• şənbə, 20 Aprel, 15:29
  • Baku Bakı 23°C

Təhlükəsiz istirahət edə bilirikmi?

24.08.13 09:01 1664
Təhlükəsiz istirahət edə bilirikmi?
Azərbaycanda insanların kütləvi yığışdığı yerlərdə təhlükəsizlik məsələsində hər zaman müəyyən çatışmazlıqlar olub. Bir neçə il əvvəl Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi, bir müddət əvvəl isə Nabranda yerləşən “Nabran Holiday Village” istirahət mərkəzində baş vermiş faciə bu kimi boşluqların nəticəsidir desək, yanılmarıq.
Tikinti sektorunda peşə sahiblərinin, fəhlələrin iş başında məhz təhlükəsizlik tədbirlərinə əməl olunmadığı üçün həyatlarını itirməsi də bu qəbildəndir. ADNA-dakı olay bir müddət təhsil müəssisələrində təhlükəsizlik məsələsinin müzakirə olunmasına səbəb oldusa, Nabrandakı hadisə də istirahət mərkəzlərində təhlükəsizlik mövzusunu gündəmə gətirdi. Bu sahədə vəziyyət necədir?
İstirahət mərkəzlərində və hotellərdə təhlükəsizliklə bağlı dövlət üzərinə düşəni edir. Belə ki, ötən ilin dekabr ayında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi barədə” Dövlət Standartını təsdiq edib. Standart “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə “Turizm və yerdəyişmə vasitələrinin xidmətləri” üzrə Texniki Komitə tərəfindən hazırlanıb. Sənəddə mehmanxana və mehmanxana tipli obyektlərin qiymətləndirmə meyarlarının tətbiq edilməsinin məqsədləri, xidmətlərin səviyyəsinə dair vahid qiymətləndirmə metodikasının istifadəsi, obyektiv təsnifatın aparılması, təsnifat üzrə xidmətlərin monitorinqinin həyata keçirilməsi, mehmanxana və mehmanxana tipli obyektlərin seçimində istehlakçıya kömək göstərilməsi və s. məsələlərlə yanaşı, mehmanxana və mehmanxana tipli obyektlərdə təhlükəsizlik tədbirlərinin tənzimlənməsi də öz əksini tapıb. Artıq mehmanxana və mehmanxana tipli obyektə ulduz verilərkən orada təkcə xidmət səviyyəsi, müasir standartlara cavab verən avadanlıqlar yox, eyni zamanda bu avadanlıqların mühəndis, kommunal və idarəetmə sistemlərinin effektivliyi də nəzərə alınır.
Hotellərdə monitorinqlər keçirilir
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclunun sözlərinə görə, yanğın təhlükəsizliyi, müxtəlif texniki təhlükəsizlik məsələləri hotellər üçün qəbul olunmuş standartlarda öz əksini tapıb: “Mədəniyyət və Turizm Nazirliyi mehmanxana və mehmanxana tipli obyektlərə lisenziya verərkən mütləq həmin yerin standartlara cavab verib-verməməsinə baxır. Nazirlik tərəfindən ildə bir neçə dəfə mehmanxana və mehmanxana tipli obyektlərin monitorinqi aparılır. Bu monitorinqlər zamanı ümumi təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilir, onlara müəyyən tövsiyələr verilir. Eyni zamanda növbəti monitorinqə qədər nəticələr yoxlanılır. Yerli mədəniyyət və turizm şöbələri tərəfindən onlara nəzarət olunur”.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyir ki, turizm obyektlərində təhlükəsizliyə riayət edilməsinə bir neçə qurum tərəfindən nəzarət edilir. M.Ağakərimovun sözlərinə görə, hotellər inşa olunan vaxt ilk növbədə yanğından mühafizə, təhlükəsizlik məsələləri nəzərə alınmalıdır: “Xüsusilə xarici ölkələrdən gələn turistlər hoteldə yerləşərkən mütləq bu məsələlərlə maraqlanırlar. Əgər hotelin təhlükəsizlik məsələləri yüksək səviyyədədirsə, onda orada qalmağa razılaşırlar. Bundan əlavə, hotel təhvil verilərkən Fövqəladə Hallar Nazirliyi oraya baxış keçirir, bütün təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı akt tərtib olunur”.
M.Ağakərimov onu da bildirir ki, hotel və yaxud istirahət mərkəzi lisenziya üçün sənədlərini Mədəniyyət və Turizm Nazirliyinə təqdim edərkən də mütləq həmin akt sənədlərin içərisində olmalıdır: “Bütün bunlara baxmayaraq, yenə də hər şey hotel rəhbərliyindən asılıdır. Mütəmadi olaraq təhlükəsizlik məsələlərinə nəzarət olunmalıdır. Fövqəladə Hallar Nazirliyinin aktını əldə əsas kimi tutub sonrakı mərhələlərdə bu məsələni boş buraxmaq nəticə olaraq belə faciələrin baş verməsinə səbəb olur. İstirahət mərkəzlərində, resort hotellərdə diqqət ediləsi təkcə hovuzlar deyil ki. Burada eyni zamanda akvaparklar, karusellər, uşaqlar üçün digər əyləncə yerləri var. Burada işlədilən avadanlıq və ləvazimatlara ekspertlər tərəfindən mütləq nəzarət olunmalıdır. Hadisəni qabaqlamaq lazımdır. Hər hansı bir bədbəxt hadisənin baş verməsi turistə fiziki zərər vurmaqla bərabər, həmin hotelin nüfuzuna da zərbə vurur”.
AZTA rəsmisinin sözlərinə görə, işçilər işə qəbul olunarkən mütləq texniki təhlükəsizlik məsələləri üzrə təlimatlandırılmalıdır: “Hotel rəhbərliyində çalışan insanlar öz işlərini bilən, bu sahədə kifayət qədər təcrübəsi və təhsili olan mütəxəssislər olmalıdır. İxtisaslı kadrlar öz işlərini dərindən bildiklərinə görə həmişə belə məsələlərə də diqqət yetirirlər”.
Turistin təhlükəsizliyinə turizm şirkəti də cavabdehdir
“Millennium Tourism & Congress DMC” turizm şirkətinin direktoru Ruslan Quliyev deyir ki, turizm şirkətləri əsasən lisenziya alan turizm obyektləri ilə işləsələr, daha məqsədəuyğun olar: “Mədəniyyət və Turizm Nazirliyi mütəmadi monitorinqlər keçirir. Bu monitorinqlər, sadəcə, qiymət və keyfiyyətlə bağlı deyil. Lisenziya qaydalarında təhlükəsizlik, qidalanma və s. nəzərə alınır. Təkrar yoxlamalarda da bəzi çatışmazlıqlar aşkarlananda onlara tövsiyələr verilir, müvafiq qurumların nümayəndələri ilə birlikdə baxışlar keçirilir. Nabranda baş verən hadisə bütün istirahət mərkəzləri üçün bir dərs olmalıdır. Onlar təhlükəsizlik məsələsini diqqətdə saxlamalıdırlar. Ən azından işıq şitlərinin quraşdırılması zamanı, yanğınsöndürmə sistemi, ərazinin ümumi mühafizəsi və bura kənar şəxslərin daxil olmasının qarşısı alınmalıdır. Xüsusilə uşaqların oynadığı ərazilərə təsadüfi insanların girişinə imkan verilməməlidir. Turizm şirkətləri də təbii ki, öz müştərilərini Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziya almış mehmanxanalara göndərməlidirlər. Bəzən olur ki, adı qara siyahıda olan turizm obyektlərinə müştəri göndərirlər. Lisenziyasız mehmanxana ilə işləməyin özü bir cinayət sayılır. Çünki hər hansı bir bədbəxt hadisə baş verdikdə, o turisti həmin mehmanxanaya göndərən turizm şirkətinin də məsuliyyəti nəzərə alınır”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər