• cümə, 29 Mart, 10:43
  • Baku Bakı 5°C

Təcrübə dovşanı olmaq istəməyənlərin “üsyanı”

07.11.19 20:42 1888
Təcrübə dovşanı olmaq istəməyənlərin “üsyanı”
"Real” sədri İlqar Məmmədovun avtoritar qərarları partiyadan istefalara səbəb olur
Özlərini demokrat adlandıran bəzi müxalifətçilərin əsl gerçəklikdə diktator olmasına dair indiyə qədər çoxsaylı faktlar medianın gündəmində olub. Radikalların sırasında yer alan AXCP-də, Müsavatda məhz bu amilə görə zaman-zaman istefalar olub. İqtidarı qeyri-demokratik olmaqda, şəffaf seçki keçirməməkdə ittiham edən bu partiyalar öz qurultaylarını normal şəkildə təşkil edə bilməyiblər. Onların hər qurultayı qalmaqal, qarşılıqlı ittihamlarla yadda qalıb. Hər dəfə qurultaydan sonra bu partiyalarda sədrliyə namizəd olanlar ayrılıb özünə yeni təşkilat yaradıblar. Başlıca bəyanatları da bu olub ki, partiya daxilində demokratik mühit boğulub, alternativ fikrə qarşı dözümsüzlük var, təşkilat rəhbəri tiranlıq edir, sədarət kürsüsünü özəlləşdirib və sair. Hətta qurultay keçirilməyəndə belə, radikalların düşərgəsində narazılıq, gərginlik daim olub, var və olacaq.
Xatırlayırsınızsa, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı üzdə qadın hüquqlarından, insan haqlarından, demokratiyadan, müstəqil fikrə dözümlü yanaşmaqdan gen-bol danışsa da, öz ailəsində şiddət göstərdiyi, həyat yoldaşı və qızlarını məişət zorakılığına məruz qoyduğu üzə çıxmışdı. Yaxud, AXCP sədri Əli Kərimli indiyə qədər ölkədə keçirilən bütün seçkilərdə məğlub olsa da, sədrlik kürsüsünü tərk etməyi ağlından belə keçirmir, yeni düşüncəli gənclərin partiya sədrliyinə gəlməsini bütün vasitələrlə əngəlləyir. Eyni mənzərə Müsavat Partiyasında da özünü göstərməkdədir. Partiyanın 2014 və 2019-cu il qurultaylarından sonra Arif Hacılıya olan etirazlar, seçkinin qeyri-şəffaf, ədalətsiz keçirilməsinə dair söylənilənlər göz önündədir.
Bu günlərdə baş verən hadisələr onu göstərir ki, elə "ReAL” Partiyası da AXCP-Müsavatdan geri qalmır. Üzdə özünü yenilikçi, alternativ fikrə dözümlü kimi göstərən İlqar Məmmədov sən demə, batində əsl tiranmış. O, partiyanı yalnız özü bildiyi kimi idarə etməkdə maraqlı olub, digər funksionerlərin fikirlərinə, çağırışlarına dözümsüz yanaşıb. "ReAL”ın Məclis başqanı Azər Qasımlı məhz İ.Məmmədovun avtoritar qərarlarına görə partiyadan istefa verib. Bu barədə keçirdiyi mətbuat konfransında A.Qasımlı bildirib ki, o, partiyanın sədri İ.Məmmədovun etdiyi yeni təkliflərə görə istefa verib: "Belə bir vəziyyətdə mən bu partiyada qala bilmərəm. Özümü bu partiyada, strukturda görmürəm və getmək qərarına gəlmişəm. Siyasi mövqeyimi dəyişməmişəm və indiki mərhələdə partiya yaratmaq kimi bir fikrim yoxdur. İlqar Məmmədovun təklif etdiyi layihə bizim qurduğumuz təşkilatı məhv edəcək, partiyanı Kommunist Partiyasına çevirəcək. İdarə Heyətini heç kim təftiş edə bilməyəcək. Məclisin olmaması isə o deməkdir ki, İdarə Heyətini məsuliyyətə cəlb edəcək, ondan hesabat tələb edəcək hansısa qurum olmayacaq. Siz təsəvvür edin ki, hazırda ölkəmizdə fəaliyyət göstərən, hətta 1990-cı illərdə yaradılan siyasi partiyaların strukturunda belə, bu cür biabırçı vəziyyət yoxdur”.
A.Qasımlı qeyd edib ki, nizamnamədə dəyişikliklər olacaqsa, bu, qurultayda olmalıdır: "İlqar Məmmədov öz yeni layihəsində bununla bağlı bir söz deməsə də, şəxsi fikrim belədir ki, belə bir əcaib və avtoritar layihə təklif edən şəxs irəlidə məhz nizamnamənin də dəyişə biləcəyini təklif edəcək”.
A.Qasımlının bu bəyanatına ilk dəstəyi Müsavat Partiyası sədrliyinə keçmiş namizəd, partiyanın son qurultayından narazı qalan Yadigar Sadıqlı verib. O, "ReAL”a həmişə rəğbətlə yanaşdığını dilə gətirib. Bildirib ki, orada xeyli dostları, şəxsi münasibətlərinin çox isti olduğu insanlar var. Y.Sadıqlı "ReAL” sədrinin son qərarından təəssüfləndiyini dilə gətirib: "Növbədənkənar qurultay və qurultaya qədər bütün səlahiyyətlərin sədrə verilməsi qərarları açıqlanandan Rusiyanın keçmiş baş naziri Çernomırdinin sözü beynimdə dolaşır: Nə etsək də eyni şey alınır: ya Sov.İKP, ya da Kalaşnikov avtomatı”.
A.Qasımlının həyat yoldaşı Samirə Qasımlı isə şəxsi "Facebook" səhifəsində partiyaya və partiya sədri İ.Məmmədova ünvanlanan məktubu paylaşıb. O, məktubunda "ReAL” sədri İ.Məmmədovun partiyadaxili siyasətindən narazılığını ifadə edib: "İlqar bəy qaydasız oynayır, açıq oynamır. Sədrin xarakterindəki tərslik əgər sabah ona "mən öz partiyamı yaradıram” fikrini diktə etsə, heç təəccüblənmərəm. Bu yolun sonu istəsək də, istəməsək də ayrılıq olacaqdı. Bəri başdan, yəni enerjimizi xərcləmədən ayrılaq… Bir məsələyə də toxunmaq istəyirəm. Çox təəssüf ki, bu gün "facebook”da qarşılaşdığım açıqlamalarda, yaxud reaksiyalarda partiyadaxili "islahatlar”ın heç kim mahiyyətinə varmır, struktur dəyişikliyinin mahiyyətini müzakirə etmir, əksinə hamı deyir ki: "oturun gözləyin, partiyanın strukturları buraxılsın, əgər iş getməsə, hər şey pis olsa, onda hərəkət edərsiniz. Vaxt vermək lazım idi, əgər strukturların ləğvi uğur gətirməsə, yenidən partiya yığarsınız”. Bu kimi qeyri-ciddi yanaşma göstərən insanlara yalnız bir söz deyə bilərəm. Siyasət laboratoriya deyil. Və həyatlarını, ailələrini hər an riskə qoyan insanlar da laboratoriyada təcrübə dovşanları deyil”.
Bütün bu sadalananlar bir daha onu göstərir ki, zahirdə özlərini demokrat kimi göstərənlər batində diktatorluğu həyat tərzi seçiblər. Onlar bu üsul-idarə ilə də partiyalara rəhbərlik edirlər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər