• cümə, 29 Mart, 00:30
  • Baku Bakı 7°C

Təhlükəli oyun – Təhlil

02.12.14 11:39 981
Təhlükəli oyun – Təhlil
Bir neçə erməni və türk QHT-nin, o cümlədən ziyalıların iştirakı ilə Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinə dair keçirilən Ankara konfransı ermənilərin Azərbaycana qarşı son həmlələrindən biri kimi dəyərləndirilə bilərdi. Lakin konfransın qardaş ölkənin rəsmi qurumların razılığı ilə baş tutması və Azərbaycanın təmsilçilərinin tədbirə dəvət edilməməsi narahatçılıq və ölkə ictimaiyyətində müəyyən suallar doğurub.
İştirakçıların siyahısına nəzər yetirdikdə türk QHT-lərini, universitetlərini təmsil edən xeyli intellektualın toplantıya cəlb olunduğunu söyləmək olar. Konfransa Türkiyə baş nazirinin köməkçisi Etyen Mahçupyanın qatılması isə rəsmi səviyyədə topantının işinə yaşıl işıq yandırıldığını nümayiş etdirir.
Əvvəla onu qeyd edək ki, əslində Mahçupyanın hazırkı vəzifəyə təyin edilməsinin özü Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, yəni sərhəd məsələsinin gündəmə gətirilməsi anlamına gəlirdi. Belə ki, qarşıdan qondarma erməni soyqırımının 100 illiyinin yaxınlaşdığını nəzərə alsaq, Türkiyənin bu prosesə hazırlıq çərçivəsində bir sıra addımlar atacağı gözlənilən idi. Lakin prosesin bu cür başlaması və sonda sərhədlərin açılması ilə nəticələnərsə, bu, ermənilərin Türkiyə üzərində qələbəsi və bir dövlət kimi, Türkiyənin öz prinsiplərindən imtina etməsi anlamına gələcək. Ankaranın belə bir addımı atacağı inandırıcı olmasa da, erməni «küləyinin rahat əsməsi»nə və ona rəsmi və qeyri-rəsmi səviyyədə ən azından göz yumulması müəyyən mənada pessimist əhval-ruhiyyə doğurur.
Məlumdur ki, erməni diasporunun təzyiqi altında bir sıra beynəlxalq qurumlar da Türkiyə-Ermənistan münasibətlərinin normallaşması adı altında Türkiyə ictimai rəyini sərhədlərin açılmasına hazırlamaq istiqamətində fəaliyyətə keçiblər.
Məhz belə fəaliyyətlərdən biri “Ermənistan-Türkiyə normallaşma dövrünə dəstək proqramı” adlanan, Türkiyə və Ermənistandan 8 QHT-ni bir araya gələrək yaratdığı, Avropa Birliyi tərəfindən maliyyələşən proqramdır ki, onun məqsədi, Türkiyə və Ermənistan arasındakı dondurulmuş dialoqu yenidən başlatmaq, qarşılıqlı şəkildə iş adamlarını sərmayə yatırmağa cəlb etmək, təhsil və mədəni sahədə ortaq layihələr reallaşdırmaq, mövzu üzrə maarifləndirici konfranslar təşkil etmək, hər iki tərəfin bir-biri haqqında obyektiv xəbər almasını təmin etməkdir. Proqramı hazırlayıb həyata keçirən QHT-lərin başında bu günlərdə keçirilən Ankara konfransının bilavasitə təşkilatçısı “Hrant Dink Vəqfi” durur.
Göründüyü kimi, geniş çaplı proseslər başlanıb. Belə bir situasiyada həm türk ictimaiyyəti, həm türk hökuməti ayıq-sayıq olmalı, öz milli maraqlarından hansısa kənar qüvvələrin təsiri ilə imtina etməməlidir.
Lakin hazırda Türkiyədə hökumətin ermənilərlə bağlı bir növ, loyal siyasət yürütməsini sübut edən faktlar az deyil. Məsələn, Vandakı erməni kilsəsinin bərpası, vətəndaşlığı olmayan ermənilərin uşaqlarına təhsil hüququnun verilməsi, Ərdoğanın ermənilərə başsağlığı verməsi, Şimali Kiprdəki erməni kilsəsinin ibadət üçün ermənilərin üzünə açılması, Etyen Mahçupyanın məsul vəzifəyə təyin olunması və sairə deyilənlərə sübutdur. Bundan başqa, Ermənistanla sərhədlərin açılması üçün çalışanların Fətulla Gülənin də razılığını almasını hiss etdirən məqamlar müşahidə olunur. Məhz Gülənə məxsus qəzetin nümayəndəsi ermənilərin fəxri qonağı və təbliğatçılarındandır (http://www.armenia-turkey.net/tk/Media-bus-in-media-center).
Ermənistanla sərhədlərin açılmasının Türkiyəyə hansısa xeyri dəyə biləcəyini iddia edənlərin əsas arqumentləri guya bu baş verərsə, artıq ermənilərin «soyqırımı» iddiasından əl çəkəcəkləri, Türkiyənin iqtisadi qazancını artıracağı və s. ilə əlaqəlidir.
Lakin o qeyd edilməlidir ki, erməni diasporu qondarma soyqırımı iddiasını hələ uzun onilliklər öncə başladıb və bunun sərhəd məsələsinə aidiyyəti yoxdur. Bundan başqa, Ermənistan öz Konstitusiyasında rəsmən Türkiyəyə ərazi iddiası irəli sürüb. Sərhədlərin açılmasından sonra bu iddiadan imtina ediləcəyi ilə bağlı isə heç bir söz verilməyib.
İqtisadi maraqlara gəldikdə isə sərhədlər açıldıqdan sonra Ermənistanla əlaqələrdən Türkiyənin qazancı, Azərbaycanla korlanmış münasibətlərdən sonra itirəcəyindən heç də çox olmayacaq.
Bu mənada bütün hallarda Türkiyədə bu işə qol qoyanlar, ermənilərə yaşıl işıq yandıranlar nə qədər tez öz səhvlərini dərk edib geri addım atsalar, bu işdən daha qazanclı çıxarlar.
Bu məqamda digər məsələyə də diqqət yetirilməsində fayda var. Bu gün iqtidarda və ya müxalifətdə olmasından asılı olmayaraq hər bir azərbaycanlı Türkiyədə yenidən baş qaldırmış Ermənistanla normallaşma və sərhədaçma kampaniyasını həyəcanla izləyir və buna qarşı olduğunu sərgiləyir.
Xatırladaq ki, Azərbaycanda da Ermənistanla münasibətlərin normallaşma prosesinə və bədnam «xalq diplomatiyası» işinə cəlb edilmiş QHT və şəxslər vardır. Həmin QHT və şəxslərin hətta erməni xüsusi xidmət orqanları ilə əlaqələri də üzə çıxarılıb. Məhz bu səbəbdən dövlət həmin prosesdə iştirak edənləri həbs etməyə məcbur oldu. Lakin dövlətin atdığı addımı bu günədək topa tutan bəzi yerli qüvvələr dərk etməlidirlər ki, Azərbaycan cəmiyyəti, xalqı Türkiyə dövlətindən ermənilərə qarşı hər hansı addım atılmasını gözləyirsə, bundan əvvəl özümüz daxildəki satqınlar, vətən xainləri barəsində tədbirlər görməliyik.
Çünki bu gün “Ermənistan-Türkiyə normallaşma dövrünə dəstək proqramı”nı dəstəkləyən Avropa İttifaqı və bir sıra ermənipərəst dairələr eyni zamanda Azərbaycanda həyata keçirilməyə cəhd edilən «xalq diplomatiyası»nın da əsas ideya və maliyyə dəstəkçisidir.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər