AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Təhsil krediti arzusu

Təhsil krediti arzusu

İqtisadiyyat
15 Mart 2013, 13:22 2056
Azərbaycan Universitetinin ödənişli fakültəsində təhsil alan Röya təhsil haqqını ödəməkdə çətinlik çəkir. Bağlanmış müqaviləyə əsasən, təhsil haqqını iki hissəyə bölüb verməli olan tələbənin valideynləri bu məsələdə xeyli zor duruma düşüblər. Röyanın illik təhsil haqqı 2700 manatdır. Bu isə o deməkdir ki, tədris ilinin əvvəlində və ortasında 1350 manat ödənməlidir. Lakin bu, tək Azərbaycan Universiteti üçün xarakterik hal deyil, ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələri eyni mexanizmi tətbiq edirlər. Övladı tələbə olan əksər valideynlər isə bu mexanizmdən çətinlik çəkirlər və üzlərini bir çox bankların təklif etdiyi təhsil kreditlərinə tuturlar. Qeyd edək ki, son illər Azərbaycanda ayrı-ayrı banklar bu kredit məhsulunu tətbiq edir. Bəzi bankların təklif etdiyi təhsil kreditlərinin müddəti çox qısa, cəmi 1 il, faiz dərəcəsi isə çox yüksək - 26% təşkil edir. Lakin Mərkəzi Bankın bu günlərdə açıqladığı rəqəmlərə əsasən, kredit faizləri daha yüksəkdir.

Belə ki, qurum ölkənin kommersiya banklarından bütün kreditlər üzrə faktiki illik faiz dərəcəsinin (FİFD) hesablanmasını və kredit müqavilələrində, bütün reklam vəsaitlərində, aparılan reklam kampaniyalarında, internet resurslarında açıqlanmasını tələb edib. Artıq bir sıra banklar FİFD-i - kreditin əsas məbləği üzrə ödənişləri, kredit üzrə faizləri, kreditə görə komissiya haqqını, kredit hesabının açılması və aparılması (xidmət olunması) ilə bağlı xərcləri, o cümlədən kreditin nağdlaşdırılması xərclərini, təminatın (girovun) saxlanılması ilə bağlı xərcləri (tətbiq olunduqda), müqavilədə əks olunmuş sığorta və təminatın qiymətləndirilməsi xərclərini (tətbiq olunduqda və belə xidmətlər bankın müəyyən etdiyi şəxslər tərəfindən həyata keçirildikdə), hər bir fərdi kredit üzrə bankın tətbiq etdiyi digər inzibati xərclər kimi bütün xərc və ödənişləri açıqlamağa başlayıb və bəzilərində bu göstərici kredit növündən və müddətindən asılı olaraq illik 40%, 50%, hətta 60%-dən yüksəkdir. Yəni övladının təhsil haqqını ödəmək üçün bankdan 2700 manat kredit götürən valideyn bir il ərzində minimum həmin məbləğin 40 faizi – təxminən 1100 manat həcmində artıq pul ödəməlidir. Bu isə 4 ildə 4400 manat artıq pul deməkdir. Üstəlik, həmin krediti almaqdan ötrü ödəniş qabiliyyətli fiziki şəxsin zaminliyi tələb olunur. Ümumiyyətlə, bu cür kreditlərin şərtləri çox ağır olduğundan, aztəminatlı təbəqələr üçün əlçatan deyil və bir sıra hallarda isə belə yüksək faizlə kredit alanlar onu ödəyə bilmirlər. Röyanın valideynləri isə ümid edirlər ki, təhsil kreditləri ilə bağlı bir qərarın verilməsi onların da vəziyyətdən çıxmasına şərait yaradacaq.

“Təhsil kreditləri haqqında” qanunun qəbuluna ehtiyac var

Mütəxəssislərə görə, təhsil kreditləri haqqında müvafiq qanunun qəbul edilməsi və işlək mexanizm formalaşdırmaqla onun sistemli şəkildə həyata keçirilməsi obyektiv zərurətə çevrilib. Qeyd edək ki, artıq bu qanun layihəsi Milli Məclisə təqdim olunub. “Təhsil kreditləri haqqında Azərbaycan Respublikası Qanunu” layihəsinin müəllifləri parlamentin İqtisadi siyasət komitəsinin üzvləri Əli Məsimli və Vahid Əhmədovdur. Layihə İqtisadi siyasət komitəsində aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirə olunub. Bu qanun qəbul olunarsa, ödənişli təhsil alan tələbələrə güzəştli kreditlər veriləcək. Lakin iqtisadçı ekspert Qubad İbadoğlu APA-ya açıqlamasında ölkədə bu qanunun tətbiqinin böyük risk olduğunu vurğulayıb. O, ən böyük riskin Azərbaycanda təhsil sistemi ilə əmək bazarı arasında birbaşa əlaqənin olmamasında görür. Q.İbadoğlu bu kreditlərin verilməsində ən böyük çətinliyin isə tələbələrin universiteti bitirdikdən sonra təyinat almaması olduğunu düşünür.

Bu layihənin ötən ildən Milli Məclisdə müzakirə olunduğunu deyən parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev isə hesab edir ki, bununla bağlı ayrıca qanun qəbul edilməsinə ehtiyac yoxdur: “Bu məsələ “Təhsil haqqında” qanunda yer alıb. Həmin qanunda müvafiq maddələrə bəzi dəyişikliklər etməklə bu məsələni həll etmək olar”.

“Təhsil kreditləri haqqında Azərbaycan Respublikası Qanunu” layihəsinin müəllifi Ə.Məsimlinin sözlərinə görə, layihədə təhsil kreditləri üzrə bütün şərtlər aydın əksini tapıb: “Bir sıra ölkələrdə banklar təhsil haqqını tam, digərləri isə qismən ödəyir. Bu qanun layihəsində göstərilir ki, təhsil kreditlərinin məbləği borcalanın birbaşa təhsil haqqının və təhsillə bağlı digər xərclərinin tam ödənilməsi üçün yetərli olmalıdır. Təhsil kreditlərinin birbaşa təhsillə bağlı hissəsinin illik məbləği borcalanın əsas təhsil xərcləri məbləğindən, əlaqədar təhsil xərclərinin məbləği isə orta aylıq kirayə xərcləri və hər il Milli Məclis tərəfindən təsdiq olunan yaşayış minimumunun 2 misli, yəni 2012-ci ildə qüvvədə olan 108 manatın 2 misli kimi 216 manat səviyyəsində ola bilər.

Qanun layihəsinin tələblərinə görə, kommersiya xarakterli təhsil kreditləri maksimum 5 faiz dərəcəsi ilə verilməlidir. Bu faiz dərəcəsi həm postsovet məkanına aid ölkələrin daha çox tətbiq etdiyi dərəcədən xeyli aşağı, həm inkişaf etmiş ölkələrin (ABŞ-da 4-8%, Böyük Britaniya və İsveçdə - inflyasiyaya uyğun səviyyədə) tətbiq etdiyi orta statistik göstəriciyə yaxın, həm də MDB məkanında, məsələn, Rusiyanın Əmanət Bankı tərəfindən güzəştlə verilən təhsil kreditləri faizi (5,06%) dərəcəsinə, xüsusən də Azərbaycanda sahibkarlara verilən güzəştli kreditlərin faiz dərəcəsinə (6%) uyğundur. Sosial xarakterli təhsil kreditlərinə görə isə faiz tutulmaması təklif olunur. Bu prinsip Almaniya və bir sıra digər ölkələrdə də tətbiq olunur. Müzakirələrdən sonra faiz məsələsində optimal variant tapılması istiqamətində təkliflər üzərində iş aparırıq”.

Təhsil Kreditləri Fondu yaradılmalıdır

Layihədə təhsil kreditlərinin iki variantda – Təhsil Kreditləri Fondu və müvəkkil banklar vasitəsilə verilməsi nəzərdə tutulur. Hər iki variantda kreditin verilmə və qaytarılma mexanizmi eynidir. Təhsil kreditlərinin qaytarılması müddəti hər bir ölkənin spesifikliyindən və digər şərtlərdən asılı olaraq müxtəlifdir. Praktikada 7 ildən (Moldova) 10 ilə qədər (Almaniya, Latviya) müddət daha çox tətbiq olunur. Krediti 15 ilə (Qazaxıstan) və 10-30 ilə (ABŞ) qədər müddətə verən ölkələr də var. Ə.Məsimlinin sözlərinə görə, Azərbaycanda orta əmək haqqı ilə təhsil haqqı arasında böyük fərqin hələ xeyli müddət qalacağı, Azərbaycan gənclərinin xeyli hissəsinin mənzil probleminin olduğu və sair bu kimi amillər nəzərə alınaraq, layihədə təhsil kreditlərini qaytarmağın Azərbaycan gənci, gənc ailələr üçün əlavə ağır yükə çevrilməməsi variantına üstünlük verilib. Belə ki, həm kommersiya, həm də sosial xarakterli təhsil kreditlərinin 20 ildən çox olmayan müddətdə qaytarılması nəzərdə tutulur: “Layihədə bir sıra güzəştli məqamlar da əksini tapıb. Belə ki, təhsil krediti alan şəxs müvəkkil bankdan aldığı krediti və ona hesablanmış faizi təhsil müddəti bitdikdən sonra 2 il möhlət verilməklə, təhsil kreditləri müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarır. Kreditin qaytarılmağa başlanıldığı birinci il ərzində onun aylıq məbləği borc alanın məcmu aylıq gəlirinin 20 faizindən çox ola bilməz. Borcalan şəxs hərbi xidmətdə olduğu müddətdə aldığı krediti və ona hesablanmış faizi ödəməkdən azad edilir. Bundan ötrü borcalan hərbi xidmətdə olması faktını təsdiq edən sənədi müvəkkil banka təqdim etməlidir. Borcalan analıq məzuniyyətində, akademik məzuniyyətdə olduğu və ağır xəstə olduğu təsdiq edildiyi müddətdə ona kredit ödənilməsində əlavə möhlət verilir. Bütün bunlarla yanaşı, layihədə təklif olunur ki, təhsil kreditlərini borcalanın əvəzinə, mülkiyyət formasından asılı olmayaraq, onun işlədiyi müəssisə və təşkilat da qaytara bilər”.

Təhsil kreditlərinə dövlət dəstəyi də ola bilər

Qanun layihəsində təhsil kreditləri alana hazırda bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda tətbiq edildiyi kimi, üçüncü şəxsin zəmanəti nəzərdə tutulmur. Əsas zəmanət borcalanın təhsili başa vurduqdan sonra işə başlayarkən alacağı gələcək əmək haqqı və təbii ki, təhsildə əla nəticələrdir ki, bu zaman dövlətin tətbiq etdiyi güzəştlər işə düşür: “Ona görə də layihədə təhsil kreditlərinə dövlət dəstəyi məsələlərinə də geniş yer verilib. Təhsil kreditlərinə dövlət dəstəyinin bu məqsədlə büdcədə nəzərdə tutulan pul vəsaiti hesabına müvəkkil banka kredit resurslarının verilməsi və bu qanunun tələblərinə müvafiq surətdə sosial kredit üzrə borcun silinməsi, eləcə də kommersiya xarakterli kreditlər üzrə faiz ödənişlərinin həyata keçirilməsi yolu ilə reallaşdırılması nəzərdə tutulub.

Dövlət təhsil kreditlərinə öz dəstəyini həyata keçirməkdən ötrü hər il büdcədən vəsait ayırmalı, eləcə də ayrılan kreditlərin risklərini və faizlərinin bir hissəsinin ödənilməsini öz üzərinə götürməlidir.
Dövlət bank sisteminin təhsil kreditləri verməsinə marağını artırmaq məqsədilə təhsil müəssisəsində əla qiymətlərlə oxuyanların kreditlərə görə faiz ödənişlərini təhsil kreditləri müqaviləsi bağlanan vaxtdan etibarən həyata keçirir. Dövlət aztəminatlı ailələrdən çıxan gənclərin keyfiyyətli təhsil almaq imkanlarını genişləndirmək məqsədilə həmin kateqoriyaya aid gənclərin təhsil müəssisəsini əla qiymətlərlə qurtaranlarının təhsil xərclərini öz üzərinə götürür. Digər kateqoriyaya aid olanlar isə aldığı krediti özləri ödəyir. Kommersiya xarakterli kredit alanlara münasibətdə isə dövlət təhsil müəssisəsini əla qiymətlərlə bitirənlərin ödəyəcəyi faizlərin ödənilməsini öz üzərinə götürür. Digər kateqoriyaya aid olanlar aldığı kredit üzrə əsas borcu və ona hesablanmış faizləri özləri ödəyir. Bütün bunlar və layihədə nəzərdə tutulmuş başqa şərtlər Azərbaycanda maddi vəziyyətin ağırlığı ucbatından təhsildən kənarda qalan bütün gənclərimiz üçün ali təhsili əlçatan edir”.

Həbibə ABDULLA