Mədəniyyət ocaqlarının virtual repertuarı kifayət qədər zəngindir
Karantin günlərində teatrlarımız əsl mübarizə əzmi göstərirlər. Belə ki,
teatrlarımızın yaradıcı heyətləri sosial şəbəkə vasitəsi ilə tamaşalarından
bir parça nümayiş etdirir, şeirlər deyir, uşaqlar üçün hekayələr səsləndirir, insanların
evdə istirahət edə bilməsi üçün əllərindən gələni əsirgəmirlər. Hələ onların
sırasında repertuarda olan, arxiv tamaşaları "online” şəkildə nümayiş etdirənlər də
var. Bizə isə internetə qoşulub, evdə tamaşaları izləmək qalır.
İlkin olaraq Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid
Zeynallı ilə əlaqə saxladıq. O deyir ki, koronovirus pandemiyası ilə əlaqədar
elan olunmuş xüsusi karantin günlərində Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında
Akademik Milli Dram Teatrının tamaşaları "online” nümayiş etdirilir: "Əvvəlcədən
müəyyən edilmiş virtual repertuara uyğun olaraq, saat 12:00 və 19:00-da "Facebook”
sosial şəbəkəsində təqdim olunan səhnə əsərlərinə böyük maraq var. Tamaşalar
ölkə daxilində olan teatrsevərlərlə bərabər, Amerika, Türkiyə, Rusiya,
İsrail, İngiltərə, Almaniya və başqa ölkələrdə yaşayan soydaşlarımız tərəfindən
də izlənilir. Mart ayında böyüklər üçün
"Hamlet, "Ah, Paris, Paris”, "Ölülər”, "Hələ sevirəm deməmişdilər”, "Qarabağnamə”,
uşaqlar üçün "Tülkü, tülkü, tünbəki, "Buratino”, "Çipallino” tamaşaları nümayiş
olunub".
Onun sözlərinə görə, teatr aprel ayı üçün də virtual repertuarını
hazırlayıb. Aprel ayında ümumilikdə 30
tamaşanın nümayişi planlaşdırılır. Bura teatrın hazırkı repertuarında olan və
böyük tamaşaçı marağı qazanmış "Almaz”, "Cəhənnəm sakinləri”, "Sinif
yoldaşları”, "Müfəttiş”, "Bir, iki, bizimki” və s. səhnə əsərləri ilə yanaşı,
vaxtilə böyük uğurla nümayiş olunan "Aydın”, "Köhnə ev”, "Özümüzü kəsən
qılınc”, "Mənim ərim dəlidir”, "Mesenat”, "Generalın son əmri”, "Uçqun” və
başqa tamaşalar daxildir.
Qeyd edək ki, Akademik Milli Dram Teatrı onlayn tamaşalarını "Sənət
maneə tanımır” sloqanı ilə təqdim edir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti də ölkəmizdə
koronavirus infeksiyasının qarşısının alınması istiqamətində qoyulan bütün tələb
və qaydalara ciddi şəkildə əməl edir. Bu
haqda teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə
doktoru Əliqismət Lalayev deyib. Teatr dünyanı cənginə alan koronavirus
pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların
sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik
nümayiş etdirilməsi barədə irəli sürdüyü təşəbbüsə qoşulub. Teatr rəhbərliyi
aylıq əmək haqqından könüllülük prinsipi əsasında ayırdığı vəsaiti ölkə
başçısının "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və
koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər
haqqında" 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb. Mədəniyyət naziri Əbülfəs
Qarayevin mədəniyyət işçilərinə müraciətindən sonra teatrın kollektivi evdən də olsa daha aktiv fəaliyyətə başlayıb. Xüsusilə də teatrın istedadlı gəncləri "Evdə qal" kampaniyasına
qoşularaq çağırışlar edirlər. Bəzi əməkdaşlar isə (Əməkdar artistlər Ələkbər Əliyev, Emin Əliyev) ölkədə koronavirusla mübarizəni təbliğ edən müxtəlif
reklam materiallarında təmənnasız olaraq çəkiliblər və öz dəstəklərini nümayiş
etdiriblər. Bu gün də bütün televiziya kanallarında həmin reklam materialları
yayımlanır.
"Teatrımızın
"Facebook" və "İnstagram" hesablarında virusa qarşı mübarizədə
həmrəyliyimizi əks etdirən və eyni zamanda ev şəraitində yaradıcı kollektivin
etdiyi məşqlərdən görüntülər paylaşılır, həmçinin Nazirliyin "Facebook” səhifəsində
tamaşalarımıza baxışlar keçirilir. Teatrımızın bütün işçiləri maddi imkanı aşağı və yaşı 65-dən yuxarı olan əməkdaşlarımızla
telefon vasitəsilə tez-tez əlaqə saxlayır. Tamaşalara gəlincə isə, həm repertuarda olan, həm də hazırlanan yeni
tamaşalar üzərində müzakirə və məşqlər onlayn şəkildə aparılır. Tamaşalarda yer alan aktyorlara tapşırıqlar verilir, onlar da öz növbəsində
məşqlərin videosunu çəkərək bizə göndərirlər".
Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva bildirdi ki, xüsusi karantin rejimi elan olunandan teatrın yaradıcı heyəti
"Evdə qal" aksiyasına
qoşularaq, sosial şəbəkə vasitəsi ilə
evdən videolar çəkir, maraqlı monoloqları ilə tamaşaçıları evdə qalmağa dəvət
edir: "Bundan başqa, Mikayıl
Müşfiqin "Yenə o bağ olaydı" şeirini səsləndirərək, onu
"Evdə qal" kampaniyasına
bir ərmağan etdik. Yaradıcı heyətimiz tərəfindən evdə videolar çəkildi, biz də öz sosial şəbəkə səhifələrimizdə onları
tamaşaçılarımızla paylaşdıq. Aprelin 1-dən virtula tamaşalar hər gün saat 19:00-da teatrımızın "Facebook” səhifəsində
canlı olaraq nümayiş etdirilir. 14:00-da isə uşaqlar üçün olan tamaşaları təqdim edirik. Bundan əlavə, mütəmadi
olaraq "Youtube"-da yerləşdirilmiş həm uşaq, həm də böyüklər üçün olan tamaşalarımızı da sosial
şəbəkələrdə paylaşırıq. Gənc Tamaşaçılar Teatrının "Facebook”, "İnstagram” səhifələri fasiləsiz olaraq tamaşaçıların müraciətlərini
cavablandırır, orada video-çarxlar paylaşılır, "Evdə qal” çağırışları edilir".
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat xidmətinin rəhbəri
Həmidə Rüstəmova da deyir ki, karantin günlərində teatrın yaradıcı heyəti evdən
canlı yayımlar edərək tamaşaçılarına şeirlər səsləndirir, hekayələr danışır:
"Teatrımızın yaradıcı heyəti sosial şəbəkə vasitəsi ilə tamaşalardan müəyyən
parçaları paylaşır, evdə qalmaqla bağlı
çağırışlar edirlər".
Bakı Uşaq və Gənclər
Teatrının mətbuat xidmətinin rəhbəri Leyla Həşimova isə deyir ki, teatrın bütün kollektivi Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin #şeirdepozitivol #challenge təşəbbüsünə qoşulub: "Bu təşəbbüs hələ də davam edir.
Teatrın "Youtube”, "Facebook”, "İnstagram” səhifələrində hər gün mütəmadi olaraq paylaşımlar
edirik. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı olaraq
bəşəriyyətin bəlasına çevrilən COVİD-19 koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətə
görə tamaşaçılarımızın evdən tamaşalarımıza baxa bilməsi üçün yeni bir təşşəbüs
irəli sürmüşük. Belə ki, tamaşalarımızı aşağıda qeyd olunan tarixlərdə Bakı
Uşaq və Gənclər Teatrının "Youtube” (Bakı Uşaq və Gənclər Teatrı BUGT), "Facebook”
(@BakiUshaqTeatri), "İnstagram” (@bakiushaqgenclerteatri) səhifələrində izləmək olar: "Dovşanın
evi" - 3 aprel, "Göyçək Fatma"
- 7 aprel, "Əyriqulaq dovşan" - 11 aprel, "Günahsız
Günahkarlar" - 15 aprel, "Çay dəstgahı" - 19 aprel, "Sehrli
Tütək" - 23 aprel, "Pəltək Cücə" - 27 aprel,
"Kimdir müqəssir" - 1 may,"Humayın yuxusu" - 5 may”.
Teatrın mətbuat xidmətinin rəhbəri
bildirir ki, teatr internet üzərindən öz
işini davam etdirir: "Xüsusi
karantin günlərində yaradıcı heyətimizin ifasında "Dağ və Siçan",
"Çınqılı-çınqılı bala sərçə",
"Komble", "Turp", "Sirli dolça", "Ağ göyərçin",
"Üç öyüd", "Leviafan", "Tülkü, bir də balıqlar",
"Günəşin nağılı" kimi nağılları video şəklində səsləndirir, daha sonra "Youtube”
kanalımızda yerlələşdiririk. Və ordan "Facebook” və "İnstagram” səhifələrimizdə
paylaşım edirik. Hətta Mikayıl Müşfiqin "Şəngül, Şüngül, Məngül" əsəri
33 nəfər tərəfindən səsləndirilib.
Bundan sonra da müxtəlif şeirlər və qəzəllər tək-tək
və ya kollektiv şəkildə səsləndiriləcək".
Teatrın sözçüsü deyir ki, karantin günlərində müsabiqə də elan ediblər:
"Balaca tamaşaçılarımız arasında şeir müsabiqəsi keçirməyi planlaşdırırıq.
Şeir qiraəti çəkilərək teatrın elektron ünvanına göndərilir. Qalib tamaşaçı teatrın tamaşalarına (karantindən sonra
olacaq tamaşalara) bilet qazanır. Hamımız teatr, tamaşalar və tamaşaçılarımız
üçün çox darıxmışıq. Hər birimiz canla-başla çalışırıq. Hamı öz evində çəkiliş edir, videolar hazırlayır, sonra onlar montaj
olunur, üzərinə musiqi qoyulur, daha sonra hazır video şəklində "Youtube” səhifəmizə yüklənilir".