Təhsil işçilərinin konfransları başlayır
Sabahdan Azərbaycanda təhsil işçilərinin sentyabr konfranslarının
keçirilməsinə başlanacaq.
APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov təhsil
işçilərinin 2017-ci il sentyabr konfranslarının keçirilməsi haqqında müvafiq
əmr imzalayıb. Əmrə əsasən, konfranslar 2017-2018-ci dərs ilində ümumi təhsil
sahəsində qarşıda duran aktual vəzifələri müzakirə etmək və müvafiq təkliflər
hazırlamaq məqsədilə təşkil olunacaq.
Ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər)
konfransları 5-12 sentyabr tarixlərində keçiriləcək. Konfranslar plenar və
metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində təşkil ediləcək.
Konfransların plenar iclaslarında "2016-2017-ci dərs ilinin yekunları və qarşıda
duran vəzifələr” mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin
məruzəsi dinlənilərək müzakirə olunacaq.
Rayon (şəhər) təhsil şöbələrinə (idarələri) tapşırılıb ki, plenar
iclaslarda məktəb direktorlarının, seçmə yolla direktor müavinləri və qabaqcıl
müəllimlərin, təhsildə xüsusi nailiyyətlərlə fərqlənmiş, qızıl və gümüş medalla
təltif olunmuş, yüksək balla ali məktəblərə daxil olmuş məzunların, habelə
aidiyyəti təşkilatların, eləcə də QHT-lərin nümayəndələrinin iştirakını təmin
etsinlər, plenar və metodik bölmə iclaslarında irəli sürülmüş təklifləri
ümumiləşdirib sentyabrın sonunadək Təhsil İnstitutuna göndərsinlər.
Metodik bölmə iclasları isə məktəb direktorları, təlim-tərbiyə işləri
üzrə direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə
təşkilatçılar, fənlər üzrə metodbirləşmə rəhbərləri, məktəb kitabxanaçıları,
praktik məktəb psixoloqları və uşaq birliyi təşkilatı rəhbərləri üçün təşkil
ediləcək.