Təcili yardım həkimləri niyə döyülür?
Təcili yardım işçilərinin döyülməsi ilə bağlı xəbərlərə
artıq mətbuatda tez-tez rast gəlinir. Xəstəsi öldükdən sonra həkimi döyən, gec
gəldi deyə həkimi döyən, istədiyi iynəni vurmadı deyə həkimi döyən... Belə
hadisələrdən biri də bu günlərdə baş verib. Xətai rayonu Telnov küçəsi 6
ünvanında yerləşən "Pion palace” restoranına çağırışla gələn təcili tibbi
yardım briqadasının həkimi 1987-ci il təvəllüdlü Şamilzadə Aynurə Cavanşir qızı
və feldşer Günay Həziyeva xəstənin yaxınları tərəfindən vəhşicəsinə döyülüb.
Bəs həkimlər niyə döyülür? Bunun qarşısını almaq
üçün nə etməliyik?
Səhiyyə
Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bizimlə söhbətində bildirdi ki, pasiyentin
hüquqları olduğu kimi, tibb işçilərinin də hüququ var. Heç kimin heç kimə güc tətbiq
etməyə haqqı yoxdur: "Həkimlərin də qorunmaq haqqı var. Dəfələrlə olub ki, xəstə
üstünə gedən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları
onların yaxınları tərəfindən döyülüb. Bu halları qətiyyətlə pisləyirəm. Başa
düşürük insandır acısı ola bilər, amma bu, icazə vermir ki, həkimə əl
qaldırasan. Belə həkimlər mütləq hüquq-mühafizə orqanlarına şikayət etməlidirlər”.
"Həkim işinin
əlli faizini tətbiq edə bilmir”
Səhiyyə
Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SNTTTYS) baş
həkimi Mirələm Cəlalov"Kaspi”yə açıqlamasında bildirdi ki, dünyanın heç bir ölkəsində tibb işçilərinə
qarşı zor tətbiq etmirlər: "Təəssüf ki, son zamanlar bizdə bu cür hallar qeydə
alınır. Bir neçə gün öncə Lənkəranda Təcili və Təxirəsalınmaz Tibbi Yardım
Stansiyasının həkimləri çağırış yerinə gəlib, xəstəyə yardım ediblər. Xəstə ürək
tutmasından ölüb. Yaxınları həkimləri döyüblər. Bu, primitivliyin son həddidir.
Dəfələrlə olub ki, həkim çağırışa gəlib, amma xəstəyə yaxınlaşmamış qohumları tərəfindən
aqressivliklə qarşılaşıb. Təbii ki, bu cür hal həkimlərin də psixologiyasına mənfi
təsir edir. Həkim xəstəni xilas etmək əvəzinə, qohumları sakitləşdirməyə
çalışır. Çünki hər kəs bir tərəfdən müdaxilə edir. Nəticədə həkim işinin əlli
faizini tətbiq edə bilmir. İnsanlar anlamalıdır ki, həkim xəstəni öldürməyə
yox, yardım etməyə gəlir. Onun vəzifəsi xəstəyə son dəqiqəyə kimi yardım etməkdir.
XXI əsrdə yaşayırıq. Onların döyülməsi düzgün deyil. Heç bir yerdə belə şey
yoxdur.”
M.Cəlalov vurğuladı ki, həkimə qarşı kobudluq
hallarının qarşısının alınması üçün hüquq-mühafizə orqanları ciddi tədbirlər
görməlidir: "Xəstəyə şəfa verən adamı döymək olmaz. Həkimlərin döyülməsi məsələsinə
münasibət çox pis olmalıdır. Hüquq-mühafizə orqanları hər bir hadisə ilə bağlı tədbir
görməli və bunu ictimailəşdirməlidir”.
"Həkimlərin
toxunulmazlığı ilə bağlı qərar qəbul edilməlidir”
Bakı şəhər Təcili
və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev də həkimlərin döyülməsinə kəskin etirazını
bildirdi. Həmsöhbətimiz deyir ki, özünü idarə edə bilməyənlər, davranışı, tərbiyəsi
yerində olmayanlar həkimə xəsarət yetirir: "Bizim millət əsasən çox qonaqpərvər
və qayğıkeşdir. Amma hər kəsə eyni gözlə baxmaq olmaz. Sözügedən hadisədə də xəstənin
yaxınları içkili olub sərxoş vəziyyətdə həkimə hücum çəkib. Bu, insani hərəkət
deyil. İkinci tərəfdən də qapıya qonaq gələndə, özü də köməyə insan çağırmsansa,
onu döymək nə dərəcədə düzgündür? Bir çox hallarda gecikmə ilə müraciət edirlər,
xəstəni vaxtında müalicə etmir, səhhəti ilə maraqlanmırlar ağır ayaqda təcili
tibbi yardıma müraciət edir ki, mənim xəstəmi sağalt. Xəstə ağır vəziyyətdə
olur, artıq iş-işdən keçir təcili tibbi yardım işçisi döyülür ki, xəstə niyə öldü.
Dar düşüncəli insanlar son məqamda belə hərəkətlərə əl atırlar. Ziyalı insan bu hərəkəti etməz. Biz hələ görməmişik
ki, bir həkim, müəllim bu hərəkəti etsin. Bunları edənlər cəmiyyətdə özünə yer
tapa bilməyən insanlardır. Bəzi seriallara baxır və bunu həyatda tətbiq edirlər.
Hansı həkim istəyər ki, onun xəstəsinə nə isə olsun. Artıq mən düşünürəm ki, həkimlərin
toxunulmazlığı barədə qanun qəbul olunmalıdır. Onların müdafiəsi üçün nəsə edilməlidir”.
Həkimi döyməyə
çağırırsız?
Baş həkim deyir ki, döyülmələr səbəbindən təcili
yardımda işləməyə gələn həkimlərin sayı azalıb: "İnsanlar düşünmür ki, həkimi
döyəndə o ikinci müraciətə gedə bilməyəcək. Təcili yardımda işləməyə gələn həkimlər
artıq azalıb, gəlmək istəmirlər. Qorxurlar. Biz məcbur oluruq hər dəfə polisə
müraciət edirik. Bəzi ünvanlar məlumdur ki, o ünvanlarda hər dəfə belə hallar
olur. Həkimi döyməyə çağırırsız?”.
"Təcili
yardım yatmaq üçün dərman paylayan deyil ki...”
Müsahibimizin sözlərinə görə, təcili tibbi yardıma
gələn çağırışların 60 faizi əsassız çağırışlardır: "Bu yaxınlarda başımıza belə
bir hadisə gəlib. Ər və arvad dalaşarkən bir tərəf həkim çağırıb. Həkim gəlib
yardım edəndə ortada qalıb və həkimdən şikayət ediblər. Həkim də deyir mən
yardım etməkdən başqa nə etdim ki? Həkimlər insanlar tərəfindən çox aşağılanır.
Hər sahədə xəta olur. Gün ərzində 2000 çağırışı icra edəndə, ola bilər hansısa
ünvana gecikək. Fiziki cəhətdən bunu çatdıra bilmərik. 138 briqadamız var. Gələn
çağırışıları çeşidləyirik. Bəzən 1 saata 238 çağırış gəlir. Bunu çeşidləməsək,
idarə etmək qeyri-mümkündür. Hamı deyir ki, birinci mənim qapıma gəlin. Biz
çeşidləyib, daha vacib olanlara əvvəl gedirik. Travma alan, huşsuz olan, komada
olanları birinci icra edirik. Mən necə nəqliyyat qəzasını saxlayım, təzyiq ölçməyə
göndərim həkimi? Gündə 60 faiz bizə adi olmayan çağırışlar gəlir, sonra da
deyirlər ki, təcili yardım gecikdi. Təcili yardımın öz iş prinsipləri var. Bəzən
bizi təzyiq ölçməyə çağırırlar. Biri çağırıb həkimlər gedib, deyib "yuxu dərmanı
ver, yata bilmirəm”. Təcili yardım yatmaq üçün dərman paylayan deyil ki... Sərxoş
kişidir arvadıyla dalaşıb həkimi döyür. Yaxud xəstə ölüb həkimi öldürür ki, tez
ol dirilt. Özünü idarə edən bilməyən insanlar bu hərəkətlərlə məşğuldur. Bəzən
də həkimi evinə çağırır ünvanı bilmir. Təcili yardım bunun izah etdiyi evi
axtarıb tapana qədər gecikir. Ünvana çatanda həkimi döyür ki niyə gec gəldin? Həkim
deyəndə ki, "ünvanı düz verməmisiniz”, deyir "bütün məhlə filankəsin evini
tanıyır, sən niyə tanımırsan”.
"Davayla məsələ
həll olunmaz”
Tibb elmləri
doktoru Adil Qeybulladeyir ki, əgər kimsə hansısa həkimdən narazıdırsa, məhkəməyə müraciət etməlidir
və şikayət qanunlar çərçivəsində araşdırılmalıdır: "Ümumiyyətlə, belə
xuliqanlıq hərəkətləri həkimlərin xəstələrə münasibətini də dəyişir. Məsələn, Səudiyyə
Ərəbistanı şəriət ölkəsidir. Orada bu cür hallar məhkəmədə həll olunur. Məhkəmədə
həkim tərəfindən protokoldan kənara çıxma olubsa, xəstənin səhhətinə ziyan
vurulubsa, cəza tətbiq edilir. Axı davayla, harayla bu məsələlər həll olunmaz.
Bu cür təcrübə dünyada heç yerdə yoxdur. Açığı, etiraf etmək lazımdır ki, bizim
millətin bir qismində ciddi şəkildə mədəniyyət problemi var. Bu sürücülükdə də,
bir-birinə münasibətdə də, həkimlərə münasibətdə də özünü göstərir”.
Aygün ƏZİZ