“Təəssüf doğuran budur ki, Azərbaycandan olan bir şəxs ermənilərlə eyni səfdə yer alır”
Gürcüstanın paytaxtı Tbilisi şəhərində 10-11 may
tarixində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) media
azadlığı üzrə nümayəndəliyinin 14-cü Güney Qafqaz media konfransı keçirilib. Azərbaycanı
həmin konfransda Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin
baş məsləhətçisi Kamran Həsənov, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Hikmət Hacıyev, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri,
Əməkdar jurnalist Azər Həsrət, Azərbaycan Jurnalist Şəbəkəsinin sədri Ayaz Mirzəyev
və başqaları təmsil ediblər. Konfrans çərçivəsində təşkil olunan müzakirələrdə
erməni təmsilçilər ciddi-cəhdlə Azərbaycan nümayəndə heyətinin çıxışlarına maneələr
yaratmağa çalışıblar. Buna nail ola bilməyəndə isə Ermənistan mediasında
konfransla bağlı qeyri-obyektiv, dezinformasiya xarakterli məlumatlar yaymağa,
yanlış ictimai rəy formalaşdırmağa cəhdlər ediblər. Tbilisidə təşkil olunan
konfrans, Azərbaycan nümayəndə heyətinin orada iştirakı, erməni təxribatı və
sair məsələlərlə bağlı "Kaspi”nin suallarını CASCFEN sədri Azər Həsrət cavablandırır.
- Azər bəy,
Gürcüstanda təşkil olunan konfrans barədə media üzərindən az-çox məlumat aldıq.
Amma istərdik ki, konfrans iştirakçısı kimi bir də Sizin dilinizdən həmin tədbir
barədə eşidək. Konfrans necə keçdi, təəssüratlarınız necədir?
- Hər zaman olduğu kimi aktiv və dinamik bir tədbir
idi. Bu dəfə də konfransda 3 Güney Qafqaz ölkəsindən, eyni zamanda ATƏT-in
özündən nümayəndələr iştirak edirdi. Bununla yanaşı, tədbirə Rusiya, Litva və başqa
Avropa ölkələrindən ekspertlər də təcrübələrini bizimlə paylaşmaq üçün dəvət
edilmişdi. Təbii ki, bizim əvvəlcədən ehtimal etdiyimiz, gözlədiyimiz hallar bu
konfransda da baş verdi. Konkret olaraq daha çox müzakirə olunan ölkə yenə də
Azərbaycan oldu. Bu da ondan irəli gəlir ki, Azərbaycanda fikir plüralizmi üçün
daha çox imkanlar var. Lakin Ermənistanda vəziyyət belə deyil. Həmin ölkədən gələn
nümayəndə heyətinin üzvləri Ermənistan barədə deyə biləcəkləri, acı reallığı əks
etdirən fikirləri söyləyə bilmədilər. Söhbət Ermənistan mediasının durumundan,
sıxıntılar içində yaşamasından və sair faktlardan gedir. Gürcüstana gəldikdə isə,
bu ölkənin nümayəndələri öz çıxışları ilə sadəcə konfransı "yola verdilər”.
Gürcüstan mediası ilə əlaqədar çox ciddi müzakirələr getmədi. İki gün davam edən
konfransda ən çox gündəmdə olan, daha çox müzakirə olunan, diqqət çəkən Azərbaycan
oldu.
- Sizcə, digər
iki ölkədən fərqli olaraq, Azərbaycanla bağlı məsələlərə konfransda daha çox
diqqət ayrılmasına səbəb nə idi?
- Bir qədər əvvəl söylədiyim kimi, buna başlıca səbəb
Azərbaycanda fikir plüralizmi üçün üstün imkanların olmasıdır. Yəni, Azərbaycanda
insanlar söylədikləri fikirlərə görə təqib olunmurlar. Hər bir kəs istədiyi tənqidi
istədiyi səviyyədə, istədiyi yerdə və ya ölkədə sərbəst şəkildə səsləndirə
bilir, sonradan rahat şəkildə qayıdıb ölkəsinə gəlir. Buna görə kimsə onlara nəsə
demir. Azərbaycan tərəfdən olan tənqidçilər konfransda sərbəst şəkildə çıxış edə
bilirdilər. Digər tərəfdən, Azərbaycanın daha çox diqqət mərkəzində olmasına səbəb
rəsmi dövlət qurumlarını təmsil edən iki şəxsin konfransda fəallıq etməsi idi.
Bunlar Prezident Administrasiyasının rəsmisi Kamran Həsənov və xarici işlər
nazirliyinin sözçüsü Hikmət Hacıyev idi. Onlar Azərbaycan dövlətinin media siyasəti
ilə bağlı mövqeyini təqdim etdilər, ölkəmizin reallıqları bir daha diqqətə
çatdırıldı. Təbii ki, Azərbaycana aid alternativ mövqelərin də ortaya qoyulması
ölkəmizlə bağlı daha çox müzakirə və fikir mübadiləsinin aparılmasına səbəb
oldu.
- XİN-in mətbuat
xidmətinin rəhbəri H.Hacıyevin adı həmin vaxt Ermənistan mediasında daha çox
hallandırıldı, hətta iddia edildi ki, guya konfransın erməni iştirakçıları onun
sözünü kəsiblər, çıxışını sona çatdırmağa imkan verməyiblər. Bu barədə nə deyə
bilərsiniz?
- Hikmət Hacıyevin konfransdakı çıxışları erməniləri
və onlara dəstək verənləri, o cümlədən bəzi azərbaycanlıları özündən çıxardı.
Xarici İşlər Nazirliyinin rəsmisi kimi o, olduqca təmkinli, savadlı, konkret
faktlara əsaslanan çıxış etdi. Müzakirələr zamanı da diplomatik şəkildə, ciddi əsaslandırma
aparmaqla mövqe ortaya qoydu, yalanla hücuma keçənləri faktlarla tərksilah
etdi. Təbii olaraq ermənilər bundan çox böyük əsəb keçirirdilər. Onun birinci
gün etdiyi çıxış da mükəmməl idi. Konfransın ikinci günündə isə Hikmət Hacıyev
uydurma xəbərlərin yayılması ilə bağlı Azərbaycanın üzləşdiyi problemlər
haqqında danışdı. O, ölkəmizə qarşı əsasən 3 istiqamətdə dezinformasiyanın
tirajlanmasından geniş söhbət açdı. Təbii ki, bu işdə Ermənistanın rolunu
ayrıca izah və şərh etdi. Çünki, bu ölkə Azərbaycana qarşı informasiya müharibəsi
aparır, həqiqətləri təhrif etməklə, yalan və böhtandan istifadə etməklə dünyada
bizə qarşı yanlış rəy formalaşdırmağa çalışır. Hikmət Hacıyev məhz bu məsələnin
üzərində geniş dayandı, faktlarla konfrans iştirakçılarının diqqətinə çatdırdı
ki, Ermənistan hansı üsul və vasitələrə əl atır. O, çıxış edərkən Ermənistan təmsilçilərini
müşahidə edirdim. Bu çıxış erməniləri rəsmən çılğına döndərdi. Halbuki, bu
adamlar konfransın birinci günü nisbətən sakit idilər, hərdən qımışır, atmaca
da atırdılar. Ancaq Hikmət Hacıyevin çıxışı başlayar-başlamaz o adamlar yerlərində
rahat otura bilmədilər. Böyük əsəb keçirdilər, çılğına döndülər, gah əllərini
masaya çırpmaqla, gah da etiraz etməklə Hikmət müəllimin çıxışına mane olmağa
çalışdılar. Təbii ki, ədəb və əxlaq çərçivəsində konfransın idarəediciləri
onları sakitləşdirdi. Ermənilərin etirazlarına baxmayaraq, Hikmət Hacıyev öz
çıxışını əvvəldən nəzərdə tutulduğu qaydada, hətta bir qədər də əhatəli şəkildə
başa vurdu, Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsində istifadə
etdiyi çirkin metodları faş etdi. Yəni onlar Azərbaycan Xarici İşlər Nazirliyi
sözçüsünün çıxışına hər hansı formada mane ola bilmədilər. Ermənilərin gücü
yalnız ona çatdı ki, öz medialarında guya Hikmət Hacıyevin çıxışını
tamamlamasına mane olduqları barədə yalan xəbərlər yaydılar. Halbuki, Hikmət müəllim
nəinki çıxışını tamamladı, hələ əlavə şərhlərlə onlara və onların sırasında yer
almış Arzu Qeybullaya layiqli cavab verdi, tam olaraq vəziyyətə nəzarət edə
bildi. Təbii ki, Azərbaycandan olan digər nümayəndələr kimi mən də boş
durmadım, həm çıxışlar zamanı, həm də müzakirələrdə öz fikrimi bildirdim.
- Arzu
Qeybullanın adını ermənilərin sırasında yer alan şəxs kimi çəkdiniz. Sizcə, onu
öz ölkəsinə qarşı çıxmağa, hətta konfransda işğalçı Ermənistanın nümayəndələri
ilə eyni mövqeni bölüşməyə nə vadar edir?
- Çox təəssüflə qeyd etməliyəm ki, Tbilisidə təşkil
olunan konfransda ermənilərin Azərbaycana qarşı hücum cəhdlərinə əslən azərbaycanlı,
ancaq ruhunu şeytana satmış Arzu Qeybulla da qoşulmuşdu. Düzdür, onun iddiaları
olduqca əsassız və gülünc idi. Hikmət Hacıyev kimi təcrübəli bir şəxs bu adamın
iddialarına əsaslı şəkildə cavab verdi. Ancaq bizdə acı təəssüf doğuran bu idi
ki, Azərbaycandan olan bir şəxs beynəlxalq konfransda ermənilərlə bir səfdə yer
alır, öz ölkəsinə qarşı hücuma keçirdi. Hətta konfransda iddia etdi ki, guya
AzTV səhərdən axşama qədər uydurma xəbərlər yayır. Ondan bu barədə konkret fakt
istəyəndə çıxılmaz vəziyyətdə qaldı. Çünki, rəsmi xəbərlərin yayılmasından söhbət
gedirsə, burada problem yoxdur. Əgər xarici ölkələrdə baş verən hadisələrlə
bağlı məlumatlardan söhbət gedirsə, o məlumatları bütün dünya televiziyaları
verir, AzTV də xarici media qurumlarına istinad etməklə yayımlayır. Belə olan
halda Arzu Qeybulla dərhal "Tvitter” sosial şəbəkəsində mesaj yazdı ki, kimdə
AzTV-nin yalan xəbərləri barədə məlumat varsa, həmin xəbərlərin linkini –
onlayn olaraq bu xəbərə keçidi göndərsinlər. Ancaq nə həmin vaxt, nə də sonradan
kimsə ona belə bir link göndərmədi, o, pis vəziyyətdə qaldı. Adama deyərlər ki,
əgər sənin belə bir faktın varsa, buyur, təqdim et, onun əsasında da fikrini
bildir. Yoxsa yalandan kimisə nədəsə ittiham etmək, sonra da bu yalanın
doğruluğunu sübut etməyə çalışmaq qeyri-ciddilikdir. Onu da təəssüflə
vurğulamaq yerinə düşər ki, Arzu Qeybulla tək bu konfransda deyil, ümumiyyətlə
hər addımda, eləcə də "Tvitter”də Azərbaycan əleyhinə təbliğat aparmaqdadır. Bu
qızda anti-Azərbaycan, antitürk əhval-ruhiyyəsi var. Bütün fəaliyyəti boyu da
bunu hiss etdirməkdədir.
- Beynəlxalq
konfrans çərçivəsində, eləcə də tədbirdən sonra A.Qeybulla və onun kimi
adamlarla söhbət etmək, onlardan Azərbaycana qarşı bu cür davranışlarının, ermənilərlə
bir cərgədə yer almalarının səbəblərini soruşmaq imkanınız olubmu? Əgər belə
bir imkan olubsa, Sizə nə cavab veriblər?
- Ümumiyyətlə, bu tip adamlar Azərbaycanı yeri gəldi-gəlmədi
tənqid etmək üçün sıraya düzülürlər. Ancaq ermənilər Azərbaycana hər hansı
formada hücum edəndə onlara cavab vermək üçün heç bir iş görmür, sadəcə
susurlar. Halbuki, bu zaman Azərbaycan iqtidarının maraqlarından deyil, dövlətçiliyin
mənafeyindən, Dağlıq Qarabağın taleyindən, bütövlükdə Ermənistan-Azərbaycan
münaqişəsindən söhbət gedir. Bu fikirləri həmin şəxslərlə qarşılaşanda, hansısa
tədbir çərçivəsində söhbət edəndə onlara bildirmişəm. Heç kim iddia etmir ki,
ölkədə bütün problemlər həllini tapıb. Hər hansı problemin olması, hansısa vətəndaşın
bunu dilə gətirməsi, mövqe ortaya qoyması normal prosesdir. Ancaq ermənilər Azərbaycana
qarşı hücuma keçəndə onlara cavab verməmək bir yana, üstəlik ermənilərlə eyni səfdə
yer alıb onlara dəstək vermək qəbuledilməzdir. Gürcüstandakı konfransda da məhz
belə bir təəssüf doğuran mənzərə ilə qarşılaşdıq. Düzdür, biz ermənilərin də,
onlarla eyni səfdə yer alan "özümüzünkülərin” də cavabını layiqincə verdik,
faktlarla onları çıxılmaz vəziyyətdə qoyduq. Hesab edirəm ki, milli-dövlətçilik
maraqları gələndə iqtidar-müxalifət bölücülüyü olmamalı, hər kəs vətəndaşlıq
mövqeyi nümayiş etdirməli, hamı eyni cəbhədən çıxış etməlidir. Ancaq onlar bunu
etmirlər. Bu da onu deməyə əsas verir ki, bu adamlar konkret mərkəzlərə, bəlli
dairələrə bağlıdırlar. Belələrinin mövqeyi də birmənalı şəkildə anti-Azərbaycan
xarakterlidir. Onlardan bunun səbəbini bir neçə dəfə soruşmuşam. Cavabları da
bu olub ki, "o məsələlər gündəliyə aid deyil”. Deyəndə ki, axı ermənilər Azərbaycan
dövlətini topa tutur, cavab veriblər ki, bizə aid məsələ deyil. Yəqin ki, əlavə
şərhə gərək yoxdur.
Rufik
İSMAYILOV