• cümə, 26 Aprel, 02:59
  • Baku Bakı 16°C

“Teatrda bir gün”

23.09.14 13:15 2086
“Teatrda bir gün”
Teatr insanların iç üzünü göstərən, onları doğru yola sövq edən məbəddir. Düz eşitdiniz, məhz məbəd. Mənim üçün teatr sehrli bir aləmdir. Müəllimim əməkdar artist Mübariz Həmidov “teatrın mətbəxi”nin mükəmməl olduğunu, hər şeyin öncə qarderobdan, sonra “mətbəx”dən başladığını deyirdi. Tələbə vaxtı müəllimim bizi teatrın bütün mərtəbələrini, otaqlarını gəzdirib, orada hansı hadisələrin, proseslərin vaqe olduğunu ətraflı şəkildə anlatmışdı.
Bu dəfə isə mən teatrda tamaşaçıların görə bilmədikləri, pərdələr açılana qədər teatrın daxilində hansı hadisələrin baş verdiyini canlı olaraq görmək istədim. Ona görə yeni mövsümdə yeni layihə ilə görüşünüzə gəldim: “Teatrda bir gün”.
Yeni layihəyə ilk olaraq Gənc Tamaşaçılar Teatrından başladıq. Teatr mövsümünün açılmasına bir neçə gün qalsa da, Gənc Tamaşaçılar Teatrının yeni mövsümə necə hazırlaşdığının şahidi olduq. Görünən odur ki, teatr mövsümə bol enerji ilə başlayacaq, yeni tamaşalarla gündəmə gələcək.
Saat 12:00-ı göstərirdi. Kiçik zalda Rövşən Ağayevin eyniadlı əsəri əsasında hazırlanan “Bir gecənin nağılı” adlı səhnə əsərinin məşqləri gedirdi. Gülnar Hacıyevanın quruluş verdiyi tamaşanın səhnə tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır. Tamaşada rolları Zülfiyyə Alhüseynova (Gülnaz) və Eşqin Quliyev (Namiq) ifa edirdilər. Tamaşa ötən mövsüm hazırlansa da yenidən, sonuncu dəfə məşq olunurdu. Tamaşada iki gəncin maraqlı tanışlığı və sonrakı taleyindən bəhs olunur.
Məşq prosesi bitdikdən sonra saat 15:00-a kimi fasilə elan edildi. Fasilə zamanı səhnədə görməyə öyrəşdiyimiz Xalq artistləri, gənc, tanınmış aktyorlar və Teatrın baş rejissoru Bəhram Osmanov təşrif buyurdu. Bir neçə dəqiqə keçmədi ki, aktyorların qrim otaqları dolub-daşmağa başladı. Aktyorlar bir-biri ilə görüşərək mövsüm ərzində dəyişib, kökəlib, arıqlamalarından danışırdılar.
Teatra böyük həvəslə gələn Xalq artisti Tariyel Qasımov yenə öz ampluasında kollektivə səmimi salamlarını çatdırdı. Öncə gənclərin hal-əhvalını soruşub, öz otağına keçdi. Daha sonra hər zaman şən, mehriban görünən Əməkdar artist Naibə Allahverdiyevanı otağının kandarında gördüm. Nailə xanım kosmetikasız bikef görünürdü. Deyəsən, tətil ərzində öz yorğunluğunu lazımınca çıxara bilməyib...
Elə bir addım da irəliləmişdim ki, teatrın aktyoru Elnur Kərimovla rastlaşdım. Elnur salamsız-kalamsız müsahibəsini (Bir həftə öncə ondan müsahibə almışdım-X.R) nə üçün ona göndərmədiyimi soruşdu. Mən isə teatrın mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursaquliyevanın müsahibəni lazımi şəkildə foyedə yerləşdirdiyini, ürəyi istəyənlərin onu oxuya biləcəyini söylədim.
Bu zaman dəhlizdə teatrın şıltaq aktrisası Günel Məmmədovanın səsi eşidildi. Onun səsi harada olmasından asılı olmayaraq onsuz da gur gəlir...
Teatrın truppa müdiri Ələsgər Muradxanlı dəhlizdə aktyorları müşahidə etdiyimi görüb mənə bir azdan məşq olunacaq səhnənin yolunu göstərdi. Bəhram Osmanov həmişəki kimi qaşlarını çatıb ön cərgədə oturmuşdu, aktyorların səhnəyə çıxmasını, məşqin başlamasını gözləyirdi. Səssizcə keçib arxa cərgələrdən birində oturdum və beləliklə, məşq başlandı. “Sarıköynəklə Valehin nağılı”nı məşq edirdilər. Günel əlində yazılı dəftərlə səhnəyə çıxaraq Sarıköynəyi canlandırmağa başladı. Elnur Kərimov isə pudra rəngli şalvarı və köynəyi ilə Valehi canlandırırdı. Elnur pərdə arxasında deyib-gülsə də səhnəyə çıxanda tamam ciddi görkəm alır. Sanki səhnə ilə onun dayandığı kulis arasında sehrli bir xətt çəkilib. Bu xətti keçdimi olur Valeh, xəttin o hissəsində isə Elnur Kərimovdur. Marağıma güc gəlib, kulis arxası ilə səhnə arasındakı məkana gəldim (Bəhram Osmanovun gözünə görünməmək üçün xırda və səssiz addımlarla keçdim). Həmin xətdə durub aktyoru 180 dərəcə dəyişən o məkanda dayandım və gördüm ki, bu xırda xətt mənə elə də təsir göstərmədi. Günel səhnədən çıxıb kulisə keçdi və bu zaman böyük buluşma başladı... Öpüşüb-görüşdük, başladıq söhbətə. Söhbət əsnasında ondan soruşdum ki, nə üçün tamaşalarda əsas obrazları əsasən Elnurla sənə həvalə edirlər? (Söhbətimizi pıçıltı ilə edirdik. Yoxsa, Bəhram müəllim eşitsəydi, məşqi dayandırıb məni bərk danlayacaqdı). O isə cavabında baş rolun onun alın yazısı, Elnurun isə ayrılmaz tərəf müqabili olduğunu demişdi ki, “mənim rolum başlayır”- qışqırıb, tullana-tullana səhnəyə qaçdı. Mən isə kulisin o biri hissəsinə keçib orada da nələrin baş verdiyini öyrənmək istədim.
Gördüm dəhlizdə kimsə qışqıraraq əsəbi halda danışır. Məndə olan maraq hissi yenə güc gəldi. Səs gələn tərəfə getdim və otağa daxil oldum. Nə görsəm yaxşıdır? - Tariyel Qasımov əlində vərəq yüksək səslə otağında məşq edir. Deyəsən, həmin hissə öz işçisini işdən qovan müdirin əsəbi halı idi. Məni görcək “xoş gəlmisən” qızım, deyərək, öz hərəkətlərinə aydınlıq gətirdi. Mən də salamlarımı çatdırıb o biri kulisə irəlilədim. O biri kulisdə Araz səhnədə ştanqları qaldırıb endirmək üçün Gülnar xanımın əmrini gözləyirdi. Bir anda Naibə xanım öz nazlı- qəmzəli yerişi və baxışları ilə kulisə daxil oldu və birbaşa səhnəyə keçdi. Bir anlıq düşündüm ki, Naibə xanım heç də obraza girməyib, sanki yaratdığı obrazın tam özüdür. Səhnədə öz ürək yanğısını, daxili aləmini Valehə necə açıb tökdüsə mən özüm belə sarsıldım. Səhnəyə hansı mimikayla gəlmişdisə elə həmin mimkikayla da səhnəni tərk edib öz otağına doğru addımladı.
Kulisdən boylanıb Bəhram Osmanova baxdım. Düşündüm ki, məni səhnədə görsə, əsəbi baxışlarla yenə nəzərlərini üstümə yönləndirəcək.
Məşq prosesi başa çatdı. Bəhram Osmanov səhnədə “Ay bala, o ştanqı qaldır”- deyib, səhnə arxasına göstəriş verdi. Aktyorlar bir-bir səhnəyə gəlib öz postlarında durdular. Bəhram Osmanov ayağa qalxıb onları alqışladı. O zaman qaçıb Bəhram müəllimin arxasında dayandım, bayaqdan burda durmuş adam kimi mən də əl çalmağa başladım. Bəhram Osmanov arxaya çönüb mənə baxdı, mən də gülümsəyib ona başımla salam verdim.
Sonra aktyorlar dəhlizə yığışdılar, məşq zamanı etdikləri və ya yadlarına düşən maraqlı hadisələrdən söhbət etdilər. Mən də Elnur və Günellə söhbətə başladım. Onlarla sağollaşıb teatra yeni gələn gənc aktrisa Səbinə ilə “Debüt” layihəsindən danışdım. Səbinə ilə olan həmin maraqlı söhbətimizi isə qəzetimizin növbəti sayında oxuya biləcəksiniz.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər