AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi” müsabiqəsi başa çatdı

“Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi” müsabiqəsi başa çatdı

20 Dekabr 2014, 13:10 800
Dekabrın 18-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin “525-ci qəzet” və “Mədəniyyət” qəzetlərinin iştirakı ilə təşkil etdiyi “Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tanınmış teatrşünaslar, rejissorlar, dramaturqlar, paytaxt teatrlarının rəhbərlərinin və KİV nümayəndələri iştirak etdiyi tədbirdə çıxış edən Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev bu formatlı müsabiqələrin vacibliyindən danışıb. Nazir müavini çıxışında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən teatr sənətinin müxtəlif sahələrinə həsr edilmiş məqalələri dəyərləndirmək, təbliğ etmək, gənc teatrşünasları, jurnalistləri bu mövzularda yazmağa həvəsləndirmək məqsədilə təşkil olunan müsabiqənin davamlı olacağını və növbəti illərdə masştabını daha da genişləndirəcəyini də qeyd edərək cəmiyyətin, ümumilikdə teatr sənəti ilə maraqlanan və bu istiqamətə maraq göstərən yazarların teatr sənətinin ən müxtəlif istiqamətlərində yazılar ortaya qoymasının xüsusi əhəmiyyət daşıdığını da dilə gətirib.
Xatırladaq ki, bu ilin fevralın 1-dən noyabrın 1-dək davam edən müsabiqədə yaşı 35-dək olan, peşəkar, gənc teatrşünaslar və teatr sahəsindən mütəmadi olaraq məqalələr yazan KİV nümayəndələri ən yaxşı resenziya, ən yaxşı nəzəri araşdırma, ən yaxşı portret yazı, ən yaxşı tənqidi məqalə və ən yaxşı müsahibə nominasiyaları üzrə yarışıb.
Münsiflər heyətinin qərarı ilə, müvafiq olaraq Pərvin Nurəliyava, Elçin Cəfərov, Aliyə Dadaşova, Həmidə Rüstəmova və Aygün Süleymanova müsabiqənin qalibləri elan olunub, diplom və pul mükafatları ilə təltif ediliblər.
Bütün qalibləri təbrik edir, uğurlar arzulayırıq!