• cümə, 29 Mart, 06:39
  • Baku Bakı 5°C

Təhsil sənət üçün nə dərəcədə önəmlidir?

07.06.16 14:04 3379
Təhsil sənət üçün nə dərəcədə önəmlidir?
Təhsil elə bir şeydir ki, olsa hörmətdir, olmasa zillət. Ali təhsil almaq hər kəsə lazımdır. Təhsilin olmamağı da qüsurlu deyil. Ancaq elə sənət növləri var ki, orada təhsil önəmli, hətta deyərdik ki, olmaması mümkünsüzdür. Bunlara ifaçılıq sənətini də aid etmək olar. Ancaq bu fikir heç də cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmır. Kimisi müğənniliyin fitri istedad olduğunu, kimisi də təhsilini almaqla nələrsə əldə etməyin mümkün olduğunu deyir.
Şou-biznesdə müğənnilər arasında xeyli sayda təhsil alanları da var, almayanları da. Ancaq bu elə bir ecazkar sənətdir ki, daima göz önündə olmalı, milyonlarla insanla təmas qurmalısan. Belə olan halda efirə, səhnəyə çıxan ifaçının danışığını bilməməyi, savadsız, səviyyəsi olmayan sözlər işlətməyi onu gülünc göstərir. O da sirr deyil ki, ölkənin indiki şou-biznes ulduzlarının çoxu məhz məşhurlaşandan sonra ali təhsil almaq barədə düşünürlər. Onların çoxu səs, səhnə standartlarına cavab vermədikləri ilə bağlı iradlara məhz sonradan əldə etdikləri bu diplomları əsas gətirərək "özlərinə oxumaq haqqı” qazandırırlar. Amma həqiqət həm də odur ki, məşhurların çoxu diplomu məhz "peşəkarlıq manipulyasiyası” üçün əldə edir. Əslində isə onların çoxu universitet auditoriyalarında əyləşib peşəkarların mühazirələrini dinləməyi "vaxt itkisi” hesab edirlər. Mövzu ilə bağlı sənət əhlinə müraciət etdik, onların fikirlərini öyrəndik.
Xalq artisti Mənsum İbrahimov bizimlə söhbətində məsələyə öz yanaşma tərzini sərgilədi. Bildirdi ki, muğam sənətinə yiyələnmək istəyən hər hansı ifaçı ilk növbədə təhsil alıb, bu peşənin incəliklərinə bələd olmalıdır: "Muğam sənətində təhsil çox böyük önəm daşıyır. Bu sənətin özəlliyi oxuduğu qəzəlləri dinləyicilərə doğru çatdırmaqdır. Belə ki, qəzəllərdə ərəb, fars sözləri var. Xanəndə heç olmasa əruzu bilməli, ifa etdiyi əsərdə məzmunu xırdalamağı bacarmalı, dinləyiciyə doğru çatdıra bilməlidir”.
Xalq artisti deyir ki, musiqi savadı əslində orta təhsildən başlayır: "Heç bir ifaçı təsadüfən muğam sənətinə düşə bilməz. Mütləq şəkildə təhsil olmalıdır. Nə qədər gözəl səsə malik olarsa-olsun, təhsilsiz mümkün deyil. Gözəl səsli ifaçı müəyyən qədər tanına bilsə də, ancaq çox uzağa gedə bilməz. Məktəbi olmayan insan xaric ifalar edir və bu da özünü büruzə verir. İfaçı qəzəli ifa etməyə başladığı ilk saniyədən onun nəyə qadir olduğunu bilmək mümkündür. Onun tələffüzündən aydın etmək olur ki, bu ifaçı nələrə qadirdir. Muğam o qədər çətin bir janrdır ki, təhsili olmayan o janrda ifa edə bilməz. Müvəqqəti tanınmaq, məşhurlaşmaq ola bilər, pul qazana bilər, ancaq bazası yoxdursa, çox uzağa gedə bilməz. Belə xanəndələr tez parıldadıqları kimi, tez də sönürlər”.
Əməkdar artist Zöhrə Abdullayeva mətbuata açıqlamasında bildirib ki, ifaçılıq sənətinə yiyələnmək üçün fitri istedada sahib olmaq şərtdir: "Quyunun dibinə su tökməklə quyu dolmur. Gərək onun içi dolu olsun. Müğənni var ki, təhsili yoxdur, ancaq gözəl səsi var. Səs onda Allah vergisidir. Ancaq təhsil də önəmlidir. Əgər gözəl səsli ifaçı yaxşı təhsil alıb, düzgün istiqamətləndirilsə, çox savadlı bir musiqiçi ortaya çıxar. Əgər mahnıya ürəyini, ruhunu verməsən, onda səndən gözəl ifaçı çıxmaz. Əgər ifaçının istedadı yoxdursa, 10 universitet bitirsən də, heç bir xeyri yoxdur. Bəzən tanınmış olmaqla, sənətkar olmağı qarışdırırlar. Onlar tamam başqa-başqa şeylərdir. Allah-təala hər kəsə də bu vergini vermir”.
İfaçı Roza Zərgərli isə bizimlə söhbətində bildirdi ki, hər bir insan öz işinin peşəkarı olmalıdır: "İnsanın peşəkar olması üçün öz sənətinin təhsilini alması vacibdir. 4 il texniki peşə məktəbində oxumuşam. Magistraturanı bitirmişəm. Rejissorluq üçün İncəsənət Universitetini bitirdim və ondan sonra magistr təhsili aldım. Hazırda sənətlərimi doktoranturaya hazırlayıram. Gözəl səsi olan ifaçılar o zaman peşəkar ola bilər ki, o, öz peşəsinin sahibi olsun. Gözəl səsi olsa da, təhsil yoxdursa, mən onu peşəkar hesab etmirəm. İfaçının səhnə mədəniyyətindən, danışığından, duruşundan bilirik ki, bu, təhsil alıb, yoxsa yox. Dünyada tanınmış ifaçılar var ki, onların təhsili yoxdur. Görün indi onların təhsili olsaydı, necə olardı?”
Gənc xanəndə İlahə İbadova da təhsil almağın tərəfdarıdır: "Bizim sənətdə təhsil çox önəmlidir. Mənim ilk müəllimim olan Əlibaba Məmmədovun bir sözü vardı, deyirdi ki, "ifaçı Bakıya gəlməyənə qədər xanəndə ola bilməz. Rayon xanəndələri Bakıya müəyyən festivallara gəlirlər, rayon ifaçıları ilə şəhər ifaçıları arasında yerlə-göy qədər fərq var”. Yəni musiqi məktəblərində peşəkar xanəndələrdən təhsil alan tələbələrlə heç bir məktəb görməyən tələbələr arasında çox fərq var. İşindən asılı olmayaraq, hansı işlə məşğul olursan-ol, onun incəliyinə varmayana qədər yaxşı sənətkar ola bilməzsən. Müğənnilik sənəti elə bir sənətdir ki, toylara gedərsən, tanınarsan, ancaq savadsız olarsan. Musiqi sahəsi təhsil, səbir, həvəs tələb edir. Hesab edirəm ki, gözəl səsi olan ifaçıya peşəkar demək düzgün deyil. Bəzi televiziya verilişlərini izləyirik. Görürük ki, nə qədər səsi olsa da, ancaq təhsili yoxdur. Təhsili olmayan ifaçı o dəqiqə hiss olunur. Dinləyəndə deyirik ki, heyf ki, səsi var, ancaq bisavaddır. Musiqi məktəbini bitirən şagirdlər deyirlər ki, oxumayanla oxuyan arasında çox fərq var. Akademiya tək xanəndəlik sənətindən təhsil vermir, notlarımızı bilirik, milli musiqi və Avropa musiqisi ilə tanış oluruq, bəstəkar mahnılarını tanıyırıq. Əvvəllər xanəndələr Asəf Zeynallını bitiriblər. O dövr üçün Asəf Zeynallı böyük bir məktəb idi. Həmin zaman təhsil almasaydılar, bu gün peşəkar ifaçı ola bilməzdilər. Birmənalı olaraq təhsilin tərəfdarıyam. Deyərdim ki, imkan daxilində hər kəs təhsil alsın, peşəkar olmaq üçün təhsil almalısan”.
Müğənni Əlikram Bayramov deyir ki, təhsil önəmlidir, ancaq səsi olan üçün: "O qədər əldəqayırma, yalançı müğənnilər var ki. Oxumaq savaddan, aldığın təhsildən irəli gəlmir. Birinci Allahın vergisi - səs olmalıdır. Əgər səs yoxdursa, təhsilə ehtiyac yoxdur. İncəsənət elə bir aləmdir ki, orada Allah vergisi olan səs vacibdir. Yoxsa başqa cür mümkün deyil. Əgər məktəb oxumaqla olsaydı, hamı gedib oxuyardı. Deməli, birinci istedad olmalıdır, sonra təhsil. İstedad olmadığı yerdə təhsilin mənası yoxdur. Təhsil olmadan peşəkar ifaçısı olmaq da mümkün deyil. Təhsil mütləq olmalıdır. Təhsili olmayan ifaçı çox savadsız oxuyur. Onun oxumağındansa oxumamağı yaxşıdır. Traktor sürücüsünün də səsi var. Bir dəfə toyda traktorçu ilə oxudum. Nə qədər qışqırsam da, səsim onun səsinə çatmadı. Amma bu o demək deyil ki, o, müğənnidir. Səsi var, təhsili yoxdur. Kəndə toya getmişdik, traktorçu gəldi necə qışqırdısa, hamı ona əl çalmağa başladı. Düşündüm ki, bunu niyə alqışlayırlar. Baxanda bilinir ki, bu, təhsilsizdir, ilk sözünə başlayanda bilinir. Təhsilli adam gendən bilinir. Bəziləri təhsil almır, yalandan deyir ki, Allahın vergisidir. Vaxtında oxumaq lazımdır. Adam tanıyıram ki, ölənə kimi oxuyub. Bu bir xəstəlikdir. 4-5 təhsil almaq nəyə lazımdır? Qaldı müğənnilərin oxumasına, onların öz problemidir. Heç kim onlara "oxuma” deyə bilməz”.
Gənc müğənni Leyla Ramazanlı da hesab edir ki, müğənni sənətinə tam yiyələnmək üçün ali savad almaq çox önəmlidir. İstər estrada müğənnisi olsun, istər xanəndə - solfeciyonu, musiqi tarixini, nəzəriyyəsini, ədəbiyyatını bilməlidir: "Bu sənətə gəlmək istəyənlər səhnə mədəniyyətindən, səhnə danışığından, rəqsdən mütləq məlumatlı olmalıdır. Amma təhsil nə qədər önəmli olsa da, bu gün Azərbaycan sənət aləmində təhsilsiz və məşhur olan ifaçılar var”.
Yuxarıda qeyd etdiyimiz kimi, dünyanın müxtəlif ölkələrində təhsili olmayan, ancaq kifayət qədər tanınan ifaçılar da çoxdur. Məsələn, qardaş ölkə Türkiyənin tanınmış simalarından Sibel Can orta məktəb oxumayıb. Maddi cəhətdən çətinlik çəkdiyi üçün 12 yaşında məktəb həyatına son qoyub. Və ya Kibariyə. Sənətə gələndən sonra oxumağı və yazmağı öyrənib. O bunu heç vaxt gizlətməyib. Müğənni Doğuş da orta məktəbi oxumayıb. Hülya Avşar isə yalnız orta məktəbi bitirib. Təhsilini davam etdirmək yerinə evlənib.
Dünyaca məşhur, hamının Ledi Qaqa adı ilə tanıdığı Stefani Coan Ancelina Cermanotta Manhettendə Müqəddəs Ürək qadın monastır məktəbinin şagirdi olub, lakin bir il keçməmiş, təhsilini atıb, çünki həmin dövrdə müğənni kimi fəaliyyət göstərməyə qərar verib.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər