• şənbə, 20 Aprel, 05:31
  • Baku Bakı 15°C

Teatr süfrəmizdə təzə “duz, istiot” çatışmır

28.04.20 09:00 2299
Teatr süfrəmizdə təzə “duz, istiot” çatışmır
Və ya gənc aktyorlar niyə yaşlı rejissorların və klassik əsərlərin dustağına çevrilib?
Gənclik yeni ideya, yeni ruh, yeni düşüncə tərzi deməkdir. Teatrlarımızda isə, gənclərin bu yenilikçi ruhu sezilmir. Belə ki, toz yığnağını xatırladan, dönüb-dolaşıb klassik əsərlərə müraciət edən, səhnədə eyni rejissorların səhnə həllini gördüyümüz teatrlarımızda gənc aktyorlar yaşlı rejissorların və klassik əsərlərin dustağına çevrilib. Bu gün dövlət teatrlarında o yenilikçi ideyalar, fikirlər, düşüncə tərzləri təzahürünü tapmır. Gənc aktyorlara səhnədə meydan verilsə də, biz nə gənc dramaturqları, nə də gənc rejissorları görə bilirik. Barmaqla sayılası qədər gənc dramaturq və rejissorlar var ki, onlar da ya kiminsə dostu, ya da kiminsə qohumudur...Görəsən niyə teatrlarımızın repertuarını yaşlı dramaturqlar, ağsaqqal rejissorlar bəzəyir? Hanı səhnəmizin gənclik ruhu?
Xalq artisti Firudin Məhərrəmov deyir ki, bu günün gənc yazarları dünya klassiklərini oxusalar da, teatr mühitindən uzaqdırlar: "Yaşlı müəlliflər əsər yazanda, teatr mühitini də nəzərə alırlar. Gənc dramaturqlarımız isə səhnədə aktyorların məşq prosesindən xəbərsizdirlər. Teatr canlı sənətdir, burada dialoqlar səmimi qurulmalıdır. Yazarlar bu mühitdə olsalar, təcrübə toplasalar, yazdıqları teatral şəkildə olsa, əlbəttə ki, onların əsərləri də səhnə həllini tapar. Səhnənin öz qanunları var. Əsər normal olmayanda, rejissor onun üzərində çox çalışmalı olur. Səhnədə obrazlar arasında dialoq quranda görürəm ki, alınmır. Bu günün gənc dramaturqları əsərin modelini qura bilirlər, ancaq sistemi bilmədikləri üçün təbiilik olmur. Buna görə də onların yazdıqları əsər teatrlarda qəbul olunmur".
Gənc rejissorların yoxluğuna gəlincə isə, F.Məhərrəmov bildirdi ki, gənclərə özlərini doğrultmaq üçün hər zaman əlindən gələn köməkliyi etməyə çalışıb: "Mən də gənc olmuşam və o mərhələni keçmişəm deyə, onların hansı hisslər keçirdiyini bilirəm. Çalışıram ki, gənclərə dəstək olum. Bu günün gənc rejissorları daha çox formaya qaçırlar, sürət həvəskarıdırlar. Çalışırlar ki, qısa bir zamanda tamaşa hazırlasınlar. Əvvəllər Mehdi Məmmədovla çalışanda, məzmunu öyrənirdik, sonra asta-asta onu tətbiq etməyə çalışırdıq. Bunlar məzmunu bilirlər, bir forma tapıb məzmunu o formaya yerləşdirmək istəyirlər. Nəticədə baxırsan ki, hərəkət var, ancaq məzmun dolğun deyil, təsir qüvvəsi yoxdur. Müəllimimiz Mehdi Məmmədov bir əsər üzərində 6 ay işləyir, ondan sonra 3 aya onu səhnəyə qoyurdu. Əsər 9 ay bətn dövrü keçirdi. İndiki gənclər sürətli çalışmağa səy göstərirlər. Əsəri götürən kimi deyirlər ki, tamaşa hazırdır. 5 günə tamaşa hazırlanmaz. Bu baxımdan, gənc rejissorlarımızın nəzəriyyələri olsa da, praktikaları azdır. Təcrübə isə ən vacib detallardandır. Gənclərimiz tamaşa hazırlayarkən zahiri effektlərdən istifadə etməyə çalışırlar. Amma o da məzmunla birlikdə olanda güclü olur".
Gənc yazıçı Cavid Zeynallı dramaturgiyanın ədəbiyyatın həmişə qeyri-populyar sahəsi olduğunu deyir: "Bu məsələdə gənc rejissorları və gənc müəllifləri müqayisə etmək doğru olmaz. Əgər ediriksə, onda deyə bilərəm ki, rejissorların bəxti daha çox gətirib. Çünki bütün teatrlarda gənc rejissorlar tamaşa hazırlaya bilir. Akademik Milli Dram Teatrından tutmuş, bölgə teatrları və müstəqil teatrlara qədər. Məsələn, sonuncu dəfə Akademik Milli Dram Teatrının Şərifzadə səhnəsində müstəqil "Şah Mat” teatrının tamaşasına baxmışam. Digər teatrları da saya bilərəm. İkinci bir məsələ isə rejissuranın institusional tədris edilməsidir. Gənc rejissorlar xaricdə festivallarda, master-klaslarda iştirak edə bilirlər, görüb-götürürlər. Dramaturqların isə belə imkanları yoxdur. Əgər sualı "niyə gənc dramaturqların əsərləri hazırlanmır” kimi qoysaq, yenə rəsmi və qeyri-rəsmi cavab olacaq: bir neçə teatrda gənc dramaturqların tamaşaları hazırlanıb. Onlardan bir neçəsini mən tanıyıram: Ülviyyə Heydərova, Sevinc Elsevər, Pərvin Nurəliyeva, Təranə Vahid və başqaları. İndi Gənc Tamaşaçılar Teatrı İsmayıl İmanovun pyesini hazırlayır. Yaxud Musiqili Teatrda Anar Sadıqov mənim səhnələşdirməmdə Çingiz Aytmatovun "Cəmilə” əsərinə quruluş verir. Amma gəlin, bu məsələyə başqa tərəfdən baxaq: bütün bunlar niyə böyük reaksiya doğurmur? Cavab sadədir: heç 50 ildən sonra da teatr cəmiyyətin kütləvi üz tutduğu məkan olmayacaq. Necə ki, heç 2500 il əvvəl də olmayıb. Dramaturgiya ədəbiyyatın həmişə qeyri-populyar sahəsi olub. Bu günün gənc dramaturqları hətta Dürremant və de Filippo səviyyəsində də əsərlər yaratsalar, nəticə yenə indikindən fərqli olmayacaq. Amma sənət, xüsusən teatr onsuz da azlığa məhkumdur. Bizdə dramaturgiya ilə bağlı sistemli iş son illərdə görülüb. Məsələn, Teatr Xadimlər İttifaqı "Dramaturgiya” laboratoriyası təşkil edib. Ondan əvvəl İttifaq azərbaycanlı dramaturqların pyeslərini rus dilinə tərcümə etdirmişdi. Yaxud bu günlərdə Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqı "Yeni dudman” müasir dramaturgiya müsabiqəsi elan edib. Faydalı təşəbbüsdür. Çünki təkcə müsabiqə yox, həm də master-klaslar təşkil olunacaq. Mənim özüm üçün maraqlıdır və iştirak üçün anket göndərmişəm. Bilirsiniz, teatrlar dövlət müəssisələridir. Dövlətin rolu və iştirakı olan yerdə heç nə pərakəndə olmur. Və ola da bilməz. Burada iş sistemli, ardıcıl və gələcəyə hesablanan olmalıdır. O cümlədən də gənc dramaturqların üzə çıxarılması, yetişdirilməsi siyasəti. Azərbaycan teatr və dramaturgiya tarixində mən elə bir fakta rast gəlməmişəm ki, hansısa müəllif dram əsərini qoltuğuna vursun, getsin teatra, teatrda da Qodonu gözləyən kimi onun intizarında olsunlar. Bu heç vaxt belə olmayıb. Olmayacaq da. Hekayə yazmaqdan, şeir yazmaqdan, rəsm çəkməkdən fərqli olaraq teatr və kino, konkret olaraq dramaturgiya müəllifdən səbir istəyir. Məncə, dramaturgiya sahəsində daha yaxşı işlər bundan sonra olacaq. Çünki gənclərin özləri də pyes yazmaqda maraqlıdırlar. On-on beş il əvvəl belə deyildi".
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Elçin Cəfərov deyir ki, bu gün Azərbaycan teatr məkanında əvvəlki dövrlərlə müqayisəyə gəlməyəcək qədər gənc rejissor, aktyor, teatrşünas var: "Söhbət hər hansı konkret teatr-konsert müəssisəsindən yox, ümumilikdə teatr mühitindən gedir. O ki qaldı onların görünməyinə, burada məsələ bir az mürəkkəbdir. Bu gün gənclərimiz Nüsrət Kəsəmənlinin "Hayanda durum ki, görəsən məni” durumundadırlar. Yəni, burada məsələ gənclərə baxış bucağındadır. Mən baxdığım yerdən baxanda, xeyli gənc görünür. Həm də bu gənclərin əksəriyyəti çox aktiv, çox iddialıdırlar, A.Talıbzadənin təbirincə desək, "keçmişin xoşuna gəlməyə” çalışmırlar, öz yollarını axtarırlar, özlərini təsdiq etmək istəyirlər, öz teatrlarını yaradırlar. Nə gözəl. Ola bilər, bu gün onların bəzilərinin intellektual, peşəkarlıq səviyyəsi, istedadının miqyası gözədiyimiz qədər olmasın. Teatr prosesinin özünün filtri var, təmizləyəcək. Təsadüfi adamların çoxu qalmayacaq bu sahədə. Əsas bu gənclərin mənəvi davamlılığıdır. Namuslu, əqidəli və azad sənətçi kimi yetişmələridir. Çünki "namuslu olmaq on min nəfərdən seçilmək deməkdir”. Dramaturgiya ilə bağlı vəziyyət daha mürəkkəbdir. Gənc qələm sahiblərinin nəsrdə, poeziyada kifayət qədər maraqlı işləri var, ancaq dramaturgiya barəsində eyni sözü deyə bilməyəcəyəm. Həm istedadı olan, həm də teatrı bilən, səhnəni duyan gənc dramaturqlar bir əlin barmaq sayından da azdır. Olanların da əsərləri ədəbi hissə müdirlərinin siyirtmələrində, ya da elektron poçt qutularının "spam” qovluğunda çürüyür. İnanmaq istəyirəm ki, "Yeni dudman” müsabiqəsi bu sahədəki problemlərin həlli yolunda bir addım olacaq. Qoy, bu gün gənclər maksimalist mövqedə olsunlar, ən dəlisov, ən çılğın, mümkünsüz işlər görmək iddiasına düşsünlər. Gənclərə səhv etmək imkanı verilməlidir. Qoy işləsinlər, yıxılsınlar, dursunlar, lazımdırsa, başları daşa dəysin, bərkə-boşa düşsünlər. Dağıtsınlar mifləri, qırsınlar stereotipləri. Yaşla peşəkarlıq səviyyələri də artacaq, müdrikləşəcəklər də. Heç kəs ana bətnində öyrənməyib sənəti. Məni narahat edən başqa cəhət var. Bu gənclərin böyüdükləri mühitin ekologiyası. "İti bazarında atından baha” teatr mühitimizin potensial lakey və cavan ağsaqqallar yetişdirmək həvəsi gəncləri sındırmasa, "gözəl günlər görəcəyik, çocuqlar”.
Mədəniyyət yazarı Gülcahan Mirməmməd bu məsələdə nə gəncləri, nə də yaşlıları ittiham edir: "Hərdən bizə elə gəlir ki, bu gün rastlaşdığımız problemlər, xüsusən də atalar-oğullar kimi ümumi adın altına cəmləşdirdiyimiz yaşlı-cavan nəsil qarşıdurması daim olub, olacaq da! Həm də bütün sahələrdə. Bəri başdan deyək ki, incəsənət aləminin özündə gənc anlayışı bir qədər genişdir. Məsələn, gənc balet artisti üçün yaş senzi 16-25 yaş arası götürülə bilərsə, bu senzi teatr, kino rejissoru, heykəltəraş, bəstəkar üçün 35-dək, hətta 40-dək artırmaq olar. Düzdür, istisnalar həmişə olub: istər vətən tarixində, istərsə də dünya. Lakin nəzərə alsaq ki XXI əsrdə hətta sənət sahəsində də böyük uğur üçün fitri istedad, həmin istedad üçün münbit şərait, üstəlik, gözümüzü dikdiyimiz istedad sahibinin hədsiz əməksevərliyi, daim özündən narazı qalaraq öz üzərində işləməyə hazır olması ilə yanaşı, həm də dərin elmi biliklər lazımdır, o zaman məsələ bir qədər qəlizləşir. İlk baxışda elə görünə bilər ki, bu gün virtual məkanın əlçatımlı olmağı da gənclərin xeyrinə olmalıdır. Yəni dünyanın harasındasa məşhur rejissorun qoyduğu tamaşanı izləmək üçün yaradıcılıq ezamiyyətinə çıxmağa ehtiyac yoxdur, şəxsi kompüterinin qarşısında oturub ona tamaşa edirsən və öyrənirsən... Təəəssüf ki, çox zaman bu öyrənmə - istifadə etmə, kopyalama ilə bitir. Axı, biz də, yəni teatrsevərlər də, teatr prosesindən az-çox başı çıxanlar da həmin tamaşalara baxa bilirik və etdiyimiz müqayisə heç də öyrənənlərin xeyrinə olmur".
G.Mirməmməd qeyd edir ki, bu gün yaş anlayışı dəyişib: "Yəni 20 il bundan əvvəl 60 yaşında bir kişi sənətçi özünü artıq ahıl insan sanırdısa, onun bugünkü yaşıdı pensiya yaşının 65-ə qaldırılmasından nə qədər narazı olsa da, özünü cavan və hələ də qurub-yaratmaq əzmində olan, yeni düşüncəli sənətkar hesab edir. Buna görə də daha cavana, hətta tələbəsinə, olmayan məktəbinin (kimsə inciməsin, bu gün həyatda olan heç bir rejissorumuzun öz məktəbi yoxdur) yetirməsinə geniş meydan açmaq istəmir. Dildə deməsə də, əməldə bunu müxtəlif üsullarla göstərir. İkincisi, söz "məktəb"dən düşmüşkən, müəllimindən tamaşa qurmağın sirlərini öyrənmiş gənclər də nədənsə elə müəlliminin yolu ilə gedir, onların tamaşa qurmaq, rol bölmək, aktyorla işləmək prinsiplərini, hətta dramaturgiya seçimini təkrarlayırlar. Və... bu seçimlə də özlərini tapmamış... itirirlər. Bütün sənət karyeraları boyunca ən uğurlu, ən uğursuz quruluşları ilə birlikdə ikinci Azər Paşa Nemətova, Bəhram Osmanova, Vaqif Əsədova ehtiyac yoxdur, onlar artıq var".
Dramaturgiyaya gəlincə isə, həmkarım qeyd edir ki, Sovet hakimiyyəti illərində şair, yazıçı kimi tanınmaq, tərcüməçi kimi daha yaxşı qazanmaq istəyən uzaqgörən cavanlar nəşriyyatlarla işləməyə can atırdılar ki, çap olunmaq imkanları çox olsun: "Belə bir meyl teatrlarda da olub, sadəcə, kitab çapı ilə tamaşa müəllifi kimi adını afişaya yazdırmaq şansı eyni deyil. Düzdür, burda da istisnalar olub: məsələn, İlyas Əfəndiyev heç vaxt nə nəşriyyatda, nə də teatrda çalışmayıb. Teatrda sözünü deyə biləcək gənc dramaturqların, gənc rejissorların nə zaman parlayacağı barədə proqnoz vermək çətindir: çünki Azərbaycanda antrepriz tamaşa istiqaməti, teatr tamaşası prodüsseri institutu hələ formalaşmayıb".
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər