AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Təhlükəli uşaq geyimləri

Təhlükəli uşaq geyimləri

İqtisadiyyat
05 Aprel 2013, 14:00 5716
Son zamanlar bazarlarda Çin istehsalı olan ucuz uşaq geyimlərinin sayı artıb. Belə ki, açıq havada adi bir stolun üstünə səliqəsiz şəkildə yığılan uşaq geyimləri öz ucuz qiymətləri ilə bəzi alıcıları cəlb edir. Hətta bazarlarda paltarları kiloqramla satan satıcılara belə rast gəlmək mümkündür. Çindən gələn keyfiyyətsiz və xəstəlik mənbəyi olan bu geyimlərin alıcıları əsasən əhalinin imkansız təbəqəsidir.

Ucuz ətin şorbası olmur

Uşaqlarını geyimlə təmin etmək istəyən insanlar düşünürlər ki, az pul xərcləyib uşağın tələbatını ödəmək olar. Lakin belə bir atalar sözü də var ki, “ucuz ətin şorbası olmur”. Ucuz deyə aldığımız geyimlər sonda orqanizmdə ciddi fəsadlar yaradır. Türk alimlərinin araşdırmalarına görə, Çin istehsalı olan paltarlarda insan sağlamlığı üçün ciddi təhlükə törədən maddələrdən istifadə olunur. Hətta Çin höküməti belə 2009-cu ildə bu araşdırmanı təsdiqləyərək bildirib ki, ölkənin əsas istehsal mərkəzi hesab edilən Quandoqda istehsal edilən uşaq geyimlərinin yarısı sağlamlığa zərərlidir. Bu informasiyanı Çin höküməti rəsmi informasiya agentliyi vasitəsilə bütün dünyaya yayıb. Paltarların zərərlı olmasının səbəbi isə onların istehsalında formaldehit maddəsindən çox istifadə olunmasıdır.

Ümumdünya Səhiyyə Təşkilatı Çində istehsal olunan uşaq paltarlarında icazə veriləndən 900 dəfə artıq formaldehit istifadə olunduğunu bildirərək alıcıları ehtiyatlı olmağa çağırıb. Paltarların tərkibində kimyəvi maddələrin olması ilə yanaşı, ikinci təhlükə ondan ibarətdir ki, standartlara cavab verməyən uşaq paltarları açıq havada, səliqəsiz şəkildə əhalinin ixtiyarına verildiyindən, bir paltar almaqdan ötəri bir neçə paltarı uşağın əyninə geyindirib-çıxarıb yoxlayırlar. Əgər paltarı geyinən uşaqda hər hansı bir xəstəlik varsa, uşaqların dərisi həssas olduğu üçün paltar vasitəsilə digər uşağa keçmək təhlükəsi böyükdür. Həkimlər isə xəbərdarlıq edir ki, Çindən gətirilən uşaq geyimləri tənəffüs yolları xəstəliklərinin yaranmasına səbəb ola bilər. Bununla yanaşı, həkimlər uşaqlara “ikinci əl” (“Second hand”) mağazalarından da geyimlər almamağı tövsiyə edir. Onların fikrincə, uşaqlara paltar alarkən əsasən tərkibində pambıq çox olan parçalardan tikilmiş paltarlara üstünlük vermək lazımdır. Çünki sintetik mallar uşaqların sağlamlığını təhlükə altında qoyur.

Təhlükə mənbəyi paltarlar harada satılır

Standartlaşdırma, metrologiya və patent üzrə dövlət komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bizimlə söhbətində bildirdi ki, bütün geyim məhsulları ilə bağlı Komitə tərəfindən müəyyən standartlar tətbiq edilib: “Bütün məhsulların istehsalı, satışı və onların idxalı həmin o standartların tələbinə əsasən təmin edilir. Ümumi məhsullarla bağlı milli və QOST standartı tətbiq edilir. Əgər hər hansı məhsulun təhlükəsizliyi və keyfiyyəti standartın tələbinə uyğun gəlmirsə, qanunvericiliyə əsasən, o məhsulların idxalı və satışına icazə verilmir”.

F.Talıblının sözlərinə görə, Azərbaycanda yüksək keyfiyyətə malik geyimlər də mövcuddur və onlar əsasən ixtisaslaşmış mağazalarda satılır: “Dövlət nəzarəti tədbirləri zamanı komitənin əməkdaşları keyfiyyətsiz və tərkibi standartın tələbinə uyğun olmayan məhsulları aşkar edir və qanunvericiliyə uyğun olaraq bununla mübarizədə müəyyən tədbirlər görülür. Araşdırmalarımızdan məlum olur ki, standartlara cavab verməyən məhsullara əsasən metrolarda, keçidlərdə, şəhərdə fəaliyyət göstərən bəzi bazarlarda və Qaradağ rayonunda iri topdansatış müəssisələrində rast gəlmək mümkündür. Zaman-zaman biz də bunlarla rastlaşırıq, tərəfimizdən səlahiyyətlərimiz çərçivəsində, qanunvericiliyə uyğun olaraq tədbirlər görülür və müvafiq addımlar atılır”.

Uşaq paltarı dəyişdirilməməlidir

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bizimlə söhbətində pərakəndə şəkildə satılan Çin istehsalı geyimlərin keyfiyyətinə zəmanət olmadığını dedi. Onun sözlərinə görə, belə paltarlar uşaqlarda dəri xəstəlikləri və allergiya yarada bilər: “Kiçikyaşlı uşaq paltarlarının keyfiyyəti onların sağlamlığının qorunması baxımından ciddi önəm kəsb edir. Çünki uşaqların dərisi böyüklərə nisbətən daha həssasdır. Bunun üçün uşaqlara paltar alarkən gigiyenik qaydalara xüsusilə əməl etmək lazımdır. Bunu nəzərə alan Nazirlər Kabineti də qərar verib ki, uşaq paltarları alındıqdan sonra dəyişdirilə bilməz”.

E.Hüseynov bizimlə söhbətində bildirdi ki, Bakıda fəaliyyət göstərən “second hand” (ikinci əl) mağazalarında uşaq paltarları satılarkən müəyyən olunmuş standartlara əməl edilmir: “Azərbaycanda artıq 10 ildən yuxarıdır ki, ikinci əl malları satılır. Belə mallar satılan mağazaların sertifikatlarında göstərilir ki, bu mağazalar 5 yaşından aşağı olan uşaqlar üçün paltar sata bilməz. Lakin bunlara riayət olunmur və belə mağazalarda kiçikyaşlı uşaqların da ikinci əl paltarlarına rast gəlmək mümkündür. Bu isə uşaqlarda gigiyenik problemlərin yaranmasına səbəb olur”. Həmçinin E.Hüseynov vurğuladı ki, Mərkəzi Avropada, Amerikada və digər ölkələrdə istifadə olunduqdan sonra ikinci əl kimi buraya gətirilən paltarlar ölkəmizdə dəyərindən 15-20 dəfə baha satılır.

Azad İstehlakçılar Birliyinin sədri istehlakçının hüquqlarının qorunması üçün sertifikatlaşdırma sisteminin düzgün olmasının vacibliyini bildirdi: “Bu problemlərin kökünü qanunlarda axtarmaq lazımdır. Bunun üçün ölkədə mükəmməl istehlakçı siyasəti olmalıdır. Amma təəssüf ki, bizim ölkədə bu siyasət hələ kifayət qədər formalaşmayıb”.

Aygün Cəfərli