• cümə axşamı, 28 mart, 21:58
  • Baku Bakı 13°C

Təcili yardım briqadaları pandemiya dövründə hər gün 2500-ə yaxın müraciət icra edib

12.09.20 12:30 501
Təcili yardım briqadaları pandemiya dövründə hər gün 2500-ə yaxın müraciət icra edib
Koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınması üzrə dövlətin həyata keçirdiyi tədbirlər çərçivəsində tibb müəssisələrinin üzərinə böyük yük düşür.
Trend-in məlumatına görə, bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) baş həkimi Rauf Nağıyev deyib.
Onun sözlərinə görə, Səhiyyə Nazirinin əmri ilə mövcud iş rejimi pandemiya dövrünə uyğunlaşdırılıb: "Pandemiyanın ilk dövrlərində 103 xidmətinin Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayının artması səbəbindən gündəlik növbəyə çıxan təcili yardım briqadalarının sayı artırılıb. Həmçinin, gündəlik xəttə çıxan sanitar avtomobillərin sayı 170-ə çatdırılıb. Hazırda Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 21 bölməsində ümumiyyətlə 2370 nəfərə yaxın həkim və orta tibb heyəti çalışır".
Baş həkim bildirib ki, COVID-19 virusunun yayılmağa başladığı ilk günlərdən etibarən təkcə Bakı şəhəri üzrə deyil, həm də ətraf ərazilərdə yaşayanlar ilk olaraq 103 Çağrı Mərkəzinə müraciət edib:"Biz Sumqayıt şəhəri və Xırdalan, Masazır, Saray, Ceyranbatan qəsəbələrində yaşayanlara da xidmət göstərdik. Martın əvvəllərində Bakı ilə yanaşı, adını çəkdiyim yerlərdə də yoluxmuş vətəndaşlardan laborator müayinə materiallarının götürülməsi, laborator-çeşidləmə məntəqəsində barkodlaşdırma, xəstələrin hospitalizasiyası işi də bizə tapşırılıb”.
TTTYS-nin baş həkimi bu xidmətin 170 nəfərdən ibarət olan dispetçer heyətinin həftənin 7 günü, 24 saat əhalinin xidmətində olduğunu və pandemiya dövründə hər gün qəbul etdiyi 2500-ə yaxın müraciəti icra etdiyini vurğulayıb. Bu müraciətlərin əksəriyyəti həyat üçün təhlükə yaradan hallar - miokard infarktı, insult, doğuş, travmalar, zəhərlənmə, yanıq, cərrahi xəstəliklər, nevroloji, ginekoloji, psixiatrik problemlərlə əlaqədar olub.
Baş həkimin sözlərinə görə, koronavirusun yayılma sürətini azaltması prosesində əsas məsuliyyət TTTYS-nin üzərinə düşüb: "Təcili Tibbi Yardım briqadaları tərəfindən götürülmüş laborator müayinə materiallarının çeşidlənərək, siyahısının tərtib edilməsi, barkodlaşdırmadan sonra sistemə daxil edilməsi və mərkəzləşmiş laboratoriyaya çatdırılması, digər müəssisələr tərəfindən götürülmüş müayinə materiallarının ünvanlardan toplanması və s. Xüsusiləşmiş təcili yardım briqadaları tərəfindən hərarəti yüksək olan şəxslərdən gündəlik 1000 ədəddən çox laborator müayinə üçün yaxma nümunəsi götürülüb. Həmçinin, müəssisə və idarələrin işçilərindən kütləvi şəkildə laborator müayinə materiallarının götürülməsi, yoluxmuş şəxslə təmasda olanların ailə üzvləri, iş yoldaşları və yaxınlarından müayinə materialının götürülməsi, onlar barədə rayon icra hakimiyyətlərinə, polis idarələrinə, GEM-lərə, poliklinikalara məlumatların verilməsi icra olunub. Vəfat etmiş xəstələrdən laborator müayinə materiallarının götürülməsi, onların morqlara və respublikanın rayonlarına daşınması, laborator müayinənin nəticəsi müsbət çıxan xəstələrin ünvanlarının dəqiqləşdirilməsi, onların hospitalizasiyasını həyata keçirilib. Eyni zamanda, təcili yardım briqadaları xarici ölkələrdə təhsil alan tələbələr və iş adamları ölkəyə qayıdarkən, onları müvafiq karantin bölgələrinə aparıb, onları müşayiət edib və xəstəxanalara yerləşdirilməsi işi ilə məşğul olub".
banner

Oxşar Xəbərlər