• cümə, 19 Aprel, 10:18
  • Baku Bakı 13°C

Təhqirdən təbrik kimi yararlananlar

06.01.17 10:30 3902
Təhqirdən təbrik kimi yararlananlar
İllər ötdükcə sanki bayram ab-havası da dəyişir. Əvvəllər bayrama bir həftə qalmış hazırlıqlar görər, təbrik edəcəyimiz insanların siyahısını tutardıq. İndi isə dövran dəyişib, hər kəs öz təbrikini "SMS” vasitəsi ilə göndərir. Hətta onun da asan yolu tapılıb - şablon mesajlar. Belə ki, öncədən hazırlanmış bu mesajları 40-50, hətta telefonun kitabçasında qeydiyyatda olan hər kəsə göndərmək mümkündür. Bu isə cəmi 2 dəqiqə vaxt alır və beləcə saysız şəkildə qohum-əqrəbamızı əziyyət çəkmədən, vaxt itirmədən təbrik etmiş oluruq.

Son bir neçə ildə bayram ərəfəsində belə təbriklərdən istifadə xeyli çoxalıb. Çox zaman göndərilən uzun-uzadı mesajları tam şəkildə oxumağa da hövsələmiz çatmır. 2017-ci ili qarşılayarkən də şablon mesajların ardı-arası kəsilmədi. Hətta bir qədər də dərinə gedərək, göndərilən mesajlarının içərisinə təbrik əvəzinə təhqir dolu ifadələr yazanlar da tapıldı. Mesajı axıra qədər oxumağa ərinən vətəndaşların əksəriyyəti də onun "allı-güllü” şəklinə aldanaraq, onun surətini öz qohum-əqrəbalarına göndəriblər. Sonrakı aqibəti özünüz təsəvvür edin...
Başqasının fikrindən istifadə etməyi diqqətsizlik kimi qəbul edirəm
Xalq artisti Faiq Ağayev bizimlə söhbətində qeyd etdi ki, təkcə yeni ildə yox, bütün bayramlarda ona şablon mesajlar göndərilir: "İnsan iki kəlmə də olsa, özü yazıb göndərməlidir. Başqasının məhsulundan, fikrindən istifadə etməyi diqqətsizlik kimi qəbul edirəm. İnanmıram ki, hansısa bir Allah bəndəsi savadından asılı olmayaraq ürək sözlərini yaza bilməsin. Şablon fikirlərdən, düşüncələrdən, təbriklərdən xoşum gəlmir”.

Xalq artisti "siz bu məktublara cavab verirsinizmi” sualımıza isə belə cavab verdi "Mən heç bir müraciəti cavabsız qoymuram”.
Hamımız buzlaşırıq
Əməkdar artist, aktyor Elman Rəfiyev deyir ki, bayram vaxtı ona elə mesajlar çox gəlir: "Açığı o mesajları mən qəbul etmirəm. Elə bir mesajlardan birini də mənim dostuma göndərmişdilər. Mesajın axırında Məhbubə adı çəkiblər. O da mesajı oxuyandan sonra mənə sual verir ki, mənim adım nə vaxtdan Məhbubə olub. Qısa olaraq "yeni ilin mübarək” yazsalar, daha yaxşı olar”.

E.Rəfiyev canlı şəkildə təbrikin tərəfdarlarındandır: "Əgər bu mümkün deyilsə, bir kəlmə təbrik mesajı yazın. Bunun səbəbi insanların internetə bağlı olması ilə əlaqədardır. Ad olsun ki, mən onları təbrik etdim. Hamımız internet aludəçisi olmuşuq, içi mən qarışıq. İnsanlar oturub bir-biriləri ilə danışmırlar. Bir-biriləri ilə SMS vasitəsilə danışırlar. Beləliklə, insanlar arasında ünsiyyət itməyə başlayır. Ünsiyyətin itməyi də bir bəladır. Biz hələ bunu dərk etmirik. Gözəl bir açıqca yollamaq təbrik etmək deməkdir. Sovetlər dövründə hamı maraqlı açıqca axtarırdı. Əgər mənə elə gözəl bir açıqca gəlirsə, onu böyük məmnuniyyətlə dostlarıma göndərirəm. Etiraf edirəm ki, mənə göndərilən o şablon mesajları heç oxumamışam. Mən onların hamısına bir cümlə yazırdım. "Səninlə bahəm!” Orda yazılanları oxumağa mənim vaxtım yox idi. Belə bir mesaj mənə də gəlmişdi. Çin dilində yazılmışdı. Dostumun dostu Çin dilini bilir. Deməli, bu mesaj çin dilində qarğış olub. Gərək bir az diqqətli olaq. Dostum Qurban Məsimovun mənə bayramda "Y.BM” (yeni ilin mübarək) yazmışdı. Mən də cavabında yazdım ki, "S.B.” (səninlə bahəm). "Başından ruzi tökülsün” kimi ifadələr şablon cümlələrdir. İndi gah dovşan, gah da yolka gəlib nəsə danışır. Hər bayram eyni şey təkrarlanır. Bu heç də yaxşı deyil. Hələ gözləyək görək Novruz bayramında nələr baş verəcək. Çox zaman uşaqlar bayramlarda çərşənbələrlə bağlı kiçik rolik düzəldirlər. Əslində, bu, mənim çox xoşuma gəlir. Bir dostuma şəkil göndərmişəm, mənə təşəkkür etməkdənsə, layk şəkli göndərdi. Artıq getdikcə robotlaşırıq. Bəlkə də bunu bilərəkdən edirlər. İnsanlar ünsiyyətdən uzaqlaşır. Hamımız buzlaşırıq. İnsanlar bir-biriləri ilə danışa bilmirlər, sosial şəbəkələrdə yazışırlar. Belə hallardan uzaqlaşmaq mütləqdir”.
"Orda məni də söyüblər?”
Aparıcı, aktyor İlkin Həsəni şablon mesajlardan heç zaman istifadə etmədiyini dilə gətirdi: "Belələri bir-birlərinə zəng edib təbrik etmək əvəzinə mesaj yazmağa ərinən adamlardır. Bir mesajı hər kəsə göndərirlər. Hamısından yaxşı bir cümlə ilə "filankəs, bayramın mübarəkdir” yazsınlar, nəinki o uzunluqda mesajlar göndərsinlər. Göndərilən uzun mesajları heç oxumuram”. Toxunduğumuz mövzuya gəlincə isə İ.Həsəni ona gələn şablon mesajların içində yazılanlardan xəbərsiz olduğunu da bildirdi: "Sözün düzü, heç baxmamışam, gərək baxım görüm, orda məni də söyüblər?”
Ehtiyatsızlıq mənə 2017-ci ilin ilk "qarğış”ını gətirdi
"Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Adəm Abbaslı deyir ki, insanın həyatda yaşadığı müddət ərzində umacağı bəzi şeylər var - istər yaxınlarından, istərsə də uzaq qohumlarından: "Umacaqlarımız etdiklərimizdən bəzən çox olur desəm, yəqin ki, məni düzgün başa düşərsiniz. Bəzən özümüz etmədiyimiz bir şeyi, başqalarından umuruq. Ümid vaxtı keçəndə isə inciyirik, qəlbimiz sınır və s. Həyatımızda elə günlər var ki, "uman yerdən küsərlər” məsəli aktuallaşır. Doğum günlərimizdə, bayramlarda, həyatımızda acılı-şirinli günlərin baş verdiyi tarixlərdə daha çox umuruq - bir zəngi, bir SMS-i, qapının döyülüb, içəri bir qonağın daxil olacağını. Üçüncüsu deyərdim ki, tarixə qovuşmaq üzrədir. Yəni XXI əsr bir çox mənəvi dəyərlərimizi əlimizdən aldığı kimi, xüsusi günlərdə evlərə qonaq-qara gəlişinin də yolunu kəsib öz texniki kəşfləri ilə - interneti, mobil rabitə zəngi, SMS-i, "votsap”ı, "mesencer”i, "çat”ı və s ilə. Beləcə, "qonaqlı-qaralı evlər” demək olar ki, yox dərəcəsindədir... Qeyd etdiyim günlərdə yeganə təsəllimiz isə zənglər, SMS-lər olur. Vay o gündən ki, o da olmaya. Olsa da ürəkdən yox, şablon ola. Əlbəttə ki, şablon sözünü gahdan işlətmədim. Son zamanlar insanlar bayram günlərində bərli-bəzəkli şablon təbrik mesajlarından istifadə edir. Böyük əksəriyyət bu şablon təbrik məktublarını göndərməklə borcdan çıxdığını düşünür. Bu haqda çox danışmaq olar. Amma sizin mövzunuzun əsas qayəsinə keçmək istəyirəm. Dediyim şablon SMS-lər bəzən sevindirmək əvəzinə, adamı şoka salır. Belə ki, bu şablonluq və ehtiyatsızlıq mənim ünvanıma 2017-ci ilin ilk "qarğış”ını gətirdi. Özü də yaddan yox, yaxınımdan - xalamdan. Deməli, xalamdan gələn bərli-bəzəkli təbrik məktubunu sevinc hissi ilə oxumağa başladım. Amma sevinən Adəm mesajın tən ortasında pərişan oldu. Gözəl sözlərdən sonra "görüm 2017-ci ildə başına daş düşsün” kəlməsi məni şoka saldı. "Zarafatdır” deyib, fikirləşə də bilmədim, çünki xalamla aramda "pərdə” var və mənə belə zarafat etməz. Məsələyə aydınlıq gətirmək üçün xalama zəng edib "Ay xala, o nə sözdür mənə yazmısan?” dedim. Mahiyyəti başa salandan sonra xalam təcili mənə zəng edib üzrxahlıq etdi, hətta bununla da ürəyi soymadı, təcili bizə gəldi. İzahatını verəndən sonra isə yaxşıca "güldük”. Sən demə bu SMS-i xalaya başqa xalam oğlu - öz bacısı oğlu göndəribmiş, ona da bir başqası, o başqasına başqa bir başqası. Bu başqaların başında kim durur deyə bilmərəm, amma onu deyim ki, buna heç bir ad vermək olmur. Əgər zarafatdırsa yersizdir, əgər ciddidirsə acınacaqlı vəziyyətdir və bunun qarşısı alınmalıdır. Deyə bilmərəm bu işlə hansısa dövlət qurumları məşğul olmalıdır ya yox, amma ən azı özümüz məşğul olaq. Diqqətliliyimizlə. Əgər bizə gələn bu tip "təbriklər”i diqqətlə oxusaq, belə halların qarşısını almış olarıq. Belə də ki, əzizlərim, axı biz niyə yaxınlarımızı, dost-tanışlarımızı təbrik edərkən şablon SMS-lərdən, sözlərdən istifadə etməliyik?! Bəyəm o qədər cılızlaşmışıq ki, xətrini istədiyimiz adamları təbrik edərkən yazmağa ürək sözləri tapa bilmirik!?
Bu mesajlar diqqət tələb edir
Gənc İfaçı Leyla Ramazanlı deyir ki, birmənalı şəkildə şablon mesajlara qarşıdır: "Bütün bayramlarda mənə şablon mesajlar göndərilir. Çox zaman onları oxumağa o qədər də hövsələm çatmır. İçərisində pis arzu-niyyət olan mesajlar mənə göndərilməyib. İndiyə qədər mən özüm də heç kimə şablon mesaj göndərməmişəm. Həmişə ürək sözlərimi göndərirəm. Məncə öz fikirlərin olanda daha yaxşı alınır. Bu mesajlar diqqət tələb edir. Göndərilən mesajları cavabsız qoymuram. Əgər mənə şablon şəkildə mesaj göndərilibsə, mən onun qarşılığında ürək sözlərimi göndərirəm. Bir cümlə olsun, amma öz fikirləri olsun. İnsanlar daha çox rahatlıq ardınca qaçırlar, ona görə də özlərini əziyyətə salıb nəsə yazmaq istəmirlər”.
Şablon mesaj göndərənlərə də təşəkkür edirəm
Radio aparıcısı, yazar Gülay Hüseynova isə bayramda şablon mesajlar qəbul etmədiyini və ona belə mesaj gəlmədiyini deyir: "Çox az sayda gələnləri də oxuyub, nəzakətlə cavablandırmışam. Xoşbəxtlikdən qarğışlı mesajlar qəbul etməmişəm. Düşünürəm ki, buna görə "votsap”ın səsli mesajlarına minnətdar olmalıyıq. Əvvəllər şablon mesajlar məni qıcıqlandırırdı. İndi isə şablon mesaj göndərənlərə də təşəkkür edirəm. Çünki ən azından adımı axtarıb, göndərmək üçün əziyyət çəkiblər. Bu da bir diqqətdir”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər