Təhsil sahəsində müsbət mənada istifadə edilmək, universitetlərdə təhsil fakültələrinin yaradılmasında iştirak etmək istəyirəm. İngiltərədə təhsil haqqında oxuduğum müəyyən kitablar var ki, onlar Azərbaycan dilinə tərcümə edilməyib. Müəyyən kitabları tərcümə edərək təhsil siyasətinə mən də köməklik göstərmək istəyirəm”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər