AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Teatrlarımız nə üçün eyni əsərlərə müraciət edirlər?

Teatrlarımız nə üçün eyni əsərlərə müraciət edirlər?

21 İyun 2014, 10:55 1423
Tənqidçi Vaqif Yusifli: “Eyni tamaşanın müxtəlif teatrlarda qoyulması, bu o deməkdir ki, Azərbaycan teatrının bugünkü səviyyəsi, bugünkü əziyyəti tamaşaçını qane etmir”

Bu gün paytaxtda və kənarda ən son texnologiyaya əsaslanan teatr binaları tikilsə də teatrlarda bəzən ötən əsrin repertuarından olan əsərlər yer almaqda davam edir. Eyni əsərlər eyni vaxtda bir çox teatrlarımızın repertuarını bəzəyir. Eyni əsərlər təkrar təkrar tamaşaya qoyulur.

Bu gün “teatrlarımızın repertuarında hansı tamaşalar yer alır?” sualı ilə sənət ocaqlarının repertuarına nəzər yetirdik. Demək olar ki, eyni əsərlərin müxtəlif teatrlarda tamaşaya qoyulduğunun bir daha şahidi olduq. Belə ki, Akademik Milli Dram Teatrının repertuarında yer alan “Qatil” əsəri, İrəvan Teatrının və H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının repertuarında da yer alıb. “Varlı qadın” əsəri isə Şuşa Musiqili Dram Teatrı və H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında səhnələşdirilib. “Xanuma” əsəri Akademik Milli Dram Teatrı ilə bərabər Musiqili Teatrda da nümayiş olunur. “Məhv olmuş gündəliklər” Mingəçevir Dövlət Dram Teatrında və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, eyni zamanda Pantomima Teatrının səhnəsində tamaşaçılara təqdim olunur. “Skapenin kələkləri” əsəri isə həm Musiqili Teatrda, həm də Şəki Dövlət Teatrında oynanılır.

Göründüyü kimi, bu gün bir teatrlın repertuarında yer alan tamaşalar yenidən başqa teatrların rejissorları tərəfindən yenidən səhnə qoyulub gündəmə gətirilir.

Bəs mütəxəssislər teatrın repertuarında eyni əsərlərin səhnələşdirilməsi ilə bağlı nə düşünürlər?

Bunu danmaz olmaz

Dramaturq Əli Əmirli hesab edir ki, dramaturgiya bədii yaradıcılığın ən çətin növü hesab olunur, hətta zəif pyes də asan yazılmır: “Bu gün Xalq yazıçısı Elçinin pyesləri Londonda, Moskvada, Tiflisdə, Türkiyənin bir çox mərkəzi teatrlarında tamaşaya qoyulur, Akademik Milli Dram Teatrının, Dövlət Gənc Tamaşaçılar Teatrının milli dramaturqlarımızın əsərləri əsasında hazırladıqları tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülür. Mənim pyeslərim bütün Orta Asiya respublikalarının, Rusia və Ukraynanın həm rus teatrlarında, həm də milli teatrlarında tamaşaya qoyulur. “Varlı qadın” adlı komediyam əsasında Kumık teatrının hazırladığı tamaşa keçən il Ufa şəhərində keçirilən ənənəvi V Beynəlxalq “Tuqanlıq” teatr festivalında iki yüksək mükafata layiq görüldü. Həmin əsərin Tacikistan teatrında hazırlanmış tamaşası isə 2009-cu ildə Alma-Atada keçirilən II Beynəlxalq teatr festivalında iki nominasiya üzrə qızıl medalla mükafatlandırılıb. “Köhnə ev”, “Onun iki qabırğası” Tiflisdə tamaşaya qoyulub. Qırğızıstanın Bişkek şəhər teatrı 2010-cu ildə maliyyə çətinliklərinə görə bircə əsəri tamaşaya qoymağa risq eləyib. Bu yenə də mənim “Varlı qadın”ım olub, özü də iki dildə - rus və qırğız dilində. Teatr direktorunun dediyinə görə, bu onların ən çox gəlir gətirən tamaşası olub. Azdramanın, Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarına diqqət etsəniz, son bir-iki ildə yeni adlara, imzalara rast gələrsiniz, amma bu başqa məsələdir ki, yaxşı pyeslər, eləcə də yaxşı tamaşalar az-az yaranır, bu da janrın spesifikası ilə bağlıdır. Bununla belə yaranan hər pyes, oynanan hər tamaşa keyfiyyətindən asılı olmayaraq müəyyən teatr mühiti yaradır. Bu mühit gələcək uğurlar üçün zəmindir”.

Rejissor, əməkdar artist Firudin Məhərrəmov teatrlarda səhnə həlli tapan eyni adlı əsərlər hər teatrda fərqli şəkildə yozumlandığını deyir: “Hazırda teatrlarda müasir əsər qıtlığı yaşanır. Bunu danmaq olmaz. Bəlkə də bu səbəbdən daha çox klassik əsərlər teatrın səhnələrinə yol tapır və teatr rəhbərləri yaşlı nəslin - Elçin, Əli Əmirli, Afaq Məsud və başqa bu kimi dramaturqların əsərlərini səhnələşdirirlər. Bu gün bizim dramaturqlarımız barmaqla sayılası qədərdir. Teatr üçün əsər yazan gənc dramaturqlarımız yetişmir. Məhz bu səbəbdən də biz səhnədə müasir əsərlərə rast gələ bilmirik. Yeni gözəl əsər çıxan kimi teatr rəhbərləri onu tez götürüb səhnələşdirirlər. Onlar müasir dramaturqların yoxluğundan məcbur qalıb xarici əsərləri tərcümə edirlər. Xaricilərin ruhu da bizimkindən tamamilə başqadır. Onlarda aktual olan əsər bizdə elə də maraqlı qarşılanmaya bilər. Əsər var ki, onu neçənci ildə səhnələşdirməyindən asılı olmayaraq, o hər zaman üçün aktualdır. Misal üçün ümumbəşəri, qadın-kişi münasibətləri, xəyanətdən bəhs edən klassik əsərlər hər zaman aktual olub və bundan sonrakı dövrlər də həmin əsərlər aktual olacaq. Misal üçün, “Qatil” tamaşasını 50 ildən sonra da səhnələşdirsək, o, yenə də öz aktuallığını qoruyub saxlayacaq. Belə əsərlərin tamaşaçısı hər zaman olur. Elə götürək dahi sənətkarımız Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”ı əsərini. Onu götürüb səhnələşdirsək bu gün üçün də aktualdır”.

3-4 dramaturqla iş düzəlmir

Tənqidçi Vaqif Yusifli bu gün teatrlarımızın doğrudan da əsər qıtlığı yaşadığını, müasir tamaşaların səhnə həlli tapmadığını vurğuladı: “Teatrlarımızın repertuarlarında ciddi şəkildə əsər qıtlığı yaşanır. Bunun səbəbi isə müasir dramaturgiyanın lazımi səviyyədə əsərlər meydana çıxarmadığından və əgər elə əsərlər varsa da, onların səhnə həlli tapmamasından irəli gəlir. 70-ci illərdə Hökmə Qurbanovanın ifasında “Xanuma” tamaşasını izləmişdim. O, tamaşa mənə böyük zövq vermişdi. Ancaq indi teatrlarımızda nümayiş olunan həmin “Xanuma” tamaşasından o zövqü almaq olmur. Sözügedən tamaşa o səviyyədə deyil. Teatrda nəsil və aktyor dəyişir. Hər nəsil teatra başqa cür yanaşır. Biz “Xanuma” əsərini nə qədər ekzotik rənglərlə bəzəsək də, yenə də Azərbaycan tamaşaçısına yeni bir söz demir. Eləcə də “Varlı qadın” əsəri. Eyni tamaşanın müxtəlif teatrlarda qoyulması, bu o deməkdir ki, Azərbaycan teatrının bugünkü səviyyəsi, bugünkü vəziyyəti tamaşaçını qane etmir. Ola bilsin ki, teatrın zalı nəyinsə hesabına dolsun. Ancaq bu o demək deyil ki, tamaşaçı tamaşanın sehrinə qapılaraq o tamaşanı izləməyə gəlib. Bu gün tamaşaçını ayağa qaldıran, uzunmüddətli alqışlara səbəb olan elə bir yeni tamaşamız yoxdur. İndi 3-4 nəfər dramaturqumuz var ki, səhnəyə yalnız onların əsərləri ayaq açır. Ancaq 3-4 dramaturqla iş düzəlmir. Bu gün konseptual teatr siyasətinin, dramaturgiyanın lazımi səviyyədə olmaması vəziyyəti bu hala gətirib çıxarıb.

Teatrşünas Aliyə Dadaşova hesab edir ki, bu gün teatrlarda təkrar olaraq səhnəyə qoyulan əsərlər nə zamansa uğur qazanmış əsərlərdir: “Həmin əsərləri səhnələşdirərkən elə hesab edirlər ki, bu tamaşa yenidən tamaşaçı cəlb edə bilər. Bizdə yerli dramaturqların komediya janrında əsərləri çox azdır. Bu gün yaxşı əsərlərin azlığından şikayətlənmək heç də düzgün fikir deyil. Məncə rejissor yaxşı rejissor olsa təkədən pendir tutar”.

Xəyalə Rəis
Teatrşünas