• cümə, 19 Aprel, 17:06
  • Baku Bakı 25°C

Təhsil proqramları yüngülləşdirilir

04.03.17 12:00 1231
Təhsil proqramları yüngülləşdirilir
Təhsil Nazirliyi "Ümumi təhsil pilləsinin yeni dövlət standartları" layihəsini hazırlayıb. Bu barədə Trend-ə nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov məlumat verib. Layihənin təsdiqlənməsi üçün hökumətə təqdim ediləcəyini deyən A.Əhmədovun sözlərinə görə, mövcud standartlardan fərqli olaraq, yeni standartlar "artıq yük”lərdən azad edilib: "İndi proqramların ağırlığından şikayət edirlər. Haradasa haqlı, haradasa ədalətsiz cəhətlər də var. Amma deyilən hər bir məsələni nəzərə almaq lazımdır. Biz də mövcud standartlara ciddi şəkildə yenidən baxdıq və müəyyən mənada korreksiya etdik, onları artıq yükdən azad etdik. Proqram yazılışında ən vacib məsələ odur ki, uşağa lazımi məlumatları verəsən, lazım olmayan məsələləri oraya daxil etməyəsən. "Lazım olmayan məsələ" o demək deyil ki, o, ümumiyyətlə uşağa lazım deyil. Sadəcə olaraq, həmin mərhələdə lazım deyil. Çalışmaq lazımdır ki, uşaq əlavə məsələləri özü öyrənə bilsin”.
Təhsil proqramlarının düşüncə, təfəkkür üzərində qurulmasını olduqca vacib sayan A.Əhmədov əlavə edib ki, artıq yeni standartlar əsasında kurrikulumun hazırlanmasına başlanılıb. Qeyd edək ki, mövcud "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları” Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli qərarı ilə təsdiq edilib.
Bəs görəsən yeni layihədə hansı yeniliklər tətbiq olunacaq? Təhsil ekspertlərinin fikirlərini öyrəndik.
Təhsil eksperti, əməkdar müəllim Almaz Həsrət deyir ki, bu layihənin ilkin versiyası 2010-cu ildə Azərbaycan Respublikasında ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) (bundan sonra - dövlət standartları) "Təhsil haqqında" qanun əsasən hazırlanıb təsdiq olunub: "Dünyada, elm və texnologiyada baş verən sürətli dəyişikləri görürük. Bütün bunların axarında olduğumuzdan dəyişikliklər-yeniliklər gərəkdir. Bu axarla uzlaşmaq üçün təbii ki, təhsil məzmununun da dəyişilməsinə ehtiyac duyulur. Məhz bu dönəmdə təhsil məzmununda yeniliklər edilməlidir. Hazırda ümumtəhsil müəssisələrində reallaşdırılan standartlarımızda bəzən əlavə və çox da önəmli olmayan geniş məzmunun olduğunu iddia edən təhsil işçilərinin fikirləri də nəzərə alınıb. Əlavə və bol məlumatlı informasiya daşıyan mətnlərin düzəlişlərinin aparılması məqsədəmüvafiq hesab olunur. Buna görə də dövlət standartlarının yenilənməsi məsələsi yenidən aktuallaşdı. Yenilənmiş standartlarda hər keçiləcək fənn dəqiq və konkret fikirlərlə əsaslandırılır. Əsas təhsil pilləsindəki fəaliyyət istiqamətləri şagirdlərin yaş səviyyələrinə uyğun daha sadə şəkildə göstərilir. Yeni standartlarda öncədəkilərdə olduğu kimi, hər fənnin ən vacib xüsusiyyətlərinin mahiyyəti, onların tətbiqi, digər elmlərlə əlaqəsi, bacarıqlarının inkişafında fənnin aparıcı rolu haqqında məlumatların mənimsənilməsi, şagirdlərdə elmi dünyagörüşün formalaşması, tənqidi təfəkkürün inkişafı təmin olunur. Ancaq bütün bunların hazırlanmasında əlavə məlumatlardan çox istifadə olunmur. Onu da qeyd edim ki, bütün bu işlərin görülməsində sınaqdan uğurla keçmiş dünya təcrübəsindən də istifadə olunur”.
Təhsil eksperti Kamran Əsədovdeyir ki, Azərbaycan orta ümumtəhsil məktəblərində tədris olunan proqram olduqca ağır və akademik səviyyədədir. Müsahibim hesab edir ki, hazırkı proqram şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil: "Məsələn ibtidai siniflərdə bu gün 9 məcburi fənn tədris edilir. Amma qonşu ölkələrə, məsələn Gürcüstana, Rusiyaya baxsaq görərik ki, 5-6 fənn tədris edilir. Türkiyədə isə bu rəqəm 7-dir. Bizdə isə hətta azsaylı xalqların üstünlük təşkil etdiyi bəzi şimal və cənub rayonlarında, şagirdlərə əlavə olaraq öz dilləri də tədris olunur. Ümumilikdə, ibtidai sinif şagirdlərinə bu bölgələrdə 11 fənn tədris olunur. Dünya təcrübəsinə müraciət etsək, məsələn, Finlandiyada orta məktəblərdə gün ərzində 4-dən artıq fənn keçilmir. Dərslər arasında tənəffüs 75 dəqiqə davam edir. Biz də isə tənəffüsün müddəti 10 dəqiqədən artıq deyil ki, bu da şagirdlərin həddən artıq yüklənməsinə səbəb olur. O cümlədən, dərsliklər də həddindən artıq informasiya yükünə malikdir. Türkiyədə dərsliklər üzrə bir mütəxəssisin seminarında iştirak etdiyimiz zaman o, bizim orta məktəblərdə istifadə olunan dərsliklərdən bir nümunə götürdü. Həmin dərsliyi dünya təcrübəsinin düsturu əsasında analiz etdik. Dərslikdəki sözlərin sayı, informasiya yükü, şəkillər, tapşırıqların ümumi sayını hesabladıq və düstura əsasən nəticə alındı ki, bizim 10-11 yaşlı uşaqlar üçün nəzərdə tutulan dərsliyimiz əslində dünya səviyyəsində 27-28 yaşlı insanların yaş kateqoriyasına uyğun gəlir. Dərsliklərin ağırlıq yükü hədsiz dərəcədə çoxdur”.
Ekspert deyir ki, məhz bunun nəticəsidir ki, Azərbaycanda kütləvi şəkildə repetitor hazırlığına üstünlük verilir: "Dərsliklərdəki tapşırıqlar o qədər ağır və çətindir ki, məktəbli verilən tapşırığı yerinə yetirə bilmir və valideynə müraciət edir. Valideyn o tapşırığı ya özü edir, ya da tapşırığı bilmədiyindən məcbur olub əlavə müəllimə müraciət edir. Hər iki halda şagird materialı mənimsəyə bilmir. Təəssüflər olsun ki, bizdə yaxşı dərslik deyəndə informasiya yükü ağır olan dərslik başa düşülür. Qeyd edim ki, təkcə ibtidai siniflərin deyil, həm də yuxarı siniflərin dərsliklərində də xeyli problem var. Amerika, İngiltərə, Fransa kimi ölkələrin tarixi haqqında öz məktəblərində keçilməyən materialları biz orta məktəb şagirdlərimizə tədris edirik. Bu kitablar sanki orta məktəb üçün deyil, hansısa ölkənin magistr və ya digər akademik səviyyələri üçün yazılıb. Biz elə fikirləşirik ki, orta məktəbdə akademik səviyyədə insan yetişdirilməlidir. Bütün bilikləri şagirdə orta məktəbdə veriləcəksə, ali məktəbdə nə keçiləcək? Ali məktəblərdə keçilən proqrama baxsaq görərik ki, əksəriyyət orta məktəb materiallarının təkrarıdır. Uşaqlar ali məktəbdə smestr imtahanlarına orta məktəb vəsaitlərindən hazırlaşırlar”.
Ekspert yeni layihədən də söz açdı: "Dərsliklər sadə anlaşıqlı olmalı, kiçik informasiyalar verilməlidir. Biz kurrikulum sisteminə keçmişik. Amma təəssüflər olsun ki, 9-cu sinfə kimi yazılan kurrikulum dərsliklərində eyni akademik səviyyə və ağırlıq səviyyəsi saxlanılıb. Sadəcə, müəyyən dəyişikliklər həyata keçirilib. Köhnə təlim strategiyasını yazanlar yeni layihədə də iştirak edəcəklərsə, o zaman yeni nələrsə gözləmək olmaz. Bu dərsliklər yazılarkən dünya təcrübəsinə müraciət edilməlidir. Düşünürəm ki, bu işə beynəlxalq təhsil strategiyasından xəbərdar olan mütəxəssislər cəlb olunmalıdır. Bunun əsasında isə dərsliklər sadələşdirilməlidir. Şagirdimizi bezdirməli deyilik. Onsuz da məktəblilər kifayət qədər informasiya yükü ilə yüklənib. Balansı qorumaq lazımdır. Tədris yükünün yüngülləşdirilməsi uşaqları həm də psixoloji gərginlikdən xilas edəcək. Hesab edirəm ki, layihə ciddi şəkildə işlənməli və təhsil standartları sadələşdirilməlidir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər