AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Tədbiri sürüşmədən əvvəl görmək lazımdır” - münasibət

“Tədbiri sürüşmədən əvvəl görmək lazımdır” - münasibət

İqtisadiyyat
05 Mart 2013, 13:44 2406
Bayılda sürüşmə zonasında yenidən aktivlik hiss olunur. Ərazidə yaşayan sakinlər narahatlıq keçirir, hətta gecələr qorxudan yata bilmədiklərini deyirlər. Hökumət rəsmiləri “sürüşmə təbii amillərlə bağlıdır” desələr də, mütəxəssislər hadisənin fəallaşmasında insan fəaliyyətinin də olduğunu bildirirlər.
AMEA Geologiya İnstitutunun hidrogeologiya və mühəndisi geologiya şöbəsinin rəhbəri, professor Yusif İsrafilov “Kaspi”yə müsahibəsində sürüşmə hadisəsinin öyrənilməsinin sadə bir mexanizm olduğunu, amma böyük fəlakətlər yaratdığını bildirib.

Qabaqlayıcı tədbirlər

- Sürüşmə hadisəsinin baş verməsinə səbəb nədir?
- Ümumiyyətlə, bütün dünyada dağlıq zonalarda sürüşmə mütləq olmalıdır. Çünki sürüşmə ekzogen proseslərin nəticəsidir. Külək, hərarət, su amili torpağın, suxurların fiziki-mexaniki xassələrini korlayır. Bu zaman torpaq kütləsinin tarazlığı dəyişir. Nəticədə kütlə sürüşür. Tarazlığın pozulmasında iki amil - təbii proseslər və antropogen proseslər – insan fəaliyyəti rol oynayır. Hansısa tikinti işləri nəticəsində, məsələn, binanın altını qazanda və s. həmin tarazlığı pozurlar. Hazırda Fövqəladə Hallar Nazirliyində yaradılan qrup sürüşmə ərazilərinə gedərək hansısa tədbirləri həyata keçirirlər.

Nazirlikdə bütün mövcud olan sürüşmələrin materiallarını yığıblar. Hazırda baş verən sürüşmələr yerində öyrənilir və kadastr formasında buraxılır. Həmin kadastrda sürüşmələrin bütün parametrləri göstərilir.

Əvvəllər fəaliyyət göstərən Geologiya İdarəsində ekzogen prosesləri öyrənin şöbə vardı. Hansısa bir rayonda təhlükəli, sürüşməyə məruz qalan ərazi olanda monitorinq həyata keçirirdilər. Müşahidə aparanda sürüşmənin qarşısını almaq yox, baş verməsinin vaxtını təyin etmək olar. Yəni bilmək olar ki, sürüşmə 5 və ya 10 gün sonra və yaxud nə vaxt baş verəcək. O zaman böyük fəlakət olmasın deyə, hansısa qabaqlayıcı tədbirləri görmək olar. Sürüşmə kütləsinin parametrləri – uzunluğu, eni, həcmi ilə bağlı işlər aparılır. Sonra da tədbirlər həyata keçirməyə başlayırlar ki, sürüşmənin qarşısını necə alsınlar. Ona görə də sürüşmə hadisəsi baş verəndən sonra yox, ondan əvvəl bu işləri görmək lazımdır. Mənə elə gəlir ki, sürüşmə hadisəsi ilə bağlı ölkədə monitorinq işlərini həyata keçirmək lazımdır. Başa düşürəm, bu, sadə iş deyil – böyük işçi kütləsi, vəsait lazımdır. Bu bir idarənin, bir nazirliyin də işi deyil. Hökumət tərəfdən məsələni həll etmək üçün böyük bir proqram işlənməlidir. Əvvəlcədən Yəni elə sürüşmə zonaları var ki, təhlükə hər an baş verə bilər. Elə yerlər də var ki, hansısa təkan nəticəsində sürüşmə hadisəsinin yaranma qorxusu var. O cümlədən, hansısa sürüşmə zonasında hadisənin baş verməsi üçün uzun bir vaxt ola bilər. Bütün respublika üzrə rayonlaşdırma aparmaq lazımdır. Təhlükəli zonalar müəyyənləşdirildikdən sonra orada monitorinqlər həyata keçirilməlidir. Monitorinq qrupu da hər hansı bir təhlükənin olacağı təqdirdə öz tədbirlərini təklif edə bilər.

Su amili

- İnsanların hansı fəaliyyəti sürüşmə hadisəsini tezləşdirir?
- Əsas təsir edən faktor su amilidir. Bir var yağışlar, sellər - bunlar təbii faktorlardır. Son vaxtlar insanları su ilə təmin etmək üçün başqa rayonlardan su kəmərləri çəkilir. Ancaq təəssüf ki, bununla bağlı heç bir kanalizasiya işləri planlaşdırmırlar. İnsanlar həmin sudan istifadə edirlər. Bəs sonra? İstifadədən sonra torpağın altına süzülən su torpağın fiziki, mexaniki xassələrini dəyişdirməyə başlayır. Torpağın hidrogeoloji şəraiti pozulur, qrunt sularının səviyyəsi qalxır və bunların hamısı bir yerdə sürüşməyə təkan verir. Kimsə orada qazıntı işləri görməyə başlayırsa, proses daha da dərinləşir.

- Bakıda ən çox sürüşmə zonaları hansı ərazilər hesab edilir?
- Xüsusən Abşeron, Bayıl, Nəriman Nərimanov heykəlinin yerləşdiyi ərazi sürüşmə zonalarına daxildir. Ən təhlükəli yer funikulyorun üstündəki “Əbədi məşəl” kompleksinin ərazisi sayılırdı. Həmin ərazidə əhəmiyyətli işlər görüldü. Xaricdən də mütəxəssislər dəvət olundu və problemin qarşısını aldılar. Bundan əlavə, elə lap əzəldən Bayıl zonası sürüşmə zonası sayılır. Azneft meydanına qədər potensial sürüşmə ərazisidir. Həmişə də bu zonada hər hansı tikinti işləri həyata keçiriləndə, biz o ərazinin təhlükəli olduğunu qeyd edirdik. Neft daşlarında da binalar tikilir. Bundan başqa elə yerlərdə binalar tikilir ki, oralar təhlükəli zonalardır. Ancaq o ərazilərdə tikinti aparmaq üçün qabaqcadan tədbir görmək, layihələr həyata keçirmək lazımdır. Belə olanda həmin qurğunun qiyməti 3-5 dəfə baha olacaq. Ona görə ki, orada sürüşmənin qabağını saxlamaq üçün daha çox vəsait sərf olunacaq. Mənim fikrimcə, Bayıl zonasında tikinti aparmaq olar. Amma tikintiyə aşağıdan yuxarıya doğru başlasalar, məncə, bunun elə bir təhlükəsi olmaz. Mühəndis-geoloji şəraiti, süxurların fiziki-mexaniki xassələrini elmi cəhətdən öyrənəndən sonra orada işlər görmək mümkündür.

- Elə Bayıldakı hündürlükdə çoxlu villalar tikilib. Ümumiyyətlə, ərazidə tikinti işləri kortəbii surətdə aparılıb. Bunlar sürüşmə üçün hansı təhlükəni yarada bilir?
- Hündürlükdə tikilən evlər üçün həmişə təhlükə var. Ən böyük təhlükə odur ki, ora su kəməri çəkilib və ərazidə yaşayan insanlar sudan istifadə edirlər. Ancaq onların kanalizasiya sistemi yoxdur. Nəticədə həmin sular torpağa süzülür. Torpaqlar nəmləşir, fiziki-mexaniki xassələri pozulur və bu da sürüşmə təhlükəsini artırır. Ona görə də həmin ərazilərdə tikinti işləri apararkən mütləq kanalizasiya sistemini nəzərə almaq lazımdır.

- Bəzən sürüşmə halları baş verərkən müəyyən bərkitmə və s. işlər həyata keçirilir. Bu tədbirlər təhlükənin qarşısını almağa nə qədər kömək edə bilər?
- Əgər həmin işləri düzgün həyata keçirsələr, əlbəttə, çox etibarlıdır. Bu, qrunt içində divardır. Həmin divarı tikmək üçün köklü süxurlara çatmaq lazımdır. Divarı köklü süxurlara bərkitsələr, sürüşmənin qarşısını saxlayar. Bunun üçün də sürüşmənin növünü, parametrlərini və həmin divara ola biləcək təsirini hesablayandan sonra lazımı tədbirləri görürlər. Yoxsa divarı gilin, qumun və ya torpağın üzərində qoymaqla onun heç bir əhəmiyyəti ola bilməz. Çünki böyük kütlənin qarşısını almaq çox çətindir.

Tarazlıq pozulanda

- Eləcə də Nərimanov heykəlinin ərazisi sürüşmə zonası sayılsa da, orada çoxlu çoxmərtəbəli binalar tikilib.
- Bu ərazidə sürüşmə hadisəsinin baş verməsi əsasən insan fəaliyyəti ilə bağlıdır. Aşağıda tikilən binaların katlavanı qazılandan sonra yuxarıdakı kütlə tərpənməyə başladı. Nəticədə orada tarazlıq dəyişdi. Ancaq sonradan aşağı hissədə tikilən binalar istisna divar rolunu oynadı. Həmin binalar tikiləndən sonra proses dayandı.

- Ümumiyyətlə, sürüşmə hadisəsi baş verəcəyi təqdirdə ərazidə yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək üçün hansı işləri görmək lazımdır? Məsələn, hazırda Bayıl ərazisində yaşayan insanların köçürülməsi təklif olunur.
- Bu, sürüşmənin növünə baxır. Bu zonada və ərazinin yaxınlığında bir neçə dəfə sürüşmə hadisəsi olub. 3-4 il bundan əvvəl ərazidə monitorinq aparılmışdı və təhlükə anında bir neçə evi boşaltdılar. Əgər müşahidə nəticəsində təhlükə daha çox gözə çarpırsa, sürüşmə hansı yaşayış məntəqəsi ərazisində baş verəcəksə, onun qarşısını almaq lazımdır. Bütün işlər yalnız müşahidələr nəticəsində həyata keçirilməlidir. Yəni sürüşmə nə qədər təhlükəlidir, hansı fəlakətləri yarada bilər, ərazidə insanlar yaşaya bilər, yoxsa yox və s. məsələlərə qabaqcadan aydınlıq gətirilməlidir. Sürüşmənin elə bir forması var ki, onun harasa təsiri olmaya bilər. Amma elə forması da var ki, hansısa ərazidə sürüşmə əmələ gəlir, sonra genişlənir, onun təsiri proqnozlaşdırılır. Bu zaman hadisənin qarşısını almaq üçün tədbirlər görmək lazımdır.

- Yağışlı havalarda demək olar ki, Bakının əksər küçələrində az qala sel yaranır. Bu suların torpağa hansı təsiri var?
- Yenə də su faktoru. Bu sürüşməni yaradan əsas amildir. Tutaq ki, zəlzələ baş verir və ondan sonra sürüşmə yarana bilər. Böyük zəlzələlərdən sonra bəlkə də 100 ildən bir sürüşmə baş verə bilər. Su faktoru isə sürüşmənin yaranmasında əsas rol oynayır. Yağış, sel, qar, kanalizasiya suları, kəmərdən sızma halları sürüşmənin yaranması üçün əsas amillərdir. Suyun təsiri həmişə var. Düzənlik ərazidə sürüşmə ola bilməz. Abşeronun qrunt sularının qalxmasının əsas səbəblərindən biri də sürüşmədir. Digər tərəfdən isə ekogeoloji və ekohidrogeoloji şəraitin pozulmasıdır. Faktiki olaraq Abşeronda su ehtiyatı yoxdur. Oğuz-Qəbələdən gələn sudan sonra Abşerona saniyədə 30 kubmetr su gəlir. Həmçinin əraziyə Samur-Abşeron zonasından da su daxil olur. Çox təəssüf ki, Abşeronda kəndlərə, şəhərlərə verilən suların kanalizasiya sistemi yoxdur. Hidrogeoloji şərait elədir ki, yerin altında suların başqa bir əraziyə axmağa yolu yoxdur. Nəticədə su yuxarı qalxmağa başlayır və bir çox ərazilərdə yerin üzünə çıxır. Məsələn, Maştağa, Buzovna, Zabrat və s. yerlərdə su yerin üzünə çıxıb. Bu, ətraf mühitə çox təsir edir. İnsanların yaşadığı evlər, zirzəmilər su ilə doludur. Bu, hazırda Abşeronun ən böyük problemidir. Ancaq təkcə bir su kəməri çəkməklə problemi həll etmək olmaz. Bu problem dövlət səviyyəsində həll olunmalıdır.

Təranə Məhərrəmovamünasibət">