AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

«Təhsil ocağının başında duran özü rüşvət almamalıdır» müsahibə

«Təhsil ocağının başında duran özü rüşvət almamalıdır» müsahibə

Müsahibə
12 Fevral 2013, 09:55 2883
«Təhsil sahəsində problemlər nədən yaranır?», «Təhsilin səviyyəsini necə yüksəltməli?», «Mükəmməl təhsil sisteminə necə nail olmalı?», «Təhsildə mənfi halları necə aradan qaldırmalı?» - bu kimi suallar üzrə çox danışılsa da problemi həll edəcək cavablar hələ də tapılmayıb.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlının “Kaspi”yə müsahibəsi də təhsilimizin bugünkü vəziyyəti ilə bağlıdır.

Əgər kifayət olsaydı...

- Bu gün ölkənin təhsil sahəsində yaranan əsas problemlər nədən ibarətdir?
- Şübhəsiz ki, problemlər çoxdur. Çünki təhsil o qədər çoxşaxəli, çoxəhatəli və mürəkkəb bir prosesdir ki, onu hər tərəfdən qeyri-adi dərəcədə düzgün tənzimləmək mümkün olmur. Ümumiyyətlə, təhsil sistemi ilə bağlı dünyanın ən yaxşı təhsili olan bütün ölkələrdə bir şikayət var. İstəyirlər ki, təhsil daha gözəl olsun. Çünki təhsil cəmiyyətin əsasıdır, canıdır. Amma bizdə mövcud olan nöqsanlar ölkənin keçdiyi yola bağlıdır. Azərbaycan və ona bənzər keçmiş sovet respublikalarında problemlər bir-birinə bənzərdir. Birində problemlər daha qabarıqdır, birində islahatlar daha çox olub, amma problemlər bir-birinə bənzəyir. Bunlardan biri heç şübhəsiz, təhsildə keyfiyyətin ciddi surətdə aşağı düşməsidir. Düzdür, obyektivlik xətrinə demək lazımdır ki, müəyyən dəyişikliklər var. Amma ümumiyyətlə, Sovet İttifaqı dağılandan sonra və ya həmin ərəfədə iqtisadi böhran hər tərəfə, o cümlədən təhsilə də təsir etdi. Çünki iqtisadi, texnoloji zəiflik, siyasi hərc-mərclik – bunların hamısı təhsilə həm maddi, həm mənəvi, həm də təşkilati baxımdan birbaşa təsir edirdi. Həm orta, həm də ali məktəblərdə həm müəllimlər, həm də innovasiyalar baxımından irəliləmələr yox idi. Çünki sovet dövründə irəliləyişin əsas səbəblərindən biri təhsilin keyfiyyətinin yaxşı olması idi. Amma o dövrdə də ideologiyadan gələn məhdudiyyətlər var idi. Məsələn, informasiya-kommunikasiya texnologiyalarında sovetlər geri idi. Yaxşı bir kompyuter və ya nəqliyyat sferasında kiçik bir normal maşın istehsal edə bilmədilər. Eləcə də genetika, biotexnologiya kimi aparıcı sahələrdə geri qaldılar. Elmdə və texnologiya sahəsindəki gerilik təhsildə özünü göstərir. Bütün bunların nəticəsi olaraq ümumi keyfiyyət aşağı düşdü. Digər tərəfdən, iqtisadi çətinliklər, ümumi keyfiyyətin, mənəvi cəhətdən məsuliyyətin aşağı düşməsi təhsildə korrupsiyanı və tapşırıq sistemini qeyri-adi dərəcədə inkişaf etdirdi. Demək olar ki, bu, az qala idarə üsuluna çevrildi. Yəni biri iş görəndə digərinə tapşırmalı, ya da pul verməlidir. Bunlar sovet dövründə var idi. Hərc-mərclik dövründə isə bunların qarşısını almaq mümkün olmadı. Mən korrupsiyanın və tapşırıq sisteminin həddən artıq geniş yayılmasını mühüm problem hesab edirəm. Bunlardan doğan bir problem də dünya təhsil sistemi ilə əlaqə çox zəif olması idi. Moskvadan məhrum olandan sonra «Biz hardan öyrənməliyik?» sualı yarandı. Bir növ əyalətçilik əmələ gəldi. Yəni özümüz öz qazanımızda qaynamağa başladıq. Bu da mənfi bir hal ola bilər.
Əlbəttə, son illər müəyyən pozitiv dəyişmələr var. Yəni problem heç də 1995 və ya 1998-ci illərdə olduğu kimi deyil. O vaxtdan orta və ali təhsildə müəyyən dəyişikliklər baş verib. Ancaq bu, qəti surətdə kifayət deyil. Əgər kifayət olsaydı, heç təhsil problemləri ilə bağlı müşavirələr də keçirilməzdi. Bu cür müşavirələr dövri olaraq keçirilir. Ancaq təəssüf ki, bunun çox böyük effekti olmur!

Orta məktəblərin bədbəxtçiliyi

- Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış imtahanlarının nəticələrini təhlil edərkən 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlərin, hətta oxumaq və yazmağı bacarmayanların olduğunu aşkarlayıb. Bu problemi kimin ayağına yazmaq olar?
- Əgər təhsildə ciddi islahatlar etmək, keyfiyyətə nail olmaq istəyiriksə, bunu orta məktəblərdən əldə etmək lazımdır. Çünki hamı orta məktəbdə oxuyur. Yəni adamı vətəndaş edən, ona savad verən orta məktəbdir. Ali məktəb ixtisas verir. Ali məktəbə də şagirdlərin bir hissəsi gəlir. Orta məktəbdə insan təxminən necə formalaşırsa, sonrakı həyat yolu ali məktəbdə də ona bənzər şəkildə davam edir. Məncə orta məktəblərin fəaliyyətinə qeyri-adi dərəcədə ciddi nəzarət olmalıdır. İndicə sadaladığım səbəblər orta məktəblərin zəif olmasının da səbəbləridir. Əvvəllər orta məktəblərin funksiyası bütün fənlər üzrə şagirdlərin minimum biliyini təmin etmək idi, yəni şagird minimum biliyi olmadan orta məktəbi bitirməsin. İndi tələbə qəbulu elə sistemlə aparılır ki, orta məktəbin hazırladığı şagirdə verilən tələblər dəyişilir. Orta məktəbin yetişdirəcəyi şagird çox gözəl yazmalıdır, ciddi surətdə təhlil aparmağı bacarmalıdır, ancaq bunlar ali məktəbə qəbulda yoxlanılmır. Ali məktəbə qəbul yalnız test yazmaqla həll edilir. Test yazmaq da bir texnikadır. Ola bilər ki, şagird predmeti öz-özünə yaxşı öyrənəsən və testi «orta» yazsın. O da ola bilər ki, o, predmeti axıra qədər öyrənməsin, repetitor onu hazırlasın və yuxarı bal toplasın. Bunu bildikləri üçün valideynlər və şagirdlər orta məktəbdə ciddi oxumaq əvəzinə repetitorla hazırlaşmağa üstünlük verirlər. Uşaqların çox böyük hissəsi, hətta, ən kasıb ailələr uşaqlarını bir neçə fəndən repetitorla hazırlamağa çalışırlar. Bu, orta məktəblərin bədbəxtçiliyidir. Tamam tərsinə olmalıdır, yəni orta məktəb nə bilik verirsə, o yoxlanılmalıdır. PISA - ümumdünya dəyərləndirməsi bütün ölkələrdə orta məktəb uşaqlarının fənləri necə bilməsini müəyyən edir. Bu dəyərləndirmə üzrə Azərbaycan axırıncı yerlərə yaxındır. Elə bunu Məleykə xanım da hər gün göstərir. Ancaq bunun səbəbi nədir? Çünki oxuyub təhlil etməyi biz qəbul imtahanında yoxlamırıq. Qəbul imtahanları qeyri-adi dərəcədə birtərəflidir.

Əlçatmaz təhsil

- ABŞ və ya Avropa təcrübəsində necədir: orta və ali məktəblərə qəbul hansı qaydalar üzrə keçirilir?
- Avropa və Amerika təcrübəsində ali məktəbə qəbul zamanı şagirdin fəaliyyətini çoxşaxəli şəkildə öyrənirlər. Birinci, şagird son iki ildə orta məktəbdə necə oxuyub. Əgər bu şərt varsa, şagird də son iki ildə məktəbdə yaxşı oxumağa məcburdur. Bu, mühüm parametrdir. Bizdə bu, soruşulmur. İkinci, şagirdlə üz-üzə müsahibə edirlər. Yalnız bu söhbət zamanı qarşındakı adamın düşüncə, təhlil qabiliyyəti, özünü təqdim etməsi, verilən suallara cavab verməsi, çoxəhatəliliyi, zəif cəhətləri və s. üzə çıxır. Üçüncüsü, mütləq şagirdə esse yazdıraraq onun adi söhbət zamanı deyə bilmədikləri ilə tanış olur və yazı savadını yoxlayırlar. Nəhayət, şagirdin orta məktəbdən savayı hansı fəaliyyətinin olduğunu öyrənirlər. Məsələn, onun yaxşı musiqi, rəsm qabiliyyəti, idman göstəriciləri və ya ictimai fəaliyyəti ola bilər. Bütün bunlar həmin şəxsiyyət haqqında ətraflı təsəvvür verir. Bəziləri test imtahanının nəticələrini də istəyir. Bütün bunların nəticəsində qərar qəbul olunur. Qərbdə abituriyentin yaxşı basketbolçu və ya şahmatçı olması qəbulda rol oynayır. Bu, insanın bir çox sahələrdə qabiliyyətini göstərir. Nəyə görə bunları nəzərdə tutmayasan? Çünki sən bütövlükdə insanı yoxlayırsan. Ancaq bunlar bizim qəbul sistemimizdə yoxdur. Qərbdə proses bu qaydada həyata keçirildiyindən orada tələbələri çox layiqli seçirlər. Üstəlik də faktiki olaraq kim istəyirsə, ali təhsil ala bilir. Artıq Qərbi Avropa, Amerika, Yaponiya, Koreyada, hətta, Çində ali təhsil almaq istəyən adamın qarşısında durmurlar. Ali təhsil almaq istəyən adam haradasa özünə yer tapır. Bizdə ali təhsil əlçatan deyil. Əlçatanlıq faizi təxminən 20 faizdir. Yəni 5 adamdan biri ali təhsil ala bilir. Amma dünyada indi elə bir meyl var ki, necə ki, əvvəllər orta təhsili olmayan adam həyatda özünə yer tapa bilməzdi, indi inkişaf etmiş ölkələrdə orta məktəb təhsili haradasa gedib işləməyə kömək eləmir, yəni mütləq ali təhsil almalısan. İnkişaf etmiş ölkələrdə ali təhsil icbari deyil, amma dövlət çalışır ki, hamı ali təhsil alsın. Həmin ölkələrdə ali təhsilə çıxış 80 faiz əlçatandır və onlar bunu 100 faizə çatdırmağa çalışırlar. İstəyirlər ki, hamı ali təhsil alsın və bunun heç kəsə ziyanı yoxdur. Yəni orta məktəbdə zəif oxuyan bir uşaq özünə uyğun ali məktəb taparsa, bu, onu inkişaf etdirəcək. Biz isə testlə seçirik. Orta məktəbin özündə və orta məktəbdən ali məktəbə keçiddə nöqsanlar var. Təbii ki, ali məktəblərin də öz nöqsanları var.

Nə qədər ki, rüşvət və tapşırıq sistemi var...

- Xarici ölkələrdə də repetitorluğa kütləvi axın var?
- Ümumiyyətlə, repetitorluq dünyada müxtəlif sahələrdə mövcuddur. Ancaq inkişaf etmiş ölkələrdə repetitorluq azdır. O yerdə repetitorluq çoxdur ki, orada mərkəzi imtahan, mərkəzi test sistemi var. Repetitorluğu doğuran əsasən mərkəzi test sistemidir. Problemlər sistemin düzgün qurulmamasından yaranır.
- Bəs təhsildə korrupsiya halları nədən yaranır?
- Ümumiyyətlə, ölkədə başqa sferalarda - idarəetmə sistemində, hökumət sistemində korrupsiya var və bununla çox ciddi mübarizə aparılmır. Məncə hökumət istəsə, məsələn, təhsil sistemində korrupsiyanın qabağı çox ciddi şəkildə alına bilər. Heç inkişaf etmiş ölkələrdən misal gətirmirəm. Sadəcə, götürək qonşu İranı və Türkiyəni. Bu ölkələrdə korrupsiya, rüşvət varmı? Müxtəlif sferalarda var. Bəs təhsildə korrupsiya varmı? Nə İranın, nə də Türkiyənin nə orta, nə də ali məktəb sistemində qəti surətdə korrupsiya halları yoxdur. Deməli, dünyanın çox da qabaqcıl olmayan ölkəsində də təhsildə korrupsiyadan tam azad olmaq olar. Çünki o dövlətlərin də öz dövlətçilik ənənəsi var. Təhsil onlar üçün xüsusi sahədir. Burada kimsə rüşvət alsa onun karyerası məhv olar və cəmiyyətdə nüfuzdan düşər. Həmin ölkələrin bu məsələyə yanaşması o qədər ciddi olub ki, bu kimi hallara heç kim yol verə bilməz. Biz sözdə deyirik, işdə ona əməl etmirik. Müxtəlif sahələrdə olan korrupsiya təhsil sisteminə də daxil olur.
- Hər hansı orta və ya ali məktəbdə korrupsiyanın olmaması üçün nədən başlamaq lazımdır?
- Həmin təhsil ocağının başında duran birinci adamın özü rüşvət almamalıdır. Nəinki almamalıdır, o bunu ağlına da gətirməməlidir. O elə bir mühit yaratmalıdır ki, ümumiyyətlə, bu, mümkün olmasın. İnsanlar rüşvət almaq istəməsinlər. İstəsələr də mümkün olmasın. Burada qeyri-adi dərəcədə ciddi yanaşma olmalıdır. Rüşvət təkcə o deyil ki, pul verib iş görəsən. Hər hansı bir uşağa tapşırıqla qiymət vermək özü də korrupsiyadır. Bu, ədalətin pozulmasıdır. Bu, virus kimi bir şeydir – damcı boyda ora düşsə o, mütləq böyüyür, canına hopar. Yalnız «bir faiz rüşvət var» anlayışı yoxdur. Ya yüz faiz təmiz olmalıdır, ya da dediyim «bir az» böyüyüb qeyri-adi olacaq. Əgər orada təhsil ocağının başçısının övladı oxuyursa, o uşağa başqa cür baxılsa, orada tapşırıq da olacaq, rüşvət də. Dediyim ölkələrdə sistem elə qurulub ki, orada heç nə eləmək mümkün deyil. Siz inanın, mən bu universitetdə bir nəfər tələbənin də qiymətini düzəltmək iqtidarında deyiləm. Mən sistemi belə qurmuşam. Əgər sistemi “özümə əl yeri axtarım”- deyə qursam, onda o, sistem olmaz, parçalanar. Burda tapşırmaq yoxdur - bacarırsan oxu, bacarmırsan oxuma. Sən kimin övladı olmağından asılı olmayaraq imtahanı verməlisən. Lənkərandan gələn kasıb bir tələbə ilə sənin heç bir fərqin yoxdur. Məsələ bu cür qoyulmasa, mümkün deyil. Təəssüf ki, məktəb direktorlarının böyük əksəriyyəti belə deyil. Yəqin ali məktəblərdə rektorlar da bu cür deyil. Təhsilin məqsədi vətəndaşların yetişməsi üçün onlara bərabər imkanlar yaratmaqdır. Amma rüşvət bərabər imkanları məhv etməkdir. Rüşvətlə, tapşırıqla təhsilin missiyaları bir-birindən fərqlidir. Bunlar bir yerdə mümkün ola bilməz. Nə qədər ki, rüşvət və tapşırıq sistemi aradan qaldırılmayacaq, keyfiyyətdən danışmaq mümkün olmayacaq.
- Həmçinin dekanlıqların məsuliyyətinin artırılması və şəffaflığın təmin olunması ilə bağlı da məsələ gündəmə gəlib. Sizcə danışdığımız korrupsiya mövzusundan həmin ştatlara da qınaq düşürmü?

Təranə Məhərrəmova

(davamı növbəti sayımızda)