“Teatr, psixologiyası pozulmuş insanlara kömək etmək imkanına malikdir”
Əli
Xoşqaftar: İnsanların gözündəki o işığı bir dəfə
görmüşdüm, heç kim məni bu qərarımdan çəkindirə bilməzdi
1975-ci ilin yanvarında İranda anadan
olub. Hazırda orada rentgenoloq kimi psixiatrik xəstəxanada çalışır. Teatrla
tanışlığı 1996-cı ilin dekabrında baş verib. İncəsənətə, dramturgiyaya böyük
maraq göstərib. Rejissor olaraq bir çox tamaşalara quruluş verib. Ən maraqlısı
da budur ki, psixoloji gərginlik yaşayan insanların məhz tamaşa və yaradıcılıq
üzərindən terapiyasını təcrübədən keçirərək, effektli nəticə verdiyini deyir."Kaspi"nin suallarını
cavablandıran Əli Xoşqaftar bizimlə söhbətində İranda teatrların bugünkü vəziyyətindən
və psixologiyanın birbaşa olaraq teatrlara təsirindən danışdı.
- Teatra
olan sevginiz necə yarandı?
- Teatrla ilkin tanışlığım tələbə
vaxtlarıma təsadüf etdi. 1997-ci ildə universitetdə ilk teatr qrupumuzu - "Saba"nı
yaratdıq. Bir müddət sonra fəaliyyətimi mədəniyyət mərkəzində davam etdirdim. Tamaşa
göstərmək üçün tibb məktəbinə və qocalar evinə getmişdik. O gün mən teatrla
daha böyük iş görə biləcəyimin fərqinə vardım. Göstərdiyim tamaşada insanların
gözündəki o işığı, parıltını gördüm. Ondan sonra tamaşanın təsiri ilə o insanları
daha xoşbəxt edə biləcəyimi düşündüm. Rejissorluq ixtisasını peşəkar səviyyədə
davam etdirmək istəyirdim. Evdə bu istəyimin olduğunu söylədikdə, valideynlərim
mənə qarşı çıxdılar. Ancaq mən insanların gözündəki o işığı bir dəfə görmüşdüm,
heç kim məni bu qərarımdan kənarlaşdıra bilməzdi.
- Peşəkar
teatrla nə zamandan məşğul oldunuz?
- Hərbi xidməti başa vurduqdan sonra
ailə qurdum. O zamanlar "Asiman" adı altında uşaq və yeniyetmələr
üçün teatr mərkəzində çalışırdım. Bu mərkəz Tehran Bələdiyyəsinin mədəniyyət mərkəzlərinin
nəzarətində idi. 2010-cu ildə məktəblərə gedir, orada teatrı təbliğ edirdik.
Daha sonra bir çox məşhur insanlar məktəblərdə təlimlər keçməyə başladı. 2015-ci
ildən bəri Dram Sənətləri Dərnəyində "Pərvaz" teatr qrupu yaradaraq
teatrın təbliğatına başladıq. Fəaliyyətimiz
əvvəllər uşaqları əhatə etsə də, getdikdə müxtəlif yaş qruplarını teatra cəlb
edir, onların ifasında tamaşalar hazırlayırdıq. Artıq on ilə yaxındır ki, Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası olan ASSİTEJ-lə işləyirik və eyni zamanda Beynəlxalq Teatr Evinin üzvüyük.
Teatrda şeir, musiqi, rəqs, film çəkmək və rəsm sənətlərini öyrədirik.
- İranda
teatra münasibət necədi?
- İranda teatra münasibət bir neçə səviyyədə
müəyyənləşdirilib. Belə ki, bu gün İranda incəsənətə, mədəniyyətə böyük maraq
var. Dövlət daha çox dini və folklordan bəhs edən əsərlərə üstünlük verir. Akademik teatrlarda
daha çox klassik və inteqrasiya edilmiş münasibət var. Bələdiyyənin nəzarətində
olan mədəniyyət mərkəzlərində mədəni və bədii quruluşda tamaşalar hazırlanır. Mərkəzlərdə
daha çox uşaqlar və yeniyetmələr üçün tamaşalar hazırlanır. Harada tamaşa hazırlamanızdan asılı olmayaraq
və harada yaradıcılıq prosesi baş verirsə, mütləq Dram Sənəti Mərkəzi tərəfindən
təsdiqlənməlidir. Bütün yaradıcılıq prosesinin əksər hissəsi İranın dini və ənənəvi
pyeslərinə əsaslanmalıdır.
- Bəzən
deyirlər ki, İranda qadın aktrisalara çox məhdudiyyət qoyulur. Reallıq necədir?
- İran hökumətinin qadın aktrisalarla
heç bir problemi yoxdur. Qadın aktrisa hər hansı bir şəkildə səhnədəki örtüyün
olması və səhnə plastikası ilə razılaşmır. Çünki aktrisa qadınların cəmiyyətdəki
şəriət məsələlərinin həllini göstərməyə çalışır. Buna görə də dini qanunlara
uyğun gəlməyən məhdudiyyətlə üzləşirik. İnsan həyatında təbii olan hər şeylə səhnədə
çıxış edib-etməyəcəyini bilməlidir. Teatr bir yaradıcılıq növüdür. Burada
düzgün və ritmik hərəkətlərin məhdudluğu aktyor üçün böyük bir maneədir. Belə
olduğu halda, incəsənət məhdud və bloklanmış yollara doğru yönəlir. Çünki məna əldə
etmək üçün biz rejissorlar təxəyyüldən istifadə etməyə məcburuq.
- Psixiatr
və rejissor - bunlar tamamilə fərqli anlayışlardır. Onları birləşdirən nədir?
- Əsasən psixi xəstələr pozğunluq tipinə
görə qeyri-adi bir şəkildə davranırlar. Teatr psixologiyası pozulmuş insanların
daha sürətli sağalmasına kömək edə bilmək imkanına malikdir. Teatrla davranış
üsulu ilə məhz o insanların qavrayışlarında yeni bir quruluş təqdim etmək
mümkündür. Əslində, bu dəyişiklik qeyri-farmakoloji müalicə kimi tanınır və
uzun, mürəkkəb mərhələlərə malikdir.
Biz o insanların psixikasına uyğun
planlaşdırılmış ssenari yazırıq. Həmin insanlar səhnədə obraz canlandırır. Tamaşa
və aktyorlarla birlikdə məşq zamanı pozğunluq növünə görə müalicə üsulu var. Bu
proses çox həssaslıq tələb edir və ehtiyatla aparılır, çünki meydana gələn
davranışlar araşdırılmalıdır.
-
Bunun xüsusi bir adı varmı?
- Buna teatr terapiyası deyilir.
-
Teatr terapevtinin yanlış diaqnoz qoymaq ehtimalı varmı?
- Teatr terapevti düzgün nəticələr almaya
da bilər. Hətta sizə deyim ki, terapevtin ruhi xəstə olması da mümkündür.
- Daha
çox kimlərlə işləyirsiniz?
- Teatrın bütün sahələrində, böyüklər,
uşaqlar və yeniyetmələrlə, eləcə də sağlam və psixi pozğunluğu olan insanlarla
işləyirik. 2003-cü ildən bu işlə məşğulam. 17 illik təcrübəyə malikəm. Bu
insanların hər biri bir neçə ildir ki, sabit, normal şəraitə nail olmaq üçün
teatrda bizimlədir.
- Bu
terapiya üsulu ilə sağalanlar olubmu?
- Psixiatrik xəstələrin birinci qrupu
30 nəfərdən ibarət idi. Onlardan on nəfəri tam sağaldı. Hətta sizə deyim ki, iki
il əvvəl bu insanlardan biri "Fəcr” festivalındakı şoumuzda çıxış etdi. Hazırda
valideynləri ilə yaşayır. Müalicə alan insanların əksəriyyəti şizofreniyadan əziyyət
çəkir.
- Nə
zaman hiss etdiniz ki, teatrla müalicə etmək mümkündür?
- Komediya janrında olan bir tamaşadan
sonra bunu dərk etdim. Belə tamaşalarla insanın daxili problemlərini araşdırmaq
və diqqət yetirməkdən daha vacib olan yeni bir dünya ilə qarşılaşmağın
mümkünlüyünü anladım. Tək teatr deyil, musiqi, şeir, film və yazı yazmaq da
insanı sakitləşdirir. Mən mütəmadi olaraq bunlarla məşğul olan insanlarla təmasda
oldum. Həyatıma yeni bir rəng verən yeni əyləncə əlavə olundu. Məni narahat edən
məsələlərdən də biri budur ki, cəmiyyətin teatra münasibəti zəifdir. Bəzi İran
vətəndaşları heç ömründə teatr görməyib. O insanlar övladlarını teatra göndərməyə
hazır deyillər. Bunun bir neçə səbəbi var. Səbəblərdən biri də filmlərə nisbətən
teatrın təbliğinin baha olmasıdır. Bu xərclərə kommutasiya, bilet və düzgün
vaxt daxildir.
- Teatrda
son çıxışınız nə ilə bağlı idi?
- Son çıxışımız bələdiyyə ilə əlaqəli
üç mədəniyyət mərkəzində nümayiş olunan bir pyes idi. Lakin karantin başlaması
və universitetlərin bağlanması ilə əlaqədar işlərimiz dayandı. Böhrandan əvvəl əlilliyi
olan bir gəncin iştirak etdiyi, əlillər üçün olan festivala tamaşa
hazırlayırdıq.
- Psixiatrik
pasiyentlərdən öyrəndiyiniz nələrsə olubmu?
- Müxtəlif tipli insanlarla
rastlaşırıq. Mən 17 illik təcrübəmdən sonra onların daxili dünyasından bəhs edən
pyes yazdım. Psixiatrik xəstəxanaya işə düzəldim və hər addımımda psixiatrlarla
məsləhətləşirəm. Özüm psixiatrik xəstəxanada çalışdığım və bu işi yaxşı
bildiyim üçün, bu xəstələrin dərmanını da yaxşı bilirəm.
-
Koronavirusun yayıldığı bu dönəmdə hansı işlərlə məşğulsunuz?
- Hazırda koronavirusun dünyaya və bəşəriyyətə
gətirdiyi bəla ilə bağlı evdə qısa film çəkirəm. Qısa hekayələr yazıram. Burda
karantin günləri davam etsə də, qaydalar yumşaldılıb. Bəzi müəssisələr işə
başlayıb. Bu da bizim işimizi rahatlaşdırır.
Xəyalə Rəis