TEATRŞÜNAS HARADA İŞLƏYƏ BİLƏR?
2008-ci il idi. Tələbə
adını qazanmışdıq, ancaq hara daxil olduğumuzun fərqinə varmırdıq. Bircə onu
bilirdik ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatrşünaslıq”
ixtisasında təhsil alacağıq. Universitetə daxil olana qədər anam bir neçə dəfə məni
Abdulla Şaiq adına Dövlət Kukla Teatrına və Akademik Milli Dram Teatrına
aparmışdı. Teatr haqqında düşüncəm Ələkbər əminin (Ələkbər Hüseynov) əlinə
Kukla götürüb, bizi güldürməsi, əyləndirməsi qədər dar çərçivədə idi. Teatr
mənim üçün qapalı bir qutu idi.
"Nə, Teatrşünaslıq?”
Qrupumuzda 3 qız,12 oğlan
vardı. Qızlarımız aparıcı olmaq eşqi ilə bu ixtisasa qəbul olmuşdular. Dəqiq
xatırlayıram, ilk dərs günü kurs rəhbərimiz teatrşünas, professor Məryəm Əlizadə
bizə "Qrupda kim teatrşünas olmaq və bu sənəti axıra qədər davam etdirmək
istəyir?” deyə sual vermişdi. O gün Məryəm Əlizadənin baxışlarındakı o kədər,
təəssüf hissi hələ də gözlərimin önündən getmir. Çünki qrupda içi mən qarışıq
heç birimizin əli yuxarı qalxmamışdı. Elə bu anda Məryəm xanım ikinci sualını
verdi: "Axı, sizin burda nə işiniz var?”.
Təhsil aldığım ilk 2 il bu sual beynimin içini gəmirdi. "Mənim burda nə
işim var?”. İxtisasımın adını eşidən qohum-əqrəbalarımızın ilk sualı bu olurdu:
"Qurtarıb, nə işləyəcəksən”?, "Aktrisa olacaqsan?”. Müəllimlərimdən öyrəndiyim
məlumatları onlara olduğu kimi çatdırmağa çalışırdım. "Bilirsiniz, əslində, bu
çox maraqlı və bir o qədər dərin sənətdir. Teatrşünaslıq teatrda yaşanan
prosesləri təhlil edən elmdir”. O zaman ikinci bir sual gəlirdi "Yaxşı, bəs,
oxuyub qutardıqdan sonra nə olacaqsan?”. O vaxt teatrşünaslıqdan anlayışı
olmayan qohumların sözünü qəribçiliyə salırdım.
Bəxtəxuda oxuyuruq
Qrupdakı oğlanlarımız "kişidir,
əlinin sənədi olsun” deyə bu ixtisasda təhsil alırdı. Onlar "bəxtəxuda oxuyuruq”
deyə elə tələbə vaxtlarından başqa sənət axtarışına çıxmışdılar. Qızlarımız da
ki, məlum məsələ. Məryəm xanımın sualını özümə təkrar-təkrar verərək, get-gəl,
iki ilimi keçirdim.
Bir dəfə Məryəm Əlizadə "sizin teatr haqqında fikrinizin formalaşması
üçün teatr mühiti ilə sıx əlaqə olmağınız vacibdir” - deyib bizi axşam YUĞ Teatrının
qarşısında gözləyəcəyini dedi. Həmin gün axşam bizi Vaqif İbrahimoğlunun
rəhbərlik etdiyi "YUĞ” Teatrına apardı. YUĞ-un
o kiçik səhnəsində "Mən, MəhəmmədFüzuli..." tamaşasına baxdıq. Məryəm xanım tamaşanı
bizə daha da dərindən açmaq üçün tamaşada Füzulinin"ekzistensionalməsələləri yaradıcımaterial kimi” önə çəkildiyini dedi. O gündən sonra ekzistensionalsözünü araşdırmağa başladıq. Çünki bu
terminlər, tamaşada yaşananlar bizdə tam yad idi. Açıq deyim ki, tələbələrimizin
yarısının elə ilk gündən teatra olan sevgisi ölmüşdü. O gündən sonra bir də
ayaqları heç bir teatra tərəf yol almadı. Yerdə bir neçə tələbə qalmışdıq. Ancaq
mənə nə Məryəm xanımın danışdığı o psixosof teatr, nə də tamaşadan sonra olunan
müzakirələr maraqlı gəlirdi. Çünki o tamaşada Füzulinin daxili aləminə səyahət
etmişdim. Mənim o gün teatr haqqında fikirlərim dəyişmişdi. Çünki mən o gün
Füzulinin özünü görmüşdüm.
Zamanla açılan səhifə
Siz zamanla insanın birinə
və hər hansı bir sənətə yaranan sevgisinə inanırsınızmı? Mən inanıram, çünki "Teatrşünaslıq”
ixtisası mənim üçün maraqlı, fərqli bir dünyaya açılan qapı idi. Bu dünyadan
həyat pəmbə rəngdədir. Kurs işləri, təqdimatlar gün ötdükcə daha maraqlı
gəlməyə başladı və teatrda məni özünə çəkən başqa bir qüvvənin olduğuna
inandım. Kulis arxası, tamaşadan öncə və sonra aktyorların yaşadığı həyəcan,
qrim otağı, səhnə arxasında yaşanan proseslər bir nağıl idi. Gün keçdikdə
"Mənim burda nə işim var?” sualını özümə daha az verməyə başladım. Onun yerini
"nə yaxşı ki” tutmuşdu. 4-cü kursda oxuyanda isə artıq məni başqa bir sual
maraqlandırırdı. Bu il bizim ixtisası 15 nəfər bitirəcək. Bir neçə aydan sonra bu
ixtisasla harada işləyəcəm? Ümumiyyətlə "Teatrşünas” haralarda işləyə bilər? Hər il 15-20 nəfərə teatrşünas diplomu verən
Universitetə maraqlıdırmı ki, məzunları harada çalışacaq? Ümumiyyətlə, bu sənət
üçün hər hansı müəssisədə və qurumda iş yeri varmı? Əgər Universitet hər il bu
qədər tələbəyə diplom verirsə, yəqin ki,
onların harada necə işləyəcəyini də düşünür. Yoxsa "al diplomunu, get başına
çarə qıl” deyəcəkləri ağlımın ucundan da keçməzdi. Mən demirəm ki, tələbə
yoldaşlarım teatrın bilicisi idilər. Onların bir qismi bu 4 il ərzində teatrı
sevməyə, onu olduğu kimi qəbul etməyə başlamışdılar. Hətta aralarında magistr
təhsili alanlar da oldu. Ancaq bu teatr deyilən mədəniyyət ocağında onlara bir
iş tapılmadı ki, tapılmadı. Teatrların direktorları deyir ki, burada ancaq
aktyor, rejissor üçün ştat var.
Bilmək ağır söhbətdir
Teatrlarda teatrşünasın
işləyə biləcəyi vur-tut iki ştat var. Biri ədəbi hissə müdiri, digəri isə
mətbuat katibi. O ştatlar da tədricən jurnalistlərin, filoloqların, yazarların
nəzarətinə keçir. Xub, çox pakizə. Soruşacaqsınız ki, bəs, niyə? Niyəsini
bilmirəm, bilsəm də, demərəm, ancaq bircə onu deyə bilərəm ki, elə bilirsiz
teatra şünas lazımdır? Axı, teatrlara rəhbərlik edən kəslər hər şeyi hamıdan
yaxşı bilənlərdir. Teatrşünasa nə hacət? Axı, bilən adam hər şeyə ləbbeyk
deməyəcək. Bilən adam ağı qara, qaranı ağ görə və göstərə bilməyəcək. Əşi,
bilmək ağır söhbətdir, qədim hind vedalarında deyildiyi kimi, bilmək böyük
başağrısıdır.
"Teatrşünaslıq” diplomunu
əlinə alıb qapı-qapı media qurumlarının qapısını döyən dostlarım da az olmadı.
Onlara bir cavab verildi: "Bura ciddi media qurumudur, "Teatrşünas” diplomu ilə
jurnalist işləmək istəyirsiniz?”. Təəssüf ki, o gənclərə özlərini realizə
etmələri üçün nə bir imkan, nə də meydan verilmədi. Tələbə yoldaşlarımızla
görüşəndə bir müzakirə mövzumuz olurdu – "Teatrşünas harda işləməlidir?”.
Mətbuat orqanlarında, mediada işləmək üçünsə onlardan jurnalistika diplomu və
ən azı 2 il iş təcrübəsi tələb edirlər. Məhz bu səbəbdəndir ki, qrupumuzdakı 15
nəfərdən yalnız bir nəfər (bəndəniz) teatrşünas olaraq yoluma davam etdi.
Sizə haqq olur...
İndi bizdən əvvəl və bizdən
sonra bu ixtisası bitirən tələbələri küçədə, yolda, getdiyim müxtərif
idarələrdə işçi kimi görürəm. Onların heç biri bu ixtisası davam etdirmədi. Nəzərlərindəki
"Ailəmi necə dolandırardım? Harda işləyərdim?”- deyə sual dolu baxışları mənə yaxşı
tanışdır. Belə vaxtlarda diplom aldığım gün özümə verdiyim sual yadıma düşür:
"İndi oxudum, qutardım, nə olacağam?”.
Bu gün teatr
direktorlarının müsahibələrini oxuyanda onların teatrşünaslardan gileyli
olduğunu görürəm. Bilixtiyar məndə sual yaranır, siz nə vaxt teatrşünaslara
qucaq açdınız, nə vaxt onlara meydan verdiniz ki, indi giley-güzar edirsiz. İndi
şou müxbirlərinin əlindən yaxa qurtara bilmirsiniz? Açığı, elə sizə haqq
olur.
Məhz bu kimi səbəblərdən
teatr haqqında yazıların əksəriyyətini şou, qalmaqal müxbirləri hazırlayır. Ona
görə də bizim teatrlarımız haqqında yazılan yazılar şou xarakterlidir, teatr şou
yazanların yadına ancaq qalmaqallar olanda düşür. Teatr premyeralara tamaşa
haqqında yazmağa barmaqla sayılası mədəniyyət yazarından başqa müxbir dəvət edə
bilmir. Çünki bilir ki, başqa müxbiri
çağırsa, gəlib aktrisanın tumanından yazacaq. "18+ tamaşa göstərildi” başlıqlı yazılar
verəcək. Həmin o yazarlar tamaşaya
baxandan sonra press-relizi qəzetə, yaxud sayta köçürməklə kifayətlənəcək.
Əlbəttə ki, bu da sizi qane etmir. Məhz
bu səbəbdəndir ki, teatr camesinin nümayəndələri "teatrşünas yazıları” görmək istəyirik
deyib durublar. Əzizlərim, teatrşünas yazıları görmək üçün, o teatrşünasın
yetişə biləcəyi sağlam mühit və qazanclı iş lazımdır.
Bir dəfə teatrşünas Elçin
Cəfərovun "Siz kimin dostusunuz?” yazısında belə bir fikirlə qarşılamışdım: "Mediada
son dönəmlər teatra həsr olunmuş verilişlərə və yazılan bir para yazılara nəzər
salanda şəxsən məndə belə bir sual yaranır: Axı, bunlar nə istəyir? Qalmaqal,
bir neçə proqramlıq "qızardılmış informasiya”, ağıllı görünmək, ya nə?.. Ən
maraqlısı da odur ki, əttökən yanaşmaları ilə teatrı ittiham edən "jurnalist”lərin
teatr sənətindən, ümumiyyətlə, xəbərləri yoxdur. Bir çoxları axırıncı dəfə
haçan, hansı teatrın hansı tamaşasına baxdıqlarını belə xatırlamayan bu "teatr
təəssübkeşləri” nə haqla və hansı intellektual səviyyə ilə teatr mövzusunda məhkəmə
(bəlkə də həngamə kəlməsi daha çox yerinə düşərdi) qurmaq iddiasına düşüblər?!
Axı, teatr sənətinin və teatr sənətçilərinin gözdən salınmasına yönəlmiş bu
sayaq kampaniyalar mediaya və ya ictimaiyyətə nə verəcək? Və, ümumiyyətlə,
mediada və ictimaiyyətdə yaranan bu münasibətin əsası nədədir?”.
Elçin Cəfərov, əsas odur
ki, bu gün teatrdan yazan jurnalist həmkarlarımın bu sənət haqqında o qədər də
anlayışı yoxdur. Onlar redaktorların "teatrları vurun”, yaxud daha konkret,
"filankəs bəhmənkəszadəni sürüyün”
komandası ilə bu şərəfli peşədən yumşaq desək, çox yumşaqcasına istifadə
edirlər. Əslində, bu məsələdə onları da qınamıram. O komandanı verən
Komandirləri də qınamıram. Ümumiyyətlə, heç kəsi qınamıram və söhbətin bu
qınaqsız yerində yazımı yekunlaşdırıb, gedirəm Zəlimxan Yaqubun "Sizi
qınamıram” şeirini oxumağa.
Xəyalə Rəis
Teatrşünas