• cümə, 19 Aprel, 05:53
  • Baku Bakı 18°C

“Teatrda ən çox danlanan aktyor mənəm” - Debüt

28.06.16 14:37 3393
“Teatrda ən çox danlanan aktyor mənəm” - Debüt
"Debüt” rubrikamızın bu həftəki qonağı Bakı Uşaq Teatrının istedadlı aktyoru Rauf Hüseynovdur. Rauf 1989-cu ilin 31 martında Ordubad rayonunun Azadkənd kəndində dünyaya gəlib. 2010-cu ildə Bakı Mədəni-Maarif Texnikumunun "Aktyor sənəti və rejissorluq” fakültəsini bitirib.
- Necə oldu ki, aktyor olmağa qərar verdiniz?
- Aktyor olmağımın səbəbkarı dayım, Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan oldu. Belə ki, özümü dərk etməyə başlayandan dayımı televiziyada görürdüm. Anam hər dəfə televiziyada dayımı görəndə bizi səsləyirdi və onu həvəslə izləyirdik. O zaman biz rayonda yaşayırdıq. Dayım efirə çıxanda çox sevinirdim. İstəyirdim ki, mən də gələcəkdə aktyor olum, dayımın yanına gedim. Valideynlərim mənim bu istəyimə etiraz etmədi. Anam dayıma zəng vurub, mənim istəyimi ona bildirdi. İntiqam müəllim də məni teatra dəvət etdi. 2004-cü ildə teatra gələndə orada "Körpəm” qrupu fəaliyyət göstərirdi. O zaman mənim 15 yaşım var idi.
- Bəs təhsil?
- 2010-cu ildə Bakı Mədəni-Maarif Texnikumunun "Aktyor sənəti və rejissorluq” fakültəsini bitirmişəm. Əvvəllər hesab edirdim ki, artıq teatrdayam, səhnədə müxtəlif obrazlar canlandırıram. Bunun üçün də texnikumdan aldığım təhsil kifayət edər. Ancaq sonradan fikirlərim dəyişdi. İstəyirəm ki, öz peşəmin kamil bilicilərindən olum. Bunun üçün bu il sənədlərimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisasına vermişəm. Bütün günü teatrda idim deyə yenidən ixtisasımı artırmağa ehtiyac duymurdum. Ancaq indi gələcəkdə daha da inkişaf etmək üçün bunu vacib hesab edirəm.

- Bəs, peşəkar səhnədə ilk dəfə hansı obrazı canlandırdınız?
- İlk dəfə teatra gələndə səhnənin nə demək olduğundan xəbərsiz idim. 2004-cü ildə Bakı Uşaq Teatrında siçan obrazı ilə fəaliyyətə başladım. İndiyə kimi o obrazım yadımdan çıxmayıb. Mənim bir kəlmə sözüm var idi. O sözü bir dəfə deyirdim, ikinci dəfə yadımdan çıxırdı. Sonralar teatrın səhnəsində "Cırtdanın qoçaqlığı” tamaşasında ağ atlı oğlan, "Həyatla oyun”da Nicat, "Qeyri-adi məhkəmə”də katib, "Məzəli hadisə”də Zabit, "Əşxas”da İblis, "Günahsız günahkarlar”da Qurban və teatrın repertuarında yer alan uşaq tamaşalarında müxtəlif heyvan obrazları canlandırmışam.

- Bəs filmlərdə necə?
- "Həyat varsa” silsilə seriala çəkilmişəm. Ən böyük obrazım "Fədakar” sənədli bədii filmində Xoşbəxt Yusifzadənin atasını oynamışam. Oradakı obrazım film sahəsində atdığım ən böyük addımlardan biri idi. Həmin filmdə Azərbaycanın tanınmış aktyor heyəti iştirak edirdi. Belə ki, xalq artisti Rasim Balayevin ismini çəkmək yəqin ki, kifayət edər.

- Gələcək hədəfiniz nələrdən ibarətdir?
- Teatrdan çox filmə marağım var. Məhz bu səbəbdəndir ki, sənədlərimi rejissorluq ixtisasına vermişəm. İstəyirəm ki, öz fantaziyamı işlədim. Özümü sınamaq üçün Buktreyler festivalına 3 dəqiqəlik film çəkib göndərdim.
İstəyim odur ki, seçdiyim yolda yüksəlim. Mən aktyorluq sənətini çalışdığım teatrdan öyrəndim. Müəllimim İntiqam Soltandır. Bu sənətə dair nə öyrənmişəmsə hamısını Bakı Uşaq Teatrında öyrənmişəm. Çalışdığım teatra çox bağlıyam. Əgər bu gün aktyor kimi fəaliyyət göstərirəmsə, bunu Bakı Uşaq Teatrına borcluyam. Gələcəkdə hara getsəm də, Bakı Uşaq Teatrını heç zaman unutmaram. Heç bir peşəkar aktyor deyə bilməz ki, mən birbaşa böyük səhnədə fəaliyyətə başlamışam. Teatrda hər şey fəhləlikdən başlayır. Bunun üçün də mən ilk növbədə səhnə maşinisti, sonra işıqçı, musiqiçi vəzifələrində çalışmışam. Hazırda teatrda aktyor vəzifəsində çalışıram. Bu gün Azərbaycanın ən tanınan, sözünü demiş aktyorlarının əksəriyyəti də teatrda fəhlə, səhnə maşinisti kimi çalışıb. Çalışdığım bu müddət ərzində teatrda baş verən bütün proseslərdən xəbərdaram. Teatrın mətbəxinə bələdəm. Belə ki, tamaşanın işığından, qrimindən, geyimindən, musiqisindən - hər şeydən haliyəm.

- Rauf bəy, bildiyimiz qədəri ilə, bir övladınız var. Onun aktyor olmasını istəyirsinizmi?
- Mən onun istəklərinə qarşı çıxmayacağam. O hansı sahəni istəyirsə, o sahə üzrə gedəcək. Mənim valideynlərim heç zaman fikirlərimə müdaxilə etmədilər.

- Teatrdan aldığınız maaşla ailəni saxlamaq çətin deyilmi?
- Teatrdan aldığım maaşla özümü güclə dolandırıram. Teatrdan əlavə, fotoqraf kimi də çalışıram. Öz fantaziyamı işlədib, fotosessiyalar edirəm. Teatrda işləsəm də, cəhd edirəm ki, özümü başqa sahədə də sınayım və çalışım. Əvvəllər ART Global prodakşnda səs rejissoru vəzifəsində işləyirdim. "Xəzər” televiziyasında yayımlanan bir sıra cizgi filmlərinin dublyajında səs rejissoru vəzifəsində çalışmışam.

- Rauf Hüseynov özünü peşəkar fotoqraf, rejissor, yoxsa aktyor hesab edir?
- Üçündə də peşəkaram (gülür). İnsan yiyələndiyi sahəyə daha dərin bilgilərlə yanaşmalıdır ki, işində peşəkar olsun. Hesab edirəm ki, işinin peşəkarı olmaq üçün ilk növbədə mükəmməl insan olmalısan. Əgər sən insani keyfiyyətlərə sahib deyilsənsə, heç peşəkar mütəxəssis də ola bilməzsən.
- İntiqam Soltan böyük bir kollektivin rəhbəridir. Orada rəhbərin bacısı oğluna güzəşt edilirmi?
- Biz teatrda dayı-bacıoğlu deyilik. İşçi-müdir kimiyik. Teatrda işçi-müdir, qıraqda iki yaxın dost, qohumlar arasında isə dayı-bacıoğluyuq. Bakı Uşaq Teatrında rəhbərlik mənim qohumumdur deyə, baş rolları mənə vermirlər. Hansı aktyor güclüdürsə, obrazı ona verirlər. Hətta mən deyərdim ki, teatrda ən çox danlanan aktyor mənəm. Çünki "qızım sənə deyirəm, gəlinim sən eşit” misalına görə ən çox söz mənə deyilir. Əgər müəllim digər həmkarımı danlayıb, məni tumarlasa, deyərlər ki, öz qohumunu əzizləyib, bizi alçaldır. Bu da haqsızlıq olar.

- Aktyor sənəti çox məşəqqətli sənətdir. Həyat yoldaşınız sizi xanım həmkarlarınıza qısqanırmı?
- Hər bir ailədə söz-söhbət də olur, mehribançılıq da. Həyat yoldaşı aktyor olan xanımların hamısı qısqancdır. Heç kim deyə bilməz ki, mən qısqanmıram. Sadəcə bunu büruzə verməyənlər var. Ailə başçısından da çox şey asılıdır. Ancaq deyirlər evi quran da, yıxan da qadındır. Biri od olanda, biri də su olmalıdır. Mən aktyoram, müxtəlif obrazlar canlandıra bilərəm. Əsas odur ki, bunu anlayışla qarşılayıb, yola verəsən.

P.S: Qeyd edək ki, Rauf Hüseynov "Fədakar” filmindəki obrazına görə,2014-cü ildə Azərbaycan Respublikası Dövlət Neft ŞirkətininFəxri Fərmanı ilə təltif edilib.

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər